Məhkəmə qərarları › İş №1(056)-27/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-27/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-27/2025 30.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Sabirabad rayonu Zəngənə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu Zəngənə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihama görə, özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 sentyabr 2024-cü il tarixdə, saat 19 radələrində alkoqol sərxoşluğu vəziyyətində olmaqla, Sabirabad rayonu Zəngənə kənd sakini Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinə açıq pəncərədən qanunsuz daxil olaraq evin yataq otağının pəncərə altında qoyulmuş karton qutunun içərisindəki qara rəngli pulqabıdan 100 manatlıq əskinaslardan ibarət 500 (beş yüz) manat pulu tamah niyyəti ilə talayıb, Zərərçəkmiş şəxs 500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əri Şahid1 onun bibisi oğludur və aralarında heç bir düşmənçilik və ya ədavət yoxdur. xx.xx.2024-cü il tarixdə günorta saatlarında o, Həsənağa ilə birlikdə yaşadığı Zəngənə kəndindəki evində yemək yeyib spirtli içki qəbul etmiş, bundan sonra onlar yaşadıqları kənd ərazisində Bəhlulun pivəxanasına getmişlər. Həsənağa orada qalmış, o isə sərxoş vəziyyətdə Həsənağagilə getməyi qərarlaşdırmışdır. O, Həsənağagilə gəlmiş və həmin vaxt evin həyətində olan Həsənağanın arvadı və azyaşlı qızı onu həyətdən qovub küçəyə çıxarmışlar. O, həyətdən çıxdıqdan bir neçə dəqiqə sonra, saat 19 radələrində yolun digər tərəfi ilə yenidən həyətə gəlmiş və həmin vaxt eyvanda oturan bibisi Akifədən ona çay verməsini istəmişdir. Hansı ki, həmin vaxt Vəfa və azyaşlı uşaqları qonşuya keçmişlər. Bibisi Akifə ona çay verməyəcəyini, evdən getməyini istədiyini demişdir. O isə həyətdən guya getmək adı ilə eyvandan aşağı düşmüş və dolanaraq evin arxa tərəfinə keçmişdir. O, evin pəncərəsindən evin yataq otağına daxil olmuş və orada karton qutunun içərisindəki qara rəngli pulqabını açdıqda, içərisində 500 manat pul olduğunu görmüşdür. O, daha sonra pəncərədən həyətə tullanmış və oradan getmişdir. Oradan getdikdən sonra kənd ərazisində həmkəndlisi Vasifin dükanına gəlmiş, dükanda oğurladığı 500 manatdan 100 manatını cibindən çıxarıb Vasifə verərək, 2 qutu siqaret alıb oradan getmişdir. Daha sonra isə o, həmin oğurladığı pulu siqaret, içki və bu kimi digər şeylər alaraq xərcləmişdir. Oğurluq edərkən yanında həmin vaxt kimsə olmamış və eyni zamanda onun oğurluğundan başqa kiminsə xəbəri olmamışdır. Oğurluğu sərxoş vəziyyətdə törətmiş və izahatında 200 manat oğurladığını desə də, sonradan 500 manat pul oğurladığını xatırlamışdır. Hazırda əməlindən peşmandır. Hinayəsində 7, 16 və 17 yaşlarında olmaqla 3 övladı vardır. Fəhləlik etməklə ailəsinə yeganə qazanc gətirən şəxsdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmişdir və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Göstərdiyi halların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əri Həsənağanın dayısı oğludur. Təqsirləndirilən şəxs səfil həyat tərzi yaşayır, alkoqolikdir və hər gün spirtli içki qəbul edir. xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində yaşadığı Sabirabad rayonu Zəngənə kəndindəki evinin həyətyanı sahəsində xəstə qaynanası və azyaşlı övladları ilə birlikdə olarkən, sərxoş vəziyyətdə olan Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə daxil olmuş, o, Vidadidən nəyə görə həyətinə gəldiyini soruşduqda, Vidadi onun əri Həsənağanın guya – get evimizə, gəlirəm – dediyini bildirmişdir. O, Vidadinin bu sözünün yalan olduğunu dərhal anlamış və həyətdən qovub çıxarmışdır. Bir neçə dəqiqə sonra o, qonşusu Elnarənin evinin həyətyanı sahəsinə keçmişdir ki, orada palçıqdan təndir düzəltsin. Elnarəgildə olarkən, qızı Yağmur qaçaraq gəlib ona Vidadinin yenidən həyətə gəldiyini xəbər vermişdir. O, həyətə qayıtmış və Vidadinin artıq həyətdən getdiyini görmüşdür. Orada qızı Yağmur ona evin arxa tərəfindən kiminsə pəncərədən tullanma tappıltısını eşitdiyini, qaçaraq evin arxasına keçdikdə Vidadini gördüyünü və Vidadidən həyətdə nə etdiyini soruşduqda, Vidadi Yağmura siqaretini həyətdə düşürdüyünü, siqaretini axtardığını dediyini xəbər vermişdir. Növbəti gün, səhər saatlarında o, övladlarına paltar almaq üçün əri Həsənağa ilə birlikdə Sabirabad şəhərinə getmək qərarına gələrək taksi çağırmışlar. O, evin yataq otağında qutunun içərisində saxladığı qara rəngli pulqabısını götürüb darvazanın önündə dayanan taksi avtomobilinə əyləşmişdir. Həsənağa ondan anasının pensiya kartını götürməsini istəmiş, Həsənağaya pensiya kartının pulqabında olduğunu demişdir. Həsənağa ona dəqiq olsun deyə, yenidən pulqabına baxmalı olduğunu demişdir. O, pulqabını açdıqda, içərisində olan 500 manat pulun oğurlandığını aşkar etmiş və dərhal anlamışdır ki, pulu Təqsirləndirilən şəxs götürmüşdür. O, oradan evin pəncərəsinə baxmış və pəncərədə palçıqlı ayaq izinin olduğunu görmüşdür. Həmin vaxt xəbər tutmuşdur ki, Vidadi ötən gecə, yəni oğurluq etdikdən sonra kənd ərazisindəki Vasif adlı şəxsə məxsus dükandan 100 manat verib özünə nələrsə almışdır. Bu xəbərdən sonra o, həmin pulun oğurlanan pulu olduğundan əmin olmuşdur. Bundan sonra o, Zəngənə kəndində, evinin yaxınlığında yerləşən Vasif adlı şəxsə məxsus həmin dükana gedərək oradakı kamera görüntülərinə baxdıqda, Vidadinin əlini cibinə salaraq pulları cibində ayırdığını və 100 manat çıxarıb özünə siqaret aldığını müşahidə etmişdir. O, elə oradaca Vidadinin mobil telefon nömrəsinə zəng etmiş və Vidadidən 500 manat pulunu geri gətirməsini istəmişdir. Vidadi ona cavabında – mən pul görməmişəm, cibimdə 7 manat pul olub, özümə siqaret alıb getmişəm, gözlə 10 dəqiqəyə gəlirəm – demiş, yenidən Vidadiyə – kameraya baxıram, görürəm burada ki, sən dükançıya 100 manat verirsən – dedikdə sonuncu telefonu söndürmüşdür. Bundan sonra o, DİN-in 102 Xidmətinə bu barədə məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə, Vidadinin anası Nigar evinə gəlmiş və ağlayaraq Vidadinin həbs olunmasını istəmədiyini bildirib Vidadinin oğurladığı 500 manatın 300 manatını qaytarmışdır. Qalan 200 manatı da Nigar xx.xx.2024-cü il tarixdə əri Həsənağaya qaytarıb vermişdir. Beləcə, Vidadinin anası Nigar ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Hazırda onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tamamilə ödənilmişdir. Odur ki, o, təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir və şikayətinin olmaması barədə ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə iclası zamanı İş üzrə şahid qismində dindirilmiş Şahid1 arvadı Zərərçəkmiş şəxs ifadəsini mahiyyəti üzrə təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Sabirabad RİHB-nin Cavad kənd İƏD-nin nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və özünün ifadəsi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın növünü və həddini müəyyən edərkən, onun zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, dəymiş ziyanı ödəməsini, ona qarşı şikayət və tələbin olmamasını, ailə vəziyyətini və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. iş üzrə məhkəmə xərci, maddi subut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nın 347-349, 351-353, 381- 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək və yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci, maddi subut və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar