Məhkəmə qərarları › İş №1(056)-198/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-198/2024

15.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-198/2024 15.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Allahverdiyevin sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Sabirabad rayonu Cəngən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sabirabad rayonu Cəngən kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə elan edilən ittihama görə 2024-cü ilin may ayının əvvəllərində yaşadığı Sabirabad rayonu Cəngən kəndində yerləşən fərdi yaşayış evinin bağ hissəsində torpaqda istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə xeyli miqdarda, yəni 3 ədədini yetişdirərək kultivasiya etmiş, 25 iyul 2024-cü il tarixdə saat 21:40-da Sabirabad RPŞnin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman, evin bağ hissəsində torpaqda əkilmiş vəziyyətdə ümumi çəkisi -200,0 qram olan, 3 ədəd çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sabirabad rayonunun Cəngan kəndində ailə üzvləri ilə birlikdə yaşayaraq təxminən bir il əvvəldən narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 2024-cü ilin aprel ayının əvvəllərində yaşadığı kənd ərazisində piyada gəzərkən yerdən bir ədəd büküm tapmış, həmin bükümü açıb içərisinə baxdıqda üç ədəd narkotik tərkibli çətənə toxumu olmasını görmüş, daha sonra həmin toxumları yaşadığı evə aparıb gizlətmişdir. 2024-cü ilin may ayında tapdığı üç ədəd çətənə toxumlarını yaşadığı evin həyətyanı sahəsində bağçada əkmiş, toxumlar cücərib torpaqdan çıxandan sonra ailə üzvlərindən gizli həmin bitkilərə qulluq edərək suvarmışdır. 25 iyul 2024-cü il tarixdə evinin həyətyanı sahəsində olarkən küçədə kiminsə onu çağırdığını eşitmiş, küçəyə çıxarkən həmin şəxslərin polis əməkdaşları və aqronom mütəxəssis olduğunu görmüşdür. Polis əməkdaşlarından olan müstəntiq ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və evinin həyətyanı sahəsinə baxış keçirilməsi zərurəti olduğunu demişdir. O, həyətyanı sahəsinə baxış keçirilməsinə razılıq verərək bağçasında öz istifadəsi üçün üç ədəd çətən kolları əkdiyini demişdir. Sonra həmin şəxslər onun həyətinə daxil olaraq özünün iştirakı ilə həyətyanı torpaq sahəsinə baxış keçirməyə başlamış, baxış zamanı qamış çəpərinin yanında əkdiyi üç ədəd çətənə kollarını polis əməkdaşlarına göstərmiş, polis əməkdaşları ilə birlikdə gələn aqronom da onun əkdiyi çətənə bitkilərinə baxıb həmin bitkilərə qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına vermiş, bundan sonra həmin üç ədəd çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq tərəzidə çəkilib bir ədəd ağ rəngli zərfə qablaşdıraraq möhürləmişlər. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Ailəlidir və himayəsində biri azyaşlı olmaqla üç övladı vardır. Özü toy mərasimlərində nağarada ifa etməklə ailəsinə yeganə qazanc gətirən şəxsdir. Göstərdiklərinə əsasən məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Sabirabad rayonunun Cəngan kəndində yaşayan Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsində narkotik vasitə olan çətənə kolları əkib yetişdirməsi barədə 25 iyul 2024-cü il tarixdə ona əməliyyat məlumat daxil olmuş, o, bu barədə raportla RPŞ-nin rəisinə məruzə etmiş və şöbə rəisinin əmri ilə əməliyyat tədbirinin keçirilməsinə dair əməliyyat qrupu yaradılaraq qrupunda rəhbəri o, üzvləri isə RPŞ-nin istintaq bölməsinin müstəntiqi Xətai Savalan və PPXB-nün polis nəfəri Şahid2 təyin olunmuşdur. Sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş və qərar şöbə rəisi tərəfindən təsdiq olunmuşdur. Bundan sonra DAİM-nin aqronomu Elçin Əhmədovu RPŞ-nə dəvət edərək ona Cəngan kənd sakini Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə baxış keçirmək istədiklərini və baxış keçirilərkən onun da mütəxəssis kimi iştirak etməsini xahiş etmişlər. Elçin Əhmədov baxışda iştirak etməsinə razılıq vermişdir. Sonra qrupun üzvləri və X3la birlikdə Cəngan kəndinə Təqsirləndirilən şəxs yaşadığı evin küçəsinə gedərək Təqsirləndirilən şəxs çağırıb ona həyətyanı torpaq sahəsinə baxış keçirmək istədiklərini demişlər. Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə baxış keçirtmələrinə razılıq vermiş, onlar Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olaraq özünün, aqranom Elçin Əhmədovun iştirakı ilə video çəkliş vasitəsi ilə həyətyanı torpaq sahəsinə baxış keçirərkən bağçasındakı qamış çəpərin yanından Təqsirləndirilən şəxs məxsus olan torpaq sahəsindən hündürlüyü 50, 55 və 124 sm olan 3 ədəd çətənə kolları aşkar olunmuşdur. X3 çətənə kollarına baxaraq onlara aqortexniki qaydada qulluq olunduğunu bildirərək bu barədə rəy yazıb onlara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsindən aşkar olunmuş çətənə kollarını özü əkərək onlara qulluq edib yetişdirdiyini demişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 Əlimövsüm oğlu şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunda ifadə verdi. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının məhkəmə-bioloji ekspertizasının 26 iyul 2024-cü il tarixli 3-16-16/2-18/697 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsindən götürülmüş və tədqiqata təqdim olunmuş 1 ədəd sintetik torbada ümumi sayı 3 ədəd, yaş vəziyyətdə ümumi çəkisi 200,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Ümumi çəkisi 200,0 qram olan çətənə (kannabis) bitkilərindən cəmi 0,30 qram (hər obyektdən 0,10 qram sərf edilərək) 199,70 qram qalıq qalmışdır. Məhkəmə-narkoloji ekspertizasının 14 sentyabr 2024-cü il tarixli 6253 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad RİHB-nın Muğan-Gəncəli KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət məsuliyyəti yaradır. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə Təqsirləndirilən şəxs göstərilən cinayəti əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, özünün etirafedici ifadəsi, şahid ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə onu cəmiyyətdən təcrid etmədən islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün azadlığın məhdudlaşdırılması cəzasının dörd gününə bərabər tutulub hesablanmaqla, həmin 4 gün təyin olunan cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan 1 ədəd sintetik torbada qablaşdırılmış 3 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini və məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanmasının bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad RPŞ-də saxlanılan 1 ədəd sintetik torbada qablaşdırılmış 3 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar