Məhkəmə qərarları › İş №1(056)-2/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-2/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-2/2025 13.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş Sabirabad rayon Quruzma Bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs Mirsəddar oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1970-ci il tarixdə Sabirabad rayonu Qəzli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Qəzli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nın 188.3-cü maddəsi ilə irəli sürülən ittihama görə, o, Sabirabad rayonu Quruzma kəndində yerləşən Quruzma bələdiyyəsinin mülkiyyətində olan 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan əkin işləri aparmaqla, həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş sahəsi olan 0,0197 hektarında və kənd təsərrüfatı təyinatlı təsərrüfatdaxili yol olan 0.0043 hektarında, ümumilikdə isə 0,024 ha hissəsində mişar daşlarından bir ədəd heyvan tövləsi və bir ədəd istirahət üçün otaq tikilməsi məqsədi ilə tikinti işləri aparmaqla, özbaşına tutmuşdur. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, əkinçiliklə məşğul olmaq üçün torpaq sahəsinin ayrılması üçün kəndin bələdiyyəsinə müraciət etmişdir. Quruzma bələdiyyiəsinin mülkində olan 5 ha. topraq sahəsi ona təklif olunmuş, o, həmin sahəyə bələdiyyə sədri ilə birlikdə gedib baxmış və torpağı icarəyə götürməyə razılaşmışdır. O, bələdiyyə ilə xx.xx.2011-ci il tarixli 3-M-132 saylı icarə müqaviləsinə əsasən torpağı icarəyə götürmək üçün rəsmi olaraq 40 illik müqavilə bağlamışdır. Ona rəsmi olaraq torpağın icarə müqaviləsini və torpağın çıxarışını vermişlər. Həmin vaxtdan o, ərazidə əkinçiliklə məşğul olur. O, 5 ha torpaq sahəsini icarəyə götürdükdə orada heç bir ağac olmamışdır. Həmçinin ərazidə tut ağacları da olmamışdır. 2011-ci ildən həmin torpaq sahəsində əkinçiliklə məşğul olmuşdur. Ona təhvil verilən ərazidən heç vaxt kənar əraziyə çıxmamışdır. Onun istifadə etdiyi 5 ha torpaq sahəsinin hər tərəfi dövlət tərəfindən qazılmış su kanalı ilə əhatə olunmuşdur. Onun ərazisinin yan hissəsində təxminən 0,10 ha torpaq sahəsini əkin üçün istifadə edə bilmədiyindən həmin ərazini yol kimi istifadə etmiş, həmçinin torpaq sahəsini icarəyə götürən zaman həmin yerdən ona yol kimi istifadə edə biləcəyini bildirmişlər. 0,10 ha torpaq sahəsi su kanalından içəridə olmaqla, onun icarəyə götürdüyü torpaq sahəsinə bitişikdir. 2017-ci ilin iyun ayında heyvanlarını saxlamaq üçün ona tövlə lazım olduğundan o, icarəyə götürdüyü torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulan yolda tövlə tikdirmiş, eyni zamanda həmin tövlənin yaxınlığında istirahət məqsədilə istifadə etmək üçün tikili inşa etdirmişdir. Lakin həmin tikilini başa gətirə bilməmiş, yarımçıq qalmışdır. Şahid şikayəti əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi İdarəsinin əməkdaşları həmin torpaq sahəsinə baxış keçirmiş, baxış zamanı koordinatlar əsasında ona icarəyə verilmiş 5 ha torpaq sahəsindən əlavə 0,10 ha torpaq sahəsinin zəbt olunduğu və orada tikinti işlərinin aparıldığı müəyyən olunmuşdur. O, 0,10 ha torpaq sahəsinin heç kimə məxsus olmadığını zənn etmiş və bu səbəbdən də həmin torpaq sahəsində tikinti işləri aparmışdır. Hazırki iş üzrə araşdırma gedən zaman o, həmin tikilini sökərək ərazini boşaltmışdır. Hesab edir ki, o, hər hansı cinayət əməli törətməmişdir. Ona görə də o, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş təşkilat Sabirabad rayon Quruzma Bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs Mirsəddar oğlu bildirmişdir ki, bələdiyyənin 90093 ha torpaq sahəsi vardır. Sabirabad rayonu Quruzma Bələdiyyəsinin sədri vəzifəsində 2021-ci ilin iyun ayından işləyir. Şahid və Təqsirləndirilən şəxs onun həmkəndliləridir, onlarla heç bir düşmənçilik və ədavəti yoxdur. Şahid şikayət ərizəsində göstərilən 5 ha torpaq sahəsi xx.xx.2011-ci il tarixdən rəsmi müqavilə ilə Təqsirləndirilən şəxs icarəsinə verilmişdir. Həmin ərazi sovet dövründə tut bağı kimi tanınmışdır və orada tut ağacları olmuşdur. Lakin o, həmin tut ağaclarını orada görməmişdir. Şahid deməsinə görə bilmişdir ki, Təqsirləndirilən şəxs həmin ərazidə olan tut ağacları məhv edib. Lakin o, Təqsirləndirilən şəxs həmin ərazidə tut ağaclarını kəsib məhv etməsini şahidi olmamışdır. Təqsirləndirilən şəxs bələdiyyənin qərarı ilə bələdiyyə mülkiyyətində olan 5 ha torpaq sahəsi icarəyə verilsə də, Arif həmin torpaq sahəsindən əlavə bələdiyyə mülkiyyətində olan 0,10 ha torpaq səhəsini heç bir hüququ olmadan zəbt etmiş və orada tikinti işləri aparmışdır. O, bu barədə Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq etmiş, sonuncudan ərazini tərk etməsini və apardığı tikinti obyektlərini sökməsini tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs deyilənlərə məhəl qoymamışdır. Şahid müraciəti əsasında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin müfəttişləri gəlib əraziyə baxış keçirmiş, baxış zamanı bir daha torpaq sahəsinin zəbt olunması və həmin yerdə qanunsuz tikinti işlərinin aparılması təsdiq edilmiş, bu barədə akt tərtib olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən zəbt olunmuş torpaq sahəsində inşa etdiyi tikililər məhkəmə baxışı dövründə sökülərək ərazi boşaldılmışdır. Hazırda o, təqsirləndirilən şəxsə qarşı qanunauyğun cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 1990-cı il tarixdə sovet hakimiyyəti dövründə yaşadıqları Qəzli kəndində “Qışlaq üstü” adlanan çöl sahəsində 5 ha ərazidə tut bağı salınmışdır. Həmin tut bağında kənd sakinləri baramaçılıqla məşğul olurmuşlar. Həmin ərazi qorunub saxlanılması üçün 2002-ci ildə Sabirabad rayonu Məhəmməd Əsədov adına kolxozun aqrar islahat komisiyyası tərəfindən Sabirabad rayonu Qəzli bələdiyyəsinə təhvil verilmişdir. Həmin vaxt o, orada bələdiyyə sədri işləyirdi. O, beş il bələdiyyə sədri işləmişdir. Onun işlədiyi vaxtda həmin ərazi tut bağı kimi qorunub saxlanılmışdır. Ərazidə təxminən 5000 ədəd tut ağacı var idi. O, işlədiyi vaxtda kənddə baramaçılıq üzrə mütəxəssis olan X7 həmin tut bağına nəzarət edirdi. Yasəf Muradovdan sonra tut bağına həmkəndlisi X4 nəzarət etmişdir. 2007-ci ildə həmin tut bağı X1 icarə müqaviləsi ilə icarəyə verilmişdir. Təxminən 2011-ci ildə o, bilmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxs həmin tut bağı olan 5 ha ərazini qeyri-qanuni olaraq icarəyə götürüb. Təxminən 2014-cü ildə o və kənd sakinləri bilmişlər ki, Təqsirləndirilən şəxs tut bağında olan tut ağaclarını kötüyündən çıxararaq məhv edir. Bu barədə Arifə dəfələrlə xəbərdalıq edilsə də o, öz bildiyini etmiş və həmin tut bağında bütün tut ağaclarını məhv etmişdir. Arif həmin ərazidə əkinçiliklə məşğul olur. Arifə əkinçilik işləri ilə məşğul olduğu torpaq sahəsi bələdiyyə qərarı ilə verilsə də, Arif həmin torpaq sahəsindən kənarda, bələdiyyə mülkiyyətində olan 0,10 ha torpaq sahəsini də zəbt edərək orada tikinti işləri aparmışdır. O, bunu biləndən sonra Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi İdarəsinə müraciət etmiş, müraciəti əsasında həmin idarənin əməkdaşları tərəfindən baxış zamanı bir daha torpaq sahəsinin zəbt olunması və həmin yerdə qanunsuz tikinti işlərinin aparılması təsdiq edilmiş, bu barədə akt tərtib olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş 18 oktyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs Quruzma bələdiyyəsinin mülkiyyətində olan 0,10 ha torpaq sahəsini zəbt etmiş və həmin torpaq sahəsində 0,0197 ha kənd təsərrüfatı təyinatlı örüş sahəsi və 0.0043 ha kənd təsərrüfatı təyinatlı təsərrüfatdaxili yol olmaqla ümumilikdə 0,024 ha torpaq sahəsi üzərində tikinti işləri aparmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlandığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunur ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin işçiləri tərəfindən Sabirabad rayonu Quruzma kəndi ərazisində növbəti monitorinq həyata keçirilən zaman icarəsində olan 5,0 ha. torpaq sahəsindən əlavə bələdiyyə mülkiyyətinə aid 0,10 ha. torpaq sahəsində vətəndaş Təqsirləndirilən şəxs tərəfindən tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs sözügedən torpaq sahəsinə (X 296406, Y4442691) dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada mülkiyyət, istifadə və ya icarə hüququnun olmadığı müəyyən edilmişdir ki, bu da Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin tələblərinə uyğun gəlir. Cinayət işi materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 05 aprel 2022-ci il tarixli məktubunda qeyd olunur ki, Təqsirləndirilən şəxs icarəsində olan 5 ha torpaq sahəsinin hüdudlarından kənar qanunsuz tikinti işləri aparmışdır. Təqsirləndirilən şəxs icarə əsasında istifadəsində olan Quruzma bələdiyyəsinin mülkiyyətində olmaqla 0.0197 ha hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş sahəsi, 0.0043 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid təsərrüfatdaxili yoldur. Cinayət işi materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli aktında qeyd olunur ki, Təqsirləndirilən şəxs ona xx.xx.2011-ci il tarixli 3M- 132 nömrəli icarə müqaviləsi ilə icarəyə verilmiş 5 ha torpaq sahəsindən kənarlaşaraq, sahənin cənub-şərq küncündə mərkəzi X=296406, Y=4442691 koordinatda olmaqla 0,10 ha. əlavə torpaq sahəsi zəbt edərək qanunsuz tikinti işləri aparmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunur ki, ekspertiza baxışı zamanı Sabirabad rayonu Quruzma kəndində yerləşən mübahisələndirilən torpaq sahəsində Təqsirləndirilən şəxs tərəfindən özbaşına istifadə olunan (zəbt olunan) 0.10 ha, 00197 ha. va 0.0043 ha torpaq sahəsi tərəflərindən müəyyən edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindan Seriya RX ******* No-li Çıxarış əsasında icarə hüququ ilə Təqsirləndirilən şəxs məxsus Sabirabad rayonu, Quruzma kəndində yerləşən 5.0 ha torpaq sahəsinin döngə nöqtə koordinatları və sərhədləri müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsidir. Daşınmaz Əmlakın Dövlət Reyestrindan Seriya RX 0050739№-li Çıxarış əsasında icarə hüququ ilə Təqsirləndirilən şəxs məxsus Sabirabad rayonu, Quruzma kəndində yerləşən 5.0 ha torpaq sahəsində və ətrafında Təqsirləndirilən şəxs tərəfindən özbaşına inşa edilmiş heç bir tikili müəyyən edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* №-li Çıxarış əsasında icarə hüququ ilə Təqsirləndirilən şəxs məxsus Sabirabad rayonu, Quruzma kəndində yerləşən 5.0 ha torpaq sahəsi faktiki olaraq 5.34 hektardır və həmin hissədə heç bir mübahisə qeydə alınmamışdır. İş materiallarında olan 28 yanvar 2025-ci il tarixli 10/634 saylı Məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Elçin Kərimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Təqdim edilmiş mütəxəssis rəyində, Sabirabad rayonu, Quruzma kəndində yerləşən 0.10 ha torpaq sahəsinin koordinatları naturada müəyyən edilməmişdir. Sabirabad rayonu, Quruzma kəndində yerləşən mübahisələndirilən torpaq sahəsində Təqsirləndirilən şəxs tərəfindən özbaşına istifadə olunan (zəbt olunan) 0.10 ha, 0.0197 ha və 0.0043 ha torpaq sahəsi müəyyən edilməmişdir. Məhkəmə qeyd edilən ekspert rəyinə münasibətdə bildirir ki, 28 yanvar 2025-ci il tarixli 10/634 saylı Məhkəmə mühəndis-texniki ekspertizasının rəyi tərtib edilərkən ekspert mütəxəsis rəyində 0,10 ha torpaq sahəsinin koordinatlarının müəyyən edilməsinə istinad etsə də, ekspert iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli aktda (İ cild, səh 34) zəbt olunmuş torpaq sahəsinin koordinatlarının müəyyən edildiyini diqqətdən qaçırmışdır. Halbuki, həmin akt ƏMDXnin Şirvan ərazi şöbəsinin məsləhətçisi tərəfindən baza xəritə materialları əsasında TEKUİS proqramından istifadə edilməklə X=206384, Y=4443122, X=296391, Y=4442660 koordinatlarda əraziyə baxış keçirilərək araşdırma işləri aparılmış, nəticədə Təqsirləndirilən şəxs icarəyə verilmiş 5 hektar ərazidən icarəçinin kənarlaşaraq sahənin cənub-şərq küncündə mərkəzi X=296406, Y=4442691 koordinatda Təqsirləndirilən şəxs tərəfindən 0,10 ha əlavə torpaq sahəsinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilmiş və müvafiq akt tərtib edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, iş materiallarından da görünür ki, işə ilk dəfə Sabirabad Rayon Məhkəməsində hakim Nurəddin Bağırov tərəfindən baxılarkən xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi əldə edilmiş, həmin məhkəmə araşdırmasını aparmış hakim Nurəddin Bağırov da mütəxəssis rəyinə münasibətdə göstərmişdir ki, “xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilən Təqsirləndirilən şəxs məxsus Sabirabad rayonu, Quruzma kəndində yerləşən 5.0 ha torpaq sahəsinin ətrafında özbaşına inşa edilmiş heç bir tikilinin müəyyən edilməməsi halı ilə bağlı məhkəmə qeyd edir ki, mütəxəssislər tərəfindən sahəyə baxış keçirilən zaman təqsirləndirilən Təqsirləndirilən şəxs zəbt etmiş torpaq sahəsində inşa etdiyi tikililəri sökərək ərazini artıq boşaltmışdır və məhz bu səbəbdən mütəxəssislər rəy tərtib edərkən bu halı nəzərə alıb 5.0 ha torpaq sahəsinin ətrafında heç bir tikilinin müəyyən edilməməsi fikrinə gəlmişlər.” Hazırki halda da məhkəmə bu xüsusatla razılaşır və bu zaman təqsirləndirilən şəxsin öz ifadəsində də bu faktı (inşa etmiş olduğu tikilini sökməsini) təsdiq etməsini nəzərə alır. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin özünün son sözündə və onun müdafiəçisinin müdafiə nitqində bildirdiklərinə əsasən şəxsin barəsində bəraət hökmünün çıxarılmalı olmasından söhbət gedə bilməz. Təqsirləndirilən şəxsin müdafiəçisinin müdafiə nitqində cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə istinad etməsinə münasibətdə isə bildirilməlidir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli uzanan cinayətdir və cinayət əməlinin törədilməsi 2022-ci ildə aşkarlanaraq cinayət işi başlanmış, torpaq sahəsində qanunsuz inşa edilmiş tikili isə məhkəmə istintaqı dövründə sökülmüşdür. “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin cinayətprosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərə tətbiqi həmin cinayətlərin anlayışının, bü növ cinayətlərin başlanması və sona çatması anlarının nəzərə alınması ilə mümkündür. “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşdırdığı hüquqi mövqeyə görə, uzanan cinayət - konkret cinayətdir və bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) bir maddəsi ilə tövsif olunur. Uzanan cinayət əməlin törədilməsi ilə bitmir. Bu cinayət əməlləri yalnız başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. Cinayət-Prosessual Məcəlləsinin 74.2-ci maddəsi bu məsələyə münasibətdə qanunvericinin yanaşmasını əks etdirməklə, uzanan cinayətin başa çatdığı yeri onun törədildiyi yer hesab edir və bu əməllərin törədildiyi yeri onun törədilmə vaxtı (başa çatması anı) ilə əlaqələndirir. Qeyd olunmalıdır ki, hüquqi cəhətdən cinayətin başa çatmaş hesab edilməsi üçün təqsirli şəxsin əməlində Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş konkret cinayətin tərkib əlamətlərinin olması kifayətdir. Lakin uzanan cinayət faktiki cəhətdən Cinayət Məcəlləsi ilə qorunan obyektə yönəlmiş qəsdin ya təqsirli şəxsin iradəsi ilə, ya da iradəsindən kənar müdaxilə nəticəsində son qoyulduğu anda bitir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarında uzanan cinayətin əlamətlərini və bütün elementlərini vurğulayaraq qeyd etmişdir ki, uzanan cinayət əməli (hərəkət və ya hərəkətsizlik) törədildiyi andan başlayır və onu törədən şəxsin özünün cinayətin qarşısını almağa yönəlmiş hərəkəti və ya cinayətin törədilməsinə əngəl yaradan hadisələrin (məsələn, hakimiyyət orqanlarının müdaxiləsi) baş verməsi nəticəsində başa çatır. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi müddətinin keçməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nın 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahid ifadəsi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. İş materiallarında olan DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət əməli törətməsini və zəbt etmiş torpaq sahəsində inşa etdiyi tikililəri məhkəmə baxışı dövründə sökərək ərazini boşaltmasını ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona təyin ediləcək cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nın 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş üzrə maddi subut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nın 347-349, 351-353, 381- 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək və yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutun, məhkəmə xərcinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar