Məhkəmə qərarları › İş №1(056)-31/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-31/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-31/2025 30.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamı üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1986-ci il tarixdə Sabirabad rayonu Kürkəndi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, Sabirabad rayonu Kürkəndi kəndində qeydiyyatda olmaqla yaşayan, məhkumluğu olmayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2ci maddələri ilə elan edilmiş ittihama görə, o, ictimai əhəmiyyətli rabitə xətlərini talayıb təkrarən oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 23:20 dəqiqədə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs X8 X2 məxsus Sabirabad rayonu Əsədli kəndi ərazisində yerləşən ağac dirəklər üzərində quraşdırılmış 247 manat 20 qəpik dəyərində 120 metr TPP 30x2 ölçüdə və 389 manat 20 qəpik dəyərində 280 metr TPP 10x2 ölçüdə ictimai əhəmiyyətli rabitə kabellərini dəmir parçası ilə kəsib aparmaqla, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 636.40 (altı yüz otuz altı manat qırx qəpik) manat məbləğində maddi ziyan vuraraq oğurlamışdır. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 00:50 dəqiqədə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs X8 X2 məxsus Sabirabad rayonu Kürkəndi kəndi ərazisində yerləşən ağac dirəklər üzərində quraşdırılmış 262 manat 80 qəpik dəyərində 120 metr TPP 20x2 ölçüdə ictimai əhəmiyyətli rabitə kabelini dəmir parçası ilə kəsib aparmaqla, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə 262.80 (iki yüz altmış iki manat səksən qəpik) manat məbləğində maddi ziyan vuraraq oğurlamışdır. Bu əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda işləmir və epilepsiya xəstəliyindən əziyyət çəkir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Kürkəndi kəndindəki evinin yaxınlığında taxta telefon xətti dirəklərindən bir ucu yerə düşən telefon kabelini görmüşdür. O, həmin kabeli kəsib yaşadığı küçədə yandırmışdır. Yandırdıqdan sonra isə o, əldə etdiyi misi sellofan torbaya qoyub saxlamışdır. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə saat 18 radələrində o, sellofan torbada olan misi götürüb həmkəndlisi, taksi fəaliyyəti ilə məşğul olan Hakim adlı şəxsin “VAZ-2106” markalı avtomobili ilə Sabirabad rayonu Qalaqayın kəndi ərazisində yerləşən Şahid3 məxsus olan metal tullantıların qəbulu məntəqəsində satmışdır. Şahid3 həmin iki ədəd sellofan torbada olan misi tərəzidə çəkmiş və qarşılığında ona 56 manat pul vermişdir. O, araşdırma zamanı verdiyi izahatlarında rayonun Əsədli kəndi ərazisindən də kabel oğurladığını etiraf etmişdir. Belə ki, o, izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində su kollektorundan balıq tutmaq üçün Sabirabad rayonu Əsədli kəndi ərazisinə getmiş və oradan geri qayıdarkən yol kənarında iki taxta dirək arasında bir ucu qırılıb yerə düşən telefon kabelini görmüş, həmin telefon kabelinin ucundan dartıb yerə salmış, bundan sonra həmin kabeli götürüb yaşadığı Kürkəndi kəndindəki evin həyətinə gətirib yandırdıqdan sonra əldə etdiyi misi 01 ədəd sellofan torbaya qoyub saxlamış, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Kürkəndi kəndindəki oğurluğu da törətdikdən sonra hər iki kənddən etdiyi oğurluqlar nəticəsində əldə etdiyi misi həmin 01 ədəd sellofan torbaya qoyaraq metal toplama məntəqəsində 56 manata satmış, Əsədli kəndi ərazisindən törətdiyi oğurluğu Pərviz adlı şəxslə birlikdə törətmişdir. O, qeyd olunan məzmunda izahat versə də, əslində Əsədli kəndindən oğurluq etməmiş, bu barədə etirafedici izahat verməsinə səbəb RPŞ-nin Şamil adlı əməkdaşının onu döyməsi olmuşdur. O, sadəcə Kürkəndi kəndi ərazisindəki rabitə xəttini oğurlamışdır. Əsədli kəndindəki oğurluğu isə kimin törətdiyini bilmir. Sabirabad rayonu Kürkəndi kəndi ərazisindəki rabitə xəttini oğurlayarkən o, tək olmuşdur və həmin oğurluğu başqa kimsə ilə birlikdə törətməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ondan şikayət və tələbinin olmamasını, ailəli olaraq himayəsində 1 nəfər xx.xx.2024-cü il təvəllüdlü körpə uşağının olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs - Zərərçəkmiş şəxs MMC-nin X8 X1 nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərilmişdir ki, o, təmsil etdiyi təşkilatda Sağlamlıq, Əməyin Təhlükəsizliyi və X6 üzrə mühəndis vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 23:20 dəqiqədə Sabirabad rayonu Əsədli kəndi ərazisində, Məmişlər kəndi istiqamətində, yolun sağında, yoldan 8 metr məsafədə 9 telefon dirəyi arasındakı telefon kabeli - 120 metr uzunluqda, TPP-30X2 model və ölçüdə, 280 metr uzunluqda TPP-10x2 model və ölçüdə - kəsilərək oğurlanmışdır. Bu oğurluq nəticəsində Zərərçəkmiş şəxs MMC-nin “Cənub Şirvan” Regional X2 müvafiq olaraq TPP 30x2 model - 247,20 manat kabel dəyəri, 44,50 manat ƏDV dəyəri olmaqla, ümumilikdə 291 manat 70 qəpik və TPP 10x2 model - 389,20 manat kabel dəyəri, 70,05 manat ƏDV dəyəri olmaqla, ümumilikdə 459 manat 25 qəpik maddi ziyan dəymişdir ki, bu da ümumilikdə 750 manat 95 qəpik məbləğində maddi ziyan deməkdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat 00:50 dəqiqədə Sabirabad rayonu Kürkəndi kəndi ərazisində, Məmişlər kəndi istiqamətində, yolun sağında, yoldan 8 metr məsafədə 3 telefon dirəyi arasındakı telefon kabeli - 120 metr uzunluqda, TPP-20X2 marka və ölçüdə - kəsilərək oğurlanmışdır. Bu oğurluq nəticəsində də Zərərçəkmiş şəxs MMC-nin “Cənub Şirvan” Regional X2 müvafiq olaraq kabelin dəyəri 262 manat 80 qəpik, boşdayanmaya görə 31 qəpik, bərpaya cəlb olunan işçinin əmək haqqı və MDSS xərcləri (4 nəfər) 247 manat 68 qəpik təşkil etmişdir ki, ümumilikdə 602 manat 73 qəpik maddi ziyan dəymişdir. xx.xx.2024-cü il tarixdə Sabirabad rayonu Əsədli kəndi ərazisində və xx.xx.2024-cü il tarixdə Sabirabad rayonu Kürkəndi kəndi ərazisində telefon kabellərinin oğurlanması nəticəsində Zərərçəkmiş şəxs MMC-nin “Cənub Şirvan” Regional X2 ümumilikdə 1353 manat 68 qəpik maddi ziyan dəymişdir. Sabirabad rayonu Kürkəndi kəndi ərazisində 120 metr uzunluqda, TPP-20x2 marka və ölçüdə telefon kabelinin dəyəri isə 262 manat 80 qəpikdir. Lakin boşdayanmaya görə 31 qəpik, bərpaya cəlb olunan işçinin əmək haqqı və MDSS xərclərinə görə də 247 manat 68 qəpik maddi ziyan dəymişdir. Rayonun Əsədli və Kürkəndi kəndləri ərazisindəki telefon kabellərinin oğurlanması nəticəsində oğurlanan kabellərin dəyəri olan 899 manat 20 qəpik maddi ziyan dəymişdir. İfadəsinin sonunda zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın əvəzini tam şəkildə ödəməsini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını və mülki iddiadan imtina edilməsini qeyd edərək, bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Məhəmməd oğlu ifadəsində göstərmişdir ki, o, hazırda Sabirabad rayonu ərazisində ona məxsus olan “VAZ-2106” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğuldur. 2024-cü ilin fevral ayında həmkəndlisi Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng etmiş və onun avtomobili ilə metal tullantıları toplama məntəqəsinə getməklərini istəmişdir. O da Amidlə razılaşmış və yaşadıqları Sabirabad rayonu Kürkəndi kəndi ərazisində Amid əlində tutduğu içərisində mis olan sellofan bağlama ilə yanında bir nəfər azyaşlı uşaqla birlikdə onun avtomobilinə əyləşmişlər. O, Amidi Sabirabad şəhəri ərazisində yerləşən peşə məktəbinin arxasındakı Qabil adlı şəxsə məxsus metal tullantılarının toplanma sexinə aparmışdır. Orada Amid əlindəki sellofan bağlamanın içərisindəki yanmış misi yadında qalan qədəri ilə altmış manat civarında qiymətə, kilosunu təxminən 9 manat 20 qəpikdən satmışdır. Həmin metal toplama sexinə aparmağı qarşılığında Amid ona 3 manat pul və bir qutu “Vest” markalı siqaret alıb vermişdir. Bundan sonra o, Amidi Kürkəndi kəndinə geri qaytarmışdır. O, Amidin apardığı həmin misin oğurluq olduğunu bilməmiş və ondan bu barədə soruşmamışdır. Sonra o, xəbər tutmuşdur ki, Amid sən demə həmin misi telefon kabellərini söküb oğurlamaqla əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, hazırda Zərərçəkmiş şəxs MMC-nin Cənub Şirvan X3 şöbəsində baş mühəndis əvəzi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Sabirabad rayonu Kürkəndi kənd sakinlərindən biri ona zəng edərək, ev telefonunun işləmədiyini xəbər vermişdir. O, həmin yerə elektro-mantyor göndərmişdir ki, getsin, xətti düzəltsin. Mantyor oraya getdikdən sonra ona zəng edərək, tpp 20x2 model telefon rabitə xətt kabelinin kəsilərək oğurlandığını xəbər vermişdir. Bundan sonra o, həmin hadisə yerinə getmiş və həqiqətən də, Sabirabad rayonu Kürkəndi kəndi ərazisində, kənd istiqamətində yolun sağ kənarında, yoldan 8 metr məsafədə olan təxminən 3 dirəyin arasındakı 120 metr uzunluqda telefon xətti kabelinin kəsilərək oğurlandığını müşahidə etmişdir. Bundan sonra o, hadisə barədə öncə öz rəhbərliyinə müraciət etmiş və daha sonra isə rəsmi qaydada Sabirabad Rayon Polis Şöbəsinə məlumat vermişdir. Həmçinin, xx.xx.2024-cü il tarixdə onlarda məlumat olmuşdur ki, Sabirabad rayonu Əsədli kəndi ərazisində, yol kənarında eyni hadisə baş vermişdir. Yəni, oğurluğu törədən şəxs Əsədli kəndindəki telefon xəttini də kəsib aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, hazırda Zərərçəkmiş şəxs MMC-nin Cənub Şirvan X3 şöbəsində xətt mühəndisi işləyir. xx.xx.2024-cü il tarixində, saat 09 radələrində Sabirabad rayonu Məmişlər kəndinin mantyoru Sərxan Abıyev ona zəng edərək, telefon xəttini yoxlayarkən Sabirabad rayonu Əsədli kəndi ərazisində, həmin kənd istiqamətində, yolun sağında, yoldan 8 metr məsafədə 9 telefon dirəyi arasındakı tpp 30X2 model telefon kabeli kəsilərək oğurlanmışdır. Bundan sonra o, dərhal öz rəhbərinə məlumat vermiş və hadisə yerinə getmişdir. Orada aşkar etmişdir ki, 9 dirək arasındakı telefon kabeli kəsilərək oğurlanmışdır. Sonra isə rəsmi qaydada Sabirabad Rayon Polis Şöbəsinə məlumat vermişlər. Həmçinin xx.xx.2024-cü il tarixdə Sabirabad rayonu Kürkəndi kəndi ərazisində, yoldan 8 metr məsafədə, 3 telefon dirəyi arasındakı telefon kabeli də eyni üsulla, oğurlanmışdır. Yəni, Əsədli kəndindəki oğurluğu törədən şəxs Kürkəndi kəndindəki telefon xəttini də kəsib aparmışdır. Beləliklə məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ictimai əhəmiyyətli rabitə xətlərini talayıb təkrarən oğurluq cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən Təqsirləndirilən şəxs etirafedici ifadəsi, zərərçəkmiş təşkilatın nümayəndəsinin və şahidlərin ifadəsi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən CM-nın 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına nəzərə alır. Cinayət işi materiallarında olan DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (ödənilmişdir). Cinayət işi materiallarında olan Sabirabad RİH-in Kürkəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan Sabirabad RİH-in Kürkəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəli olaraq himayəsində xx.xx.2024-cü il təvəllüdlü X5 adlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş təşkilata dəymiş ziyanın əvəzini ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin onun ailəli olaraq himayəsində 1 nəfər körpə uşağının olmasını təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllində Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxsə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin ediləcək cəzanı ağırlaşdıran hallarının olmamasını, həmçinin cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Həmçinin məhkəmə Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, cəzaçəkmə müddətinin başlanğıcının cəzanın icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını və hökmün icrasının təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsini əsaslı hesab edir. Həmçinin məhkəmə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə mülki iddiadan imtina edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, zərərçəkmiş hüquqi şəxs - Zərərçəkmiş şəxs MMC-nin X8 X1 Təqsirləndirilən şəxs qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iddia üzrə icraata xitam verilməli və CPM-nın 186.2-ci maddəsinə əsasən mülki iddia üzrə icraata xitam verildikdə, cinayət mühakimə icraatında eyni tələb və əsaslar üzrə təkrar həmin iddia ilə məhkəməyə müraciət edilməsinə yol verilməməsi zərərçəkmiş hüquqi şəxsə izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nın 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 347-349, 351-353, 381-384cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkməsi müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə mülki iddiadan imtina edilməsi barədə ərizəsi təmin edilsin. Zərərçəkmiş hüquqi şəxs - Zərərçəkmiş şəxs MMC-nin X8 X1 Təqsirləndirilən şəxs qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iddia üzrə icraata xitam verilsin. Zərərçəkmiş hüquqi şəxsə izah olunsun ki, CPM-nın 186.2-ci maddəsinə əsasən mülki iddia üzrə icraata xitam verildikdə, o, cinayət mühakimə icraatında eyni tələb və əsaslar üzrə mülki iddia ilə təkrarən məhkəməyə müraciət etmək hüququndan məhrum olur. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar