Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-32/2023 11.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlu, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1978-ci ildə Sabirabad rayonu Şəhriyar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Сабирабад rayonu Şəhriyar kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə verilən ittihama görə, o, 2022-ci ilin aprel ayının sonlarında yaşadığı Sabirabad rayon Şəhriyar kəndində yerləşən evinin həyətində istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi 07 ədəd xeyli miqdarda çətənə (kannabis) toxumlarını qanunsuz olaraq əkmiş, həmin toxumlardan tərkibində narkotik maddələr olan 07 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, 14 sentyabr 2022-ci il tarixdə Sabirabad RPŞ-nin əməkdaşlarının təxirəsalınmadan keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilən zaman, evin həyətyanı sahəsindən qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi ümumi təmiz çəkisi 9300 qram olan, yaş vəziyyətdə xeyli miqdarda – 06 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini və 01 ədəd yaş vəziyyətdə, təmiz çəkisi-150 qram olan çətənə bitkisinin hissəsini aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, kənd təsərrüfatı ilə məşğul olub ailəsini dolandırır. El arasında “nəşə” deyilən narkotik vasitə marixuanadan ara-sıra istifadə etmişdir. Lakin həyətində narkotik vasitə əkməmiş, aşkar edilmiş narkotik tərkibli bitkilərin həyətində necə yetişməsindən xəbəri yoxdur. O, əsasən hər ilin yay aylarında oğlu ilə birgə müxtəlif rayonlarda əkin sahələrinin biçini ilə məşğul olur, biçin apardıqları rayonlarda biçin sahələrində yaşayır. Polis əməkdaşları evinə baxış keçirərkən evdə olmamışdır. İzahatı isə kompyuterlə alınmış, o, narkotik tərkibli bitkiləri həyətində əkməyini polis əməkdaşlarına bildirməmiş, bu istiqamətdə hər hansı izahat verməmişdir. O, latın hərfləri ilə yazıb oxumağı bilmir. Hazırda o, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Atası ilə münasibəti yaxşıdır. Heç bir düşmənçilik və ya ədavəti yoxdur. Atasının narkotik vasitələrdən istifadə edib-etmədiyini bilməmişdir. 14 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində o, yaşadığı evdə olan zaman həyətdən səs gəldiyini eşidib həyətə düşmüş, bu zaman polis əməkdaşlarının atasını səslədiyini eşitmiş, o polislərə yaxınlaşıb atasının evdə olmadığını bildirmişdir. Polislər ona atası Rafikin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməkdə şübhəli olduğunu, həyətyanı sahədə və evdə baxış keçirməli olduqlarını demişlər. O, etirazının olmadığını bildirmişdir. Həyətyanı sahədə keçirilən baxış zamanı o da polis əməkdaşları ilə birgə axtarışda iştirak etmiş, evin arxa hissəsində zibillik olan yerdən 6 ədəd çətənə bitkisinə oxşar bitkilər və 01 ədəd də onun hissəsi aşkar edilmişdir. Aşkar edilmiş narkotik tərkibli bitkilər qablaşdırılmış və götürülmüşdür. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Sabirabad RPŞ-nin CAB-nin əməliyat müvəkkili vəzifəsində işləyir. 14 sentyabr 2022-ci il tarixdə Sabirabad rayon Şəhriyar kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin əkib becərməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun tərəfindən təxirə salınmadan əməliyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilmiş və şöbə rəisi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar təsdiq olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən edilmiş və əməliyyat tədbirində iştirak edəcək şəxslərin, Sabirabad RPŞ-nin, PPXB-nin polis nəfəri polis serjantı Şahid2 və ondan ibarət olması təsdiqlənmişdir. Həmin gün saat təxminən 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Rafiki səslədikdən sonra Təqsirləndirilən şəxs yox, oğlu Şahid5 çıxaraq atasının evdə olmadığını, Bakı şəhərində olduğunu söyləmişdir. Onlar Rahibə həyətyanı sahədə narkotik tərkibli bitkilər əkməkdə atasının şübhəli olduğunu və evdə, həyətyanı sahəyə baxış keçirməli olduqlarını bildirmişlər. Şahid5 evə və həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə yazmışdır. Bundan sonra evə və həyətyanı sahəsinə baxış keçirilmiş və baxış zamanı evin həyətyanı sahəsində xüsusi qulluq olunmuş vəziyyətdə 06 ədəd çətənə bitkisi və 01 ədəd çətənə bitkisinin hissəsinə oxşar bitkilər aşkar edilmişdir. Onlarla birlikdə gələn aqronom da çətənə bitkilərinə baxıb, həmin bitkilərə qulluq olunması barədə rəy tərtib etmişdir. Aşkar edilmiş 06 ədəd çətənə bitkisi və 01 ədəd çətənə bitkisinin hissəsi qablaşdırılıb DİN-nin 139 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 Əlimövsüm oğlu oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 14 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində polis əməkdaşları onu küçədə görüb Sabirabad rayon Şəhriyar kənd sakini Təqsirləndirilən şəxs həyətində və həyətyanı sahəsində narkotik vasitə olan çətənə bitkiləri əkməsi və narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını və həmin şəxsin həyətinə, həyətyanı sahəsindəki tikililərə və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Polis işçiləri baxış keçirilən zaman onun da hal şahidi qismində iştirak etməyini təklif etmişlər. O da baxış keçirilən zaman hal şahidi qismində iştirak etməyə etiraz etmədiyini bildirmişdir. Ondan başqa polis əməkdaşları bir nəfər şəxsi də hal şahidi qismində dəvət etmişlər. Bundan sonra polislərlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmiş və ev sahibini çağırmışlar. Rafiki səslədikdən sonra ev sahibi olan Təqsirləndirilən şəxs yox, oğlu Şahid5 çıxaraq atasının evdə olmadığını, Bakı şəhərində olduğunu bildirmişdir. Polislər Rahibə həyətyanı sahədə narkotik tərkibli bitkilər əkməkdə atasının şübhəli olduğunu, evə və həyətyanı sahəyə baxış keçirməli olduqlarını bildirmişlər. Şahid5 evə və həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə yazmışdır. Bundan sonra evə və həyətyanı sahəsinə baxış keçirilmiş və baxış zamanı evin həyətyanı sahəsində xüsusi qulluq olunmuş vəziyyətdə 06 ədəd çətənə bitkisi və 01 ədəd çətənə bitkisinin hissəsinə oxşar bitkilər aşkar edilmişdir. Onlarla birlikdə gələn aqronom da çətənə bitkilərinə baxıb, həmin bitkilərə qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına vermişdir. Aşkar edilmiş 06 ədəd çətənə bitkisi və 01 ədəd çətənə bitkisinin hissəsi qablaşdırılıb DİN-nin 139 saylı möhürü ilə möhürlənib, götürülmüşdür. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə X1 regional Bölməsinin xx.xx.2022-ci il tarixli 18/1027 №li rəyində göstərilmişdir ki, “...Təqsirləndirilən şəxs.. həyətyanı sahəsindən baxış...” sözləri və imzalar olan 02 ədəd sintetik torbada ümumi sayı 06 ədəd, yaş vəziyyətdə, ümumi təmiz çəkisi- 9300,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. 01 ədəd yaş vəziyyətdə, təmiz çəkisi-150 qram olan bitki hissəsi narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəsidir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 06 ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq olunmuşdur. İşdə olan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 25 oktyabr 2022-ci il tarixli 6301 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərindən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs BAYRİŞ oğlu NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad rayon Şəhriyar İcra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020ci il 18 sentyabr tarixli Qərarından göstərilmişdir ki, Cinayət Məcəlləsinin 237.1-ci maddəsində göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aidddir. Təqsirləndirilən şəxs 6 ədəd xeyli miqdarda narkotik vasitə olan çətənə bitkilərini kultivasiya etməsini (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) dərk etməklə həmin əməli birbaşa qəsdlə törətimişdir. Bundan əlavə 01 ədəd yaş vəziyyətdə, təmiz çəkisi-150 qram olan çətənə bitkisinin hissəsini aşkar edilərək götürülmüşdür. Beləliklə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etməsi cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadələri və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs özünü təqirli bilməməsi barədə ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət işinin istintaqı zamanı vermiş olduğu ifadə ilə hazırda vermiş olduğu ifadə bir-birinə ziddiyyət təşkil edir. Lakin təqsirləndirilən şəxsin hazırki ifadəsi səmimi və həqiqət kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxsin hazırki ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında latın əlifbası ilə oxuyub-yaza bilmədiyini, istintaq zamanı ifadəsinin kompyuterlə qeyd edildiyini, ifadənin məzmununu bilmədiyini göstərmiş olsa da, istitnaq zamanı təqsirləndirilən şəxsin ifadəsinin alt hissəsində əksini tapmış əlyazma “izahat sözlərimlə düzgün yazıldı, doğrudu imzamla təsdiq edirəm” cümləsi məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış vəkildən imtina barədə yazılı ərizədə olan xətt ilə eynilik təşkil etmiş, hər iki latın əlifbası ilə yazılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, ilk dəfə cinayət əməli törətməsini, ailənin yeganə qazanc gətirən şəxsi olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iki gün həbsdə saxlanmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla, dörd gün təyin olunan cəzadan çıxılaraq, onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq cəza çəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı olmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan 6 ədəd çətənə (kannabis) bitkiləri və 01 ədəd çətənə (kannabis) bitkisinin hissəsinin məhv edilməli olmasını, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 (otuz bir manat doxsan beş qəpik) AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad RPŞ-də saxlanılan, 6 ədəd çətənə (kannabis) bitkiləri və 01 ədəd çətənə (kannabis) bitkisinin hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-32/2023
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-32/2023
11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver