Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-20/2025 18.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamı üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Laçın rayonu Kaha kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, 44 günlük Vətən Müharibəsi iştirakçısı, sübay, işsiz, orta təhsilli, Laçın rayonu Kaha kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, Ağcabədi rayonu, Taxta Körpü ərazisində 552 ailəlik qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş (Tərtər Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(098)-83/2023№-li hökmü ilə CM-nın 333.4-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 04 (dörd) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzasına və 1000 (bir min) manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2025-ci il tarixə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 ay 22 gün təşkil edir, 1000 manat cərimə cəzası tam həcmdə ödənilmiş), məhkumluğu ödənilməmiş, hazırda cəza çəkən, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihama görə, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını gizli talamaq məqsədi ilə tanışları Şahid1 və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, 19 fevral 2024-ci il tarixdə saat 03 radələrində Şahid2 idarə etdiyi “Opel Vektra” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad rayonu, Zal-Qarağac kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gəlmiş, aralarında olan rol bölgüsünə əsasən, Şahid2 avtomobildə gözləmiş, o isə həyətyanı sahənin küçəyə açılan qapının yanında dayanmış, Şahid1 isə dəmir tordan düzəldilmiş qapını itələyib açmaqla qanunsuz olaraq həyətyanı sahəyə daxil olub oradan 1000 manat dəyərində bir baş erkək dananı küçəyə çıxarmış, həmin vaxt adları qeyd olunan şəxslərin köməkliyi ilə heyvanı avtomobilin arxa salonuna yükləyib aparmaqla o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1000 manat məbləğində ziyan vurmaqla özgənin əmlakını gizli talayaraq oğurluq etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinib 01 il 04 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkir. Bakı şəhərinə işlə bağlı getmiş, 18 fevral 2024 cü il tarixdə yaşadığı rayona qayıtmaq üçün Bakı şəhərində metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında tanışı Şahid2 görmüş, sonuncunun taksi fəaliyyəti ilə məşğul olduğunu bildiyi üçün rayona gedib-getməyəcəyini soruşmuşdur. Belə ki, Elşən yaşadığı Ağcabədi rayonu ərazisində Laçın rayonundan olan məcburi köçkün kimi məskunlaşmış, Elşən ona əlavə sərnişin yığıb gedəcəyini demiş, təxminən 15-20 dəqiqədən sonra adını sonradan öyrəndiyi Şahid1 və iki nəfər sərnişin gəldikdən sonra, Elşənin avtomobilinə əyləşib yola düşmüşlər. 19 fevral 2024-cü il tarixə keçən gecə saat 02 radələrində Hacıqabul rayonuna çatmış, tanımadığı iki nəfər sərnişin avtomobildən düşüb getmiş, Elşənə borcu olduğunu, ona borca pul taparsa, qaytaracağını demiş, həmin vaxt o, avtomobilin qabaq sağ sərnişin oturacağında, Taleh isə arxa oturacaqda oturmuşdur. Taleh onlara pul tapsa, 100 manat da özünə pul lazım olduğunu bildirmiş, sonuncuya da tapıb vermələrini, sonra onlara qaytaracağını qeyd etmişdir. Elşən də dəqiq heçnə deyə bilməyəcəyini demiş, bu zaman Taleh onlara Sabirabad rayonu, Zal-qarağac kəndində yeznəsi Mobilin kirvəsinin həyətində erkək dana olduğunu, gedib dananı oğurlayıb aparıb sataraq , borclarını verməyi bildirmiş, Elşən isə “kamera olar ilişərik, mən qorxuram” deyə cavab vermişdir. O isə Elşənə “sən avtomobildən düşmərsən, mən Talehlə həyətə girib dananı götürüb çıxardarıq” demiş, Elşən onlaral razılaşmışdır. Taleh yolu göstərmiş, Elşən avtomobilini Sabirabad rayonu Zal-qarağac kəndinə sürmüş, Taleh yeznəsi Mobilin küçələrini göstərmiş, Elşən küçənin baş tərəfində avtomobilini saxlamışdır. Artıq saat 03 radələri olmuş, avtomobildən Talehlə birlikdə düşmüş, qapının yanında gözləmiş, Taleh isə dəmir setkadan olan qapını itələyib həyətə daxil olmuş, həyətə daxil olduqdan sonra yerdə olan kəndiri götürüb erkək dananın boğazına bağlamışdır. Heyvanı həyətdən çıxardıqdan sonra kəndiri ona vermiş, özü də arxadan heyvanın quyruğundan tutub avtomobil tərəf aparmışdır. Heyvan avtomobilə çatan zaman hürkərək su kanalına düşmüş, Talehlə birlikdə heyvanı kanaldan çıxarıb Elşənin “Opel” markalı avtomobilinin salonuna mindirmiş və Ağcəbədi rayonuna gəlmişlər. Elşənə “Taleh avtomobildən düşsün, biz gedək heyvanı sataq gələk” demiş, Taleh onunla razılaşmış, sonuncu avtomobildən düşdükdən sonra onlar oradan çıxıb getmişlər. Saat artıq 08 radələri olmuş, Taleh ilə birlikdə Bərdə rayonu, Qaraqoyunlu kəndinə getmiş, orada dananı avtomobildən düşürtmüş, həmin yerdə qohumu yaşadığını deyib atasının dayısıoğlu Mirzəni çağırmış, onlar dananı Mirzəyə satmaq istəmişlər. Lakin Mirzə pulunun olmadığını demiş, sonra Mirzə dananı qonşusu Amil adlı şəxsin ala biləcəyini bildirmiş, onlar da Amil ilə razılaşıb dananı 600 manat müqabilində satmışlar. Alışverişi Elşən özü eləmiş, Elşənlə birlikdə Talehin yanına gəlmiş, Elşən ona sonradan onunla görüşüb pul verəcəyini demiş, ikisi bir yedə qalmışlar. Sonra onlarla sağollaşıb getmiş, lakin sonradan Taleh ona pul verməmişdir. O, Elşən və Taleh ilə etdiyi oğurluqdan başqa heç bir cinayət törətməmiş, həmin hadisədən sonra sonuncularla əlaqəsi olmamış, bu barədə heç kimə heç nə deməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşimançılıq hissi keçirdiyini, hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sabirabad rayonu, Zal-Qarağac kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə, yəni heyvandarlıqla məşğul olub ailəsini dolandırır. Sabirabad rayonu, Zal-Qarağac kəndi ərazisində ona məxsus olan fərdi yaşayış evinin həyətyanı sahəsində özünə məxsus olan tövlədə 9 baş iyibuynuzlu dana heyvanı saxlamış, 18 fevral 2024-cü il tarixdə axşam saatlarında heyvanların yemin, suyun verdikdən sonra gedib istirahət edib yatmış, 19 fevral 2024-cü il tarixdə səhər saat 07 radələrində yuxudan oyandıqdan sonra həmişəki kimi həyətyanı sahəsində olan tövləyə gedərək heyvanlara yem vermiş, bir qədər yuxulu olduğu üçün heyvanları saymamışdır. Heyvanlara yem verdikdən sonra onları özünə məxsus olan 80 sot torpaq sahəsinə otlamaları üçün buraxmış, saat 10:30-da heyvanlara baxmaq üçün həmin yerə getmiş, ona məxsus olan yerli cins, 2 yaşlı, diri çəkisi 120 kiloqram olan ağ rəngli dananın orada olmadığını görmüş, bundan sonra həmin dananın oğurlandığını fikirləşib bu barədə Azərbaycan Respublikası DİN-nin "102" xidməti zəng mərkəzinə 1 baş iribuynuzlu heyvanının oğurlanması barədə məlumat vermiş, bir qədər sonra hadiəs yerinə polis əməkdaşları gəlmişlər. O, bu barədə ərizə verdim. Sonra həmin yerə baxış keçirilmiş, 23 fevral 2024-cü il tarixdə onun bir baş danasını oğurlayan şəxslərin birinin qaynı, Ağcabədi rayonunda yaşayan Şahid1, Talehin tanışları Şahid2 və Təqsirləndirilən şəxs olduqlarını öyrənmişdir. Qaynı Talehdən başqa həmin şəxsləri tanımamış, onlarla arasında heç bir düşmənçiliyi və ədavəti olmamış, həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələrini istəmişdir. Həmin dana heyvanı yerli cins olmaqla erkək olmuş, ağ rəngli, təmiz çəkisi 120 kiloqrama yaxın olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona təxminən 1000 manat maddi ziyan dəymişdir. DİN-nin 102 xidmətinə zəng edərkən oğurluq olduğunu qeyd etmiş, sonradan heç kim ilə düşmənçiliyi və ədavətinin olmadığını, habelə heyvanların ondan başqa heç kimə yaxınlıq verə bilməcəyini düşünüb dananın itməsini qeyd etmişdir. Lakin sonradan danasının itmədiyini və oğurlandığını öyrənmiş, yadıma saldıqda səhər tezdən danaları açıb sahəyə buraxdığı zaman onları saymadığını xatırlamışdır. Zərərçəkmiş şəxs ifadəsinin sonunda cinayət əməli nəticəsində ona vurulmuş ziyanın əvəzi ödənildiyini və bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçi olmadığını nəzərə alınmasını qeyd edərək, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, Ağcabədi rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 12 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2023-cü ilin oktyabr ayının 20-də azadlığa çıxmışdır. Yeznəsi Zərərçəkmiş şəxs ilə arasında heç bir düşmənçiliyi və ədavəti olmamış, əvvəllər Bakı şəhərində işləmişdir. 18 fevral 2024 cü il tarixdə yaşadığı rayona - Ağcabədi rayonuna qayıtmaq üçün Bakı şəhərində metronun “Memar Əcəmi” stansiyasının yaxınlığına getmiş, orada tanışı Şahid2 görmüşdür. Elşənin taksi fəaliyyəti ilə məşğul olduğunu bildiyi üçün, sonuncudan rayona gedib-getməyəcəyini soruşmuş, belə ki, Elşən yaşadığı Ağcabədi rayonun ərazisində Laçın rayonundan olan məcburi köçkün kimi məskunlaşmışdır. Elşən ona əlavə sərnişin yığıb gedəcəyini demiş, təxminən 15-20 dəqiqədən sonra iki nəfər sərnişin gəlmiş, Elşənin avtomobilinə əyləşib yola düşmüşlər. 19 fevral 2024-cü il tarixə keçən gecə saat 02 radələrində Hacıqabul rayonuna çatdıqda tanımadığı iki nəfər sərnişin avtomobildən düşüb getmiş, Elşənin yanında əyləşən dostu, sonradan adını bildiyi Ruslan avtomobili idarə edən Elşənə üzünü tutaraq borcu olduğunu, özünə borca pul taparsa, qaytaracağını demişdir. Həmin vaxt o, avtomobilin arxa tərəfində oturmuşmuş, onlara “pul tapsanız mənə də 100 manat pul lazımdır, mənə də tapın qaytararam” demişdir. Elşən də dəqiq heçnə deyə bilməyəcəyini bildirmiş, bu zaman o, onlara “Sabirabad rayonu, Zal- Qarağac kəndində yeznəm Mobilin kirvəsinin həyətində erkək dana var, gedək onu oğurlayıb aparaq sataq, borclarımızı verək” deyə təklif etdikdə Elşən “kamera olar ilişərik, mən qorxuram” demişdir. Ruslan isə Elşənə “sən avtomobildən düşmərsən, mən Talehlə həyətə girib dananı götürüb çıxardarıq” deyə bildirmiş, Elşən onlarla razılaşmışdır. O, yolu göstərmiş, Elşən avtomobilini Sabirabad rayonu Zal-Qarağac kəndinə sürmüş, o, yeznəsi Mobilin küçələrini göstərdikdə Elşən küçənin baş tərəfində avtomobilini saxlamışdır. Artıq saat 03 radələri olmuş, o, avtomobildən Ruslanla birlikdə düşmüş, Ruslan qapının yanında gözləmiş, o isə dəmir setkadan olan qapını itələyib həyətə daxil olmuş, həyətə daxil olduqdan sonra yerdə olan kəndiri götürüb erkək dananın boğazına bağlayaraq heyvanı həyətdən çıxardıqdan sonra kəndiri Ruslana vermiş, özü də arxadan heyvanın quyruğundan tutub avtomobil tərəfə aparmışdır. Heyvan avtomobilə çatan zaman hürkərək su kanalına düşmüş, Ruslanla birlikdə heyvanı kanaldan çıxarıb Elşənin “Opel” markalı avtomobilinin salonuna mindirmiş və Ağcəbədi rayonuna getmişdir. Ruslan Elşənə “Taleh avtomobildən düşsün, biz gedək heyvanı sataq gələk” deyə bildirkdə o razılaşmış, onlar da onu avtomobildən düşürüb getmiş, o da rayonda onları gözləmişdir. Təxminən yarım saatdan sonra Ruslan və Elşən onun yanına gəlmiş və ona 100 manat pul verib “100 manatını da verəcəyik” demiş, o da onlarla razılaşıb yaşadığı evə getmişdir. Sadaladığı oğurluqdan başqa heç bir cinayət törətməmiş, bu barədə heç kimə deməmişdir. Dananın konkret olaraq kimə satıldığını bilməsə də, sonradan həmin oğurladıqları dananı Ruslanın öz qohumu olan Bərdə rayonu, Qaraqoyunlu kəndində yaşayan Mirzə adlı şəxsə aparıb satmaq istədiyini, Mirzənin pulu olmadığından sonuncunun qonşusu Amil adlı şəxsə satdqılarını öyrənmişdir. Ümumiyyətlə, tutduğu əməldən peşman olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Ağacabədi rayonu ərazisində, Laçın rayonundan olan məcburi köçkünlər üçün ayrılmış, Taxta körpü ərazisində yerləşən 552 saylı qəsəbədə yaşayır. xx.xx.2024 cü il tarixdə taksi fəaliyyəti ilə məşğul olduğu, etibarnamə ilə idarə etdiyi “Opel Vektra” markalı, **-ER-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhərində metorunun “Memar Əcəmi” stansiyasının yaxınlığında dayanmış, bu vaxt tanışı Şahid1 ona yaxınlaşmış və rayona getdiyi təqdirdə sonuncu da aparmasını bildirmiş, Talehə “səndən başqa iki nəfər sərnişin var, bir nəfərdə gəlsin çıxaq” deyə cavab vermiş, bu zaman tanışı Ruslan avtomobilinə yaxınlaşmış və Ruslan da rayona getmək istədiyini demişdir. Onlar düzəlib yola çıxmış, Hacıqabul rayonunda iki nəfər sərnişini düşürtmüş və öz yoluna davam etmiş, Taleh ona “avtomobili sür Sabirabad rayon Zal-Qarağac kəndinə, orada kirvəm var, onlardan pul götürüm çıxaq” deyə bildirdikdə sonuncu ilə razılaşmış və avtomobilini Talehin göstərdiyi ünvana sürmüşdür. Həmin ünvanda Taleh kirvəsinin pay dana vediyini dedikdə o da Talehə “saat ikidə pay dana verməzlər” demiş, Taleh də ona “gedib həyətdən dana oğurlayıb gətirib sənin avtomobilinə qoyub aparacam” deyə cavab vermişdir. Bu zaman o, Talehə avtomobildən düşməyəcəyini demiş, yanında oturan Ruslan da ona “sənlik bir şey yoxdur, mən Talehlə gedib heyvanı götürüb gələrəm” deyə bildirmişdir. Taleh və Ruslan avtomobildən düşmüş, o isə avtomobildə qalmış, bir qədər sonra onlar avtomobilə yaxınlaşanda Taleh və iri buynuzlu erkək dananın su içində olduğunu görmüş, Ruslanla birlikdə heyvanı avtomobilinə mindirmiş, sonra yaşadığı Ağcəbədi rayona getmişdir. Ruslan Talehə “Taleh sən maşından düş biz gedək dananı satıb pulun gətirib verərik” dedikdə sonuncu razılaşıb rayonun mərkəzində avtomobildən düşüb onları gözləmiş, saat artıq 08 radələri olmuşdur. O, Ruslanla birlikdə Bərdə rayonu, Qaraqoyunlu kəndinə getmiş, orada Ruslan dananı avtomobildən düşürtmüş, Ruslan orada qohumu yaşadığını deyib Mirzə adlı şəxsi çağırmışdır. O isə Mirzəni tanımamış, Rövşən dananı Mirzə adlı qohumuna satmaq istəmiş, lakin Mirzə pulunun olmadığını demiş, sonra Mirzə dananı qonşusu Amil adlı şəxsin ala biləcəyini bildirmişdir. Onlar da Amil ilə razılaşıb dananı sonuncuya 600 manat müqabilində satmış və Ruslanla birlikdə Talehin yanına gəlmiş, Ruslan Talehə 100 manat pul verib dananı 300 manata satdığını demişdir. Taleh də 100 manatı alıb çıxıb getmiş, Ruslan həmin puldan ona 100 manat pul vermişdir. Tutduğu əməldən peşman olmuşdur. İş materillarına əlavə edilmiş Sabirabad rayon Kooperativ Cəmiyyətinin xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, Sabirabad RPŞ-nin 13 sentyabr 2024-cü il tarixli məktubunda göstərilən bir baş dana heyvanının 2024-cü ilin fevral ayına ümumi bazar qiyməti 1000 manat təşkil edir. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(098)-83/2023№-li hökmü ilə CM-nın 333.4-cü maddəsi ilə təqsirli bilinib 01 il 04 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına və 1000 manat cərimə cəzasına məhkum olunmuş, 1000 manat cərimə cəzası tam həcmdə ödənilmiş, xx.xx.2025-ci il tarixə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 ay 22 gün təşkil edir. İş materillarına əlavə edilmiş vəsiqələrin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli Sərəncamları ilə döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərdiyinə görə Təqsirləndirilən şəxs “Suqovşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Beləliklə məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən Təqsirləndirilən şəxs etirafedici ifadəsi, zərərçəkmişin və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən CM-nın 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin onun döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərdiyinə görə “Suqovşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllində Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxsə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin ediləcək cəzanı ağırlaşdıran hallarının olmamasını, həmçinin cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs çəkilməmiş cəzası üzrə qeyd edir ki, iş materiallarında olan DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(098)-83/2023№-li hökmü ilə CM-nın 333.4-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 04 (dörd) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzasına və 1000 (bir min) manat cərimə cəzasına məhkum olunmuş, 1000 manat cərimə cəzası tam həcmdə ödənilmiş, azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2025-ci il tarixə çəkilməmiş hissəsi 01 ay 22 gün təşkil edir. Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş cəzaya Tərtər Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(098)-83/2023№-li hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası qismən birləşdirilməli və onun üzərində 02 (iki) il 01 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Məhkəmə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 04 gün, ona təyin olunmuş 02 (iki) il 01 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Ə.M.Zeynalovun üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, həmçinin iş üzrə maddi sübut - bir ədəd erkək dananın sahibi Zərərçəkmiş şəxs təhvil verilməsinin nəzərə alınmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəzaya Tərtər Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(098)-83/2023№li hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası qismən birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 01 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 04 gün, ona təyin olunmuş 02 (iki) il 01 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkməsi müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - bir ədəd erkək dananın sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-20/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-20/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver