Məhkəmə qərarları › İş №1(056)-26/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-26/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-26/2025 14.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X7 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Cəbrayıl rayonu Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, məhkum olumayan, Cəbrayıl rayonu Şıxlar kəndində qeydiyyatda olan, Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 9 saylı qəsəbədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs, sonuncunun əlillik dərəcəsi 2-ci qrupdan 3-cü qrupa dəyişdirilən oğlu X3 yenidən 2-ci qrup əlilliyinin bərpa olunmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə, 2023-cü ilin aprel ayının ortalarında, saat 12 radələrində Sabirabad şəhəri ərazisində “qlobus dairəsi” adlanan yerdə əlbəəl 1200 manatını ələ keçirib vədinə əməl etməyərək, ümumilikdə Zərərçəkmiş şəxs 1200 (min iki yüz) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bu hərəkətinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2-ci qrup əlildir və ona isterik nevroz, reaktiv vəziyyət, tez-tez baş verən qıcolmalar və digər xəstəliklər diaqnozu qoyulmuşdur. X1 1-ci Qarabağ müharibəsi şəhidi, anası 14 uşaq anası kimi qəhrəman ana, qardaşı Kazım İsmayılov da polis əməkdaşı olmuş və 1-ci Qarabağ müharibəsində yaralandıqdan sonra vəfat etmişdir. X2 da psixi xəstədir və ömürlük təqaüdçüdür. O və digər ailə üzvləri Cəbrayıl rayonundan məcburi köçkündürlər və 1992-ci ildə Sabirabad rayonu ərazisinə köçmüşlər. Sabirabad rayonu ərazisində məcburi köçkün kimi yaşayarkən, o və ailə üzvləri Rəfail və ailə üzvləri ilə tanış olmuşlar. 2023-cü ilin əvvəlində Bakı şəhəri ərazisində yerləşən 1 saylı Respublika Klinik Xəstəxanasında həkimdən epikriz alarkən, orada bir cavan oğlan görmüşdür. Onunla həmsöhbət olmuşdur və ona özünün Sabirabad rayonu Cavad kəndindən Rəfailin oğlu Zülfüqar olduğunu demişdir. Bundan sonra o, dərhal Rəfaili tanımış və Zülfüqar ona həkimlərdən sənədlər almaq üçün kömək lazım olduğunu demişdir. O, Zülfüqara sənədlərini əldə etməkdə hansı həkimin qəbuluna getməsi ilə bağlı şifahi köməklik etmiş və həmin köməklik nəticəsində Zülfüqar 3cü qrup əlillik almışdır. Zülfüqara və daha sonra isə onun atası Rəfailə mobil telefon nömrəni vermişdir. Beləcə aralarında bir neçə dəfə telefon danışıqları olmuşdur. Telefon danışıqları zamanı o, Rəfailə oğlu Zülfüqarın 3-cü dərəcə əlillikdən əvvəlki dərəcəyə, yəni 2-ci dərəcə əlilliyə keçməsində köməklik edə biləcəyini, lakin bunun üçün ona 1200 manat pul lazım olduğunu demişdir. Hansı ki, guya həmin pulu o, həkimlərə verəcəyini demişdir. Bununla da 2023-cü ilin aprel ayının ortalarında o, Rəfaillə Sabirabad şəhəri ərazisində, “Qlobus dairəsi” adlanan yerdə görüşmüşdür. Taksi ilə oraya gəlmiş və taksidən düşərək Rəfaillə görüşmüş, Rəfail orada ona əlbəəl 1200 manat pul vermişdir. Həmin vaxt orada başqa kimsə olmamışdır. Daha sonra o, Rəfailə hər hansı bir köməklik etməmiş və kimsəyə, hər hansı bir həkimə də həmin puldan verməmişdir. Təqsirini etiraf edir və ən yaxın müddətdə Rəfailə pulunu geri ödəyəcəkdir. O, həmin puldan kimsəyə verməmiş və özü istifadə edib xərcləmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanın tam həcmdə ödəməsini və bununla da onunla barışıq əldə etdiyini, zərərçəkmişin ona qarşı heç bir şikayət, tələb və iddiasının olmamasını nəzərə alaraq onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki o, Təqsirləndirilən şəxs tanıyır. Ələsgər Cəbrayıl rayon sakinidir və 1993-cü ildə ailə üzvləri ilə birlikdə Sabirabad rayonu Cavad kəndi ərazisinə yerləşmişdir. Ailəvi gediş-gəlişləri olmuşdur. Beləcə, onların uzun illər ünsiyyətləri olmuşdur. Ələsgərgil daha sonra Sabirabad rayonu Türkədi kəndi ərazisinə, bir müddət sonra isə Biləsuvar rayonu ərazindəki Cəbrayıl məcburi köçkün qəsəbəsinə köçmüşlər. Onun 1999-cu il təvəllüdlü oğlu X6 2-ci qrup əlil olmuşdur. 2022-ci ildə onun əlillik kateqoriyasını dəyişərək 3-cü qrup əlil etmişlər. 2023-cü ilin avqust ayında isə Zülfüqarın əlilliyi ümumiyyətlə ləğv olunmuşdur. O, Zülfqarın əlilliyi 2-ci qrupdan 3-cü qrupa keçdikdən sonra çox çalışmışdır ki, kateqoriyası əvvəlki kateqoriyaya dəyişdirilsin, yəni 3-cü qrup əlillikdən 2-ci qrup əlilliyə yenidən bərpa olunsun. Həmin ərəfələrdə, yəni 2022-ci ilin sonlarında Zülfüqar əlilliyin bərpa mərkəzinə getmiş və orada Zülfüqar Təqsirləndirilən şəxsla rastlaşmışdır. Zülfüqar Ələsgərlə söhbət əsnasında onu, ailə üzvlərini tanıdığını, əlilliyinin 3-cü qrupdan 2-ci qrupa bərpa olunması üçün köməklik edə biləcəyini demişdir. Ələsgər də elə oradan, Zülfüqarın yanında olanda ona özünə məxsus olan ***-***-**-** mobil nömrəsindən onun ***-***-**-** mobil telefon nömrəsinə zəng etmiş və hal-əhval tutduqdan sonra Zülfüqarın 2-ci qrup əlilliyinin bərpa olunmasına köməklik edə biləcəyini demişdir. O da Ələsgərə minnətdarılıq bildirərək, Zülfüqara köməklik etməsini xahiş etmişdir. Ələsgər Zülfüqarın bir neçə həkim komissiyasından keçməyə şifahi məlumatları ilə köməklik etmişdir. Təxminən 10-15 gün sonra isə Ələsgər Sabirabad şəhəri ərazisinə gəlmiş və onlar Sabirabad rayonu Qalaqayın kəndi ərazisindəki restoranlardan birində görüşmüşlər. Orada yemək yemişlər. Söhbət əsnasında Ələsgər ona Zülfqarın 2-ci qrup əlilliyinin bərpa olunmasına köməklik edə biləcəyini demişdir. Bundan sonra Ələsgər oradan getmiş və onlar bir neçə dəfə telefonla əlaqə saxlamışlar. Telefon danışığı zamanı Ələsgər ona Zülfüqarın əlilliyinin bərpa olunması üçün 1500 manat lazım olduğunu demişdir. O da Ələsgərə 1500 deyil, heyvanını satdıqdan sonra əldə edəcəyi pulu verəcəyini demişdir. Daha sonra o, 1 baş iribuynuzlu erkək balalı heyvanını 1200 manata satmışdır. Onlar yenidən telefonla danışıb Sabirabad şəhəri ərazisindəki “qlobus dairəsi” adlanan yerdə görüşmək barədə vədələşmişlər. Elə həmin telefon danışığı olan gün, yəni 2024-cü ilin aprel ayının ortalarında Təqsirləndirilən şəxs yaşadığı Cəbrayıl məburi köçkün düşərgəsindən taksi ilə gəlmiş və Ələsgər ona Bakı şəhərinə getdiyini demiş, “qlobus dairəsi”dən Bakı şəhəri istiqamətinə döndükdə, yolun sağında Ələsgərlə görüşmüş və sonuncuya ağ rəngli kağız zərfdə 1200 manat pul vermişdir. Ələsgər əvvəlcə zərfin içərisinə baxmaq istəməmiş, lakin, o, təkid etmişdir ki, Ələsgər zərfi açıb içərisinə baxsın. Ələsgər pulu saymış və ondan təhvil alaraq oradan gəldiyi taksi avtomobilinə əyləşib Bakı şəhəri istiqamətində getmişdir. Daha sonra o, Ələsgərlə dəfələrlə telefon əlaqəsi saxlamışdır. Ələsgər hər dəfə ona həkimin Naxçıvana getdiyini, gah Türkiyədəki zəlzələ ilə əlaqədar yardım toplanması işi məşğul olduğu üçün vaxtının olmadığını, həkimin qəbuluna düşə bilmədiyini, həkimin telefonu açmadığını, övladının xəstə olduğunu bildirmiş və digər bu kimi bəhanələr gətirərək işin həll olunmasını yayındırmışdır. Həmin telefon danışıqları zamanı o, artıq Ələsgərin onu aldatmasından şübhlənməyə başlamışdır. Bir müddət sonra isə o, artıq polis şöbəsinə şikayət etmək qərarına gəlmişdir. İfadəsinin sonunda zərərçəkmiş Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin əvəzi tam həcmdə ödənilmiş və bununla da onunla barışıq əldə etmişdir. Hazırda ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxsnun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nın 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yarandığından, Təqsirləndirilən şəxsnun CM-nın 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikası CPM-nın 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün, CM-nın 73-1.1-ci maddəsi əsasında onun barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyi halda, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri də ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs dəymiş ziyanın əvəzi tamamilə ödənildiyi üçün və onlar arasında barışıq olduğu səbəbindən, CM-nın 73-1.1-ci maddəsi əsasında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar