Məhkəmə qərarları › İş №1(056)-22/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-22/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-22/2025 16.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2rəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin may ayının əvvəllərində yaşadığı ünvan 3 ünvanındakı evin həyətyanı sahəsində torpağı şumlayıb istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə xeyli miqdarda, yəni 8 ədədini yetişdirərək kultivasiya etmiş, 29 may 2024-cü il tarixdə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman, həyətyanı sahədə ümumi çəkisi 60,0 qram olan 8 ədəd çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı ünvan 4 ünvanında öz yataq otağında saxlamış, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən 21 avqust 2024-cü il tarixdə, saat 13:30-da həmin evə baxış keçirilərkən yataq otağında 01 ədəd polietilen torbada təmiz çəkisi - 395,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlinin törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 20 ildir ki, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir. Təxminən 4-5 ay əvvəl yaşadığı Sabirabad şəhəri, Nizami küçəsi ərazisində piyada gəzərkən yerdə kibrit qutusu olduğunu görmüşdür. Həmin kibrit qutusunu götürüb içərisinə baxdıqda, 9 ədəd toxum olduğunu görmüşdür. Əvvəllər istifadə etdiyi üçün həmin toxumların narkotik tərkibli çətənə bitkisinin toxumları olduğunu bilmişdir. Həmin toxumları kibrit qutusu ilə birlikdə cibinə qoyub evinə aparmışdır. 2024-cü ilin may ayının əvvəllərində həmin toxumları yaşadığı evin sağ yan tərəfində bağçada əkmişdir. Toxumlardan 8 ədədi cücərmişdir. Həmin bitkilərə qulluq edərək diblərini alaq otlarından təmizləmişdir. 29 may 2024-cü il tarixdə, saat 23:45 dəqiqədə yaşadığı evə gedərkən mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq rayon polis şöbəsinə gətirmişlər. Şöbədə üzərinə baxış keçirilmiş, üzərindən 31 manat pul vəsaiti, bir ədəd mobil telefon, bir ədəd “Vest” markalı siqaret və bir ədəd alışqan aşkar edilmişdir. Sorğu zamanı yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri olduğunu və həmin bitkiləri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən protokol tərtib edilmişdir. O da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Bundan sonra polis əməkdaşları, müdafiəçi, aqronom ilə birlikdə yaşadığı evə getmişlər. O, yaşadığı evin sağ tərəfində əkdiyi ümumilikdə 8 ədəd çətənə bitkilərini polis əməkdaşlarına təqdim etmişdir. Həmin bitkilərə aqronom tərəfindən baxış keçirilmiş və xüsusi qaydada qulluq edildiyini bildirmişdir. Aşkar edilmiş bitkilər müstəntiq tərəfindən sintetik kisəyə qoyularaq qablaşdırılmışdır. Bundan başqa, 21 avqust 2024-cü il tarixdə, saat 13 radələrində Sabirabad şəhəri V.Əhmədov küçəsində olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb rayon polis şöbəsinə dəvət etmişlər. O, yaşadığı evin həyətində çətənə bitkiləri əkdiyini, həmin çətənə bitkilərini təqdim edə biləcəyini demişdir. Bundan sonra o, müstəntiq, aqronom və polis əməkdaşlarının iştirakı ilə yaşadığı evə baxış keçirilmiş, həyətdə əkdiyi 01 ədəd, həyətin arxa hissəsində əkdiyi 01 ədəd, ümumilikdə 02 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Polis əməkdaşları ilə birlikdə gələn aqronom da əkdiyi çətənə bitkilərinə baxıb həmin bitkilərə qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına vermişdir. Daha sonra polis əməkdaşları onu həyətdə saxlayıb özləri yaşadığı evə əlində sellofan torba ilə daxil olmuş, bir neçə dəqiqə sonra əllərində sellofan torbada olan narkotik vasitəni gətirərək ona məxsus olduğunu demişdir. Ona polis əməkdaşları tərəfindən psixoloji təzyiqlər olduğu üçün həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirmək məcburiyətində qalmışdır. Hazırda əməlindən səmimi peşiman olmasını, ilk dəfə az ağır cinayət əməli törətməsini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 may 2024-cü il tarixdə Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, ev 91-də qeydiyyatda olmaqla, ünvan 4-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi, istifadə etməsi və ya yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini kultivasiya etməkdə şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Əməliyyat tədbirində iştirak edəcək şəxslərin İstintaq Bölməsinin müstəntiqi Araz Fərəcov, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sabirabad şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün Təqsirləndirilən şəxs Sabirabad şəhərində yaşadığı evin yaxınlığında müşahidə edib ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra sonuncuya üzərində narkotik vasitə gəzdirməsi barədə şübhəli olduğunu izah edərək birlikdə Sabirabad Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs də razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin. Elman isə üzərində qanunla qadağan olunmuş əşya olmadığını bildirərək ciblərindən mobil telefon, 31 manat pul vəsaiti, siqaret qutusu və alışqanı çıxararaq təqdim etmişdir. Ardınca Elmanın üzərində şəxsi axtarış davam etdirilmiş və üzərindən qanunla qadağan olunmuş əşya, predmet əşya aşkar edilməmişdir. Bundan sonra müstəntiq Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edib-etməməsi barədə suallar vermişdir və Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini, yaşadığı evin həyətyanı sahəsində öz istifadəsi üçün bir neçə ədəd çətənə kolu əkdiyini, təqdim edə biləcəyini qeyd etmişdir. Şəxsi axtarış hərəkəti videoçəkilişlə qeydə alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Orada Təqsirləndirilən şəxs müdafiəçisi, aqronom-mütəxəssis, əməliyyat müvəkkili Şahid2 və müstəntiqlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə daxil olmuşlar. Evin sağ tərəfindən hərəkət edib həyətyanı sahənin bağçasında Təqsirləndirilən şəxs əkdiyi 8 ədəd çətənə kollarını təqdim etmişdir. Bundan sonra 8 ədəd çətənə kolları kökündən çıxarılaraq evin həyətyanı sahəsində süni işıqlandırılmış yerə gətirilmişdir. Orada iştirakçıların iştirakı ilə müvafiq çətənə kolları ağ rəngli kisəyə qoyulmuş və qablaşdılaraq üzəri DİN-in 139 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş, baxış və götürmə hərəkəti videoçəkilişlə qeydə alınmışdır. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Bundan başqa o, bildirdi ki, xx.xx.2024-cü il tarixdə Sabirabad RPŞ-nin icraatında olan ********* saylı cinayət işinin icrası ilə əlaqədar olaraq icraatına əməliyyat tapşırığı daxil olmuşdur. Həmin əməliyyat tapşırığında ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs, Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, ev 91-də qeydiyyatda olmaqla, ünvan 4-da yaşayan Təqsirləndirilən şəxs RPŞ-yə gətirilməsi zərurəti qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində Sabirabad şəhəri, V.Əhmədov küçəsində RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xidmətdə olduqları zaman, Təqsirləndirilən şəxs görmüşlər və idarə etdikləri avtomobili saxlayaraq Təqsirləndirilən şəxs avtomobilə əyləşməyə dəvət etmişlər. Onlar Elmanı RPŞ-yə gətirərkən, yolda profilaktiki söhbətlər aparan zaman, onlara xx.xx.2024-cü il tarixdə Sabirabad RPŞ-dən polis nəzarətinə buraxıldıqdan sonra yaşadığı evin həyətyanı sahəsində 2 ədəd narkotik tərkibli çətənə kolu əkdiyini, həmin kollardan qurudaraq sellofan torbaya qoyub yaşadığı evin yataq otağında saxladığını, çətənə kolunun isə hal-hazırda evinin həyətyanı sahəsində əkili olduğunu bildirmişdir. Bundan sonra onlar Elmanı RPŞ-yə gətirmişlər. Sabirabad RPŞ-də Təqsirləndirilən şəxs, müstəntiq və aqronom-mütəxəssislə birlikdə Elmanın yaşadığı ünvan 4 ünvanına getmişlər. Orada Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməməsi ilə bağlı ərizə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin ön hissəsində əkdiyi bir ədəd, həyətin irəlisində ağac və kolların arasında əkilmiş 01 ədəd çətənə kolunu aşkar etmişlər. Aqronom-mütəxəssis həmin çətənə koluna da vizual baxış keçirmiş və aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Həmin bir ədəd çətənə kolunu da kökündən çıxararaq bir ədəd ağ rəngli kisəyə qoyub qablaşdırmışlar. Üzəri isə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra müstəntiq Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olub-olmadığını soruşmuşdur. Elman isə yaşadığı evdə, yataq otağında narkotik vasitə olduğunu bildirmişdir. Elmanın yataq otağına qalxmışlar və sonuncu paltar rəfində, paltarların arxa hissəsində gizlətdiyi, içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd sellofan torbanı təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni yaşadığı evin həyətyanı sahəsində əkdiyi çətənə kollarından ikisini qurudaraq əldə etdiyini bildirmişdir. Bundan sonra həmin sellofan torba qablaşdırılaraq üzəri imzalanaraq möhürlənmişdir. Baxış istintaq hərəkəti videoçəkilişlə həyata keçirilmişdir. Bundan sonra aşkar olunan narkotik vasitələrlə bağlı protokol tərtib edilmiş, o da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Həmçinin, şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs heç kim təzyiq göstərməmiş, sonuncu yaşadığı evdə olan zaman özü könüllü olaraq evdə gizlətdiyi narkotik vasitəni təqdim etmiş, həmin narkotik vasitəni də, həyətdə əkdiyi çətənə bitkilərindən əldə edərək qurudub saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları mahiyyəti üzrə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Elman uzun illərdir ki, narkotik vasitə istifadəçisidir. Elmanın bu əməli onu xəstə etmiş, nəticədə o, 2 dəfə insult keçirmişdir. Oğlunun evin həyətində 08 ədəd narkotik vasitə çətənə kolu əkdiyindən xəbəri olmamış, yalnız polis əməkdaşları gəldikdən sonra oğlunun həyətdə çətənə kolu əkdiyini bilmişdir. 2024-cü ilin avqust ayında polis əməkdaşları yenidən onların həyətinə gəlmiş və həyətdən 02 ədəd çətənə kolları aşkar etmişlər. Elmanın yataq otağında da sonuncunun saxladığı, içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd sellofan torba aşkar edilmişdir.Polis əməkdaşları onun evində, oğlunun yataq otağında axtarış keçirən zaman o, və həyat yoldaşı Sərfinaz başqa otaqda olmuş, buna görə də oğlunun yataq otağında polislərin nə etməsindən xəbərsiz olmuşdur. İş materiallarında olan 30 may 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə saat 00:40 dəqiqədə Sabirabad RPŞ-də tutulmuş, 31 may 2024-cü il tarixdə RPŞ tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin Məcəllənin 237.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saat 18:15 radələrində MSY-dən həbsdən azad edilmişdir. İş materiallarında olan 13 iyun 2024-cü il tarixli qətimkan tədbirinin şərtlərini pzoduğuna görə təqsirləndirilən şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərini pozuğu üçün tutulmuş və Sabirabad RPŞ-nin MSY-yə yerləşdirilmişdir. Sabirbabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(056)-99/2024 saylı qərarından görünür ki, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə təqdimat təmin edilməmiş, o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İş materiallarında olan 21 avqust 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində şübhəli şəxs qismində tutulmuş, 23 avqust 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən həbsdən azad edilmişdir. İş materiallarında olan 23 avqust 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi onun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. İş materiallarında olan “30” may 2024-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı, ünvan 6 ünvanındakı fərdi yaşayış evinin həyətyanı sahəsindən 08 ədəd narkotik tərkibli (kannabis) çətənə kolu aşkar edilərək götürülmüşdür. İş materiallarında olan “21” avqust 2024-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı, ünvan 6 ünvanındakı fərdi yaşayış evinin həyətyanı sahəsindən 02 ədəd narkotik tərkibli (kannabis) çətənə kolu və həmin evdə Təqsirləndirilən şəxs yataq otağındakı paltar rəfindən içərisində təmiz çəkisi 395,0 qram narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd sellofan torba aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X3 Regional Bölməsinin 30 may 2024-cü il tarixli, 18/537 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs həyətyanı sahəsindən...” sözləri və imzalar olan sintetik torbada ümumi sayı 08 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi-60,0 qram yaş vəziyyətdə olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X3 Regional Bölməsinin 21 avqust 2024-cü il tarixli, 18/748 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “...Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri yazılmış və imzalar olan 01 ədəd polietilen torbada təmiz çəkisi-395,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 08 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarında olan DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X2” PHŞnin xx.xx.2024-cü il tarixli, 5585 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabionidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş matiralarında olan Sabirabad Rayon İHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Məhkəmə Psixiatirik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 2958 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür, onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmə, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddə marixuna əldə etmə, saxlama və daşıma cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, şahidlərin ifadələri, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, baxış keçirilməsi protokolu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin İ.H.Əliyevin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respbulikası CM-nin 58.3cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal kimi ilk dəfə az ağır cinayət törətməsini nəzərə alır. Onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30-31 may 2024-cü il, 13-14 iyun 2024cü il və 21-23 avqust 2024-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq ümumilikdə 5 gün həbsdə saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxs E.P.Əliyevə hansı cəzanın təyin olunmasını müzakirə edərək ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1 ci maddələri ilə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini əsaslı və onun islah olunması üçün yetərli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplamaqla azadlıqdan məhrumetmə cəzası təyin edilməli və onun şübhəli şəxs qismində tutulduğu 5 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı 16 yanvar 2025-ci il tarixdən hesablanmalı və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan əlavə, qanunvericiliyin tələblərinə əsasən təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından həbsə alınmalı, iş üzrə ekspertiza xərcini təşkil edən 49,74 manat təqsirləndirilən şəxsdən alınıb Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sabirabad rayon Polis şöbəsində saxlanılan tədqiqatdan sonra təmiz çəkisi 59,20 qram 08 ədəd çətənə (kannabis) bitkiləri, eləcə də ümumi çəkisi 395 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən 05 ( beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 30 (otuz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 354-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30-31 may 2024-cü il tarixlərdə 2 gün, 13-14 iyun 2024-cü il tarixlərdə 1 gün və 21-23 avqust 2024-cü il tarixlərdə 2 gün şübhəli şəxs qismində tutularaq ümumilikdə 5 gün həbsdə saxlanılmasının bir həbs günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla təyin olunmuş 01 (bir) il 9 (doqquz) ay azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 8 (səkkiz) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 81,42 məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra təmiz çəkisi 59,20 qram olan 08 ədəd çətənə (kannabis) bitkiləri, eləcə də tədqiqatdan sonra təmiz çəkisi 394,95 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs hüquqlarını Sabirabad Rayon Məhkəməsində dövlət vəsaiti hesabına 05 saat müddətində müdafiə etdiyi üçün, Vəkillər Kollegiyasına ayrılan vəsaitdən 30 (otuz) manat Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi adına olan bank hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar