Məhkəmə qərarları › İş №1(056)-30/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-30/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-30/2025 12.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Sabirabad rayon Kürkəndi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, İİİ qrup əlil, məhkum olunmamış, Sabirabad rayon Kürkəndi kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, 15 sentyabr 2024-cü il tarixdə saat 20 radələrində Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən “Mələk” şadlıq sarayında həmkəndlisi Şahid1 hərbi xidmətə gedəcəyi ilə əlaqədar təşkil olunmuş musiqili məclisdə iştirak edib, alkoqol sərxoşluğu vəziyyətində olmaqla tanışları ilə oynayarkən Zərərçəkmiş şəxs ona yaxınlaşıb oyununu dayandırmasını və yerinə keçib oturmasını deməklə ünvanına təhqiramiz ifadələri işlətməsinə görə sonuncunun sinəsindən əlləri ilə geri itələmiş, bundan sonra o, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs üzərinə hücum etməklə və ünvanına uca səslə nəlayiq ifadələr işlətməklə təpik və yumruqları ilə baş və bədəninin müxtəlif nahiyələrinə vurmaqla sonuncuya sol almacıq sümüyü proyeksiyasında qançırla nəticələnən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirməklə məclisdə iştirak edən şəxsərin istirahətinin pozulması, məclis iştirakçılarının narahatçılığına səbəb olması və ictimai qaydanı kobud surətdə pozmaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, xuliqanlıq etmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 15 sentyabr 2024-cü il tarixdə bibisi nəvəsi Şahid1 hərbi xidmətə getməsi ilə əlaqədar Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən “Mələk” şadlıq sarayında keçirilən məclisdə o da iştirak etmiş, məclisə saat 18 radələrində gəlmiş, məclis musiqili olmaqla araq da verilərək məclisdə təxminən 50-60 nəfər şəxs iştirak etmişdir. Yemək yeyərkən o, təxminən 100 qram araq içmiş, saat 20 radələrində məclisdə iştirak edən qohumları rəqs edərkən onu da rəqsə dəvət etmişlər. Ona görə o, qalxıb rəqs etməyə başlamış, qohumlarla rəqs edərkən qadınlardan da rəqs edən olmuşdur. Həmkəndlisi Zərərçəkmiş şəxs da məclisdə iştirak edərək ayrı stolda əyləşmiş, rəqs edərkən Zərərçəkmiş şəxs ona yaxınlaşıb onun qulağına aşağı oturmasını və oynamamasını demişdir. Firdovsinin bu sözündən sonra ona gedib işi ilə məşğul olmasını demiş, bu sözü deyəndən sonra Firdovsi ona qarşı söyüş söymüş, elə bu səbəbdən aralarında mübahisə yaranaraq o, Firdovsini söyərək əli ilə onu kənara itələyərək ona yumruq atmışdır. Elə bu zaman ətrafda olan məclis iştirakçıları onların ətrafına topalanaraq onları bir-birindən kənarlaşdırmağa başlamışlar. Məclis iştirakçıları onları kənarlaşdırarkən Firdovsi onun üstünə, o da Firdovsinin üstünə gedərək bir-birlərini təpiklə vurmaq istəmişlər. Lakin məclis iştirakçıları onları savaşmağa qoymamış, sonra iştirakçılar Firdovsini zaldan çölə çıxartmışlar. Bundan sonra məclisdə iştirak edən, sonradan adı ona məlum olan Sabirabad rayon Sarxanbəyli kənd sakini Şəhriyar adlı şəxs ona yaxınlaşıb qadın-uşaq yanında söyüş söydüyü üçün onunla mübahisə etməyə başlamış, məclis iştirakçıları Şəhriyarla onun arasında mübahisə yarandığını görüb onları sakitləşdirmişlər. Bundan sonra o keçib əyləşmiş, əyləşəndən təxminən 3-4 dəqiqə sonra isə Firdovsinin qayıdıb zala keçdiyini görmüşdür. Bundan sonra isə qalxıb zaldan çıxaraq evlərinə getmiş, sonradan orada nə baş verib-verməməsindən məlumatı olmamışdır. Hazırda o, əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Özü ailəli olmaqla himayəsində iki azyaşlı övladı vardır. Fərdi qaydada taksi sürücüsü işləməklə ailəsinə yeganə qazanc gətirən şəxsdir. Gözünə zəifliyinə görə İİİ qrup əlildir. İlk dəfədir ki, cinayət əməli törətməkdə təqsirləndirilir. Göstərdiyi xüsusatların nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Şahid1 onun əmisi nəvəsidir. Şahid1 hərbi xidmətə gedəcəyi ilə əlaqədar 15 sentyabr 2024-cü il tarixdə Sabirabad şəhərində yerləşən “Mələk” şadlıq sarayında məclis təşkil olunmuş, həmin məclis saat 17-də başlamış, məclis musiqili olmaqla məclisdə araq da verilmişdir. O da həmin məclisdə iştirak etmişdir. Məclisdə təxminən 40 nəfərə yaxın qohum-əqrəba və kənd sakinləri iştirak etmişdir. O, yemək yeyərkən təxminən 500 qram araq içmiş, həmkəndlisi Təqsirləndirilən şəxs də məclisdə iştirak etmişdir. Saat 20 radələrində Təqsirləndirilən şəxs musiqi sifariş verərək rəqs etdiyini görmüş, Rail rəqs edəndə qadınlardan da rəqs edən olmuş, Railin qadınların içərisində rəqs etməsi ona xoş gəlməmiş, ona görə də oturduğu yerdən qalxıb Railə yaxınlaşaraq onun qulağına söyüşlə söz deyərək keçib yerində oturmasını demişdir. Onun bu sözündən sonra Rail ona qarşı ucadan nalayiq söyüş söyərək əlləri ilə onun yaxasından kənara itələmiş, elə bu səbəbdən aralarında mübahisə yaranmış və mübahisə zamanı Rail bir dəfə yumruqla onun sifətinin sol tərəfindən vurmuşdur. Railin zərbəsinin təsirindən arxaya getmiş, lakin yerə yıxılmamış, Rail onu vurduğu üçün o da onun üzərinə gedərkən ətrafda olan şəxslər onu və Raili tutub kənara çəkmiş və bir-birlərini vura bilməmişlər. Bundan sonra məclisdə olan həmkəndliləri onu zaldan dəhlizə çıxartmış, təxminən 10 dəqiqə sonra zala qayıdaraq məclisdə iştirak etmişdir. O, zala qayıdarkən artıq Rail zalda olmamış və onun harada olduğunu bilməmişdir. Məclisdə təxminən 30 dəqiqə də iştirak etmiş, bundan sonra isə zaldan çıxıb şadlıq sarayının həyətinə düşmüşdür. Şadlıq sarayının həyətində olarkən Sabirabad RPŞ-nin əməkdaşları gələrək onu polis şöbəsinə gətirmişlər. Hazırda o, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Odur ki, o, məhkəmədən təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, o, Sabirabad rayon Kürkəndi kəndində yaşayaraq fərdi əməklə məşğul olur. Kürkəndi kəndində yaşayan Şahid1 onun həmkəndlisi olmaqla qohumluq əlaqələri yoxdur. Şahid1 hərbi xidmətə gedəcəyi ilə əlaqədar 15 sentyabr 2024-cü il tarixdə Sabirabad şəhərində yerləşən “Mələk” şadlıq sarayında təşkil olunmuş məclisinə onu da dəvət etmişlər. Ona görə o, həmin məclisdə iştirak etmiş, məclis saat 17-də başlamış və musiqili olmaqla məclisdə araq da verilmişdir. Məclisdə yemək yeyərkən təxminən 100-150 qram araq içmiş, məclisdə həmkəndliləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs də iştirak etdiklərini görmüşdür. Saat 20 radələrində Təqsirləndirilən şəxs bir neçə şəxslə rəqs etmiş, onlar rəqs edərkən qadınlardan da rəqs edənlər olmuşdur. Elə bu zaman Raillə Firdovsi arasında mübahisə yarandığını, mübahisə vaxtı onların bir-birinin üstünə gedərək bir-birlərini vurmaq istədiklərini görmüşdür. Lakin məclisdə iştirak edən şəxslər Rail və Firdovsinin ətrafına toplanaraq onları bir-birindən kənarlaşdırmış, qarışıqlıq olduğu üçün Rail və Firdovsinin bir-birini vurub-vurmadığını görə bilməmişdir. Sonra məclisdə iştirak edən şəxslər Firdovsini zaldan çölə çıxartmış, Rail isə içəridə qalmışdır. Bundan sonra musiqi çalınaraq məclis davam etmiş, o, təxminən 30 dəqiqə də məclisdə iştirak edərək çıxıb evlərinə getmişdir Cinayət işində olan məhkəmə-tibbi ekspertizanın 19 sentyabr 2024-cü il tarixli 575 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarət-sol almacıq sümüyü proyeksiyasında qançır küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 15 sentyabr 2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir.Xəsarət müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməsi cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın növünü və həddini müəyyən edərkən törədiyi cinayət əməlini etiraf etməklə əməlindən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını himayəsində iki azyaşlı övladının olmasını, ilk dəfə cinayət əməli törətməsini, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını və əlilliyini CM-nin 59.2-ci maddəsinə əsasən, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdədək şübhəli şəxs qismində tutulduğu müddətin bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq hesablanmaqla ona təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Bundan əlavə, iş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddianın olmaması da nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nın 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanmasının bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək və yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxsnın yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci, maddi subut və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar