Məhkəmə qərarları › İş №1(056)-186/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-186/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-186/2024 05.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilən ittihama görə, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 01 ədəd polietilen torbada 305,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib özünə məxsus “Daewoo Nexia” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda saxlamış, 26 iyun 2024-cü il tarixdə, saat 19:30 dəqiqədə Sabirabad RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri, Heydər Əliyev prospektində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq idarə etdiyi həmin avtomobili ilə Sabirabad şəhəri, Heydər Əliyev prospekti 91 ünvanında yerləşən rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada avtomobilin salonuna baxış keçirilən zaman, sürücü oturacağının altında 01 ədəd polietilen torbada təmiz çəkisi - 305,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında iştirak etmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir və etibarnamə ilə idarə etdiyi “Daewoo Nexia” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. Təxminən 2-3 ildir ki, narkotik maddələrdən istifadə edir. 15-20 gün əvvəl Sabirabad şəhəri ərazisindən keçən Kür çayının sahilində olan zaman, bir ədəd sellofan torba görmüşdür. Həmin torbanı yerdən götürüb içərisinə baxan zaman, içərisində marixuana olmasını görmüşdür. O, marixuanadan istifadə etdiyinə görə, bükümün içərisindəkinə baxan kimi marixuana olduğunu anlamış və ürəyi istəyəndə istifadə edər deyə evə aparıb gizlətmişdir. Hərdənbir ürəyi istəyəndə də çəkmişdir. 26 iyun 2024-cü il tarixdə günorta saatlarında evdə bilinməsin deyə marixuananı götürüb idarə etdiyi avtomobilin sol qabaq oturacağının altında gizlətmişdir. Həmin gün, saat 19:30 dəqiqədə Heydər Əliyev prospektində idarə etdiyi avtomobildə müştəri gözləyən zaman, iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək, onun üzərində narkotik vasitə gəzdirməyi barədə məlumat daxil olduğunu deyib, onu Sabirabad Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, avtomobilini özü idarə edərək şöbənin inzibati binasına gətirmiş və avtomobilin qapılarını bağlamışdır. Şöbənin inzibati binasına gəldikdən sonra o, şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi təyin edilmişdir. Polis şöbəsində polis əməkdaşları ondan üzərində dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet olmasını, olacağı halda isə könüllü olaraq təqdim etməyini bildirmişlər. O da üzərində qanunsuz heç bir əşya olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən dövriyyəsi qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmiş, idarə etdiyi avtomobildə marixuana olduğunu bildirmişdir. Ona görə də avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı idarə etdiyi avtomobilin sürücü oturacağının altından bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Həmin sellofan torbada olan qurudulmuş marixuana bir ədəd ağ zərfə qoyularaq qablaşdırılmışdır. DİN-in 139 nömrəli möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış və baxış videoçəkiliş vasitəsilə aparılmışdır. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, ilk dəfə az ağır cinayət əməli törətməsini, ailəli olaraq himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını və ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 26 iyun 2024-cü il tarixdə ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni üzərində və idarə etdiyi avtomobildə saxlamaqda, istifadə etməkdə şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunaraq tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Əməliyyat tədbirində iştirak edəcək şəxslərin İstintaq Bölməsinin müstəntiqi Elvin Həmidov, RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sabirabad şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün Təqsirləndirilən şəxs Sabirabad şəhəri, Heydər Əliyev prospektində, ona məxsus olan “Daewoo” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə əyləşmiş vəziyyətdə müşahidə edib ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Elvinə üzərində narkotik vasitə gəzdirməsi barədə şübhəli olduğunu izah edərək birlikdə Sabirabad Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs razılıq verərək onlarla birlikdə idarə etdiyi avtomobillə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxsə təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərində olan bir ədəd mobil telefon, “Kapitalbank”a məxsus hesab kartı, “Winchester” markalı siqaret, alışqan və 29 manat pul vəsaitini təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etmiş və başqa bir əşya aşkar edilməmişdir. Müstəntiq Təqsirləndirilən şəxs evində, avtomobilində və ya digər yerdə narkotik vasitə saxlaması barədə soruşduqda, o, həmin vaxt RPŞ-nin dayanacağında olan avtomobilində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra şəxsi axtarış hərəkəti başa çatdırılmışdır. Bir neçə dəqiqə sonra isə RPŞ-nin dayanacağında olan Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin sürücü sükanı tərəfdən qapısını açaraq sürücü oturacağının altında saxladığı 01 ədəd sellofan torbadakı qurdulmuş marixuananı təqdim etmişdir. Bundan sonra müstəntiq həmin torbanı açdıqda, içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olduğunu, istifadə etdiyini və satış məqsədinin olmadığını bildirmişdir. Aşkar edilmiş torbaya iştirakları ilə baxış keçirilmiş, daha sonra isə qablaşdırılıb DİN-in 139 saylı möhürü ilə möhürlənib müstəntiq tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxsin avtomobilinə baxış hərəkəti davam etdirilmiş və qanunla qadağan edilmiş başqa bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış və baxış istintaq hərəkətləri videoçəkilişlə həyata keçirilmişdir. Aşkar olunan narkotik vasitə ilə bağlı protokol tərtib edilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2, digər Şahid1 göstərdiklərinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarında olan 26 iyun 2024-cü il tarixli “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilərkən, 01 ədəd polietilen torbada təmiz çəkisi - 305,0 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının 27 iyun 2024-cü il tarixli, 3-16-16/2-18/618 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs avtomobilindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd polietilen torbada təmiz çəkisi - 305,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspetiza tədqiqatından sonrakı qalıq çəkisi 304.95 qram təşkil edir. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 4889 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabionidlərin qəbulu nəticəsində yaranan Asıllıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin istintaq materiallarında olan Sabirabad RİH başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşmançılıq hissi keçirdiyini, ilk dəfə az ağır cinayət əməli törətməsini, ailəli olaraq himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını və ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində 08 (səkkiz) ay müddətində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmışdır. Məhkəmə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024 - xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla müəyyən olunmuş 02 (iki) gün təyin olunacaq 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və onun üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlarla yanaşı həmçinin məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanmasını, onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin «həbs» qətimkan tədbiri ilə əvəz edilərək onun, məhkəmə iclası zalından həbsə alınmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 AZN məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməsini, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan, ekspetiza tədqiqatından sonrakı qalıq çəkisi 304.95 qram narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq 02 iki gün həbsdə saxlanılmasının 01 günü 01 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 02 (iki) gün ona təyin olunmuş 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 49.74 AZN məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad Rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı qalıq çəkisi 304.95 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar