Məhkəmə qərarları › İş №1(056)-23/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-23/2025

12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-23/2025 12.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi1, Müdafiəçi8, Müdafiəçi3, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 Mizağa qızının, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1968-ci ildə Sabirabad rayonu Qəzli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan. ünvan 1 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx.xx.1957-cü ildə Sabirabad rayonu Çiçəkli kəndində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1 (073)51/2025 saylı hökmü ilə CM-nin 178.2.4 və 67.1-ci maddəsi ilə təqsirli bilinərək 6(altı) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 70-ci maddəsi tətbiq etməklə ona təyin edilmiş cəza şərti hesab edilərək 3 (üç) il sınaq müddəti təyin edilmiş, məhkumluğu ödənilməmiş Sabirabad rayonu Çiçəkli kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə verilən ittihama görə o, aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Sabirabad rayon mərkəzi xəstəxanasının həkim-pediatrı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib Zərərçəkmiş şəxs1 pensiya təyin edəcəyi barədə yalan vəd verib aldatmış, 2021-ci ilin oktyabr ayının ortalarında ayrı-ayrı günlərdə Sabirabad şəhərində yerləşən Sabirabad rayon mərkəzi xəstəxanasında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 verdiyi 100 manat və 400 manat olmaqla ümumilikdə 500 manat məbləğində, 2021-ci ilin oktyabr ayının sonlarında ayrı-ayrı günlərdə Sabirabad şəhərində yerləşən Sabirabad dairəsi adlanan ərazidə 500 manat, Sabirabad şəhəri Azərbaycan prospekti 16 ünvanında hər dəfə iki 250 manat olmaqla 500 manat məbləğində pulu almaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs1 1500 manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib Zərərçəkmiş şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilmiş qaynı X10 Lənkəran Ağır Cinayətlər Məhkəməsində yüngül cəza təyin ediləcəyi vədi ilə aldadıb 2022-ci ilin iyul ayının əvvəlində Sabirabad rayonu Qalaqayın kəndində yerləşən Təqsirləndirilən şəxs4 məxsus evin həyətyanı sahəsində X12 Əzizova verdiyi 21500 manat və 2022-ci ilin iyun ayının ortalarında həmin ünvanda Təqsirləndirilən şəxs4 verdiyi 15000 manat olmaqla ümumilikdə 36500 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib aralarında bölməklə Zərərçəkmiş şəxs2 36500 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs4 Oktay qızını əri X4 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair barəsində Sabirabad rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhkum edilməsinə nail olacağına inandırıb aldatmaqla 2023-ci ilin yanvar-aprel ayları ərzinə ayrı-ayrı günlərdə Zərərçəkmiş şəxs4 yaşadığı Sabirabad rayonu Kürkəndi kəndində yerləşən evin həyətyanı sahəsində 1000 manat, 1000 manat və 500 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 ümumilikdə 2500 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs6 Sabirabad rayon məhkəməsinin icraatında olmuş mülki işlə bağlı sonuncunun xeyrinə qətnamə qəbul edilməsində köməklik edəcəyi barədə yalan vəd verib aldatmaqla 2023cü ilin may ayının əvvəllərində Sabirabad şəhəri Heydər Əliyev prospektində yerləşən özünə məxsus sexdə 3000 manat, 16 may 2023-cü il tarixdə həmin sexdə 5000 manat və 2023-cü ilin noyabr ayının sonlarında isə yenə həmin ünvanda 280 manat olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs6 ümimilikdə 8280 manat məbləğində, xeyli miqdarda pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında cinayət əlaqəsinə girib Zərərçəkmiş şəxs5, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə məşğul olduğuna görə tutulmuş X1na Lənkəran Ağır Cinayətlər məhkəməsində yüngül cəza təyin etdirəcəyinə dair yalan vəd verib aldatmaqla 2023-cü ilin mart ayında Sabirabad rayonu Heydər Əliyev prospektində yerləşən metal qəbulu məntəqəsinin çayxanasında 15000 manat, bundan təxminən 6 ay sonra, yəni 2023-cü ilin noyabr ayında yenə həmin çayxanada 2500 manat olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs5 17500 manat məbləğində, xeyli miqdarda pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs6 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında cinayət əlaqəsinə girib Sabirabad rayonu Şəhriyar kənd sakini Zərərçəkmiş şəxs7 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla cəzaçəkmə müəssisəsində cəza çəkən qohumları X13 və X5 cəzalarının çəkilməmiş hissələrindən azad olunacağı barədə yalan vəd verib aldatmaqla, Zərərçəkmiş şəxs7 Sabirabad rayonu Şəhriyar kəndində yerləşən “E-manat” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs6 məxsus 5404-0852-3894-4781 saylı kart hesabına 03 fevral 2024-cü il tarixdə göndərdiyi 3000 manat, 08 fevral 2024-cü il tarixdə göndərdiyi 1000 manat, 21 fevral 2024-cü il tarixdə göndərdiyi 500 manat və 14 aprel 2024-cü il tarixdə göndərdiyi 1000 manat pulu ələ keçirməklə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs7 ümumilikdə 5500 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs6 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında cinayət əlaqəsinə girib Sabirabad şəhər sakini Zərərçəkmiş şəxs8 gəlini Şahid4 Sabirabad şəhəri 4 nömrəli tam orta məktəbində kitabxanaçı vəzifəsində işlə təmin edəcəyi barədə yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs8 25 iyun 2024-cü il tarixdə Sabirabad şəhəri Heydər Əliyev prospektində yerləşən “Bazarstore” marketində yerləşən “Milliön” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs6 məxsus olan 5239-1517-4100-0635 saylı kart hesabına göndərdiyi 3000 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə verilən ittihama görə, o, aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında cinayət əlaqəsinə girib Zərərçəkmiş şəxs5 narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə məşğul olduğuna görə tutulmuş X1na Lənkəran Ağır Cinayətlər məhkəməsində yüngül cəza təyin etdirəcəyinə dair yalan vəd verib aldatmaqla 2023-cü ilin mart ayında Sabirabad rayonu Heydər Əliyev prospektində yerləşən metal qəbulu məntəqəsinin çayxanasında X18 Abdullayevə verdiyi 15000 manat, bundan təxminən 6 ay sonra, yəni 2023-cü ilin noyabr ayında yenə həmin çayxanada Təqsirləndirilən şəxs1 verdiyi 2500 manat olmaqla, vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs5 17500 manat məbləğində, xeyli miqdarda pulunu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Sabirabad şəhər sakini Zərərçəkmiş şəxs1 uzun müddət ki, tanıyır, sonuncu ilə aralarında hər hansı düşmənçilik münasibəti və ya ədavətləri olmamışdır. 2021-ci ilin oktyabr ayının əvvəllərində Yusiflə aralarında söhbət edərkən sonuncu ona xəstə olduğunu və özünə pensiya düzəldirmək istədiyini, onun Sabirabad RMX-da işləyən Xatirə adlı həmkəndlisinin pensiya düzəldilməsinə köməklik etməyini xahiş etmişdir. O, Yusiflə razılaşıb Xatirə həkimə zəng etmiş və tanışı Zərərçəkmiş şəxs1 pensiya düzəldilməsi ilə bağlı köməklik edib-etməməsini soruşmuşdur. Sonradan necə olduğundan xəbəri olmamışdır. O, Zərərçəkmiş şəxs1 pul almamışdır. Xatirə həkimin Yusifdən almış olduğu pulu geri qaytarmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 uzun zamandır ki tanımış, həmin şəxslərlə aralarında hər hansı bir düşmənçilik münasibəti və ya ədavətləri olmamışdır. Zərərçəkmiş şəxs2 ümumiyyətlə tanımadığnı qeyd edərək Sabirabad rayonunun Balakənd kəndində çayxanada oturarkən Marif Ravilə 10000 manat pul verimişdir. Həmin pulu nə səbəbə aldıqlarını və sonradan nə baş verdiyindən xəbərinin olmadığını bildirmişdir. Bundan başqa, təxminən 5-6 il əvvəl rayonun Kürkəndi kəndində toyda olan zaman həmin kənd sakini X11 ilə tanış olmuş və aralarında yaxşı səviyyədə münasibət yaranmışdır. O Zərərçəkmiş şəxs4 bir manat da olsun almamış, lakin onun barəsində Sabirabad RPŞ-yə şikayət etdiyindən məcbur olub 2000 manat pulu Zərərçəkmiş şəxs4 qaytarmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs6 Sabirabad rayon sakini kimi tanımış, aralarında hər hansı düşmənçilik münasibəti və ya ədavətləri olmamışdır. Zərərçəkmiş şəxs6 bəzi işlərini gördüyündən ona ***-**** manat xərclik vermişdir. Lakin O, Zərərçəkmiş şəxs6 8000 manat pul almamış, bu barədə istintaq zamanı Zərərçəkmiş şəxs6la üzləşmə aparılmadığını bildirmişdir. Bundan başqa, 2023-cü ilin may ayında Sabirabad RPŞ-nin qarşısında olarkən tanışı X2 Asif Rizvan oğlu ona 9000 manat pul vermişdir. Vadim adlı müəllim 1000 manat pul vermişdir. Asif Baxşiyevin atası Rizvan Baxşiyevin həbsdən qurtarmaq üçün Təqsirləndirilən şəxs5 məşğul olurdu. O da həmin pulu Adilə vermişdir. Həmin pulun müqabilindən ondan 19000 manat pul almışlar. Asif ona əlbəəl olaraq 2500 manat məbləğində pul verməmişdir Bundan başqa, Sabirabad rayonu Şəhriyar kənd sakini Zərərçəkmiş şəxs7 tanımış, sonuncu ilə aralarında hər hansı bir düşməçilik münasibəti və ya ədavətləri olmamışdır. 2024-cü ilin yanvar ayının ortalarında Zərərçəkmiş şəxs7lə Sabirabad şəhəri ərazisində görüşən zaman sonuncu ona qohumları Ceyhun və Əli adlı şəxslərin Sabirabad rayon məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiklərini, həmin şəxslərin cəzalarının müddəti tamamlanmadan azadlığa çıxarmaq istədiyini demişdir. O, həmin zaman tanışı Bakı şəhər sakini Təqsirləndirilən şəxs6 “Vhatsapp” vasitəsilə zəng edərək Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs6 ilə Bakı şəhərində görüşdürmüşdü. Həmin vaxtı aralarında olan söhbətdən xəbəri olmamışdı. Zərərçəkmiş şəxs7 vermiş olduğu pulu notarial qaydada təsdiq etdirmiş, qalan pulu rayondan aparat vasitəsi ilə atmış, lakin həmin puldan xəbəri olmamışdır. Bundan başqa, Şahid4 və Zərərçəkmiş şəxs8 uzun zamandır ki, tanıyır, həmin şəxslər əvvəllər onun qonşuları olmuş, aralarında hər hansı düşmənçilik münasibəti və ya ədavətləri olmamışdır. 2024-cü ilin iyun ortalarında Şahid4 istifadəsində olan mobil telefon nömrəsinə zəng vuraraq sertifikasiya imtahanından kəsildiyini və işdən çıxarılacağını bildirərək ondan əndən kitabxanaçı kimi işə düzəlməsinə köməklik göstərməyini istəmişdir. O, Gülnara tanışı Təqsirləndirilən şəxs6 köməklik göstərə biləcəyini demiş və bundan sonra o, Zərərçəkmiş şəxs8 və Gülnarla birlikdə Bakı şəhərinə getmişlər. Bakı şəhərində Təqsirləndirilən şəxs6 Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən evində görüşdürmüşdür. Ondan sonra onların arasında olan məsələlərdən xəbəri yoxdur. Hazırda o, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 özünü təqsirli bilərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır, sonuncu ilə aralarında hər hansı bir düşmənçilik münasibəti və ya ədavətləri olmamışdır. 2023-cü ilin may ayında Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlayaraq bir nəfər tanışının olmasını, həmin tanışının atasının narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasına ilə bağlı həbs edilməsini və həmin şəxsin işinin Lənkəran Ağır cinayətlər məhkəməsində olduğunu bildirmişdir. Hamildən ondan nə istədiyini soruşduqda isə narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasına görə tutulmuş şəxs yəni, X6 Lənkəran Ağır Cinayətlər məhkəməsində, əgər alınmazsa da Şirvan Apelyasiya məhkəməsində cəzasının yüngülləşdirilməsi üçün köməklik etmənin lazım olmasını, onun da həmin işdə xeyrinin olmasını qeyd etmişdir. O, Hamillə razılaşdıqdan sonra həmin ərəfələrdə Hamil və həbs edilmiş şəxs X8 Baxşıyevlə görüşmüş, bu vaxt Asifə narahat olmamasını, Hamillə birlikdə atasına məhkəmədə yüngül cəza təyin edəcəklərini demişdir. Daha sonra Hamillə təklikdə söhbət edərkən sonuncu Zərərçəkmiş şəxs5 atasının işinə köməklik üçün 15000 manat pul aldığını bildirib həmin pulun 9000 manat hissəsini ona vermişdir. Onlar pul bölgüsünü etdikdən sonra Rizvan Baxşıyevə hansı yolla köməklik göstərməkləri barədə fikirləşmiş və belə qənaətə gəlmişlər ki, əgər məhkəmə Rizvana yüngül cəza təyin edilərsə, yəni Rizvanın barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilərsə, övladı Zərərçəkmiş şəxs5 həmin cəzanın təyin edilməsini o və Hamilin etdiklərini və aldıqları pulu da məhkəməyə verdiklərini deyinlər. X27 Cinayətlər məhkəməsinin hökmü ilə Rizvan Baxşıyevə 3 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən Asif onlardan nə üçün atasının tutulduğunu soruşduqda isə narahat olmamasını, atasının işinin Şirvan Apellyasiya məhkəməsində yüngülləşdirəcəklərini demişlər. Həmin ərəfələrdə, yəni 2023-cü ilin noyabr ayında Təqsirləndirilən şəxs1 Asifdən əlavə olaraq 2500 manat məbləğində də pul aldığını öyrənmişdir. X17 məhkəməsi Lənkəran Ağır cinayətlər məhkəməsinin hökmünü dəyişdirmədən qüvvəsində saxladığı üçün Zərərçəkmiş şəxs5 davamlı olaraq o və Təqsirləndirilən şəxs1lə əlaqə saxlayaraq verdiyi pulu qaytarmaqlarını bildirsə də, onlar həmin pulları artıq şəxsi ehtiyacları üçün xərclədiklərindən həmin pulu bir müddət sonra Zərərçəkmiş şəxs5 ödəmişlər. Hazırda vurulmuş ziyan tam ödənmiş və ondan şikayət və tələb yoxdur. Özü yaşlı insandır. Himayəsində bir azyaşlı övladı vardır. Ona görə də o, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Onun qaynı və xalası oğlu olan X16 2022-ci ilin yaz aylarında Sabirabad RPŞ-nin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin külli miqdarda qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün tutularaq həbsə alınmışdır. X26 həbs edildikdən sonra 2022-ci ilin may ayının sonlarında qohumu Elşad adlı şəxs yaşadığı evə gələrək sinif yoldaşı Şahid1la mobil telefon vasitəsilə danışdığını, sonuncunun Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Ravil Hüseyinov adlı tanışlarının Elnurun azadlığa çıxarılmasının təmin edilməsini həll edə biləcəyini demişdir. O, Elşada həmin şəxslərlə görüşəmək istədiyini bildirdikdən sonra Qoşqar və Marif adlı şəxslər qaynanası Şəkərə məxsus evə gəlmiş, orada aralarında olan söhbətlər zamanı Marif Ərizov arakotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilmiş X26u azadlığa çıxara biləcəyinə dair söz verərək sonuncunun yaşlı anası olmasına görə 50.000 manat deyil, 40.000 manata həmin işin görülə biləcəyini demişdir. O, 2022-ci ilin iyun ayının əvvəllərində, dəqiq tarixini və saatını xatırlamadığı vaxtda Qoşqarla birlikdə Sabirabad rayonu Qalağayın kəndində Təqsirləndirilən şəxs4 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində sonuncu ilə görüşmüş və X26un azadlığa çıxarılması üçün lazım olan 40.000 manat puldan 21.500 manat hissəsini və Elnur Məmmədovun anası Şəkər adlı qadının şəxsiyyət vəsiqəsinin kesorsurətini Marifə vermişdir. Marif isə pulun qalan hissəsinin düzəldilib ödənilməsi üçün ona 1 həftə vaxt vermiş, 2022-ci ilin iyun ayının ortalarında qohumu Elşadla birlikdə Qalağayın kəndində Təqsirləndirilən şəxs4 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində sonuncu ilə görüşmüş və 15.000 manat pul vermişdir. Həmin zaman Təqsirləndirilən şəxs4 tanışı Təqsirləndirilən şəxs3 Elnur Məmmədovu həbhsdən azad etdirə biləcəyini dediyi üçün Marifə inanmış və yaşadığı evə geri qayıtmışdır. Lakin zaman keçdikcə qaynı Elnurun həbsdən azad olunmadığını və barəsində istintaqı aparılan cinayət işinin yekunlaşdırılaraq Lənkəran ağır cinayətlər məhkəməsinə göndərildiyini öyrəndikdə aldadıldığını başa düşərək Şahid1 və Təqsirləndirilən şəxs4la danışdıqda Şahid1 qardaşı Zərərçəkmiş şəxs3 da Ravil tərəfindən aldadılaraq 5000 manat pulunun ələ keçirilməsini bildirmişdir. Hazırda onun təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs1 tanıyır, onunla aralarında heç bir düşmənçilik münasibəti və ya ədavətləri olmamışdır. X1 xx.xx.2023-cü il tarixdə narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasına görə Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, həmin günün səhəri, Sabirabad RPŞ-nin qarşısında dayanan zaman Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs1 görmüş, sonuncu ona yaxınlaşaraq nə məqsədlə dayandığını soruşmuşdur. O, atası Rizvan Baxşıyevin baş verənləri danışdıqdan sonra isə polis şöbəsinin yaxınlığındakı çayxanaların birində əyləşib söhbətlər etmişlər. Söhbət zamanı Amil Abdullayev atasını həbsdən azad etdirə biləcəyini qeyd edərək 15000 manat pul lazım olmasını demişdir. O, Hamillə razılaşmış və həmin gün, yəni xx.xx.2024-cü il tarixdə Sabirabad şəhəri Heydər Əliyev prospektində yerləşən “Şeş-Beş” adlı çayxanada sonuncu ilə görüşüb 15000 manat məbləğində pul vermişdir. Daha sonra Hamil onu Təqsirləndirilən şəxs5 adlı tanışı ilə görüşdürmüş və sonuncu ilə birlikdə atasını həbsdən azad etdirəcəyini demişdir. Görüş zamanı Hmail Abdullayev və Təqsirləndirilən şəxs5 ona atasının işinə köməklik edəcəklərini bildirmiş, X27 Cinayətlər məhkəməsinin hökmü ilə atası Rizvan Baxşıyevə 3 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. O, yenidən Hamil və Adillə görüşərək nə üçün atasının tutulduğunu soruşduqda həmin şəxslər ona narahat olmamasını, atasının işinin Şirvan Apellyasiya məhkəməsində yüngülləşdirəcəklərini bildirmişlər. Həmin ərəfələrdə, yəni 2023-cü ilin noyabr ayında Təqsirləndirilən şəxs1 atasının işi üçün əlavə olaraq 2500 manat məbləğində pul lazım olduğunu bildirmiş, o, 2023-cü ilin noyabr ayının sonlarında Sabirabad şəhəri ərazisində yerləşən “Şeş-Beş” çayxanasında Təqsirləndirilən şəxs1lə görüşərək sonuncuya əlbəəl 2500 manat məbləğində pul vermişdir. Bir müddət sonra Şirvan Apellyasiya məhkəməsi Rizvan Baxşıyevin barəsində Lənkəran Ağır Cinayətlər məhkəməsi tərəfindən çıxarılmış hökmü dəyişdirmədən qüvvəsində saxladığı üçün davamlı olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5lə əlaqə saxlayaraq verdiyi pulu onlardan geri istəmiş, onlar əvvəlcə pulun 8000 manat hissəsini vermiş, daha sonra isə Təqsirləndirilən şəxs1 Şirvan ŞPŞ-də tutulduqda aldıqları pulu tamamilə ödəmişlər. Hazırda təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Şəhriyar kəndində yaşayır, Təqsirləndirilən şəxs1 tanıyır, sonuncu ilə aralarında heç bir düşmənçilik münasibəti və ya ədavətləri olmamışdır. X3 və X15 adında qohumları Sabirabad rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CMin 152-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdirlər. 2024-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs1lə Sabirabad şəhərində görüşən zaman sonuncu ondan həmin qohumlarını soruşduqda Ceyhun və Əlinin hələ də həbsdə olmalarını demişdir. Təqsirləndirilən şəxs1 bir nəfər tanışının olmasını, həmin şəxsin vasitəsilə qohumlarını həbsdən azad etdirə biləcəyini dedikdə o, həmin şəxsin kim olmasını soruşmuş, Hamil isə adıçəkilən şəxsin tanışı, Bakı şəhər sakini Təqsirləndirilən şəxs6 olmasını bildirmişdir. O, Hamillə həmin qadınla görüşünü təşkil etməsini bildirdikdən sonra 02 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1lə birlikdə Bakı şəhərinə getmiş və Təqsirləndirilən şəxs6 ilə görüşmüşlər. Aralarında olan söhbətlər zamanı Sevda ona çalışıb qohumlarını həbsdən azad etdirəcəyini, həmin işin qarşılığında 7000 manat pul verməli olduğunu bildirmiş, o isə 3000 manat pulunun olmasını qeyd etdikdə Təqsirləndirilən şəxs6 həmin 3000 manat pulu qabaqcadan verməyini, yerdə qalan pulu isə qohumları azadlığa çıxdıqdan sonra verməsini təklif etmişdir. O, Sevda ilə razılaşdıqdan sonra Sabirabad rayonu Şəhriyar kəndində olan yeznəsi Cavanşir Muxtarova zəng edərək yaşadığı evdə ona məxsus olan 3000 manat pulunu götürüb kənd ərazisində yerləşən mağazaların birindəki “E-manat” terminalından verəcəyi kart hesabına göndərməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs6 kart hesabı deməsini və həmin hesabına dərhal 3000 manat məbləğində pul göndəriləcəyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs6 ona verdiyi 5404-0852-3894-4781 saylı kart hesab nömrəsi yeznəsi Cavanşir Muxtarova göndərmişdir. Bir neçə dəqiqə sonra Sevdanın kart hesabına pul köçülürdükə sonuncunun onu aldadıb pulunu ələ keçirməsindən qorxmuş və Təqsirləndirilən şəxs6 pul verməyini təsdiq edilməsi üçün borc müqaviləsi bağlamasını təklif etmişdir. Sevda onunla razılaşdıqdan sonra həmin gün Bakı şəhərində yerləşən notariat ofislərinin birində 3000 manat pula görə Təqsirləndirilən şəxs6 ilə borc müqaviləsi bağlamış, daha sonra Sevda müxtəlif vaxtlarda ona “vhatsapp” vasitəsilə zəng edərək qohumlarının həbsdən azad edilməsi üçün pul istəmişdir. O, Sevdanın dediklərinə uyğun olaraq 5404-0852-3894-4781 saylı bank hesabına xx.xx.2024-cü il tarixdə yaşadığı Şəhriyar kəndində yerləşən “E-manat” terminalı vasitəsilə 1000 manat, xx.xx.2024-cü il tarixdə Şəhriyar kəndində yerləşən “E-manat” terminalı vasitəsilə 500 manat və xx.xx.2024-cü il tarixdə isə Şəhriyar kəndində yerləşən “E-manat” terminalı vasitəsilə 1000 manat olmaqla ümumilikdə 2500 manat məbləğində pul göndərmişdir. Lakin Sevdanın zaman keçdikcə onu aldatdığını, qohumlarının işinə kömək etmədiyini gördükdə pulunu geri istəmiş və Təqsirləndirilən şəxs6 ilə Təqsirləndirilən şəxs1 barələrində Sabirabad RPŞ-yə müraciət etmişdir. Hazırda ziyan tam ödənilmişdir. Ona görə də onun şikayət və tələbi yoxdur. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır, sonuncu uzun müddət onun qonşusu olmaqla aralarında heç bir düşmənçilik münasibəti və ya ədavətləri olmamışdır. Gəlini Şahid4 əvvəllər Sabirabad şəhəri 9 saylı ümumi orta məktəbdə ibtidai sinif müəlliməsi kimi fəaliyyət göstərmiş, lakin 2024-cü ilin iyun ayının əvvəllərində müəllimlər arasında kçeirilmiş sertfikasiya imtahınından keçə bilmədiyi üçün müəllim kimi fəaliyyəti dayandırılmışdır. xx.xx.2024-cü il tarixdə gəlini Gülnarın yaşadığı evə getdikdə sonuncu ona qonşusu Təqsirləndirilən şəxs1 işlədiyi məktəbə gəldiyini və sertfikasiya imtahanından keçə bilmədiyi üçün pis olmamasını, Bakı şəhərində yaşayan tanışı Sevda adlı qadının vasitəsilə Sabirabad şəhəri 4 nömrəli orta məktəbdə kitabxanaçı vəzifəsinə işə düzəldəcəyini demişdir. O, Təqsirləndirilən şəxs1lə danışıb nə məsələ olduğunu soruşduqda sonuncu yaşadıqları evə gəlmiş və qorxacaq heç bir şey olmadığını, Sevda adlı tanışının təhsil nazirliyində yüksək vəzifələrdə işləyən şəxslərə “əlinin çatmasını”, yaxın zaman ərzində gəlini Şahid4 iş məsələni düzəldəcəyini demişdir. O, Hamillə razılaşdıqdan sonra gəlini Gülnar və Hamillə birlikdə tanımadığı taksi ilə birlikdə Bakı şəhəri Sabuncu rayonunda yerləşən Təqsirləndirilən şəxs6 evinə getmiş, aralarında olan söhbət zamanı sonuncu Şahid4 məktəbdə işlə təmin edilməsini özünün həll edəcəyini, lakin həmin məsələyə görə pul lazım olmasını bildirmişdir. O, Sevdadan nə qədər pul lazım olmasını soruşduqda sonuncu 5-7 min arası pul lazım olduğunu qeyd etmiş, lakin o, 3000 manat pulunun olduğunu bildirdikdə Sevda onunla razılaşmışdır. Həmin günün səhəri bacısı Solmazın yanına getmiş və olanları danışıb xx.xx.2024-cü il tarixdə Kapital Bank ASC-nin Sabirabad rayon filialından bacısının adına 3000 manat pul kreditə götürmüşdür. Daha sonra həmin gün gəlini Şahid4 və Təqsirləndirilən şəxs1lə birlikdə Sevdaya məxsus olan 5239-1517-4100-0635 saylı kart hesabına Sabirabad şəhəri Heydər Əliyev prospektində yerləşən “Bazarstore” marketindəki “E-manat” terminalı vasitəsilə 3000 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs6 ilə Təqsirləndirilən şəxs1 1 həftə ərzində gəlininin işlə təmin olunacağına dair söz versələr də, həmin şəxslər göstərdikləri müddət ərzində vədlərini yerinə yetirmədiyi üçün o, Hamil və Sevdadan pulunu geri ödəmələrini tələb etmişdir. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində gəlini Gülnar ilə birlikdə Hamilin yaşadığı evə getmiş, bir qədər keçdikdən sonra Hamil evlərinə gəlib çatan kimi nə üçün gəldiklərini soruşmadan pullarını onun yemədiyini, pulunu yeyən adamdan, yəni Sevdadan həmin pulu geri tələb etməklərini bildirmiş və masanın üzərinə yumruqla vurmuşdur. O, Hamillə danışmaq istəyən zaman sonuncu üzərinə gəlmiş, onun başından şillə ilə vurmuşdur. O, şillənin təsirindən yerə yıxılaraq xəsarət aldığı üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs6 barəsində polis orqanına və prokurorluğa müraciət etmişdir. Ona dəymiş ziyan tam ödənilmişdir. Ona görə də onun təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak etmiş şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Suqovuşan kəndində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, onun Elnur Məmmədov adında həmkəndlisi narkotik vasitələrin külli kiqdarda dövriyyəsi ilə məşğul olduğu üçün tutularaq həbs edilmiş, həmin ərəflərdə tanışı Təqsirləndirilən şəxs4la çay içən zaman sonuncu ondan həmkəndlisi Elnur Məmmədovun vəziyyətini soruşmuş, o isə Elnurun həbsdə olmasını demişdir. Bu vaxt Təqsirləndirilən şəxs4 mobil telefonu vasitəsilə kim olduğunu bilmədiyi şəxsə zəng etmiş və həmin şəxslə danışdıqdan sonra Elnur Məmmədovu azadlığa çıxara biləcəyini qeyd edib 50.000 (əlli min) manat pul lazım olmasını bildirmişdir. Daha sonra isə tanışı Şirvan şəhər sakini Ravil adlı şəxsin köməkliyi ilə Elnuru həbsdən azad etdirə biləcəyini qeyd etdikdə o, Elnur Məmmədovun xalasıoğlu və özünün də sinif yoldaşı olan Elşada zəng vurub Marifin dediklərini danışmış, Elnurun evində məsləhət etməsini bildirmiş, səhəri gün, yəni 2022-ci ilin may ayının sonlarında Mariflə birlikdə Elşadın dediyi kimi Elnur Məmmədovun evinə getmişlər. Təqsirləndirilən şəxs4 Elnurun anası Şəkər və sonuncunun kürəkəni Zərərçəkmiş şəxs2 yanında Elnuru azadlığa çıxara biləcəyinə dair söz verərək Şəkərin yaşlı olmasına görə 50.000 manat deyil, 40.000 manata həmin işi görə biləcəyini demişdir. 2022-ci ilin iyun ayının əvvəllərində, dəqiq tarixini və saatını xatırlamadığı vaxtda Elnurun qohumu Səxavətlə birlikdə Sabirabad rayonu Qalağayın kəndində Təqsirləndirilən şəxs4 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində sonuncu ilə görüşmüş, bu vaxt Səxavət Məhərəmov X26un azadlığa çıxarılması üçün lazım olan 40.000 manat puldan 21500 manat hissəsini və Elnur Məmmədovun anası Şəkər adlı qadının şəxsiyyət vəsiqəsinin kesorsurətini Marifə vermişdir. Bir müddət sonra o, Səxavətin Marifə ümumilikdə 36500 manat məbləğində pul vəsaiti verdiyini öyrənmiş, lakin sonrakı pulu verdiyi vaxtda Mariflə Səxavətin yanında olmamışdır. Bundan başqa həmin ərəfələrdə yəni, 2022-ci ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs4 Şirvan şəhər sakini Ravillə birlikdə yaşadığı evin həyətinə gəlmiş, onlarla evin həyətində çay içən zaman qardaşı Zərərçəkmiş şəxs3 evinə qonaq gəlmişdir. Daha sonra onlar birlikdə oturub çay içərkən qardaşı Hətəm övladı Ümüd Məmmədovun “Bakı Dövlər Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar Kollecində” oxumasını, yaxın zamanlarda həqiqi hərbi xidmətə gedəcəyini qeyd edib, Ümüdün universitetə qəbul olunmasını arzu etdiyini, lakin bunun üçün hərbi xidmətdən möhlət hüququ almasının lazım olmasını bildirmişdir. Ravil Hüseyonv qardaşı Hətəmə övladının nə üçün kollecdə oxuduğunu, Ümüdün dərhal kollecdən Anadolu Universitetinin Azərbaycan Respublikasındakı filialına yerdəyişməsini həll etməyin zəruriliyini və bununla da həqiqi hərbi xidmət keçməkdən möhlət alacağını bildirmişdir. Zərərçəkmiş şəxs3 bu işin necə baş tutacağını soruşduqda isə 5000 manat pulun qarşılığında həmin məsələni özünün həll edəcəyini demiş, bu vaxt Hətəm əvvəlcə Ravil Hüseyinovla razılaşmaq istəməsə də, övladının hərbi xidmətdən möhlət hüququ əldə edəcəyini eşidəndən sonra razılaşmışdır. 2022-ci ilin iyul ayının ortalarında dəqiq xatırlamadığı vaxtda və saatda Ravillə Sabirabad rayonu Suqovuşan kəndində ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində 5000 manat pul vermiş, həmin pulu Ravilə verməsi üçün qardaşı Zərərçəkmiş şəxs3 ona vermişdir. Bir müddət sonra, yəni 2022-ci ilin oktyabr ayında X20 universitetə qəbul olunmasını bildirmiş və bu barədə sənədləri Hətəmə vermiş, həmin sənədlərin arasında Ümüdün universitetinin bir illik təhsilhaqqının ödənilməsi barədə qəbz olmuş, həmin qəbzə əsasən Ravil aldığı 5000 manat puldan 960 euro universitetin balansına ödəmişdir. Onların aralarında olan danışıqlarda Təqsirləndirilən şəxs3 Hətəmin övladı Ümüdü universitetə qəbul etdirərək bu yolla onun hərbi xidmətdən möhlət hüququ alacağını bildirsə də, 2022-ci ilin oktyabr ayında Ümüd çağırış əsasında hərbi xidmətə aparılmış, o və qardaşı Təqsirləndirilən şəxs3 nə üçün verdiyi vədə əməl etməməsini soruşan zaman isə sonuncu işlərdə “xırda axsaqlıq” yarandığını, yenə də narahat olmamalarını, aldığı 5000 manat pulun qarşılığında Ümüdün hərbi xidmətini Sumqayıt şəhəri yaxınlığında Nasosnu deyilən yerdə yerləşən hərbi hissədə keçməyini təşkil edəcəyini bildirmişdir. Lakin zaman keçdikcə Ravil Hüseyovun qardaşı Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 aldadaraq pullarını ələ keçirməsini başa düşmüşdür. Məhkəmə iclasında iştirak etmiş şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır, sonuncu uzun müddət onun qonşusu olmaqla aralarında heç bir düşmənçilik münasibəti və ya ədavətləri olmamışdır. O, əvvəllər Sabirabad şəhəri 9 saylı ümumi orta məktəbdə ibtidai sinif müəlliməsi kimi fəaliyyət göstərmiş, lakin 2024-cü ilin iyun ayının əvvəllərində müəllimlər arasında keçirilmiş sertifikasiya imtahınından keçə bilmədiyi üçün müəllim kimi fəaliyyəti dayandırılmışdır. xx.xx.2024-cü il tarixdə hələ işlədiyi məktəblə əlaqəsi tam kəsilməmişdən əvvəl Təqsirləndirilən şəxs1 yanına gələrək imtahandakı uğursuzluğunu bildiyini və ona köməklik etmək istədiyini bildirmişdir. O, bu barədə qaynanası və əri ilə danışdıqdan sonra məlumat verəcəyini deyib yaşadığı evə getmiş, həmin gün qaynanası evinə gəldikdə Təqsirləndirilən şəxs1 dediklərini ona çatdırmışdır. Bundan sonra onlar Hamillə Abdullayevlə əlaqə saxladıqda sonuncu onu Bakı şəhərində yaşayan tanışı Sevda adlı qadının vasitəsilə Sabirabad şəhəri 4 nömrəli orta məktəbdə kitabxanaçı vəzifəsinə işə düzəldəcəyini demişdir. Onlar Hamillə razılaşdıqdan sonra qaynanası Zərərçəkmiş şəxs8 və Hamillə birlikdə tanımadığı taksi ilə Bakı şəhəri Sabuncu rayonunda yerləşən Təqsirləndirilən şəxs6 evinə getmiş, aralarında olan söhbət zamanı sonuncu onun məktəbdə işlə təmin edilməsini özünün həll edəcəyini, lakin həmin məsələyə görə pul lazım olmasını bildirmişdir. Qaynanası Zərərçəkmiş şəxs8 Sevdadan nə qədər pul lazım olmasını soruşduqda sonuncu 5-7 min arası pul lazım olduğunu qeyd etmiş, lakin qaynanası 3000 manat pulunun olduğunu bildirdikdə Sevda onunla razılaşmışdır. Həmin günün səhəri qaynanası ilə sonuncunun bacısı Solmazın yanına getmiş və olanları danışıb xx.xx.2024-cü il tarixdə Kapital Bank ASC-nin Sabirabad rayon filialından Solmazın adına 3000 manat pul kreditə götürmüşdür. Daha sonra həmin gün qaynanası Zərərçəkmiş şəxs8 və Təqsirləndirilən şəxs1lə birlikdə Sevdaya məxsus olan 5239-1517-4100-0635 saylı kart hesabına Sabirabad şəhəri Heydər Əliyev prospektində yerləşən “Bazarstore” marketindəki “E-manat” terminalı vasitəsilə 3000 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs6 ilə Təqsirləndirilən şəxs1 1 həftə ərzində onun işlə təmin olunacağına dair söz versələr də, həmin şəxslər göstərdikləri müddət ərzində vədlərini yerinə yetirmədiyi üçün qaynanası Hamil və Sevdadan pulunu geri ödəmələrini tələb etmişdir. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində qaynanası ilə birlikdə Hamilin yaşadığı evə getmiş, bir qədər keçdikdən sonra Hamil evlərinə gəlib çatan kimi nə üçün gəldiklərini soruşmadan pullarını onun yemədiyini, pulunu yeyən adamdan, yəni Sevdadan həmin pulu geri tələb etməklərini bildirmiş və masanın üzərinə yumruqla vurmuşdur. Qaynanası Zərərçəkmiş şəxs8 Hamillə danışmaq istəyən zaman sonuncu Minənin üzərinə gəlmiş, onun başından şillə ilə vurmuşdur. Zərərçəkmiş şəxs8 şillənin təsirindən yerə yıxılaraq xəsarət aldığı üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs6 barəsində polis orqanına və prokurorluğa müraciət etmişdir. Sabirabad RİHB-nın şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Sabirabad RİHB-nın Muğan Gəncəli İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs5 Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli hökmü ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilərək 2 il sınaq müddəti təyin edilərək cəzası şərti hesab edilmiş, 2 il dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmişdir. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(073)- 51/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs5 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş şərti məhkum etmə Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilərək, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən əvvəlki cinayət işi üzrə 08 dekabr 2021-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək həbsdə saxlandığı müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 5 (beş) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılaraq Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşlar. Məhkəməyə təqdim edilmiş müharibə iştirakçısı vəsiqəsinin və medalların vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Ağayevs oğlunun övladı Vətən müharibəsi iştirakçısıdır və medallarla təltif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməsi, məhkəmə istintaqı zamanı toplanmış sübutlarla, yəni zərərçəkmiş şəxslərin, təqsirləndirilən şəxslərin ifadələri və cinayət işinin materialları ilə tam təkzib edildiyindən onun ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən ələ keçirərək dələduzluq etməsi, Təqsirləndirilən şəxs5 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs5 əməli isə düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindikləri maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi olmuşdur. CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi oğulunun müharibə iştirakçısı olması, yaşı, ailəsinə yeganə qazanc gətirən şəxs olması və ilk dəfə cinayət əməli törətməsi olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Təqsirləndirilən şəxs5 cəzasını yüngülləşdirən hallar CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi olmuşdur. CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi törədiyi cinayət əməlini etiraf etməklə əməlindən peşmançılıq hissi keçirməsi, yaşının 70-dən çox olmasını, himayəsində bir azyaşlı övladının olması olmuşdur. Təqsirləndirilən şəxs5 məhkumluğunun ödənilmədiyi dövrdə yenidən qəsdən cinayət törətməsi CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinib maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi cəzanın məqsədinə daha uyğundur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Ağaveyis oğlunun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdədək şübhəli şəxs qismində tutulduğu bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməməlidir. Həmçinin, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Ağaveyis oğlunun üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respubliaskı Ali Məhkəməsi Plenumunun 25 iyun 2023-cü il tarixli qərarına əsasən şərti məhkum edilmiş şəxsin birinci iş üzrə hökm çıxarılanadək başqa cinayət törədilməsində də təqsirli olması müəyyən edilərsə bu halda CM-in 65-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilmir. Belə ki, CM-in 71-ci maddəsində şərti məhkumetmənin ləğv edilməsi əsaslarının tam siyahısı verilmişdir. Belə hallarda birinci və ikinci işlər üzrə hökmlər müstəqil icra olunur. Odur ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(073)-51/2025 saylı hökmü müstəqil icra edilməlidir. Azərbaycan Respublikası CM-nın 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə digər Təqsirləndirilən şəxs5 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzasını yüngülləşdirən və cinayətin residivi ilə bağlı cəzasını ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nın 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəzanın şərti hesab edilib sınaq müddəti təyin edilməsini cəzanın məqsədinə daha uyğun olardı. Bundan əlavə barsəində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməli və üzərinə vəzifə qoyulmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanmasının bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs5 təyin edilmiş cəza şərti tətbiq edilərək, ona 2 (iki) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin və təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı gündən hesablansın. Təqsirləndirilən şəxs5 üzərinə onun davranışına nəzarəti həyata keçirən müvafiq icra və probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılasın. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(073)-51/2025 saylı hökmü müstəqil icra edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar