Məhkəmə qərarları › İş №1(056)-25/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-25/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-25/2025 13.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşıdırlması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxar MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, 1 ədəd bükümdə təmiz çəkisi 0,76 qram və 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,88 qram olmaqla ümumi çəkisi 6,64 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşımış, 16 oktyabr 2024-cü il tarixdə, saat 12 radələrində Sabirabad şəhərində “Bağın altı” adlanan ərazidə 01 ədəd bükümdə təmiz çəkisi 0,76 qram olan qurudulmuş marxuananı tanışı - Sabirabad şəhər sakini Şahid1 5 manat pul müqabilində satmış, sonuncu həmin tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılarkən üzərində aşkar olunmuş narkotik vasitəni ondan alması barədə məlumat verdiyindən həmin tədbirlərin davamı olaraq o, saat 23 radələrində Sabirabad şəhəri Q.Namazəliyev küçəsində saxlanılaraq Sabirabad şəhəri Heydər Əliyev prospekti 91 ünvanında yerləşən RPŞ-də gətirilmiş, şöbənin Növbətçi Hissəsində üzərində saxladığı əşyaların təqdim olunması tələb edildikdə əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən, Şahid1 üzərində aşkar edilmiş 0,76 qram narkotik vasitə qurudulmuş marixuana ilə orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni olan 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,88 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 3 ünvanda tək yaşayır, təxminən 3 ilə yaxındır ki, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir. O, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 07 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, tutulmamışdan bir neçə gün öncə Şahid1lə birlikdə marixuana çəksə də, nə Orxana, nə də digər bir şəxsə narkotik vasitə satmamışdır. Ona görə də özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir.Əməlindən peşimandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, bir neçə dəfə yaşadığı rayon ərazisində piyada gəzərkən yerdən “nəşə”, yəni qurudulmuş marixuana tapıb istifadə etmiş, təxminən 2024-cü ilin avqust ayının sonlarında dəqiq tarixi yadında qalmayan vaxtda günorta saatlarında Kür çayına çimmək üçün getmiş, orada kolluqların arasında bir ədəd çətənə kolu olduğunu görmüşdür. Həmin çətənə kolunun yararlı hissələrini qopardıb alt geyiminin içərisində qurutmaq məqsədilə yaşadığı evə gətirmiş, gövdə hissəsini isə yandırıb çöl sahəyə tullamışdır. Həmin çətənə kolunun yararlı hissələrini həyətində qurudub “nəşə”, yəni qurudulmuş marixuana əldə etmiş, sonra həmin nəşəni yaşadığı evdə saxlayıb az-az istifadə etmişdir. Xəstə olduğu üçün ona köməklik etmək məqsədilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə tanışı Sabirabad şəhər sakini Şahid1 ona yemək gətirməsi üçün çağırmış, Orxan da ona yemək gətirib vermişdir. Orxanın narkotik istifadəçisi olduğunu bildiyi üçün sonuncuya pul verə bilməmiş, bu səbəbdən Orxana pay kimi xırda bükümdə az miqdarda qurudulmuş marixuana vermiş, sonra Orxan çıxıb getmişdir. 16 oktyabr 2024-cü il tarixdə, saat 22-23 radələrində qurudulmuş marixuanadan qalan kütləni də 1 ədəd kibrit qutusuna yığmış, sonra əynində olan idman şalvarının sağ yan cibinə qoyub rayon mərkəzinə getmək üçün evdən çıxmışdır. Küçədə olan zaman ona mülki geyimli şəxslər yaxınlaşıb vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını demiş, ona narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğunu bildirib Sabirabad RPŞ-nə dəvət etmişlər. O da etiraz etməmiş, şalvarında olan kibrit qutusunu atmağı düşünməsinə baxmayaraq buna imkan olmamış, onlar polis şöbəsinə gəlmişlər. Orada üzərində hər hansı əşya olub-olmadığı soruşulduqda əynində olan şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonunu, üst geyiminin sol yan cibindən bir ədəd siqaret qutusu və bir ədəd alışkanı, şalvarının sağ yan cibindən isə bir ədəd kibrit qutusu çıxarıb təqdim etmiş, polis əməkdaşı ondan kibrit və siqaret qutularında nə olduğunu soruşduqda həmin polis mayoruna kibrit qutusunun içərisində “nəşə” olduğunu, siqaret qutusunda isə ancaq siqaret olduğunu bildirmiş, sonra həmin kibrit və siqaret qutularını açıb göstərmişdir. Kibrit qutusunun içərisindəki narkotik vasitə olan qurudulmuş marixuananın özünə aid olduğunu demiş, bundan sonra şübhəli şəxs qismində tutulmuş, müdafiəçi kimi Müdafiəçi seçmiş, sonra üzərindən aşkar olunmuş əşyalara müstəntiqin xidməti otağında videoçəkilişlə baxış keçirilmişdir. Üzərində aşkar olunmuş qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırılaraq götürülmüş, qablaşdırmanın üzərinə o və digər iştirakçılar imza etmiş, bundan sonra baxış yekunlaşdırılmışdır. Narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə etmiş, başqa heç bir narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. Heç vaxt kiməsə narkotik vasitə və ya başqa maddə satmamışdır. Orxanın yalan danışdığını, sonuncuya qurudulmuş marixuananı hər hansı məbləğdə olan pul müqabilində deyil, pay kimi verdiyini qeyd etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, habelə RPŞ-nə gətirildikdən sonra, eləcə də ifadələri alınan zaman ona qarşı heç bir zor və ya belə zorun tətbiq ediləcəyi hədəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun kartına pul ataraq onun itlərinə sümük alıb gətirməsini xahiş etmişdir. O, sümük və yemək alaraq Səbuhinin evinə gətirmiş, lakin Səbuhi evdə olmadığına görə qalan 5 manat pulu qapının yanında gizlətmiş və bu barədə Səbuhiyə məlumat vermişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə verərkən Səbuhidən 5 manat müqabilində narkotik vasitə aldığını bildirsə də, evə gəldikdən sonra Təqsirləndirilən şəxs barəsində vermiş olduğu ifadədən eyni rayondan olduqları, tez-tez üz-üzə gəldiyi, onunla tanış olduğu üçün utandığını və onun barəsində şahid qismində ifadə verdiyi üçün peşiman olmuşdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 14 ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan və 1 ildir ki, psixotrop maddə metamfetamindən istifadə edir, Sabirabad şəhəri sakini Təqsirləndirilən şəxs tanıyır, sonuncu ilə arasında heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Səbuhinin narkotik vasitələr satdığını bilmiş, əvvəllər də Səbuhidən dəfələrlə qurudulmuş marixuana almışdır. xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Səbuhi ***-***-**-** mobil nömrəsi ilə onunla əlaqə saxlayaraq Sabirabad şəhəri ərazisində “Bağın altı” adlanan ərazidə, musiqi məktəbinin yanında görüşmüş, Səbuhiyə 5 manat pul verərək, 01 büküm, el arasında “nəşə” kimi tanınan qurudulmuş marixuana almışdır. Səbuhidə marixuananı aldıqdan sonra axşam çəkmək niyyəti ilə üzərində olan qəhvəyi rəngli şalvarının cibində saxlamış, həmin gün saat 17:45 dəqiqədə onu ictimai qaydanı pozduğuna görə RPŞ-yə dəvət etmişlər. Sabirabad RPŞ-nin NH-də üzərindən Səbuhidən aldığı narktoik vasitə aşkar olunaraq götürülmüşdür.18 oktyabr 2024-cü il tarixdə onunla Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir.Üzləşdirmə zamanı o, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxslə ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq Sabirabad şəhəri ərazisində “Bağın altı” adlanan ərazidə, musiqi məktəbinin yanında görüşdüyünü və sonuncuya 5 manat pul verərək, ondan bir büküm “nəşə” kimi tanınan qurudulmuş marixuana aldığını bildirmişdir. Həmin üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid1 üzünə qarşı dediklərinə cavab olaraq həmin narkotik vasitəni 5 manat pul müqabilində deyil, sonuncunun ona yemək gətirdiyinə görə verdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsindədir. 16 oktyabr 2024-cü il tarixdə Sabirabad şəhər sakini Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindikdən sonra üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, Şahid1 həmin narkotik vasitəni Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs 16 oktyabr 2024-cü il tarixdə, saat 12 radələrində 5 manat müqabilində aldığını bildirmişdir. Bununla bağlı müstəntiq tərəfindən tapşırıq yazılmış, tapşırığın icra edilməsi ona həvalə edilmiş, o da iş yoldaşı Sabirabad RPŞ-nin CAB-nin əməkdaşı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Sabirabad şəhəri Q.Namazəliyev küçəsinə getmişdir. Saat 22 radələrində həmin küçəyə çatdıqda Təqsirləndirilən şəxs piyada küçə ilə hərəkət etdiyini görüb sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib RPŞ-nə dəvət etdikdə sonuncu onlarla birlikdə RPŞ-nə gəlmiş, RPŞ-nə gəldikdən sonra Təqsirləndirilən şəxs NH-yə təhvil vermişlər. Orada Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman məsul növbətçi Şahid4 tərəfindən üzərində olan əşyaları təqdim edilməsi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, üst geyimindən sol yan cibindən bir ədəd siqaret qutusu və bir ədəd alışkan, şalvarının sağ yan cibindən isə bir ədəd kibrit qutusu çıxarıb təqdim etmişdir. Şahid4 Təqsirləndirilən şəxs kibrit və siqaret qutularında nə olmasını göstərməsini təklif etdikdə sonuncu kibrit qutusunda öz istifadəsi üçün “nəşə”, yəni qurudulmuş marixuana olduğunu bildirmiş, bundan sonra bu barədə məsul növbətçi Şahid4 tərəfindən şöbə rəhbərliyinə raportla müraciət olunmuşdur. Daha sonra müstəntiqin xidməti otağında onun, məsul növbətçi Şahid4, CAB-nin əməkdaşı Şahid3, şübhəli Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalara baxış keçirilmişdir. Baxış zamanı qeyd olunan əşyaların həqiqətən Təqsirləndirilən şəxs üzərindən aşkar edilib-edilmədiyi soruşulduqda sonuncu həmin əşyaların özünə məxsus olduğunu və özünün növbətçi Şahid4 təqdim etdiyini qeyd etmiş, kibrit qutusu müstəntiq tərəfindən açılıb içərisinə baxış keçirildikdə yaşıl rəngli bitki mənşəli kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin kütləni şəxsi istifadə üçün saxladığını bildirmiş, Təqsirləndirilən şəxs Sabirabad şəhər sakini Şahid1 adlı şəxsə narkotik vasitə satıb-satmaması soruşulduqda sonuncu Orxan adlı şəxsə narkotik vasitə olan qurudulmuş marixuana satmadığını, həmin narkotik vasitəni Orxan adlı şəxsə yemək gətirib kömək etdiyi üçün əvəzsiz olaraq verdiyini demişdir. Daha sonra aşkar edilmiş kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisinin 8,84 qram olduğu müəyyən olunmuş, daha sonra həmin kütlə kibrit qutusu ilə birlikdə bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb üzəri möhürlə möhürlənmiş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs məxsus olan “Samsung” markalı mobil telefon əhəmiyyət kəsb edəcək məlumatların əldə edilməsi ehtimalı ilə götürülmüş, bundan sonra aşkar olunan narkotik vasitə ilə bağlı protokol tərtib edilmiş, o da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid2 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında işdə olan DVD diskə baxış zamanı da şahidlərin göstərdikləri öz təsdiqini tapmışdır. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(056)- 15/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətində azadlığın məhdudlaşıdırlması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1(bir) il 7(yeddi) ay, 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan 16 oktyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:15 dəqiqədə Sabirabad RPŞ-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(056)- 146/02024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 3( üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X2 Regional Bölməsinin 17 oktyabr 2024-cü il tarixli, 18/861 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən..” sözləri və imzalar olan kağız paketdə, 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,88 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X2 Regional Bölməsinin 17 oktyabr 2024-cü il tarixli, 18/859-860 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “...Şahid1 üzərindən..” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,142 qram olan ağımtıl rəngli, kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.01 ədəd bükümdə təmiz çəkisi 0,76 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qururdulmuş marixuanadır. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X2 Regional Bölməsinin 05 dekabr 2024-cü il tarixli, 18/952 nömrəli rəyindən görünür ki tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs və Şahid1 götürülmüş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidir. İş materiallarında olan DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1( bir) il 7( yeddi) ay 18 ( on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Sabirabad rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 7 (yeddi) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2024-cü il tarixədək çəkilməmiş hissəsi 1(bir) il, 2 (iki) ay 9 (doqquz) gün təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi Ambulator Məcburi - Narkoloji Tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 7295 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabionidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad Rayon İHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməli toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, şahidlərin ifadələri, baxış keçirilməsi protokolu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Şahid1 ibtidiai istintaq zamanı təqsirləndirilən şəxsə qarşı ifadə verdikdən sonra peşiman olması barədə məhkəmə iclasında verdiyi ifadəni nəzərə alaraq hesab edir ki, şahidin hazırda məhkəmədə verdiyi ifadəsi onun təqsirləndirilən şəxsə kömək etmək məqsədi daşıyır. Məhkəmə,təqsirləndirilən şəxsin özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilməməsini isə onun məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirir.Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respbulikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəzanın təyin olunmasını müzakirə edərək ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini əsaslı və onun islah olunması üçün yetərli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67-ci və 68.1.1- 1-ci maddələrinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi hazırki hökmlə təyin ediləcək cəza ilə (hökmlərin məcmusu halında) qismən birləşdirilməli, ona azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-ci il tarixdən hesablanmalı və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan əlavə, qanunvericiliyin tələblərinə əsasən təqsirləndirilən şəxsin barəsində təyin edilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanmalı, iş üzrə ekspertiza xərcini təşkil edən 99,48 manat təqsirləndirilən şəxsdən alınıb Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sabirabad rayon Polis şöbəsində saxlanılan tədqiqatdan sonra təmiz çəkisi 5,84 və 0,72 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və maddi sübut olan 1 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs ailəsinə qaytarılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən 07 ( yeddi) saat 20 (iyirmi) dəqiqə iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 44 (qırx dörd) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 07 (yeddi) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşıdırlması cəzasının şübhəli şəxs qismində tutulduğu 16 oktyabr 2024-cü il tarixədək çəkilməmiş qalan 1(bir) il 2 (iki) ay 09 (doqquz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci və 68.1.1-1-ci maddələrinə əsasən azadlığın məhdudlaşdırlmasının 2 (iki) günü 1(bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmaqla hazırki cinayət üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilsin və ona qəti olaraq 3(üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 16 oktyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində nəzarətə götürülsün. Sabirabad Rayon Polis Şöbəsində saxlanılan, iş üzrə maddi sübut olan, tədqiqatdan sonra təmiz çəkisi 5,84 qram narkotik vasitə qurudulmuş marixuana, bundan başqa tədqiqatdan sonra təmiz çəkisi 0,72 qram olan qurudulmuş marixunana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və maddi sübut olan 1 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs ailəsinə qaytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının cəmi 99,48 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs hüquqlarını Sabirabad Rayon Məhkəməsində dövlət vəsaiti hesabına 07 saat 20 dəqiqə müddətində müdafiə etdiyi üçün, Vəkillər Kollegiyasına ayrılan vəsaitdən 44 (qırx dörd) manat Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi adına olan bank hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar