Məhkəmə qərarları › İş №1(056)-206/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-206/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-206/2024 11.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbr Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Sabirabad rayonu Qəzli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, Sabirabad rayonu Qəzli kəndində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı Sabirabad rayonu Qəzli kəndində evlərinin qarşısında qonşusu Zərərçəkmiş şəxs ilə görüşmüş, sonuncudan qardaşı X1 onun dayısı Abas Əkbərova olan borcunu ödəməməsinin səbəblərini soruşmuş, həmin vaxt Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında mübahisə baş vermiş, şəxsi münasibətlər zəminində baş vermiş həmin mübahisə zamanı o, Zərərçəkmiş şəxs boynundan tutub başı ilə sifət nahiyəsinə bir dəfə vurmaqla, sonuncuya burun sümüyünün, sol almacıq sümüyünün qapalı sınıqları ilə müşayiət olunan, sol gözaltı nahiyədə, burnun belində, sol çənə bucağı proyeksiyasında qançırlar, boynun sol yan səthində sıyrıqlarla müşayiət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olub qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci madddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir və eyni zamanda Amir onun qapı qonşusudur. Onların münasibətləri həmişə yaxşı olmuşdur. xx.xx.2024-cü il tarixdə anadan olduğu Sabirabad rayonu Qəzli kəndində toy mərasimi olduğu üçün Bakı şəhərindən Sabirabad rayonu Qəzli kəndindəki evinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində kənddəki evlərinin darvazasından küçəyə çıxdıqda Zərərçəkmiş şəxs görmüşdür. Təxminən 1 il əvvəl Amirin qardaşı Alim onun dayısı Abasdan heyvan almış və aldığı heyvanların pulundan 1500 manat borclu qalmışdır. Dayısı heyvanı satandan sonra Bakı şəhərində, onun işlədiyi yerin yaxınlığında yerləşən tikinti materialları mağazasından nisyə mal götürmüş və həmin borcu Alimin ona qaytaracağı pulla ödəyəcəyini bildirmişdir. Tikinti materialları mağazasının sahibi onu tanıdığına görə dayısına nisyə mal vermişdir. Alim onun dayısı Abasın borcunu qaytarmadığı üçün o, tikinti malları mağazasının sahibinin yanında yalançı çıxmamağa görə məcbur qalıb dayısının borcunu hissə-hissə özü ödəməli olmuşdur. Beləliklə, Alimlə dayısı Abbasın arasında olan borc pul məsələsinə istəmədən o da daxil olmuşdur. Buna görə də, dayısı Abas ona demişdir ki, Alimgildən kimisə görsə, ona pulu qaytarmasını desin. O, Alimin qardaşı Amiri gördükdən sonra dayısı Abasın sözü yadına düşmüş və Amirdən qardaşı Alimi nəzərdə tutaraq – ayə o şələşur hardadır, niyə gəlib dayım Abasın borcunu verməyir – deyə soruşmuşdur. Amir də onun bu sözündən sonra ona nalayiq ifadə işlədərək bu məsələnin ona aidiyyəti olmadığını, Alimlə Abasın öz məsələləri olduğunu demişdir. O, Amirin onu təhqir etməsindən sonra onunla bu cür danışmaması üçün etirazını bildirmiş, Amir isə bir daha onu təhqir etmişdir. Amirin təhqirlərindən sonra o, əsəblərini cilovlaya bilməyərək, sonuncunun boyun nahiyəsindən tutmuş və bir dəfə sifət nahiyəsindən kəllə ilə vurmuşdur. Amiri vurduqdan sonra o, əməlindən peşman olmuşdur. Əslində onun Amiri vurmaq niyyəti olmamışdır. Hər şey bir anda baş vermiş, bundan sonra o, çıxıb getmişdir. Hazırda da əməlindən peşimandır. Zərərçəkmiş şəxslə barışdmışdır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi və qapı qonşusudur. Kamranla münasibəti əvvəllər yaxşı olmuşdur. Sabirabad rayonu Qəzli kəndində qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə Abşeron rayonu Xırdalan şəhərində kirayə evdə yaşayır və arabir kənddəki evlərinə nəzarət etmək üçün kəndə gəlirlər. xx.xx.2024-cü il tarixdə o, Bakı şəhərindən həmin kənddə olan ailə üzvlərini yenidən Bakı şəhərinə qaytarmaq üçün kəndə gəlmişdir. Həmin gün, saat 17 radələrində evlərinin darvazasının önündə Kamranı oradan keçərkən görmüşdür. Həmin vaxt şəxsi məsələsinə görə əsəbi olmuşdur. Kamran onu gördükdən sonra – ayə, o şələşur haradadır – deyə soruşmuşdur. O, Kamrandan kimin haqqında bu sualı verdiyini soruşmuş, Kamran da ona cavabında qardaşı Alimin onun dayısı Abasa olan borcunu nəyə görə qaytarmadığını soruşmuşdur. O da - bundan sənə nə, Alim bilər, dayın bilər – deyə cavab vermişdir. Bu barədə söhbətləri davam etdiyi anda o, Kamranın, Kamranın dayısının və öz qardaşı Alimin haqqında nalayiq ifadələr işlətmişdir. Kamran ondan söyüşlə danışmamalı olduğu barədə etirazını bildirdikdə o, Kamranı nalayiq ifadə ilə təhqir etmişdir. Bu zaman Kamran ona yaxınlaşmış və qolunu onun boynuna keçirmişdir. O, Kamranın onu vuracağını güman etməmiş və Kamran onu qolu ilə önünə tərəf çəkərək kəllə ilə bir dəfə sifət nahiyəsinə vurmuşdur. Zərbədən sonra əlini üzünə tutaraq yerə çömbəlmişdir. Həmin vaxt Kamran oradan getmişdir. O da evin darvazasının önündən evlərinə keçmişdir. Bir neçə saat sonra qardaşı Amil evə gəlmiş və nə baş verdiyini soruşmuşdur. O, qardaşına baş verənləri danışmış, bundan sonra Amil Kamrana zəng edərək, qardaşı Amiri nəyə görə vurduğunu öyrənmək üçün çağırmışdır. Kamran da Amilə cavabında artıq Bakı şəhərində olduğunu deyərək söhbət etməkdən, üzüzə gəlməkdən yayınmışdır. Həmin gün, saat 22 radələrində isə qardaşı Amil onun döyülməyi barədə DİN-in 102 Xidmətinə məlumat vermişdir. Münaqişə 1 dəqiqənin içində baş vermiş və münaqişə zamanı nə Kamran, nə də ki, o, yüksək səs-küy salmışlar. Yəni, səs-küy olmadığı üçün hadisə yerinə başqa kimsə də gəlməmişdir. Kamran onu vurduqdan dərhal sonra oradan getmiş, münaqişə zamanı orada başqa kimsə olmamışdır. Təqsirləndirilən şəxs onun sifət nahiyəsinə bir dəfə kəllə ilə vuraraq burun, sol almacıq sümüyü, burun sümüyündə sınıqlarla müşayiət olunan xəsarətlər yetirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışdığını, onunla bağlı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən bu xüsusatların nəzərə alınmasını xahiş etdi. Cinayət işində olan məhkəmə - tibbi ekspertizasının 07 iyul 2024-cü il tarixli, 414 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – burun sümüyünün, sol almacıq sümüyünün qapalı sınıqları ilə müşayət olunan, sol- gözaltı nahiyədə, burunun belində, sol çənə bucağı proyeksiyasında qançırlar, boyunun sol yan səthində sıyrıqlar küt əşyanın ( əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilindiyi cinayət işi üzrə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. İş materialında olan Sabirabad Rayon İcra Hakimiyyəti Quruzma kənd inznibati ərazi dairəsi üzə numayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sabirabad rayonu Qəzli kəndində yaşayır və qeydiyyatdadır. İş materialında olan Sabirabad Rayon İcra Hakimiyyəti Quruzma kənd inznibati ərazi dairəsi üzə numayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əsaslı səbəb olmadan qəsdən sağlamlığa az ağır zərər vurması cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmişin ifadəsi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan tələbnamədən də göründüyü kimi, K.K. Xankişiyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsi ilə artıq bir dəfə cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində cinayət işi üzrə cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində əsasən, şəxs həmin Məcəllənin 72-73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Bundan əlavə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Həmin Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxsun barəsində himayəsində bir nəfər azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilməsini və zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. İş üzrə məhkəmə xərci, maddi subut və mülki iddianın olmaması da nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nın 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək və yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar