Məhkəmə qərarları › İş №1(056)-28/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-28/2024

20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-28/2024 20.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi-vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 nəfər yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Sabirabad rayonu, Cavad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan 145 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində qanunsuz daşıyaraq, tanışı Sabirabad şəhər sakini Şahid4 idarə etdiyi “Hyundai Elantra” markalı **-VS-*** qediyyat nişanlı avtomobilin salonunda saxlamış, 05 avqust 2023-cü il tarixdə saat 21:20 dəqiqədə sonuncu özünə məxsus avtomobili idarə edib Sabirabad şəhər H.Əliyev prospekti ilə hərəkətdə olarkən, həmin ərazidə RPŞ-nin DYPBnin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Sabirabad şəhəri, Vidadi küçəsində saxlanılmış, o, sərnişin qismində əyləşdiyi həmin avtomobildən düşüb qaçmış həmin gün saat 21:27 dəqiqədə avtomobilə baxış keçirilən zaman, avtomobilin qabaq sol oturacağın altından bir ədəd polietilen torbaya yerləşdirilmiş iki ədəd şəffaf polietilen torbanın içərisində ayrı-ayrılıqda təmiz çəkisi 90,0 qram, 40,0 qram, eləcə də avtomobilin sağ oturacağının arxa cibindən bir ədəd şəffaf polietilen torbada təmiz çəkisi 15,0 qram olmaqla, ümumi təmiz çəkisi 145,0 qram olan həmin narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respubikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, Cavad kəndində kafe işlətməklə ailəsini dolandırır. O, arada bir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Sonuncu dəfə marixuanadan bir ay olar ki, istifadə etmişdir. İki il bundan əvvəl yaşadığı evin həyətində narkotik toxumu əkmişdir. 3- 4 aydan sonra narkotik toxumundan çətənə kolu əmələ gəlmişdir. O, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyinə görə çətənə kolunun hissələrindən toplayıb qurutmuş və sellofan torbalara yığıb, lazım olanda istifadə etmək məqsədilə, yaşadığı evin zirzəmisində saxlamışdır. Hər dəfə ürəyi istəyəndə marixuandan götürüb çəkmişdir. 05 avqust 2023-cü il tarixdə işlətdiyi kafedə saxlamaq üçün. selofan torbada olan marixuanaları evin zirzəmisindən götürüb kafeyə tərəf gələn zaman, kafe uzaq olduğundan, fikirləşmişdir ki, Sabirabad şəhərinə gedib kafe üçün “coca - cola” sularından alaraq geri qayıtsın. Buna görə də əlində marixuana ola-ola marşrut avtobusuna minib Sabirabad şəhərinə gəlmişdir. Sabirabad şəhərinə gəldikdən sonra, həmişə alver etdiyi “Araz” marketə getmiş, lakin marketin sahibi orada olmadığından, suları topdan götürə bilmədiyi üçün almamışdır. İşlərinin alınmadığını görüb əvvəldən taksi fəaliyyəti məşğul olan şəxs kimi tanıdığı Şahid4 zəng edib, onu yaşadığı Cavad kəndinə aparmasını xahiş etmişdir. Yasin evdə yemək yediyini, evinin yanına gəlməsini, avtomobilin qapısının açıq olduğunu, avtomobildə əyləşib onu gözləməsini bildirmişdir. O da piyada Yasinin evinin yanına gəlmiş və avtomobildə əyləşmişdir. O, bir ədəd sellofan torbada olan marixuananı avtomobilin qabaq sağ oturacağının arxa hissəsinə, digər iki sellofan torbanı isə sürücü tərəfdən oturacağın altına, qoymuşdur ki, birdən onu izləyərlər, tapa bilməsinlər. Bir qədər sonra Yasin evdən çıxmış və avtomobilin yanına gəlmiş, o da arxa oturacaqda əyləşmişdir. Yasin Sabirabad şəhər dairəsində işi olduğunu, işini həll etdikdən sonra onu Cavad kəndinə aparacağını bildirmişdir. Sabirabad şəhər H.Əliyev prospektindən keçən zaman dövlət yol polisi tərəfindən reyd keçirilməsini görmüşdür. Reyd olan yerdən keçən zaman, yol polis əməkdaşı avtomobili saxla işarəsi vermişdir. Lakin Yasin avtomobili saxlamayaraq digər küçəyə daxil olmuş, həmin küçədə polis əməkdaşları avtomobili saxlayaraq Yasindən sənədləri istəmişdir. Yasin sənədləri göstərən zaman, o, qarışıqlıqdan istifadə edərək qorxaraq maşından düşüb qaçmışdır. Sonradan bilmişdir ki, avtomobilə baxış keçirilmiş və ona məxsus narkotik vasitə qurudulmuş marixuanalar aşkar edilərək götürülmüşdür. Kənd ərazisində olduğu vaxt tanımadığı polis əməkdaşları gələrək onu polis şöbəsinə aparmışdırlar. Polis şöbəsində hüquqları ona izah edilməklə vəkilin iştirakı ilə şübhəli şəxs kimi tutulmuş və Şahid4 avtomobilindən aşkar edilən narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən səmimi peşman olduğunu, böyük ailə başçısı olmasını və şəxsiyyətinin yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsə istinad olunan cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, işdə olan sənədlər və cinayət işinin digər rəsmi dəlilləri ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, özünə məxsus Hyundai Elantra markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır. Elvin ilə münasibəti həmişə normal olmuşdur. 05 avqust 2023-cü il tarixdə saat 21 radələrində Elvin ona zəng edərək, onu Cavad kəndinə aparmasını xahiş etmişdir. O da evdə yemək yediyini, evin yanına gəlməsini, avtomobilin qapısının açıq olduğunu, avtomobildə əyləşib onu gözləməsini demişdir. Bir qədər sonra küçəyə çıxmış və Elvinin avtomobildə arxa oturacaqda əyləşdiyini görmüşdür. O, avtomobilə əyləşərək H.Əliyev prospekti ilə hərəkət edən zaman, dövlət yol polisi tərəfindən reyd keçirilməsini görmüşdür. Reyd olan yerdən keçən zaman, yol polis əməkdaşı avtomobilə “saxla” işarəsi vermişdir.Lakin o, avtmobilini saxlamayaraq Vidadi küçəsinə hərəkət etdirərək yayınmaq istəmişdir. Lakin həmin vaxt səhv etdiyini başa düşmüş və avtomobili saxlamışdır. Yol polisi əməkdaşı ona yaxınlaşaraq sənədləri istəmişdir. O, sənədləri göstərmiş, lakin Elvinin avtomobildən düşüb qaçdığını görmüşdür. Həmin vaxt yol polisi əməkdaşı vizual olaraq avtomobilə baxan zaman, avtomobilin qabaq oturacağının arxa cibində və sürücü tərəfdən qabaq oturacağının altında sellofan torbalarda marixuanaya oxşar kütlə olmasını aşkar etmişlər. Buna görə də bu barədə raportla rəhbərliyə məruzə etdikdən sonra müstəntiq hadisə yerinə gəlmişdir. O da avtomobilinə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə yazıb təqdim etmişdir. Müstəntiq tərəfindən avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin sürücü tərəfdən ayaqaltısından, qabaq sağ oturacağın arxa hissəsində olan cibdən sellofan torbalarda quudulmuş marixuana aşkar edilərək götürülmüşdür, avtomobilin bar yerindən isə ona məxsus bir ədəd elekton tərəzi aşkar edilərək götürülmüşdür, o, sorğu zamanı narkotik vasitələrin ona məxsus olmadığını Təqsirləndirilən şəxs məxsus ola biləcəyini bildirmişdir. Aşkar edilmiş kütləyə iştirakı ilə baxış keçirilmiş, daha sonra isə qablaşdırılıb möhürlənərək müstəntiq tərəfindən götürülmüşdür. Bundan sonra, aşkar olunanlarla bağlı protokol tərtib edilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 avqust 2023-cü il tarixdə RPŞ-nin əməliyyat-istintaq qrupunda xidmətdə olduğu vaxt Sabirabad RPŞ-nin DYPB-nin YPX-nin inspektorunun saxla əmrinə tabe olmayan “Hyundai Elentar” markalı **- VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Sabirabad şəhəri Vidadi küçəsində saxlanıldığını avtomobilə vizual baxış zamanı avtomobilin salonunda narkotik vasitə olması ehtimal olunduğunu, buna görə də müstəntiqlə birlikdə qeyd olunan ünvana getməsi bildirilmişdir. O da müstəntiq Elvin Həmidovla birlikdə həmin yerə getmişdir. Orada DYPBnin YPX-nin inspektoru Şahid2, PPXB-nin polis nəfəri, Şahid3 və adının Şahid4 olduğunu deyən “Hyundai Elentar” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün dayandığını görmüşdür. Müstəntiq Şahid4 avtomobilə baxış keçirilməsinə etirazının olub - olmadığını soruşmuşdur. Şahid4 etirazının olmadığını bildirmiş və bu barədə ərizəyə imza çəkmişdir. Bundan sonra, avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin salonundan sürücü əyləşən oturacağın altından bir ədəd sellofan torbanın içərisində iki ədəd sellofan torbada və sağ ön oturacağın arxa cib hissəsindən bir ədəd sellofan torbada narkotik vasitə marixuanaya bənzər kütlə və avtomobilin bar hissəsindən bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Şahid4 həmin kütlələrin ona məxsus olmadığını bildirmiş və əlavə olaraq həmin kütlələri avtomobilində sərnişin kimi əyləşmiş tanışı Təqsirləndirilən şəxs qoya biləcəyini demişdir. Aşkar edilmiş kütləyə iştirakı ilə baxış keçirilmiş, daha sonra isə qablaşdırılıb “Zərflər üçün N° 139” möhürü ilə möhürlənib, müstəntiq tərəfindən götürülmüşdür. Şahid4 avtomobilindən bundan başqa heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Sabirabad RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir. 05 avqust 2023-cü il tarixdə Sabirabad şəhəri, H.Əliyev propektində xidmətdə olduğu vaxt “Hyundai Elentar” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun saxla əmrinə tabe olmayaraq hərəkətini davam etdirmiş və Vidadi küçəsinə daxil olmuşdur. O həmin avtomobilin saxlanılması üçün yaxınlıqdakı əməkdaşların köməyə gəlməsi barədə məlumat vermişdir. RPŞ-nin PPXB-nin polis nəfəri, Şahid3 köməkliyi ilə həmin avtomobili saxlamışdırlar. Avtomobilin sürücüsünə sənədləri təqdim etməsini bildirmişdir. Avtomobilin sürücüsü sənədlərini təqdim etdiyi vaxt arxa oturacaqda əyləşən sərnişin avtomobildən düşərək qaçmışdır. Buna görə də onlar avtomobilə vizual baxış keçirtmişlər və avtomobilin salonunda olan sellofan torbada narkotik vasitə olmasından şübhələnmişlər. Bu barədə rəhbərliyə məlumat vermişdir. Qeyd olunan ünvava müstəntiq və NMQ-nın əməliyyat müvəkkili Şahid1 gəlmişdir. Onlar avtomobilin sürücüsünün Şahid4 olduğunu müəyyən etmişlər. Müstəntiq Şahid4 avtomobilə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşmuşdur. Şahid4 etirazının olmadığını bildirmiş və bu barədə ərizəyə imza çəkmişdir. Bundan sonra, avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin salonundan sürücü əyləşən oturacağın altından bir ədəd sellofan torbanın içərisində iki ədəd sellofan torbada və sağ ön oturacağın arxa cib hissəsindən bir ədəd sellofan torbada narkotik vasitə marixuanayabənzər kütlə və avtomobilin bar hissəsindən bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Şahid4 həmin kütlələrin ona məxsus olmadığını bildirmiş və əlavə olaraq həmin kütlələri avtomobilində sərnişin kimi əyləşmiş tanışı Təqsirləndirilən şəxs qoya biləcəyini demişdir. Aşkar edilmiş kütləyə iştirakı ilə baxış keçirilmiş, daha sonra isə qablaşdırılıb “Zərflər üçün N° 139” möhürü ilə möhürlənib, müstəntiq tərəfindən götürülmüşdür. Şahid4 avtomobilindən bundan başqa heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 göstəriyi xüsusatları bir daha təsdiq etdi. Cinayət işində olan: -məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/782 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Şahid4 avtomobilindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi-15,0 qram olan yaşılımtıl rəngli, xırdalanmış, qurudulmum bitki mənşəli kütlə, 01 ədəd göy rəngli polietilen torbanı açdıqda 02 ədəd şəffaf polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi-90,0qr, 40,0qr, ümumi çəkisi-145,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6478 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2016cı il tarixdə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsilə 01 il 06 ay islah işləri, 01 il 06 ay nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməsi cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzadan azad edilərək qeydiyyatdan çıxarılmışdır. Sabirabad rayon Cavad kənd İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə şəxsiyyətinin müsbət xarakterizə olmasın, himayəsində 3 nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cinayət əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, əməlindən səmimi peşiman olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirli bilindiyi maddənin sanksiyası daxilində Təqsirləndirilən şəxs 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05-07 avqust 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq 2 gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 həbs günü 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təyin olunmuş cəza müddətinin başlanğıcı onun cəzasının icrasını həyata keçirən orqan tərəfindən qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilimiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalı, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan Sabirabad RPŞ-də saxlanılan tədqiqatdan sonrakı çəkisi 144,70 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə 31,95 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərillənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05-07 avqust 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu 2(iki) gün həbsdə saxlanmasının 1 (bir) həbs günü 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla, ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE ********************) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan - tədqiqatdan sonra çəkisi - 144,70 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: FÜZULİ PƏNAHOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar