Məhkəmə qərarları › İş №1(056)-208/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-208/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-208/2024 19.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Sabirabad rayonu Sarxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Sarxanbəyli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayının sonlarında yaşadığı Sabirabad rayonu Sarxanbəyli kəndində yerləşən fərdi yaşayış evinin bağ hissəsindəki tövlənin yerləşdiyi torpaqda istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə xeyli miqdarda, yəni 12 ədədini yetişdirərək kultivasiya etmişdir.xx.xx.2024-cü il tarixdə saat 19:12-də Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman, evin bağ hissəsindəki tövlənin yerləşdiyi torpaqda əkilmiş vəziyyətdə ümumi çəkisi - 4000,0 qram olan, 12 ədəd yaş çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Sabirabad rayonu Sarxanbəyli kəndində ailə üzvləri ilə birlikdə yaşayır, 30 ildən çoxdur ki, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir. O, istifadə etdiyi narkotik vasitənin toxumlarını özündə saxlamış, 2024-cü ilin aprel ayında topladığı toxumları torpaqda əkərək yenidən öz istifadəsi üçün qurudulmuş marixuana əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə evinin həyətyanı sahəsində yerləşən üzəri açıq tövlənin içərisini şumlayıb topladığı ümumilikdə 12 ədəd toxumu torpaqda əkib qulluq etməyə başlamış, bir müddət sonra həmin toxumlardan 12 ədəd narkotik tərkibli çətənə bitkiləri əmələ gəlmişdir. xx.xx.2024-cü il tarixə saat təxminən 19 radələrində yaşadığı evdə olan zaman evin küçə qapısının döyüldüyünü eşitmiş, küçəyə çıxdıqda həmin şəxslərin polis əməkdaşları və mütəxəssis aqronom olmasını müəyyən etmişdir. Polis əməkdaşları ona narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasında şübhəli olduğunu bildirib yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəklərini qeyd etmişlər. O, yaşadığı evə baxış keçirilməsinə etirazının olmamasını bildirmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Daha sonra ondan yaşadığı evin həyətyanı sahəsində dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmet olub – olmaması soruşulmuş, o, yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib becərdiyini bildirmişdir. Qeyd edilən bitkilərin yerini göstərdikdən sonra həmin bitkilərin 12 ədəd sayda olması müəyyən olunmuş, həmin bitkilərə aqranom tərəfindən baxış keçirilərək onlara aqrotexniki qaydada qulluq olunması bildirilmişdir. Bundan sonra bitkilər kökü ilə birlikdə torpaqdan çıxarılaraq iki ədəd baş - başa keçirilmiş sintetik kisədə qablaşdırılmış, kisənin üzəri möhürləndikdən sonra o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonda müstəntiq tərəfindən keçirilmiş baxışla əlaqədar protokol tərtib edilərək ucadan oxunmuş, o və iştirakçılar protokola imza etmişlər.Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən səmimi peşman olduğunu, oğlunun qarabağ müharibəsi iştirakçısı olmasını, himayəsində azyaşlı uşağın (nəvəsi) olmasını, ilk dəfə az ağır cinayət törətməsini, şəxsiyyətinin yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsə istinad olunan cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, işdə olan sənədlər və cinayət işinin digər rəsmi dəlilləri ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 istintaqa verdiyi ifadəsində göstərdi ki, Sabirabad RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsindədir. xx.xx.2024-cü il tarixdə Sabirabad rayonu Sarxanbəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri kultivasiya etməsi barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibinin o və RPŞ-nin Təminat hissəsinin sürücü polis nəfəri, polis baş serjantı Şahid2 ibarət olması müəyən edilmişdir. Onlar xx.xx.2024-cü il tarixdə saat 19 radələrində mütəxəssis aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmiş, sonuncuya yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmiş, sonuncu isə yaşadığı evə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə ilə müraciət etmişdi. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulduqda sonuncu yaşadığı evin həyətyanı sahəsinin bağ sahəsindəki tövlənin yerləşdiyi torpaqda narkotik tərkibli çətənə bitkiləri əkib becərdiyini bildirmişdir. Həmin 12 ədəd sayda olan bitkilərə aqronom tərəfindən baxış keçirilərkən diblərinin boşaldmaqla, həmçinin su verilməklə aqrotexniki qaydada qulluq edilməsi müəyyən olunmuşdur. Aşkar edilmiş narkotik tərkibli bitkilər kökü ilə birlikdə torpaqdan çıxarılaraq ümumilikdə iki ədəd baş-başa keçirilmiş sintetik kisədə qablaşdırılmış, kisənin üzəri möhürləndikdən sonra o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin istintaq materiallarında olan 07 avqust 2024-cü il tarixli “Baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həyatyanı təsərrüfatına baxış keçirilərkən onun yaşadığı Sabirabad rayonu Sarxanbəyli kəndindəki həyətindən 12 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkilərinə oxşar bitki nümunələri aşkar edilib götürülmüşdür. İşə əlavə edilmiş 07 avqust 2024-cü il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Sarxanbəyli kəndindəki həyətində aşkar edilmiş 12 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qulluq edilmişdir. Məhkəmə - bioloji ekspertizasının 08 avqust 2024-cü il tarixli 3-16-16/2-18/724 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən...” sözləri yazılmış və imzalar olan sintetik torbada ümumi sayı 12 ədəd yaş vəziyyətdə, ümumi çəkisi - 4000,0 qram olan bitki nümunələri əkib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 12 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Çətənə (kannabis) bitkilərinİn tədqiqatdan sonrakı yaş vəziyyətdə təmiz çəkisi – 3999,4 qram qalmışdır. Ekspertiza xərcinin dəyəri 49,74 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məhkəmə-narkoloji ekspertizasının 14 sentyabr 2024-cü il tarixli 6258 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin, öz vəziyyətinə tənqidi münasibətin olması səbəbi ilə narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin istintaq materiallarında olan Sabirabad Rayon Moranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ağayev X1 rayonu Sarxanbəyli kəndində yaşayır himayəsində yetkinlik yaşına çatmayan uşaqları yoxdur. Cinayət işinin istintaq materiallarında olan Sabirabad Rayon Moranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkilərini xeyli miqdarda əkib becərməklə kultivasiya etməsi məhkəmə iclasında tam sübuta yetrilmişdir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır və istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, onun cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinin tələblərinə əsasən, əməlindən peşman olmasını, yaşayış yeri üzrə şəxsiyyətinin müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, əməlindən səmimi peşiman olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyası həddində Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış, yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07-09 avqust 2024-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq 2 gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 həbs günü 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılmalı, təyin olunmuş cəza müddətinin başlanğıcı onun cəzasının icrasını həyata keçirən orqan tərəfindən qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət qeydiyyatda olduğu və yaşadığı yer üzrə müvafiq İcra və Probasiya Şöbəsinə həvalə edilməli, təqsirləndirilən şəxsin barəsində seçilimiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan, yaş vəziyyətdə çəkisi tədqiqatdan sonra 3999,4 qram olan 12(on iki) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərillənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsi və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07-09 avqust 2024-cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu 2(iki) gün həbsdə saxlanmasının 1(bir) həbs günü 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla, təyin olunmuş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və ona qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış, yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE **********00********) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan, yaş vəziyyətdə çəkisi tədqiqatdan sonra 3999,4 qram olan 12 (on iki) ədəd narkotik tərkibli çətənə(kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar