Məhkəmə qərarları › İş №1(056)-189/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-189/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-189/2024 27.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Allahverdiyevin sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Sabirabad rayonu, Şəhriyar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sabirabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, Sabirabad rayonu, Şəhriyar kəndində qeydiyyat olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə elan edilən ittihama görə Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Sabirabad rayonunun Şəhriyar kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs fərdi yaşayış evinin həyətində yerləşən saxlanc yeri hesab edilən tövləsinə həmin tövlənin dəmir lövhəsini kənara qoyub qapısını açmaqla qanunsuz daxil olaraq tövlədən 1 ədədi 60 manat dəyərində 8 ədəd hind quşunu, 1 ədədi 10 manat dəyərində 09 ədəd toyuğu və 1 ədədi 15 manat dəyərində xoruzu gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 585 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda Sabirabad rayonu Şəhriyar kəndində qeydiyyatda olmaqla həmin kənddə yerləşən fərdi yaşayış evində anası ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir, aralarında əvvəllər ədavət və düşmənçilik olmamışdır. 28 fevral 2023-cü il tarixdə 01 radələrində pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmiş, ona görə də velosipedlə həmkəndlisi Zərərçəkmiş şəxs həyətyanı sahəsi hissəsindən kollektor vasitəsi ilə həyətinə daxil olmuş, həyətə daxil olduqdan sonra orada toyuq və hindquşları saxlanılan, kərpicdən tikilmiş hindən həmin hinin qapısında qoyulmuş bir ədəd dəmir lövhəni kənara qoyub qapını açmış, oradan 8 ədəd hindquşlarını və 10 ədəd toyuqları götürüb yerdə olan iplə iki-iki bağlayaraq özü ilə gətirdiyi kisəyə yığıb həyətdən çıxmışdır. Bundan sonra velosipedlə oğurladığı 8 ədəd hindquşlarını və 10 ədəd toyuqları Şəhriyar kəndində yerləşən mal bazarına aparmış, həmin hindquşlarını və toyuqları həmkəndlisi kafe işlədən Mahir adlı şəxsə 230 manata satmış, həmin pula da evə ərzaq malları, özünə siqaret və sair məhsullar alaraq xərcləmişdir. Mahirə həmin hindquşlarının və toyuqların özünə məxsus olduğunu, anasının dərmanları qurtardığı üçün satıb dərman alacağını demişdir. O, hind quşlarını və toyuqları Mahirə göstərmiş və hamısını alsa qiymətində hörmət də edəcəyini demişdir. Mahir də onunla razılaşmışdır. O, Mahirə hind quşlarının hər birini 20 manata, toyuqların isə hər birini 7 manata olmaqla, hind quşlarını və toyuqları ümumilikdə 230 manata satmışdır. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə etmiş, ona dəymiş ziyan ödənilmişdir. Ona görə də zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Əməlindən çox peşmandır. Artıq o, fərdi əməklə məşğul olmaqla himayəsində olan xəstə anasını və özünü dolandırır. Məhkəmə tərəfindən bundan əvvəl cəza təyin edildikdən sonra o, anasına söz vermiş və normal insanlar kimi yaşamağa başlamışdır. Hazırda məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəməyə notairal qaydada təsdiq edilmiş ərizə ilə müraciət edən Zərərçəkmiş şəxs ərizəsində təqsirləndirilən şəxslə barışdığını, ondan şikayət və tələbinin olmadığını göstərmişdir. İbtia istintaq zaman dindirilmiş və məhkəmə iclası zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, özünə məxsus həyətyanı sahədə təsərrüfatla məşğul olaraq toyuq və hind quşları saxlamış, təsərrüfatında bir ədəd erkək, 7 ədəd dişi olmaqla ümumilikdə 8 ədəd hind quşu, 1 ədəd xoruz, 9 ədəd toyuq və bir neçə ədəd cücəsi olmuş, hər gün tezdən onları tövlədən bayıra buraxmış, axşam isə tövləyə salıb qapını bağlayaraq arxasına dəmir lövhə qoymuşdur. 27 fevral 2023-cü il tarixə axşam saatlarında yenə toyuqları, cücələri və hind quşlarını tövləyə salıb qapısını bağlamış, 28 fevral 2023-cü il tarixdə səhər saat təxminən 08 radələrində toyuqları və hind quşlarını buraxmaq üçün tövləyə getmiş, tövlənin qapısını açmış, lakin toyuqların və hind quşlarının içəridən çıxmadıqlarını görmüş, bundan sonra tövləyə girib içəri baxdıqda içəridə sadəcə bir neçə ədəd cücənin olduğu ona məlum olmuşdur. Əvvəl toyuqları və hind quşlarını hər hansı vəhşi heyvanın yediyini fikirləşmiş, həyətyanı sahəsinə baxan zaman palçıq ərazidə ayaq izləri görmüş və ev quşlarının oğurlandığını bilmiş, bundan sonra DİN-nin 102 xidmətinə və Sabirabad rayon Polis Şöbəsinə şikayət etmişdir. Polis əməkdaşları yaşadığı evə gəlib lazımı sənədləşməni etdikdən sonra getmiş, bir müddət sonra polis əməkdaşları ona həyətindən oğurluq edən şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olması barədə məlumat vermişlər. Oğurlanmış hind quşları yerli cinsə aid olmaqla, hər biri iki illik, təxminən 5-6 kiloqram çəkidə, hamısı qara rəngli, biri erkək, 7 ədədi isə dişi cinsli olmuş, toyuqlar da yerli cinsə aid olmaqla bir neçə illik 9 ədəd anac, bir ədəd isə xoruz olmuşdur. Onların oğurlandığı vaxt bir ədəd hind quşunun qiyməti 60 manat, bir ədəd toyuğun qiyməti isə 10 manat təşkil etmiş, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 580 manat ziyan dəymiş, hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmiş, sonuncudan heç bir şikayət və tələbi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Şəhriyar kənd sakini Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Hüseyngil ilə ailəvi dostdurlar. Bir-birinin evinə gediş-gəlişləri vardır. Təxminən 2022-ci ilin qış fəslində Hüseyn Sabirabad rayon mərkəzinə özü üçün mobil nömrə almağa gəlmişdir. Hüseyn rayonu yaxşı tanımadığı üçün o da Hüsynlə birlikdə telefon mağazasına getmişdir. Telefon mağazasında Hüseynin şəxsiyyət vəsiqəsinin istifadə müddətinin bitdiyi, buna görə də həmin şəxsiyyət vəsiqəsi ilə mobil nömrə ala bilməyəcəyi məlum olmuşdur. O da öz şəxsiyyət vəsiqəsini telefon mağazasına təqdim edərək ***-***-**-** saylı mobil nömrəni alaraq Hüseynə vermişdir. Hüseyn də həmin mobil nömrəni özünə məxsus mobil telefonun üzərinə qoyaraq istifadə etməyə başlamışdır. Qeyd olunan mobil nömrəni yalnız Hüseyn istifadə etmişdir. İş materiallarında olan Sabirabad RİHB-nin Şəhriyar KİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan tələbnamədən görünür ki, Abbasov X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 250377/2023 saylı məktubda qeyd edilmişdir ki, Abbasov X1 rayon məhkəməsinin xx.xx.2023cü il tarixli 1(056)-118/2023 saylı hökmü ilə 01 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməmiş hisssəsi 6 ay 26 gün təşkil edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin elan edilmiş ifadəsi, təqsirləndirilən şəxsin etirafedici izahatı, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində xəstə anasının olmasını, ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbinin olmamasını Azərbaycan Respublikasının CM-nın 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları və Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə onu cəmiyyətdən təcrid etmədən islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Belə olan halda məhkəmə həmçinin Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinin tələblərinə əsaslanaraq hesab edir ki, hazırkı hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(056)- 118/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 06 (altı) ay 26 gün hissəsi hazırki hökmlə təyin ediləcək cəza ilə qismən birləşdirilməli və ona qəti olaraq azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı olduğu, iş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Sabirabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(056)-118/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılnası cəzasının çəkilməmiş qan 6 ay 26 gün hissəsi hazırki hökmlə təyin edilən cəza ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi subut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar