Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-32/2025 25.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Sabirabad rayonu Qalağayın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittihama görə, o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, yəni üç ədəd polietilen bükümdə çəkiləri 13.44 qram, 17.57 qram və 280 qram olmaqla, ümumi təmiz çəkisi 311,01 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı Sabirabad şəhəri Muğan prospekti döngə 1 ev 4-də yerləşən evinin yataq otağında yerləşən çarpayıda döşəyin alt hissəsində saxlamış, 10 oktyabr 2024-cü il tarixdə saat 15:15 dəqiqədə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvana baxış keçirilən zaman evin yataq otağında yerləşən çarpayıda döşəyin altından 03 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 13,44 qram, 17,57 qram, 280,0 qram, ümumi çəkisi 311,01 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 30 ildir ki, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir. 2024-cü ilin aprel ayında yaşadığı evin həyətyanı sahəsində 01 ədəd narkotik tərkibli çətənə bitkisi əkmiş, həmin bitkinin toxumunu 2024-cü ilin mart ayında yaşadığı küçədə kibrit qutusunun içərisində tapmışdır. Həmin bitkini əkməkdə məqsədi gələcəkdə hissələrini qurudaraq istifadə etmək olmuşdur. Sonradan əkdiyi 01 ədəd çətənə bitkisini sentyabr ayında torpaqdan çıxararaq qurumuş hissələrini 03 ədəd ayrı-ayrı sellofan torbaya yığmış və daha sonra həmin kütləni yaşadığı evə gətirərək yataq otağındakı çarpayıda döşəyin altında saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 15 radələrində yaşadığı evdə olan zaman dayısı oğlu X2 onlara qonaq gəlmiş, Rauf gəldikdən təxminən 5 dəqiqə sonra yaşadığı ünvana polis əməkdaşları gələrək özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. O, yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı ərizə yazıb polis əməkdaşlarına təqdim etmişdir. Rauf Abuşov polislər gəldikdən sonra həyəti tərk etmişdir. Polis əməkdaşları ondan yaşadığı evdə qanunsuz əşya və ya predmet, eləcə də narkotik vasitə saxlayıb-saxlamadığını soruşduqda o, evin yataq otağındakı çarpayıda döşəyin altında saxladığı 03 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdən sonra 01 ədəd boş sellofan torbaya qoyularaq qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Bundan əlavə onun yaşadığı evdən və həyətyanı sahədən qanunsuz heç bir əşya və predmet aşkar olunmamışdır. O, həmin bitkini satış məqsədilə əkməmişdir. Onu əkməkdə məqsədi gələcəkdə hissələrini qurudaraq istifadə etmək olmuşdur. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Ailəli olmaqla himayəsində 14 və 15 yaşlarında iki övladı vardır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, Sabirabad RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 oktyabr 2024-cü il tarixdə Sabirabad şəhəri Muğan prospekti döngə 1 ev 4-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitəni istifadə etməkdə, yaşadığı evdə saxlamaqda və satışında şübhəli olması, narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, digər əməliyyat müvəkkili Şahid3 bununla bağlı raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi Şahid3 həvalə olunmuş və onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmudur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin Şahid3, Şahid2 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sabirabad rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər əməliyyat nəzarətinə götürülmüş, Təqsirləndirilən şəxs yaşadığı evdə olması müəyyən edilmiş və onun öz razılığı əsasında yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı sonuncu evin yataq otağında yerləşən çarpayıda döşəyin altından 03 ədəd polietilen torbada ayrı-ayrılıqda qablaşdırılmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri gətirərək təqdim etmişdir. Daha sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və təmiz çəkisi 300 qramdan çox olmuşdur. Bundan sonra aşkar edilmiş kütlələr 01 ədəd boş sellofan torbaya qoyularaq qablaşdırılmış, möhürlənmiş və götüürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin narkotik kütləni öz istifadəsi üçün əkdiyi koldan yığıb qurutmaq üçün saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. İş materiallarından olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 18/854 nömrəli rəyindən görünür ki: Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən ...” sözləri yazılmış və imzalar olan polietilen torbadakı 3 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri -13.44 qram, 17,57 qram, 280,0 qram ümumi çəkisi- 311,01 qram olan bitki mənşəlli kütlələr tərkibində olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7971 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannobinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Lakin hal-hazırda abstinensiya, intiksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad Rayon İHB-nin Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixdək şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarından göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə Təqsirləndirilən şəxs göstərilən cinayəti əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, maddi sübut, özünün etirafedici ifadəsi, şahid ifadələri və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın çəkisini, onun vahid formada deyil, ayrı-ayrı bükümlərdə qablaşdırılmasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyi üçün məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər tərəfindən cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə, qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qisnmində tutulduğu müddətin ona təyin edilmiş cəza müddətindən çıxılmalı olmasını, cəzaçəkmə müddətinin əvvəlinin hökm çıxdığı tarixdən hesablanmasını, onun, ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli olmasını, seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı olmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməsini, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalmış çəkisi 310,95 qram olan narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv məhv edilməli olmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq 2 gün həbsdə saxlanıldığı müddət ona təyin olunmuş 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclası zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olub Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalmış çəkisi 310,95 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-32/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-32/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver