Məhkəmə qərarları › İş №1(056)-29/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-29/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-29/2024 28.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Novruzəli oğlunun sədrliyi, Ələkbər Əlisahib oğlu Əliyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Adil oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Sabirabad rayonu Muğan Gəncəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli – himayəsində biri azyaşlı olmaqla 3 nəfər yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işsiz, Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 07 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və hazırda cəza çəkən, Sabirabad rayonu Muğan Gəncəli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq 215,38 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, eləcə də 0,14 qram çəkidə 03 ədəd narkotik vasitə metadon həbini və 01 ədəd metadon yarım həb qırıntısını əldə edib üzərində daşıyaraq yaşadığı Sabirabad rayonu Muğan Gəncəli kəndindəki evinə gətirib həyətyanı sahədə qamışlıq yerdə və evin qonaq otağındakı şkafın içində saxlamış, daha sonra həmin narkotik vasitələri satış üçün müxtəlif qramlara bölməklə qablaşdırmış, 27 avqust 2023-cü il tarixdə saat 09:55 dəqiqədə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvana baxış keçirilən zaman evin həyətindəki qamış hasarın içində 1 ədəd ağ rəngli polietilen torbada təmiz çəkisi 175,0 qram və 10 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,97 qram, 4,30 qram, 4,27 qram, 4,07 qram, 5,11 qram, 2,70 qram, 4,01 qram, 3,74 qram, 3,92 qram, 4,29 qram, ümumi çəkisi isə 40,38 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, eləcə də yaşadığı evin qonaq otağındakı şkafın içindən 1 ədəd kibrit qutusunda saxladığı ümumi çəkisi 0,14 qram olan 3 ədəd konvalyut kəsiklərində üzərində “F M40” göstəricisi olan, ümumilikdə 3 ədəd qəhvəyi rəngli, dairəvi formalı narkotik vasitə metadon həbləri və bir ədəd bükümdə üzərində “..F..” göstəricisi olan qəhvəyi rəngli narkotik vasitə metadon yarım həb qırıntısı aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 6 aydır ki, narkotik vasitə qurudulmuş marixuana olan “nəşə”dən istifadə edir. xx.xx.2023-cü il tarixdə o, yaşadığı Muğan Gəncəli kəndi ərazisində Kür çayının sahilində piyada hərəkət edərkən yerdə 01 ədəd sellofan torbanın olduğunu görmüşdür. Həmin sellofan torbanın yanına yaxınlaşmış və götürərək içərisinə baxmışdır. Bu zaman o, həmin sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana və metadon həblərinin olduğunu görmüşdür. O, həmin narkotik vasitənin spesifik iyindən bilmişdir ki, bu narkotik tərkibli qurudulmuş marixuanadır. Həmin narkotik vasitələri özü istifadə etmək qərarına gəlmişdir. Bu məqsədlə də yaşadığı Sabirabad rayonu Muğan Gəncəli kəndində yerləşən özünə məxsus evinə gətirmişdir. Sellofan torbada açıq vəziyyətdə və 10 ədəd kibrit qutusunda olan marixuananı həyətdəki qamış hasarın içində gizlətmişdir. 1 ədəd kibrit qutusunun içində 3 ədəd üzərinə “M40” yazılan həbi və 1 ədəd gümüşü rəngli kağız bükümdə olan 2 ədəd həb parçasını isə yaşadığı evin qonaq otağında olan şkafdakı stəkanın içinə qoymuşdur. Həmin zaman ailə üzvlərinin bundan xəbəri olmamışdır. xx.xx.2023-cü il tarixdə o, Sabirabad rayon Məhkəməsinin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Narkotik vasitələr isə yaşadığı evdə qalmışdır. O, xx.xx.2023-cü il tarixdə həbsdə olarkən rayon polis şöbəsinə izahat verərək yaşadığı evdə narkotik vasitə saxladığını etiraf etmiş və bununla bağlı yaşadığı evə və həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Həmin gün səhər saatlarında Sabirabad RPŞ-nin əməkdaşları yaşadığı evdə və həyətyanı sahədə narkotik vasitə saxlaması və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün yaşadığı həyətə getmişlər. Həmin vaxt yaşadığı evə, həyətyanı sahəsinə və həyətində olan yardımçı tikililərə baxış keçirilən zaman həyətyanı sahədə qamış hasarın içində gizlətdiyi 01 ədəd sellofan torbada və 10 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı aşkar etmişlər. Həmin narkotik maddə marixuana həyat yoldaşı Şahid1 iştirakı ilə polislər tərəfindən götürülmüşdür. Daha sonra yaşadığı evdə qonaq otağında olan şkafda stəkanın içinə qoyduğu 01 ədəd kibrit qutusunda 3 ədəd üzərinə “M40” yazılan həb və 1 ədəd gümüşü rəngli kağız bükümdə olan 2 ədəd həb parçası polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsinin sonunda himayəsində 1 nəfər azyaşlı və iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarıının olmasını, əməlindən səmimi peşman olmasını və şəxsiyyətinin yaşadığı ərazi üzrə müsbət xarakterizə edilməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nin əməliyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 27 avqust 2023-cü il tarixdə Sabirabad rayonu Muğan Gəncəli kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, eləcə də yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə Sabirabad RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili X1 əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar Taleh Həsənov raportla polis şöbəsinin rəhbərliyinə məruzə etmiş, bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi Taleh Həsənovun özünə həvalə olunmuşdur. Taleh Həsənov tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə keçiriləcək baxışda iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin Sabirabad RPŞnin İB-nin müstəntiqi Araz Fərəcov, Sabirabad RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Taleh Həsənov, Sabirabad RPŞ-nin Qaragüney PB-nin polis sahə rəisi Şahid3, Sabirabad RPŞ-nin Qaragüney PB-nin polis sahə nəfəri Şahid4 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra, onlar Təqsirləndirilən şəxs yaşadığı Muğan Gəncəli kəndində yerləşən evinə getmişlər. Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid1 evin həyətinə, həyətdəki yarımtikililərə və yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra, hal şahidlərinin, polis əməkdaşlarının və Şahid1 iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman həyətdəki qamış hasarın içindən 01 ədəd sellofan torbada və 10 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Şahid1 həmin narkotik vasitə barəsində məlumatının olmadığını bildirmişdir. Aşkar edilmiş 01 ədəd sellofan torbada və 10 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana müstəntiq tərəfindən qablaşdırılıb “Zərflər üçün № 139” möhürü ilə möhürlənərək götürülmüşdür. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı evdə qonaq otağında yerləşən şkafdakı stəkanın içindən 01 ədəd kibrit qutusunda 3 ədəd üzərində “M40” yazılan həb və 1 ədəd gümüşü rəngli kağız bükümdə olan 2 ədəd həb parçası aşkar edilərək götürülmüşdür. Müstəntiq tərəfindən həmin həblərə baxış keçirildikdən sonra narkotik vasitə olan metadona oxşaması müəyyən edilmiş, daha sonra isə qablaşdırılıb “Zərflər üçün № 139” möhürü ilə möhürlənib müstəntiq tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Şahid1 həmin həblərin narkotik vasitə olmasından məlumatının olmadığını bildirmişdir. Evə, həyətyanı sahəyə və yardımçı tikililərə baxış keçirilən zaman əlavə olaraq qanunla qadağan olunmuş heç bir əşya, predmet aşkar olunmamışdır. Bundan sonra, baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. O və digər iştirakçılar, protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 digər Şahid2 göstərdiyinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Sabirabad rayonu Muğan Gəncəli kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. xx.xx.2023-cü il tarixdə Taryel Sabirabad rayon Məhkəməsinin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 09:55 radələrində o, yaşadığı evin həyətində olan zaman polis əməkdaşları yaşadığı ünvana gələrək həyat yoldaşı Təqsirləndirilən şəxs evdə və həyətyanı sahədə narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını və evin həyətinə, həyətyanı sahəsindəki tikililərə və evə baxış keçirəcəklərini bildirmişlər. O da evin həyətinə, həyətdəki yarımtikililərə və evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra hal şahidlərinin, polis əməkdaşlarının və onun iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman həyətdəki qamış hasarın içindən 01 ədəd sellofan torbada və 10 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Şifahi sorğu zamanı o, həmin narkotik vasitə barəsində məlumatının olmadığını bildirmişdir. Aşkar edilmiş 01 ədəd sellofan torbada və 10 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana müstəntiq tərəfindən qablaşdırılıb “Zərflər üçün № 139” möhürü ilə möhürlənərək götürülmüşdür. Daha sonra yaşadığı evdə qonaq otağında yerləşən şkafdakı stəkanın içindən 01 ədəd kibrit qutusunda 3 ədəd üzərində “M40” yazılan həb və 1 ədəd gümüşü rəngli kağız bükümdə olan 2 ədəd həb parçası polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Müstəntiq tərəfindən həmin həblərə baxış keçirildikdən sonra narkotik vasitə olan metadona oxşaması müəyyən edilmiş, daha sonra isə qablaşdırılıb “Zərflər üçün № 139” möhürü ilə möhürlənib, müstəntiq tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı o, həmin həblərin narkotik vasitə olmasından məlumatının olmadığını bildirmişdir. Yaşadığı evə, həyətyanı sahəyə və yardımçı tikililərə baxış keçirilən zaman əlavə olaraq qanunla qadağan olunmuş heç bir əşya, predmet aşkar olunmamışdır. Bundan sonra, baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. O və digər iştirakçılar, protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdirlər. İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 28 avqust 2023-cü il tarixli, 18/853 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «…Təqsirləndirilən şəxs həyətyanı sahəsindən…» sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd polietilen torbada təmiz çəkisi 175,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində «…Təqsirləndirilən şəxs həyətyanı sahəsindən...» sözləri yazılmış və imzalar olan kağız paketdəki 10 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,97 qram, 4,30 qram, 4,27 qram, 4,07 qram, 5,11 qram, 2,70 qram, 4,01 qram, 3,74 qram, 3,92 qram, 4,29 qram, ümumi çəkisi 40,38 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs həyətyanı sahəsindən götürülmüş, ümumi çəkisi 215,38 qram olan marixuanalar eyni tərkiblidir. İş üzrə təyin edilmiş Məhkəmə-kimyəvi ekspertizasının 31 avqust 2023-cü il tarixli, 3-16- 16/2-6/4628 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş..” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 3 ədəd konvalyut kəsiklərində üzərində “F M40” göstəricisi olan ümumilikdə 3 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər və bir ədəd bükümdə üzərində “..F..” göstəricisi olan qəhvəyi rəngli yarım həb qırıntısı narkotik vasitə metadondur, təsir maddəsinin ümumi miqdarı 0,14 qram təşkil edir; təqdim olunmuş üzərində “..204..” göstəricisi olan açıq çəhrayı rəngli yarım həb qırıntısı narkotik vasitə, psixotrop maddələrə aid deyildir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2023-cü il tarixli, 7555 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad rayon Muğan-Gəncəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Sabirabad rayon Muğan-Gəncəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 nəfər (2013-cü il təvəllüdlü) azyaşlı və 2 nəfər yetkinlik yaşına çatmayan uşaqları vardır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(056) - 75/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 07 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və hazırda cəza çəkir. Onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü ilədək çəkilməmiş qalan cəzası Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli 117179/2023 saylı məktubuna əsasən 02 (iki) il, 04 (dörd) ay 06 ( altı) gün təşkil edir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət məsuliyyətinə səbəb olur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir: narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarın 8-ci və 9-cu maddələrində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən 1 ədəd ağ rəngli polietilen torbada təmiz çəkisi 175,0 qram və 10 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,97 qram, 4,30 qram, 4,27 qram, 4,07 qram, 5,11 qram, 2,70 qram, 4,01 qram, 3,74 qram, 3,92 qram, 4,29 qram, ümumi çəkisi isə 40,38 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı ayrı – ayrı bükümlərə bölməsi, eləcə də yaşadığı evin qonaq otağındakı şkafın içindən 1 ədəd kibrit qutusunda saxladığı ümumi çəkisi 0,14 qram olan 3 ədəd konvalyut kəsiklərində üzərində “F M40” göstəricisi olan, ümumilikdə 3 ədəd qəhvəyi rəngli, dairəvi formalı narkotik vasitə metadon həbləri və bir ədəd bükümdə üzərində “..F..” göstəricisi olan qəhvəyi rəngli narkotik vasitə metadon yarım həb qırıntısını qanunsuz saxlaması onun narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədilə əldə etməsini bir daha təsdiq edir. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilibyetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, maddi sübut, şahid ifadələri və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində 1 nəfər azyaşlı uşağının olmasını və şəxsiyyətinin yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını CMnın 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanın yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Eyni zamanda, məhkəmə CM-nın 67.1 və 68.1.1-1-ci maddələrinə əsaslanaraq hesab edir ki, hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təqsirləndirilən Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il, 04 (dörd) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək, ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunması məqsədəuyğundur. Belə ki, Azərbaycan Respublikası CM-nın 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza azadlıqdan mərhum etmə ilə toplandıqda, azadlığın məhdudlaşdırılmasının 02 gününə azadlıqdan məhrum etmənin 01 günü hesablıanır. İş materiallarına əlavə edilmiş Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli 117179/2023 saylı məktubundan görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(056)-75/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzasının 03 ay hissəsini çəkmiş, 02 (iki) il, 04 (dörd) ay 06 ( altı) gün hissəsi çəkilməmiş qalmışdır. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli olduğu halda, o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmasını, təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, həmçinin, iş üzrə maddi sübut olan və Sabirabad rayon Polis Şöbəsində saxlanılan - təmiz çəkisi 215,38 qram olmaqla ekspertiza tədqiqatından sonrakı qalığı 215,16 qram olan narkotik vasitə qurudulmuş marixuana və yaşadığı evin qonaq otağındakı şkafdan aşkar olunaraq götürülmüş ümumi sayı 3 həb və 1/2 həb hissəsindən ibarət olmaqla ekspertiza tədqiqatından sonrakı qalığı 2 həb və 1/4 həb hissəsindən ibarət olan narkotik vasitə metadon, eləcə də narkotik vasitə, psixotrop maddələrə aid edilməyən ümumi sayı 1/2 həb hissəsindən ibarət olmaqla ekspertiza tədqiqatından sonrakı qalığı 1/4 həb hissəsindən ibarət olan çəhrayı həbin məhv edilməsini, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67 və 68-ci maddələrinə əsasən ona Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 02 il 07 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 02(iki) il 04 (dörd) ay 06 ( altı) gün hissəsi hazırki cəza ilə qismən birləşdirilsin və ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun; cəzanın çəkilməsi müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; haqqında seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazı narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının 129,74 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ**********0000003944 SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 215,38 qram olmaqla ekspertiza tədqiqatından sonrakı qalığı 215,16 qram olan narkotik vasitə qurudulmuş marixuana və yaşadığı evin qonaq otağındakı şkafdan aşkar olunaraq götürülmüş ümumi sayı 3 həb və 1/2 həb hissəsindən ibarət olmaqla ekspertiza tədqiqatından sonrakı qalığı 2 həb və 1/4 həb hissəsindən ibarət olan narkotik vasitə metadon, eləcə də narkotik vasitə, psixotrop maddələrə aid edilməyən ümumi sayı 1/2 həb hissəsindən ibarət olmaqla ekspertiza tədqiqatından sonrakı qalığı 1/4 həb hissəsindən ibarət olan çəhrayı həb hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar