Məhkəmə qərarları › İş №1(056)-178/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-178/2024

28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-178/2024 28.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlu, X3 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Sabirabad rayonu Yolçubəyli kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, Sabirabad rayonu Yolçubəyli kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.3, 185.2.4 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.3, 185.2.4 və 186.2.2-ci maddələri ilə elan edilmiş ittihama görə, o, həmkəndlisi Zərərçəkmiş şəxs ilə bacısı qızı X2 intim münasibətdə olmasından şübhələnib qisas niyyəti ilə Zərərçəkmiş şəxs məxsus 9500 manat dəyərində “Toyota” markalı, “Prius (hibrid) minik” modelli, boz qızılı metallik rəngli, 2006-cı il istehsal tarixli, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobili yandırmaqla sonuncunu cəzalandırmaq qərarına gəlmiş, bu niyyətlə o, xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində yaşadığı Yolçubəyli kəndi ərazisində Zərərçəkmiş şəxs avtomobillə keçərkən görüb saxlatmış, avtomobilin salonuna oturmaqla Zərərçəkmiş şəxsla mübahisə edib sonuncunu yumruqları ilə vuraraq sağ gözün alt və üst qapağında, sağ gözaltı nahiyədə, sağ ayağın 1-ci barmağının dırnaq falanqası proyeksiyasında qançırlar, sağ dirsək oynağının bayır səthində, sol kürək sümüyü proyeksiyasında, sol sağrının yuxarı iç kvadrantında, sağ baldırın yuxarı 1/3-də ön səthdə sıyrıqlarla müşayiət olunan sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə həyatı üçün təhlükəli olmayan zor tətbiq edərək avtomobildən düşürmüş, daha sonra avtomobilin sükanı arxasına keçərək talama məqsədi olmadan qanunsuz olaraq Zərərçəkmiş şəxs 9500 manat dəyərində, xeyli miqdarda ziyan vurmaqla avtomobili ələ keçirib Sabirabad rayonu Yolçubəyli kəndi ərazisindəki su arxının kənarına gətirmiş, orada avtomobili saxlayaraq əlində olan alışqanla avtomobilin sol oturacağına od vurmaqla 9500 manat dəyərində avtomobili, həmin avtomobilin salonunda olan Zərərçəkmiş şəxs məxsus 375 manat dəyərində “Honor” markalı mobil telefonu və 220 manat nağd pul vəsaitini yandıraraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 10095 manat dəyərində maddi ziyan vurub, qəsdən xeyli miqdarda özgə əmlakını yandırmaqla məhv etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.3, 185.2.4 və 186.2.2-ci maddələri ona elan olunmuş ittihamda özünü təqsirli bilərək bildirdi ki, o, həmkəndlisi Zərərçəkmiş şəxs ilə yaxın münasibətdə olmuşdur. Şahmar onun arvadı Lalənin ögey əmisinin oğludur. Buna görə də, Şahmar onun evinə bir neçə dəfə gəlmiş və onlar dəfələrlə çörək kəsmişlər. Yəni, onun Zərərçəkmiş şəxsla aralarında heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Hadisədən 3 gün əvvəl o, xəbər tutmuşdur ki, Şahmarla bacısı qızı Dilarənin münasibəti vardır və onların birlikdə çəkdirdikləri şəkil kənddə yayılmışdır. Bundan sonra o, əsəb keçirmiş və Şahmarı axtarmağa başlamış, lakin bu üç gün ərzində onu tapa bilməmişdir. xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində o, Şahmarın evinə getmiş və Şahmarın arvadından harada olduğunu soruşmuşdur. Şahmarın arvadı Şahmarın evdə olmadığını dedikdən sonra o, oradan getmişdir. Bundan sonra o, kənd ərazisində Şahmarı gözləməyə başlamışdır. Məqsədi onu tapıb cəzalandırmaq olmuşdur. Çünki evinə gəlib-getdiyi və arvadının qohumu olduğu halda Şahmarın ona qarşı elə bir hərəkət etməsini namusuna sataşmış kimi qəbul etmişdir. Saat 16 radələrində o, Şahmarın avtomobilində müştəri ilə keçdiyini görmüş və Şahmarın geri qayıtmasını gözləmişdir. Bir neçə dəqiqə sonra Şahmar geri qayıtmış və o, əl eləyib Şahmarı saxlatdırmışdır. Şahmar avtomobili saxladıqdan sonra o, Şahmarın avtomobilinin ön sərnişin oturacağında oturmuş və avtomobili sürməsini bildirmişdir. Bundan sonra o, Şahmarla avtomobildə mübahisə edib bacısı qızının yerini soruşmuşdur. Şahmar onun yerini bilmədiyini bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. O, yumruqla Şahmarın sağ gözaltı nahiyəsinə vurmuşdur. Bundan sonra o, Şahmarın boynunu qolunun altına keçirib sıxmışdır. Bu zaman avtomobil yoldan çıxıb yan hissəsi qaz borusuna dəymiş və avtomobil silkələnmişdir. Şahmar ani anda onun diqqətinin yayınmasından istifadə edib avtomobildən düşüb qaçmışdır. O, avtomobildən düşüb Şahmarın arxasınca qaçmış, lakin Şahmar sürətlə qaçıb kəndin küçələrində gözündən yayınmışdır. Həmin vaxt orada olan tanımadığı kənd sakinləri də onun Şahmarın ardınca qaçmağının qarşısını almışlar. Daha sonra o, Şahmarın avtomobilini alışqanla yandırmaq istəmiş, lakin həmin vaxt orada olan tanımadığı şəxslər onun avtomobili yandırmağının qarşısını almışlar. O, Şahmarın onun əlindən qaçdığını və orada olan şəxslərin ona mane olduqlarını görüb Şahmarın “Toyota Prius” markalı avtomobilinin sükanı arxasında oturub idarə etməyə başlamışdır. Onun məqsədi avtomobili sakit yerə aparıb yandırmaq olmuş və elə də etmişdir. O, avtomobili idarə edərək kənd ərazisində su arxının kənarına gətirmiş və alışqanla avtomobilin oturacağını odlayıb kənara çəkilmişdir. Beləcə, avtomobil tamamilə yanmışdır. Avtomobili yandırmaqda onun niyyəti Şahmarı bacısı qızı ilə münasibəti olması səbəbindən cəzalandırmaq olmuşdur. Hazırda dəymiş ziyanı tam ödəmək imkanında deyildir. Azadlıqda qalarsa avtomobilin əsas sahibi ilə danışıb işləyərək aylıq ödənişlər etmək şəklində dəymiş ziyanı ödəyə bilər. Əməlindən peşmandır. Himayəsində 3 övladı və xəstə anası vardır. Yaxın müddətdə böyük övladının nişan mərasimi olacaqdır. Odur ki, o, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindiriliş Zərərçəkmiş şəxs bildirdi ki, həmkəndlisi, əmisi qızının əri Təqsirləndirilən şəxs ilə aralarında heç bir düşmənçilik və ya ədavət yoxdur. Ramilin iddiasına görə, guya onun Ramilin bacısı qızı, Şirvan şəhərində yaşayan Dilarə adlı qadını qaçırtması və Şirvan şəhərində saxlaması, bu barədə də onlara məlumat verməməsi ədavətin səbəbi olmuşdur. Əslində isə belə şey olmamışdır. Belə ki, 7-8 ay əvvəl o, Ramilin Yolçubəyli kəndindəki evində olarkən, həmin vaxt orada olan Dilarə ilə münasibət qurmuşdur. Hansı ki, o, Dilarəni illərdir ki, tanımışdır. Aralarında sadəcə telefon danışıqları olmuşdur. Təxminən 20 gün əvvəl evdən acıq eləyib Şirvan şəhərində yaşayan xalası evinə gedən Dilarəni sonuncunun anasının xahişi ilə Yolçubəyli kəndindəki evlərinə gətirmişdir. Növbəti gün Dilarənin əri gəlib sonuncunu Şirvan şəhərindəki evlərinə aparmışdır. Təxminən 4- 5 gün əvvəl isə kənddə xəbər yayılmışdır ki, onun Dilarə ilə birlikdə çəkdirdikləri şəkli yayılıb və bundan sonra Ramillə onun ədavəti başlamışdır. xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Ramil əlində bıçaqla onun evinə getmiş və orada əlində bıçaqla arvadı Qızılgülə demişdir ki, onu və ailə üzvlərini bıçaqlayıb öldürəcəkdir. Daha sonra isə Ramil Qızılgüldən onun harada olduğunu soruşmuş, Qızılgül Ramilə onun Sabirabad şəhərində olduğunu demiş və azyaşlı övladı ağlayandan sonra Ramil oradan getmişdir. Saat 16 radələrində o, özünə məxsus, X1 adına olan, sürmək üçün etibarnamə ilə idarə etdiyi, boz qızılı rəngli, 2007-ci il model, “Toyota Prius” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Sabirabad rayonu Yolçubəyli kəndi ərazisində, Yolçubəyli kənd tam orta məktəbinin yaxınlığında Sabirabad şəhərinə getmək üçün idarə edərkən, yolda bir nəfər müştəri əllə ona saxla işarəsi vermiş, o da avtomobili saxlamışdır. O, avtomobili saxladıqdan sonra sən demə orada gizlənən Təqsirləndirilən şəxs bir anda avtomobilinin ön sərnişin oturacağına əyləşmişdir. Daha sonra Ramil cibindən bıçaq çıxarıb onun böyrək nahiyəsinə dirəyərək avtomobili Kür çayının kənarına sürməyini istəmişdir. O, avtomobili bir qədər irəli hərəkət etdirib saxlamaq istəyəndə bıçağın tiyəsi ilə sağ gözaltı nahiyəsinə zərbə ilə vurmuşdur. Bundan sonra ikisi də avtomobildən düşmüşlər və o, qaçmağa başlamışdır. O, qaçdıqda Ramil onun ardınca qaçmışdır. Həmin vaxt oraya xeyli sayda adamlar toplaşmışlar və Ramilin onu tutub xəsarət yetirməyinin qarşısını almışlar. O isə oradan evinə getmişdir. Bir neçə dəqiqə sonra azyaşlı qızı Həmişəxanım evə gəlmiş və avtomobilinin həmkəndlisi Aqilgilin evinin yanında, su arxının kənarında yanmasını, yanğınsöndürən avtomobilinin oraya gəldiyini ona xəbər vermişdir. O, evdən çıxıb həmin yerə gedib görmüşdür ki, avtomobili yanaraq tamamilə yararsız hala düşmüşdür. Yəni, onun avtomobili Təqsirləndirilən şəxs tərəfindən qəsdən yandırılmışdır. Avtomobilində olan 385 manat dəyərində olan “Honor” markalı mobil telefonu və “bardaçok”da olan sənədləri – sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, qızları Aytac və Həmişəxanımın şəxsiyyət vəsiqələri, 220 manat nağd pul vəsaiti, birbank hesab kartı, kreditlə aldığı avtomobilinin kredit tarixçəsi vərəqələri də yanmışdır. O, avtomobilini xx.xx.2024-cü il tarixdə 1800 manat ilkin ödəniş etməklə almışdır və 30 ay hər ay 300 manat ödəniş etməli olmuşdur. Bu da 10800 manat edir. Həmçinin 385 manat dəyərində mobil telefonu və 220 manat da pulu yanmışdır ki, bu da 605 manat edir. Həmçinin, bir neçə gün əvvəl avtomobilin motoru yanmışdır və o, motorun düzəldilməsi üçün 650 manat xərc çəkmişdir. Beləcə, ona ümumilikdə 12055 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Onun niyyəti Ramilin həbs edilməsi deyil. Əgər ziyanı ödənilərsə o, şikayətçi deyildir. İş üzrə şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, o, Zərərçəkmiş şəxs arvadıdır. 3 ildir ki, Şahmarla ailə həyatı qurmuşdur və Şahmarın atası evində, Sabirabad rayonu Yolçubəyli kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində əri Zərərçəkmiş şəxsla birlikdə yaşadığı Sabirabad rayonu Yolçubəyli kəndindəki evdə olarkən, həyət qapısı döyülmüş, həmin vaxt evdə o və azyaşlı övladı olmuşdur. O, qapını açdıqda Təqsirləndirilən şəxs görmüşdür. Ramil ona - salam bacı – dedikdən sonra həyətə daxil olmuş və ondan əri Şahmarın harada olduğunu soruşmuşdur. O, Ramilə Şahmarın evdə olmadığını, Sabirabad şəhərinə getdiyini demişdir. Bundan sonra Ramil ona mobil telefonunda əri Şahmarla bir qadının şəklini göstərmiş və buna görə də Şahmarı öldürəcəyini demişdir. Ramil onu və ya digər ailə üzvlərini öldürməklə hədələməmiş, ona hər hansı bir formada hücum çəkməmiş və ya təhqir etməmişdir. Ramil sadəcə sözlü şəkildə onun əri Şahmarı öldürəcəyini deyərək evdən getmiş və həmin vaxt onun əlində nə bıçaq, nə də başqa bir küt alət olmuşdur. İş üzrə MTE və PA birliyi Sabirabad rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 391 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ gözün alt və üst qapağında, sağ gözaltı nahiyədə, sağ ayağın 1-ci barmağının dırnaq falanqası proyeksiyasında qançırlar, sağ dirsək oynağının bayır səthində, sol kürək sümüyü proyeksiyasında, sol sağrının yuxarı iç kvadrantında, sağ baldırın yuxarı 1/3-də ön səthdə sıyrıqlar küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 avqust 2024-cü il tarixli, 9/6435 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 2006-cı il buraxılışlı “Toyota” markalı, “Prius (hibrid) minik” modelli, boz qızılı metalik rəngli, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 9500,0 manat müəyyən olunur. MTE və PA X6 Şəxsin məhkəmə-kimya şöbəsindən alınmış xx.xx.2024-cü il tarixli, 2272/K saylı məhkəmə-kimyəvi rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmişdir. İş materiallarında olan Sabirabad RİHB-nin Yolçubəyli KİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. İş materaillarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 (9, 16 və 18 yaş) övladı vardır. Beləliklə, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CM-nin 185.2.3, 185.2.4 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyi, təqsirləndirilən şəxsin özünün, şahid və zərərçəkmiş şəxsin ifadəsi, eyni zamanda digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 185.2.3, 185.2.4 və 186.2.2-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən ailə vəziyyətini və əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsaslanıb məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təyin ediləcək cəzanı yüngülləşdirən halları, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini, təqsirləndirildiyi maddələrdən CM-nin 186.2.2-ci maddəsinin sanksiyasında alternativ cəza növünün müəyyən edilməməsini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə cəzaçəkmə müəsissəsinin növünün müəyyənləşdirilməsi ilə əlaqədar hesab edir ki, Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs məxsus “Toyota” markalı, “Prius (hibrid) minik” modelli, boz qızılı metallik rəngli, 2006-cı il istehsal tarixli, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yandırılmaqla qəsdən məhv edildikdən sonra Sabirabad RPŞ-nin duracağına yerləşdirilmiş metal hissələri Zərərçəkmiş şəxs verilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 179,48 (yüz yetmiş doqquz manat qırx səkkiz qəpik) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməli, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.3 və 185.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 iyul 2024-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxs məxsus “Toyota” markalı, “Prius (hibrid) minik” modelli, boz qızılı metallik rəngli, 2006-cı il istehsal tarixli, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yandırılmaqla qəsdən məhv edildikdən sonra Sabirabad RPŞ-nin duracağına yerləşdirilmiş metal hissələri Zərərçəkmiş şəxs verilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 179,48 (yüz yetmiş doqquz manat qırx səkkiz qəpik) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar