Məhkəmə qərarları › İş №1(056)-37/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-37/2023

11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-37/2023 11.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Sabiabad Rayon Məhkəməsinin hakimi Pənahov Füzuli Novruzəli oğlu Əsədli Elçin Ayaz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Sabirabad rayonu Axtaçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Sabirabad rayon Axtaçı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi-15,12qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib, üzərində qanunsuz olaraq daşıyaraq, yaşadığı Sabirabad rayonu Axtaçı kəndindəki evinə gətirib qanunsuz saxlamış, 28 sentyabr 2022-ci il tarixdə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, yaşadığı evə baxış keçirilən zaman, evin yardımçı otağında yerləşən pəncərənin qarşısında 02 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi-12,52 qram; 2,60 qram; ümumi çəkisi-15,12 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respubikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o Sabirabad rayonu Axtaçı kəndində ailəsilə birlikdə yaşayır. Təxminən 20 ildir ki, narkotik vasitə istifadə edir. Əsəb xəstəsi olduğu üçün narkotik vasitə istifadə edir və sakitləşir. 2021-ci ilin oktyabr ayında yaşadığı kəndin yaxınlığından keçən Kür çayının kənarında piyada gəzən zaman yol kənarında 01 ədəd yabanı şəkildə bitən narkotik tərkibli çətənə bitkisini görmüşdür. O narkotik vasitə istifadəçisi olduğu üçün həmin bitkinin çətənə bitkisi olduğunu bilmişdir. Həmin çətənə bitkisinin yarpaqlarını yığmışdır. Yığdığı çətənə bitkisinin yarpaqlarından biraz siqaretə doldurmuş və çəkmişdir. Bundan sonra tam əmin olmuş ki, həmin bitki narkotik tərkibli çətənə bitkisidir. Həmin bitkinin yarpaqlarını gələcəkdə özü istifadə etmək məqsədilə özündə saxlamışdır. Bitkinin hissələrini götürmüş, yaşadığı evə aparmış və evdə yardımçı otaqda gizlətmişdir. O həmin yarpaqları qurutmuş və 02 ədəd kağız bükümlərə ayırmışdır. Daha sonra isə vaxt keçdikcə həmin qurudulmuş marixuanadan siqaretə doldurub çəkmişdir. O, 28 sentyabr 2022-ci il tarixdə evdə olan zaman polis əməkdaşları yaşadığı həyətə gələrək məlumat əsasında yaşadığı evə, həyətyanı sahəyə və həyətində olan yardımçı tikililərə baxış keçirməli olduqlarını demişlər. O da etirazının olmaması barədə ərizə yazmışdır. Həmin vaxt iki hal şahidi dəvət olunmuşdu. Baxış zamanı yaşadığı evin yardımçı otağında yerləşən pəncərənin qarşısında olan 02 ədəd kağız bükümklərdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş 02 ədəd kağız bükümklərdə saxladığı qurudulmuş marixuana qablaşdırılaraq möhürlənmişdir. Daha sonra bu barədə tərtib olunmuş protokola o, iki hal şahidi və polis əməkdaşları imza etmişlər. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən səmimi peşman olduğunu, böyük ailə başçısı olmasını və şəxsiyyətinin yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsə istinad olunan cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, işdə olan sənədlər və cinayət işinin digər rəsmi dəlilləri ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, 28 sentyabr 2022-ci il tarixdə Sabirabad rayonu Axtaçı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması barədə Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq Şahid1 raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi Şahid1 həvalə olunmuşdur. Şahid1 tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin İstintaq bölməsinin müstəntiqi Mərifət Ağazadə, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, ondan və RPŞ-nin CAB-nin rəisi İlqar Hümbətovdan ibarət olması təsdiqlənmişdir. Bundan başqa baxış keçirilməsində iştirak etmək üçün Sabirabad rayon Güdəcühür KİƏDN-nin müavini vəzifəsində işləyən Şahid4 və Sabirabad rayonu Güdəcühur KİƏDN-nin mühasibi vəzifəsində işləyən X3 hal şahidi kimi dəvət olunmuşlar. Həmin şəxslər baxış keçirilməsində hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiklərini və baxış keçirilməsi prosesində hal şahidi kimi iştirak edəcəklərini bildirmişlər. Avtomobillə Təqsirləndirilən şəxs yaşadığı rayonun Axtaçı kəndindəki evinə gəlmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs özü həyətdə olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını bildirmişlər və yaşadığı evin həyətinə, evə baxış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs həyətinə və yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə vermişdir. Bundan sonra hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman, evin yardımçı otağında yerləşən pəncərənin qarşısında olan 02 ədəd kağız bükümlərdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş 02 ədəd kağız bükümlərdə narkotik vasitə qurudulmuş marixuana qablaşdırılıb DİN-nin 139 saylı möhürü ilə möhürlənib, götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs şifahi sorğu zamanı polis əməkdaşlarına 02 ədəd kağız bükümdə yığıb saxladığı narkotik vasitə qurudulmuş marixuananı öz istifadəsi üçün saxladığını bildirmişdir. Evə baxış keçirildikdən sonra həyətyanı sahəyə və yardımçı tikililərə də baxış keçirildi. Lakin başqa heç nə aşkar edilməmişdir. Daha sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Sabirabad RİHB-nın Güdəcühur KİƏDN-nin müavini vəzifəsində işləyir. 28 sentyabr 2022ci il tarixdə polis əməkdaşları ona zəng edib Sabirabad rayonu Axtaçı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını və həmin şəxsin həyətinə, həyətyanı sahəsindəki tikililərə və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Polis işçiləri baxış keçirilən zaman onun da hal şahidi qismində iştirak etməyini təklif etmişlər. O da baxış keçirilən zaman hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiyini və baxış keçirilən zaman hal şahidi qismində iştirak etmək istədiyini bildirmişdir. Ondan başqa polis əməkdaşları bir nəfər şəxsi də hal şahidi qismində dəvət etmişlər. Həmin şəxs Sabirabad rayon Güdəcühür KİƏDN-nin mühasibi vəzifəsində işləyən Şahid5 olmuşdur. Bundan sonra polis işçilərilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Ev sahibi olan Təqsirləndirilən şəxs həyətdə olmuşdur. Polis işçiləri Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərini keçirilməsi barədə qərarla həyətinə, həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs həyətinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə evə baxış keçirilən zaman, evin yardımçı otağında yerləşən pəncərənin qarşısında olan 02 ədəd kağız bükümlərdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş 02 ədəd kağız bükümlərdə narkotik vasitə qurudulmuş marixuana qablaşdırılıb DİN-nin 139 saylı möhürü ilə möhürlənib, polislər tərəfindən götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs şifahi sorğu zamanı polis əməkdaşlarına 02 ədəd kağız bükümdə yığıb saxladığı narkotik vasitə qurudulmuş marixuananı öz istifadəsi üçün saxladığını bildirmişdir. Evə baxış keçirildikdən sonra həyətyanı sahəyə və yardımçı tikililərə də baxış keçirilmiş, lakin başqa heç nə aşkar edilməmişdir. Daha sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadə verərək Şahid4 göstəriyi xüsusatları bir daha təsdiq etdi. Cinayət işində olan: məhkəmə-bioloji ekspertizasının 29 fevral 2022-ci il tarixli, 18/1081 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs..evin yardımçı otağında yerləşən pəncərəsinin qarşısında olan ...” sözləri və imzalar olan 02 kağız paketdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-12.52qr, 2.60qr, ümumi çəkisi- 15,12qram olan kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6494 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin ve psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sabirabad rayon Güdəcühür kənd İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yeri üzrə şəxsiyyətinin müsbət xarakterizə olmasını, ilk dəfə az ağır cinayət əməli törətməsini, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cinayət əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, əməlindən səmimi peşiman olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirli bilindiyi maddənin sanksiyası daxilində Təqsirləndirilən şəxs 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə şübhəli şəxs qismində tutularaq 2 gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 həbs günü 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılaraq üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təyin olunmuş cəza müddətinin başlanğıcı onun cəzasının icrasını həyata keçirən orqan tərəfindən qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilimiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalı, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan Sabirabad RPŞ-də saxlanılan tədqiqatdan sonrakı çəkisi 15.08 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə 31,95 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərillənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanısın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın; o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın; cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut Sabirabad RPŞ-də saxlanılan tədqiqatdan sonrakı çəkisi 15.08 qr narkotik vasitə marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının cəmi 31,95 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar