Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-20/2023 03.04.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1980-cu ildə Sabirabad rayonu, Balvar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir az yaşlı övladı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Sabirabad rayonu, Balvar kəndində qeydiyyatda olmaqla hazırda Xaçmaz rayonu, Yalama kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına görə, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşılarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Şahbazova (Bağırova) Nurlanə Məzahir qızına verilməsinə dair Hacıqabul Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(071)-56/2018 saylı, 02 may 2018-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Sabirabad Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 3(056)-761/2019 saylı və 05 yanvar 2021-ci il tarixli, 3(056)-04/2021 saylı qərarları ilə hər iki halda on gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixinədək cəmi 9600 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Şahbazova (Bağırova) Nurlanə Məzahir qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahbazova (Bağırova) Nurlanə Məzahir qızı ilə faktiki ailə qurmuş, el adəti ilə toy edilsə də, nikahlarının rəsmləşdirilməsi sonradan olmuşdur. Münasibətlərindən xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 adında övladları anadan olmuşdur. Bir müddət Zərərçəkmiş şəxs (Bağırova) ilə münasibətləri yaxşı olsa da, sonradan korlandığından və birlikdə yaşamaqları mümkünsüz olduğundan ayrılmaq qərarına gəlmişlər və həmin vaxtdan Zərərçəkmiş şəxs (Bağırova) uşaqlarla birlikdə valideynlərinin himayəsində yaşayır. Daha sonra Zərərçəkmiş şəxs (Bağırova) uşaqların saxlanılması ilə əlaqədər ona maddi kömaklik göstərmədiyini və uşaqları təkbaşına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış, Hacıqabul Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli qətnaməsinə əsasən ondan yuxarıda qeyd edilən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Şahbazova (Bağırova) Nurlanə Məzahir qızına qızına verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilməklə izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmurunun tələbini icra etmədiyindən Sabirabad Rayon Məhkəməsinin 21 oktyabr 2019cu il tarixli və 05 yanvar 2021-ci il tarixli qərarları ilə iki dəfə olmaqla, hər dəfəsində on gün inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsə də, ödəməli olduğu aylıq aliment pulunu ödəmədiyindən təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək 9600 manat aliment borcu yaranmışdır. Övladlarına baxmalı olduğunu dərk edir və özünü təqsirli bilir. Özü fərdi əmək fəaliyyəti ilə məşğul olur. Təxmini aylıq qazancı 350-400 manat olur. Hazırda qeyri rəsmi evlidir və bir övladı var. Yaranmış borcu birdəfəyə ödəməyə imkanı yoxdur. Həmin məbləği işləyərək hissə-hissə ödəyə bilər. Ona görə də o, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs Şahbazova (Bağırova) Nurlanə Məzahir qızı teleqramla məhkəməyə müraciət edərək, maddi imkanı olmadığından məhkəməyə gələ bilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. İstintaq zamanı dindirilmiş məhkəmə iclası zamanı elan edilmiş zərərçəkmiş şəxs Şahbazova (Bağırova) Nurlanə Məzahir qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə faktiki ailə qurmuş, el-adəti ilə toy edilmiş, nikahları sonradan rəsmləşdirilmişdir. Münasibətlərindən xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 adında övladları anadan olmuşdur. Nikahda olduqları müddətdə Təqsirləndirilən şəxs ilə yola getmədiklərindən ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan övladları ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqların saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərmədiyindən ona qarşı məhkəmədə boşanmaq və aliment tələbinə dair iddia qaldırmış, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-56/2018 saylı, 02 may 2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Sabirabad Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli və 05 yanvar 2021-ci il tarixli qərarları ilə hər iki halda on gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsə də, işləməsinə və yetərli qazanc əldə etməsinə baxmayaraq ödəməli olduğu alimenti ödəmədiyindən təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək 9600 manat aliment borcu yaranmışdır. Qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanunamüvafiq qaydada tədbir görülməsini istəyir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Sabirabad Rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid2 ifadəsində bildirmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(071)-56/2018 saylı icra vərəqəsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay cəmi 200 manat sabit pul məbləğində aliment tutulub X1 verilməlidir. İcra vərəqəsi xx.xx.2018-ci il tarixdə Sabirabad Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməmişdir. Tərəflərindən Sabirabad Rayon İcra və Probasiya şöbəsinin "Elektron İcra Xidməti" portalında borclu barədə sorğu edilmiş və borcluya məxsus tələbin yönəldilə bilinəcəyi hər hansı əmlak və gəlir müəyyən edilməmişdir. İcra tədbirləri zamanı borcluya bir neçə dəfə borclarının ödənilməsi barədə rəsmi xəbərdarlıq göndərilmiş, lakin xəbərdarlıqlara baxmayaraq borclu İcra və probasiya şöbəsinə gəlməmiş və borcunu ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə izahat alınmış və aliment borcunu ödəmədiyi halda məsuliyyəti ona izah edilmişdir. Borclu icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəi ilə təqsirli bilinərək Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə on gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 8(056)-217/2019 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmışdır. Borclunun qeydiyyatda olduğu ünvanda xx.xx.2020-ci tarixdə akt tərtib edilərək borcluya məxsus tələbin yönəldilə bilinəcəyi hər hansı bir əmlakının olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Xidmətinin Sabirabad rayon Məşğulluq Mərkəzinin xx.xx.2020-ci il tarixli, **********1 saylı məktubuna əsasən Bağırov X3 Mərkəzinə müraciət etməmiş və qeydiyyata alınmamışdır. xx.xx.2020-ci il tarixdə borclu Təqsirləndirilən şəxs axtarılması barədə qərar qəbul edilərək Sabirabad Rayon Polis Şöbəsinə göndərilmişdir. Polis əməkdaşları borclu Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutaraq İcra və Probasiya şöbəsinə təhvil vermişdir. Borclu icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək Sabirabad Rayon Məhkəməsinin 05 yanvar 2021-ci il tarixli qərarı ilə on gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs dəfələrlə aliment borcunun ödənilməsi tələb edilmiş, əks halda cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu olduğu məhkəmə qətnaməsi üzrə Təqsirləndirilən şəxs ümumiyyətlə aliment ödəməmiş, ümumilikdə 9600 manat məbləğində aliment borcu yaranmışdır. Tələbkar İcra və Probasiya şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs qərəzli olaraq aliment borcunu ödəmədiyini bildirmiş və onun barəsində daha ciddi tədbir görülməsini xahiş etmişdir. Görülmüş bütün icra tədbirləri nəticə verməmiş, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment borcunu ödəməmiş, həmçinin borcun ödənilməsi üçün heç bir cəhd göstərməmiş, əksinə hərəkətsizlik nümayiş etdirmiş və müxtəlif bəhanələr gətirməklə qərəzli olaraq Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qətnaməsinin icrasından yayınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət əməli törətməsini və himayəsində bir azyaşlı övladının olmasını təyin ediləcək cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları, həmçinin məhkəmə qətnamələri qəbul edildiyi zamandan bu günədək yaranmış borcun məbləğini, təqsirləndirilən şəxsin fərdi qaydada olsa da, iş yerinin olmasını, aylıq qazanca malik olmasını bildirməsini, qazancı olduğu təqdirdə övladlarının saxlanması üçün zərərçəkmiş şəxsə yardım etməməsinin səbəbini əsaslandıra bilməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olar. Sabirabad Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 1(056)-20/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materialında olan axtarışda olan şəxsin tutulması barədə təqsirləndirilən şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübutun olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-20/2023
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-20/2023
03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver