Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-36/2023 23.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1965-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Şəhriyar kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə verilən ittihama görə, o, 2022-ci ilin aprel ayının sonlarında yaşadığı Sabirabad rayon Şəhriyar kəndində yerləşən evinin həyətində istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi 12 ədəd xeyli miqdarda çətənə (kannabis) toxumlarını qanunsuz olaraq əkmiş, həmin toxumlardan tərkibində narkotik maddələr olan 12 ədəd çətənə (kannabis) bitkilərinin şitillərinə aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, 14 sentyabr 2022-ci il tarixdə Sabirabad RPŞ-nin əməkdaşlarının təxirəsalınmadan keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahədə ümumi təmiz çəkisi 79500 qram olan, yaş vəziyyətdə xeyli miqdarda – 12 ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, kənd təsərrüfatı ilə məşğul olub ailəsini dolandırır. El arasında “nəşə” deyilən narkotik vasitə marixuanadan ara-sıra istifadə etmişdir. Təxminən bir il əvvəl yaşadığı kənddə yol kənarında kibrit qutusunda toxumlar tapmış, həmin toxumların çətənə bitkisinə aid olduğunu bildiyinə görə həmin toxumları yaşadığı evdə saxlamışdır. Bu ilin aprel ayında evinin bağ sahəsində 12 ədəd çətənə bitkisinin toxumlarını əkmiş, həmin toxumları sulayaraq yetişdirmişdir. 14 sentyabr 2022-ci il tarixdə səhər saat 06 radələrində yaşadığı evdən çıxmış, bağ sahəsinə getmiş və bağ sahəsinin kənar hissəsindən tanımadığı şəxsin bağa baxdığını görmüş, həmin şəxsin arxası ilə getmiş, lakin ona çata bilmədiyi üçün kim olduğunu görə bilməmişdir. O, həmin şəxsin bağ sahəsində olan çətənə bitkilərini görməsini bilmiş, bundan narahat olub çətənə bitkilərini kökündən çıxarmış, bağda bir yerə yığmış, gecə saatlarında həmin bitkiləri kənar bir yerə aparıb atmağı düşünmüşdür. 14 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları yaşadığı evə gəlib onun narkotik vasitələrinin əkini ilə məşğul olması barədə məlumat daxil olduğunu, yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsini bildirmişlər. O, baxışın keçirilməsinə etirazı olmaması barədə ərizə yazmışdır. Bundan sonra iki hal şahidi və aqronomun iştirakı ilə yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evin həyətyanı sahəsində 12 ədəd çətənə bitkisi polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş və aşkar olunmuş çətənə kolları qablaşdırılaraq ağzı möhürlənmişdir. İlk dəfədir ki, cinayət əməli törədir. Hazırda əməlindən peşmandır. Məhkəmədən peşmançılığının, yaşının və ilk dəfə cinayət əməli törətməsinin nəzərə alınaraq barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Sabirabad RPŞ-nin CAB-nin əməliyat müvəkkili vəzifəsində işləyir. 14 sentyabr 2022-ci il tarixdə Sabirabad rayon Şəhriyar kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkib becərməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən təxirə salınmadan əməliyataxtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilmiş və şöbə rəisi tərəfindən qərar təsdiq olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən edilmişdir. Elə həmin gün saat təxminən 13 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. İlhamı səslədikdən sonra o, həyətə çıxmış və onlar İlhama həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməkdə şübhəli olduğunu, evində və həyətyanı sahəsində baxış keçirməli olduqlarını bildirmişlər. İlham etiraz etməmiş, bundan sonra onun evinə və həyətyanı sahəsinə baxış keçirilmiş və baxış zamanı evin həyətyanı sahəsində xüsusi qulluq olunmuş vəziyyətdə 12 ədəd çətənə bitkisinə oxşar bitkilər aşkar etmişlər. Onlarla birlikdə gələn aqronom da çətənə bitkilərinə baxıb, həmin bitkilərə qulluq olunması barədə rəy tərtib etmişdir. Aşkar edilmiş 12 ədəd çətənə bitkiləri qablaşdırılıb DİN-nin 139 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 Əlmövsüm oğlu oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 14 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində polis əməkdaşları onu küçədə görüb Sabirabad rayonu Şəhriyar kənd sakini Təqsirləndirilən şəxs həyətində və həyətyanı sahəsində narkotik vasitə olan çətənə bitkiləri əkməsi və narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını və həmin şəxsin həyətinə, həyətyanı sahəsindəki tikililərə və yaşadığı evə baxış keçirəcəklərini bildirib onun da hal şahidi qismində iştirak etməyini təklif etmişlər. O, etiraz etmədiyini və baxış keçirilən zaman hal şahidi qismində iştirak etmək istədiyini bildirmişdir. Ondan başqa polis əməkdaşları bir nəfər şəxsi də hal şahidi qismində dəvət etmişlər. Bundan sonra polislərlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmiş və ev sahibini çağırmışlar. Ev sahibi olan Təqsirləndirilən şəxs həyətdə olmuşdur. Polislər ona həyətində narkotik tərkibli çətənə bitkiləri əkməsi və qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərini keçirilməsi barədə qərarla həyətinə, həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirəcəklərini bildirmiş və onların da hal şahidi qismində iştirak edəcəklərini izah etmişlər. Təqsirləndirilən şəxs həyətinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra onların, aqronom mütəxəssisin və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəyə baxış keçirilmiş, oradan 12 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Aqronom çətənə bitkilərinə baxıb, həmin bitkilərə qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına vermişdir. Aşkar edilmiş 12 ədəd çətənə bitkiləri qablaşdırılıb götürülmüşdür. Həyətyanı sahəyə və yardımçı tikililərə baxış keçirildikdən sonra həyətdəki evə də baxış keçirilmiş, lakin heç nə aşkar edilməmişdir. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə X1 regional Bölməsinin xx.xx.2022-ci il tarixli 18/1024 №li rəyində göstərilmişdir ki, “...Təqsirləndirilən şəxs.. həyətyanı sahəsindən baxış...” sözləri və imzalar olan 9 ədəd sintetik torbadakı cəmi 12 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi- 79500 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən təqdim olunmuş şitillərə aqrotexniki qaydada qulluq olunmuşdur. İşdə olan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 25 oktyabr 2022-ci il tarixli 6302 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərindən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad RİHB-nin Şəhriyar KİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020ci il 18 sentyabr tarixli Qərarından göstərilmişdir ki, Cinayət Məcəlləsinin 237.1-ci maddəsində göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aidddir. Təqsirləndirilən şəxs 12 ədəd xeyli miqdarda narkotik vasitə olan çətənə bitkilərini kultivasiya etməsini (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etməsi cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadələri, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, törətdiyi əməlindən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət əməli törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikasının CM-nın 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının məqsədini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində kultivasiya etmiş olduğu kolların sayı və çəkisi də nəzərə alınmaqla 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olar. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.2 və 10.5-ci bəndlərində göstərilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədi ilə cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması istiqamətlərdə qanun layihələrinin hazırlanması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının məqsədi həm qətimkan tədbiri seçilərkən, həm təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən cəza tətbiq etmədə humanist yanaşmanın tətbiq edilməli olduğunu özündə ehtiva edir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iki gün həbsdə saxlanmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla, dörd gün təyin olunan cəzadan çıxılaraq, onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq cəza çəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan 12 ədəd çətənə (kannabis) bitkilərinin məhv edilməli olmasını, həmçinin məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 (otuz bir manat doxsan beş qəpik) AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad RPŞ-də saxlanılan 12 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-36/2023
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-36/2023
23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver