Məhkəmə qərarları › İş №1(056)-184/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-184/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-184/2023 16.11.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Sabirabad rayonu Aleksandrovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Sabirabad rayonu Şəhriyar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə verilən ittihama görə, o, Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayında Sabirabad rayonu Şəhriyar kəndində yaşadığı evin həyətyanı sahəsində torpağı şumlayıb, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə xeyli miqdarda, yəni 12 ədədini yetişdirərək kultivasiya etmiş, 16 iyul 2023-cü il tarixdə saat 13:45 dəqiqədə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, yaşadığı Sabirabad rayonu Şəhriyar kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman ümumilikdə 12 ədəd yaş vəziyyətdə ümumi çəkisi-15000,0 qram (15,0 kq) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 10 ildir ki, narkotik vasitə qurudulmuş marixuana olan “nəşə” istifadə edir. Bir neçə il bundan əvvəl Sabirabad rayonu Şəhriyar kəndi ərazisində çöl sahəsində piyada hərəkət edən zaman yerdə 01 ədəd sellofan bükümünün olduğunu görmüşdür. Həmin sellofan bükümünün yanına yaxınlaşmış, bükümü götürərək içərisinə baxmış və içərisində çətənə bitkilərinin toxumlarını görmüşdür. O, həmin toxumların spesifik iyindən bilmişdir ki, bu narkotik tərkibli bitkidir. Bundan sonra həmin toxumları əkmək qərarına gəlmiş, bu məqsədlə 2023-cü ilin aprel ayında özündə saxladığı həmin çətənə bitkisinin toxumlarını özünə məxsus həyətyanı sahəsində əkmiş, mütəmadi olaraq həmin bitkilərə qulluq etmiş, ətrafındakı alaq otlarını təmizləyib su vermişdir. O, 16 iyul 2023-cü il tarixdə evdə olan zaman polis əməkdaşları yaşadığı həyətə gələrək məlumat əsasında yaşadığı evə, həyətyanı sahəsinə və həyətində olan yardımçı tikililərə baxış keçirməli olduqlarını demişlər. Həmin vaxt iki hal şahidi dəvət olunmuşdur. Polis əməkdaşları ondan yaşadığı evə və həyətinə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuş, o, baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən həyətyanı sahəsinə baxış keçirilən zaman evin həyətyanı sahəsində yerləşən bağçada əkmiş olduğu çətənə bitkiləri aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən həmin bitkilər sayılmış və ümumilikdə çətənə bitkilərinin sayının 12 ədəd olduğu müəyyən olunmuşdur. Polis əməkdaşları ilə birlikdə gələn aqronom əkdiyi çətənə bitkilərinə baxıb, həmin bitkilərə qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına vermişdir. Ardınca əkdiyi 12 ədəd olan çətənə bitkiləri torpaqdan çıxarılıb hal şahidlərinin, onun, aqronomun iştirakı ilə sellofan torbaya qoyularaq qablaşdırılıb möhürlənmişdir. Həyətyanı sahəsinə və yardımçı tikililərə baxış keçirildikdən sonra yaşadığı evə də baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evdə qanunla qadağan olunmuş heç bir əşya, predmet aşkar olunmamışdır. Hazırda əməlindən peşmandır. Tövbə etmişdir ki, bir daha belə bir hərəkətə yol verməyəcəkdir. Özü kənd təsərrüfatı məhsullarının əkilib becərilməsi ilə ailəsinin tələbatlarını qarşılayır. Ailəsinə yeganə qazanc gətirən şəxsdir. Himayəsində bir azyaşlı uşağı vardır. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Göstərdiyi xüsusatların nəzərə alınaraq barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid1 ifadəsində göstərdi ki, 16 iyul 2023-cü il tarixdə Sabirabad rayonu Şəhriyar kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də yaşadığı ünvanda narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi ilə məşğul olması barədə ona məlumat daxil olmuş, bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi TB-nin təhqiqatçısı Araz Fərəcova həvalə olunmuş, Araz Fərəcov tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə keçiriləcək baxışda iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin Sabirabad RPŞ-nin TB-nin təhqiqatçısı Araz Fərəcov, Sabirabad RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2, Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 və ondan ibarət olması təsdiqlənmişdir. Daha sonra baxış keçirilməsi prosesində aqronom mütəxəssis qismində iştirak etməsi üçün Sabirabad RM-nin Toxum analizləri şöbəsinin müdiri X3 dəvət olunmuşdur. Bundan sonra avtomobillə Təqsirləndirilən şəxs yaşadığı Şəhriyar kəndində yerləşən evinə getmişlər. Hal şahidlərinin, aqronom mütəxəssisin, polis əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman həyətdə yerləşən bağçadan 12 ədəd çətənə bitkisi aşkar edilmişdir. Dəvət edilmiş aqronom bitkilərə baxıb, qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına təqdim etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs yaşadığı evdən, həyətyanı sahədən dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. Şahid qismində dindirilmiş Şahid3 Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Sabirabad RİH-nin Şəhriyar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. 16 iyul 2023-cü il tarixdə kənddə olarkən Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb Şəhriyar kənd sakini Təqsirləndirilən şəxs həyətində və həyətyanı sahəsində narkotik vasitə olan çətənə bitkiləri əkməsi və narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını və həmin şəxsin həyətinə, həyətyanı sahəsindəki tikililərə və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Polis işçiləri baxış keçirilən zaman onun da hal şahidi qismində iştirak etməsini təklif etmişlər və o, etiraz etməmişdir. Ondan başqa polis əməkdaşları Şəhriyar kənd Bələdiyyəsinin sədri Şahid4 da hal şahidi qismində dəvət etmişlər. Bundan sonra polislərlə birlikdə Şəhriyar kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə getmişlər. Polis işçiləri ev sahibini çağırmışlar. Ev sahibi olan Təqsirləndirilən şəxs həyətdə olmuş, polislər ona həyətində narkotik tərkibli çətənə bitkiləri əkməsi və qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla həyətinə, həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirəcəklərini bildirmiş və onların da hal şahidi qismində iştirak edəcəyini ona izah etmişlər. Təqsirləndirilən şəxs həyətinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra həyətyanı sahəyə baxış keçirilən zaman həyətdəki bağçada 12 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Onlarla birlikdə gələn aqronom çətənə bitkilərinə baxıb, həmin bitkilərə qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına vermişdir. Aşkar edilmiş 12 ədəd çətənə bitkiləri isə sintetik kisəyə yığılaraq qablaşdırılıb möhürlənmiş və götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs yaşadığı evdən, həyətyanı sahədən dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə X1 Regional Bölməsinin 17 iyul 2023-cü il tarixli, 18/731 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «…Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən…12 ədəd» sözləri yazılmış və imzalar olan sintetik torbada ümumi sayı 12 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 15000,0 qram (15,0 kq) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 12 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşdə olan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 10 avqust 2023-cü il tarixli, 5104 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad RİHB-nin Şəhriyar kənd icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarından göstərilmişdir ki, Cinayət Məcəlləsinin 237.1-ci maddəsində göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aidddir. Təqsirləndirilən şəxs 12 ədəd xeyli miqdarda narkotik vasitə olan çətənə bitkilərini kultivasiya etməsini (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etməsi cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadələri, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, törətdiyi əməlindən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət əməli törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, ailə vəziyyətini və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikasının CM-nın 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının məqsədini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində kultivasiya etmiş olduğu kolların sayı və çəkisi də nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olar. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.2 və 10.5-ci bəndlərində göstərilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədi ilə cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması istiqamətlərdə qanun layihələrinin hazırlanması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının məqsədi həm qətimkan tədbiri seçilərkən, həm təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən cəza tətbiq etmədə humanist yanaşmanın tətbiq edilməli olduğunu özündə ehtiva edir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iki gün həbsdə saxlandığı müddət dörd gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, təyin olunan cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq cəza çəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan 12 ədəd çətənə (kannabis) bitkilərinin məhv edilməli olmasını, həmçinin məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iki gün həbsdə saxlandığı müddət dörd gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE**********00********) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad RPŞ-də saxlanılan 12 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar