Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-212/2024 18.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Sabirabad rayonu, Qaragüney kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Sabirabad rayonu, Qaragüney kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, 02 avqust 2024-cü il tarixdə saat 23 radələrində yaşadığı Sabirabad rayonu Qaragüney kəndində yerləşən həmkəndlisi Zərərçəkmiş şəxs məxsus evin həyətyanı sahəsinin giriş hissəsində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində, yəni sonuncunun onun barəsində tez-tez polis şöbəsinə şikayət etməsi, şikayətlərindən biri əsasında inzibati qaydada məhkəmə qərarı ilə həbs edilməsi səbəbindən aralarında mübahisə baş vermiş, həmin mübahisə zamanı o, Zərərçəkmiş şəxs qisas niyyəti ilə yumruq və təpiklə baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq, sonuncuya burun çəpəri sümüyünün qapalı yerini dəyişməyən sınığı ilə müşayiət olunan, burun belində qançır, sıyrıq, sol bazunun orta 1/3-də bayır səthdə, sağ böyrək proyeksiyasında qançırlarla müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, Aqşin ilə arasında əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamış, onlar ikisi qonşuluqda yaşamışdır. Aqşinlə əvvəllər bir yerdə mikroavtobus marşrutunda işləmiş, sonra Aqşin ilə aralarında narazılıq yaranmış, bundan sonra münasibətləri tamamilə kəsilmişdir. Onlar dəfələrlə bir-birilərini söymək üstündə polisə düşmüşlər. Polis orqanlarında bir neçə dəfə araşdırma getmiş, hətta onu inzibati qaydada həbs də etmişlər. Aqşinin evi onlardan əvvəldə yerləşmiş, sonra onun evi gəlmiş, ən sonda isə Samirin evi yerləşmişdir. 02 avqust 2024-cü il tarixdə saat təxminən 23 radələrində Samir ilə öz evinə getmiş, o və Samir Aqşinin evinin yaxınlığına çatdıqda sonuncunun kənd yolunda dayanıb telefonda danışdığını görmüş, Aqşini gördükdə onu nə üçün günahsız yerə tutdurduğunu soruşmuş, Aqşin onun hər gün gəlib söyüş söydüyü üçün şikayət etdiyini demiş, bundan sonra aralarında sözlü mübahisə yaranmışdır. Bu zaman Samir Aqşinə qonşu olduqlarını, mübahisə etməyin yaraşmadığını demiş, həmin vaxt səsə Aqşinin qardaşı Cabir çıxmış, Cabir onu evinə yola salmaq üçün aparmışdır. Samir də bu zaman Aqşinlə söhbət etmiş, sonra o və Cabir onlara tərəf gəlmiş, o, əsəbiləşib Aqşinin üz nahiyəsinə yumruqla bir dəfə vurmuşdur. Sonra Samir onu tutub kənara çəkərək evinə aparmışdır. Hadisə təxminən 2-3 dəqiqə davam etmiş, orada adları çəkilən şəxslər olmuş, səsə isə heç kim gəlməmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi və qonşusudur, Etibar ilə arasında əvvələr heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Onların evləri yan-yanadır. Onlar əvvəllər Etibar ilə bir yerdə mikroavtobus marşrutunda işləmiş, hər ikisi əziyyət çəkmiş, o, əziyyətinin bəhrəsini görərək işləri böyütmüş və özünə bir neçə marşrut xətti almışdır. Lakin Etibar spirtli içkilərə qurşanaraq bütün qazancını mənasız yerlərə xərcləmiş, bu səbəbdən Etibar onun paxıllığını çəkmiş, ona görə də bir neçə aydır ki, Etibar günün müxtəlif saatlarında spirtli içkilərdən içərək sərxoş olmuş və sərxoş vəziyyətdə dəfələrlə onu söyüb-təhqir etmişdir. Bu barədə bir neçə dəfə Qaragüney polis bölməsində araşdırılma aparılmış, hətta Etibar inzibati qaydada həbs də edilmiş, ona görə də aralarında soyuqluq yaranmışdır. Bundan sonra Etibar bir neçə dəfə ondan şər-böhtan xarakterli şikayətlər etmişdir ki, guya o, Etibarın üstünə avtomobil sürmüş və s. Etibar bu kimi şikayətlər versə də, sonradan bu şikayətlərin əsassız olduğunu görüb ərizələrini geri götürmüşdür. 02 avqust 2024-cü il tarixdə saat təxminən 17 radələrində evinə gələrkən yolda Etibarla qarşılaşmış, sonuncunun yanında həmkəndlisi Şahid1 da olmuşdur. Etibar ona “mənim maşınım olanda sən şor yeyirdin” dedikdə sonuncuya şoru indi də yediyini bildirmiş, bundan sonra Etibar onu söyüb təhqir etmişdir. O, Etibarın onu söyüb-təhqir etməsi ilə bağlı Qaragüney polis bölməsinə gedərək ərizə yazmış, sonra yaşadığı evə gəlmiş, həmin gün saat təxminən 23 radələrində yaşadığı evin həyətində olan hamama gedərkən darvazanın döyüldüyünü eşitmiş, darvazanın dəmir qapısını açdıqda Etibarı görmüşdür. Etibar anidən heç bir söz demədən onu sağ əli ilə yumruqla sifət nahiyəsindən bir dəfə vurmuş, zərbənin təsirindən və ani olduğundan müvazinətini itirib yerə yıxılmış, bu zaman Etibar onu yerdə də vurmağa cəhd etmişdir. Lakin yanında gələn Samir Etibarı tutub saxlamış, Etibarın onu vurmasına imkan verməmiş, sonra həyətə onunla bir evdə yaşayan qardaşı Cabir çıxmışdır. Samir Etibarı onların həyətinin qarşısından birtəhər götürüb aparmış, Etibarın onu döyməsi ilə bağlı DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, daha sonra onların kəndinə yaxın olduğu üçün Şirvan ŞMX-na getmişdir. Orada ona ilkin tibbi yardım göstərilmiş, bundan sonra yaşadığı evə qayıtmışdır. Hazırda o, təqsirləndirilən şəxsə qarşı şikayətçidir və ona həbs növündə cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləridir, onlarla arasında heç bir düşmənçiliyi və ədavəti yoxdur. Etibar və Aqşin qonşu olmuş, Etibar ilə Aqşin əvvəllər bir yerə mikroavtobus marşrutunda işləmiş, sonra Aqşin öz işlərini böyütmüş və özünə bir neçə marşrut xətti almışdır. Lakin Etibar spirtli içkilərə qurşanaraq bütün qazancını mənasız yerlərə xərcləmiş, bundan sonra onların işləri ayrılmış, onlar ayrı-ayrılıqda işləməyə başladıqdan sonra Etibar ilə Aqşin arasında soyuqluq yaranmışdır. Etibar və Aqşin dəfələrlə bir-birini söymək üstündə polisə düşmüş, polis orqanlarında bir neçə dəfə araşdırma getmiş, hətta Etibar inzibati qaydada həbs edilmişdir. 02 avqust 2024-cü il tarixdə saat təxminən 17 radələrində kənd yolunda dayanmış, yanında Etibar da olmuş, bu zaman Etibar yanlarından keçən Aqşinə “mənim maşınım olanda sən şor yeyirdin” demiş, Aqşin də Etibara şoru indi də yediyini bildirib çıxıb getmişdir. Həmin gün saat təxminən 23 radələrində Etibar ilə öz evinə gedərkən Aqşinin evinin yaxınlığına çatdıqda sonuncunun kənd yolunda dayanıb telefonda danışdığını görmüş, Etibar Aqşini gördükdə sonuncuya nə üçün günahsız yerə tutdurduğunu soruşmuş, Aqşin Etibara hər gün gəlib söyüş söydüyü üçün şikayət etdiyini demiş, bundan sonra onların arasında sözlü mübahisə yaranmışdır. Bu zaman o, Aqşinə qonşu olduqlarını, mübahisə etməyin yaraşmadığını demiş, həmin vaxt səsə Aqşinin qardaşı Cabir çıxmış, Cabir Etibarı evinə yola salmaq üçün aparmış, o da bu zaman Aqşinlə söhbət etmişdir. Sonra Cabir ilə Aqşin onlara tərəf gəlmiş, Etibar anidən Aqşinin üz nahiyəsinə yumruqla bir dəfə vurmuş, bundan sonra o, Etibarı tutub kənara çəkərək evinə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi, Zərərçəkmiş şəxs isə onun qardaşıdır, qardaşı Aqşin ilə bir həyətdə ayrı-ayrı evlərdə yaşayır. Etibarla arasında əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamış, Etibar və Aqşin qonşu olmuş, Etibar ilə Aqşin əvvəllər bir yerdə mikroavtobus marşrutunda işləmiş, sonra Aqşin öz işlərini böyütmüş və özünə bir neçə marşrut xətti almışdır. Lakin Etibar spirtli içkilərə qurşanaraq bütün qazancını mənasız yerlərə xərcləmiş, bndan sonra onların işləri ayrılmış, onlar ayrı-ayrılıqda işləməyə başladıqdan sonra Etibar ilə Aqşin arasında soyuqluq yaranmışdır. Etibar dəfələrlə qardaşı Aqşini söymək üstündə polisə düşmüş, polis orqanlarında bir neçə dəfə araşdırma getmiş, hətta Etibar inzibati qaydada həbs edilmişdir. 02 avqust 2024-cü il tarixdə saat təxminən 23 radələrində evdə yatarkən, darvazanın səsini eşitmiş, evdən həyətə düşdükdə qardaşı Aqşinin darvazanın qapısının ağzında sifətin tutub yerdə yıxılı vəziyyətdə qaldığını görüb tez sonuncuya yaxınlaşmışdır. Qapıdan çölə çıxdıqda qonşusu Samirin Etibarı qolundan tutub darta-darta apardığını görmüş, sonra evə qayıtmış, Aqşinə köməklik etmiş, sonuncunu Şirvan RMX-na aparmışdır. Aqşin özünə gəldikdən sonra hadisənin necə baş verdiyini soruşmuş, Aqşin ona həyətdə hamama tərəf gedərkən qapının döyüldüyünü eşitdiyini, qapını açdıqda Etibarın yumruqla sifət nahiyəsinə vurduğunu demişdir. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 469 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- burun çəpəri sümüyünün qapalı yerini dəyişməyən sınığı ilə müşaiət olunan, burun belində qançır, sıyrıq, sol bazunun orta 1/3-də bayır səthdə, sağ böyrək proyeksiyasında qançırlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Qeyd olunmuş xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Sabirabad RİHB-nin Qaragüney kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurması cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin, zərərçəkmiş və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və yaşayış yeri ürzə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərci, maddi subut və mülki iddianın olmaması da nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nın 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək və yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci, maddi subut və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-212/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-212/2024
18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver