Məhkəmə qərarları › İş №1(056)-204/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-204/2024

29.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-204/2024 29.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1955-ci il tarixdə Laçın rayonu Güləbird kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, təqaüdçü, İ X2, Laçın rayonu Güləbird kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi massiv 4 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-cü maddəsi ilə elan edilmiş ittihama görə ki, o, təqsirləndirilir ondan ötrü ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 11 iyun 2024-cü il tarixdə saat 17 radələrində «Yol hərəkəti haqqında» Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə riayət etməyib sürəti 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 80-90 km/saat sürətlə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "xxxx" MMC-yə məxsus «X5» markalı **-HU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Hacıqabul-Horadiz yolunun Sabirabad rayonunun Zalqarağac kəndi ərazisindən keçən 17-ci kilometirliyində Hacıqabul istiqamətində hərəkət etdirərkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin idarə olunması ilə əlaqədar hər hansı bir çətinlik (xəstəlik, əzginlik, yorğunluq və sair) olduğu halda avtomobili idarə etməməli, avtomobilin öz hərəkət zolağı ilə təhlükəsiz hərəkətini təmin etməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobilin təhlükəsiz hərəkətini təmin etməyərək avtomobili qarşı sol hərəkət zolağına çıxardığından idarə etdiyi avtomobil qarşıdan əks istiqamətdə hərəkətdə olan 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 60 km/saat sürətlə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş, nəticədə onun tərəfindən yol-hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan “Opel Astra” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs sol mil sümüyünün metaepifizar nahiyəsində qapalı kənarı sınıqla müşayiət olunan, sol bazunun orta 1/3-də bayır səthində, sol dirsək oynağının bayır və iç səthində, sol saidin orta 1/3-də iç səthdə, sol baldırın orta 1/3-də ön səthində çapıqlar xəsarətləri almaqla sağlamlığın uzun müddətə pozulmasına səbəb olan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-cü maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o Laçın rayonu, Güləbird kəndində qeydiyyatdadır və hazırda Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi Massiv 4 ünvanında yaşayır. Təqaüdçüdür və özüdə «B» dərəcəli sürücüdür. 11 iyun 2024-cü il tarixdə yol vərəqəsi əsasında idarə etdiyi «X6» markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Laçın rayonundan Bakı şəhərinə qayıdan zaman Hacıqabul-Horadiz yolu ilə hərəkət edib, saat 17 radələrində yolun Sabirabad rayonu Zalqarağac kəndi ərazisindən keçən hissəsinə çatmışdır. Avtomobili özü idarə etmişdir. Avtomobildə sağ qabaq sərnişin oturacaqında oğlu Rəşad, arxada isə həyat yoldaşı Nəcibə əyləşmişdir. O, özü Hacıqabul istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olmuşdur. Qarşıda eyni istiqamətdə tanımadığı və nömrə nişanını bilmədiyi yük avtomobili düzünə hərəkət etmişdir. O, ani olaraq arxadan həmin yük avtomobili yavaşladığı üçün ona dəyəcəyini görüb, sükanı sola burub əks hərəkət zolağına çıxmışdır. Bu vaxt qarşıdan əks istiqamətdə gələn sonradan adını bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi “Opel Astra” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sol yan hissəsindən idarə etdiyi avtomobilin sol qabaq hissəsi ilə vurmuşdur. Hadisə zamanı o, yanında olan oğlu Rəşad və yoldaşı Nəcibə heç bir xəsarət almamışdır. Lakin toqquşduğu avtomobilin sürücü və sərnişini xəsarət almışdır. Hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş, xəsarət alan sürücünü və sərnişini götürüb Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparmışdır. Onların yanında təcili yardım avtomobili ilə həyat yoldaşı Şahid2 kömək məqsədi ilə getmişdir. O, toqquşduğu avtomobilin sürücüsü olan Zərərçəkmiş şəxs 700 manat pul yardımı etmiş və onun yaşadığı evinə gedib ona baş çəkmişdir. Bundan başqa Zərərçəkmiş şəxsla dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlamış, lakin Zərərçəkmiş şəxs müxtəlif bəhanələr gətirərək onunla barışmaqdan imtina etmişdir. İfadəsinin sonunda təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş zərərin əvəzi kimi əvvəl ödədiyi 700 manatdan əlavə hazırda 1500 manat pul vəsaiti ödəmək şərtilə, barışmaq niyyətində olsa da, lakin zərərçəkmişin həmin şərtləri qəbul etməyərək onunla barışmaqdan imtina etdiyini qeyd edib ifadəsini yekunlaşdırdı. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Saatlı rayonu Bəylər kəndində yaşayır. «Opel Astra» markalı **-HT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini sürücülük vəsiqəsi olmadan etibarnamə əsasında idarə edir. 11 iyun 2024-cü il tarixdə həmin avtomobili ilə Şirvan şəhərindən yaşadığı evə qayıdan zaman avtomobilini özü idarə etmişdir. Avtomobilində sol arxada gəlini Şahid1 əyləşmişdir. O, Şirvan şəhərindən çıxıb, Hacıqabul-Horadiz yoluna daxil olmuş və həmin yolla hərəkət edib, saat 17 radələrində yolun Sabirabad rayonu Zalqarağac kəndi ərazisindən keçən hissəsinə çatmışdır. Hava günəşli, yol quru və idarə etdiyi avtomobilidə texniki cəhətdən saz vəziyyətdə olmuşdur. O, 60 km/ saat sürətlə üzü Horadiz istiqamətində hərəkətdə olan zaman əks istiqamətdə gələn sonradan adını bildiyi sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «X6» markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə qəflətən onun yoluna çıxıb, onun avtomobilinin sol yan hissəsindən vurub, onu yolun sağ kənarına atmışdır. Hadisə zamanı o, sol qolundan və bədənin müxtəlif nahiyələrindən gəlini Aytənlə birlikdə xəsarətlər almışdır. Təcili yardım gəlib onları Şirvan ŞMX-na aparmışdır. İfadəsinin sonunda zərərçəkmiş Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs tərəfindən zərərin əvəzi kimi ona ödədiyi 700 manatdan əlavə olaraq, hazırda 1500 manat pul vəsaiti ödəmək şərtilə, onunla barışmaq niyyətində olsa da, lakin yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş zərərin həcminin 5000 manatdan çox olduğuna görə o, həmin şərtləri qəbul etməyərək, onunla barışmaqdan imtina etmişdir. Ona görə də o, Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində sərt cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş Zərərçəkmiş şəxs göstərdiklərinə oxşar məzmunda ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, 11 iyun 2024-cü il tarixdə oğlu Rəşad və həyat yoldaşı Təqsirləndirilən şəxsla birlikdə Laçın rayonundan yaşadıqları Qaradağ rayonuna qayıdan zaman «X6» markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini yoldaşı Təqsirləndirilən şəxs idarə etmişdir. Avtomobildə sağ qabaq sərnişin oturacaqında oğlu Rəşad, sol arxada isə onun özü əyləşmişdir. Hacıqabul- Horadiz yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində Hacıqabul istiqamətində hərəkətdə olduqları zaman qarışlarında hərəkətdə olan avtomobil dayanmışdır. Buna görə avtomobili idarə edən həyat yoldaşı Təqsirləndirilən şəxs sola əks yola çıxmışdır və əks istiqamətində gələn avtomobillə toqquşmuşdur. Hadisə zamanı o, oğlu Rəşad və yoldaşı Malik heç bir xəsarət almamışdır. Lakin toqquşduqları avtomobilin sürücüsü qolunun şüşə kəsdiyini bildirmişdir. Həmin avtomobildə olan bir nəfər sərnişin qızında alın nahiyəsi qanamışdır. Təcili yardımda hadisə yerinə gəlib xəsarət alan həmin şəxsləri götürüb Şirvan ŞMX-na aparmışdır. O,da həmin şəxslərə köməklik etmək üçün onlarla birlikdə xəstəxanaya getmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işi üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 367 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol mil sümüyünün metaepifizar nahiyəsində qapalı kənarı sınıqla müşayiət olunan, sol bazunun orta 1/3-də bayır səthində, sol dirsək oynağının bayır və iç səthində, sol saidin orta 1/3-də iç səthdə, sol baldırın orta 1/3-də ön səthində çapıqlar, sağalmış yaraların izləri küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işi üzrə keçirilmiş məhkəmə yol nəqliyyat hadisələri eksprertizasının xx.xx.2024-cü il tarixli, 8/1836 №li rəyindən görünür ki, «X6» markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yolda 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 maksimum sürətin məhdudlaşdırılması yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-13-16/2- 106100/2024 nömrəli məktubundan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1955-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BA 408100 nömrəli «B» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işi materiallarında olan Hacıqabul rayon Mərkəzi Xəstəxanası, publik hüquqi şəxs tərəfindən verilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 11 iyun 2024-cü il tarixli aktlarında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs sərxoşluq vəziyyəti müəyyən olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi etirafedici ifadəsi, şahidlərin və zərərçəkmiş şəxsin ifadəsi, eyni zamanda cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatdan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi üçün İ X2 adı almış şəxs kimi 80 manat pensiya alır. Təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələrindən aydın olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişə dəymiş zərərin qismən əvəzi kimi əvvəl ödədiyi 700 manatdan əlavə hazırda 1500 manat pul vəsaiti ödəmək şərtilə, barışmaq niyyətindədir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıq üzündən az ağır cinayət törətməsini, təqsirini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, onun yaşını və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək İ X1masını, həmçinin zərərçəkmişə dəymiş zərərin əvəzi kimi 700 manat ödəniş etdiyini, eyni zamanda hazırda 1500 manat pul vəsaiti ödəmək şərtilə, barışmaq niyyətində olduğunu CM-nın 59-cu maddəsinə əsasən təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunanlara əsaslanıb məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, eyni zamanda təyin ediləcək cəzanın yüngülləşdirən hallarını və ağırlaşdıran hallarının müəyyən edilməməsini, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd olunanlarla yanaşı məhkəmə qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkməsi müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını, Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən iş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat ekspertizası tədqiqatının dəyəri olan 128 manat pul vəsaitinin təqsirləndirilən şəxsdən tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlisini və maddi sübutların qiymətləndirilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 ona (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhər inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkməsi müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə məhkəmə məsrəfi, aparılmış xx.xx.2024-cü il tarixli 8/1836№-li yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertiza tədqiqatının dəyəri - 128 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut - “X6” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili sahibində saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar