Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-38/2024 21.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları, xx xxxx 1976-cı il tarixdə Sabirabad rayonu, Cavad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Sabirabad rayonu, Həsənalı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 128-ci maddəsi ilə elan edilən ittihama görə, o, 15 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində, Sabirabad rayonu Həsənalı kəndində yaşadığı evdə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs ilə qısqanclıq zəmnində aralarında yaranmış münaqişə zamanı, yumruq zərbələri ilə onu vuraraq, ona burun çəpəri sümüyünün qapalı sınığı ilə müşayiət olunan, burnun belində, sağ və sol gözaltı nahiyədə qançırlarla nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ilk evliliyi 1996-cı ildə olmuş, 2002-ci ildə həyat yoldaşı vəfat etmiş, hazırda 2 övladı vardır. Zərərçəkmiş şəxs təxminən 20-25 gün olar tanımışdır. Həmin ərəfədə Bakı şəhərində olarkən Şəhla ilə tanış olmuş, tanışlıq zamanı onunla münasibətləri uyğun gəlmiş və ona təklif etmişdir ki, kənddə tək qoca anası ilə yaşayır, evlənib bir yerdə yaşasınlar. Şəhla onun təklifi ilə razılaşmış və Həsənalı kəndinə evlərinə gəlmişlər. Anası Rahilə də onların ailə qurmasına etiraz etməmişdir və onlar qeyri-rəsmi ər-arvad münasibətlərində mehriban yaşamağa başlamışlar. 15 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində, evdə Şəhla namaz ibadətini edərkən mobil telefonuna zəng gəlmiş, telefonuna özü cavab vermiş, yad bir kişi Şəhlanı soruşmuş, əsəbləşib telefonda həmin şəxslə mübahisə etmiş və Şəhlanın həyat yoldaşı olduğunu demişdir. Bundan sonra o, bərk əsəbləşib Şəhladan, həmin şəxsin kimliyini və nə səbəbə onu soruşduğunu demiş, Şəhla isə, həmin adamın bacısının evində kirayə qalmasını, lakin niyə zəng etməsini bilmədiyini demişdir. Buna baxmayaraq əsəbləri sakitləşməmiş, mübahisə yaranmış, o, sillə və yumruqla Şəhlanın sifətinə vuraraq onu döyməyə başlamışdır. Onların səsinə anası Rahilə gəlib onu sakitləşdirmişdir. Bundan sonra Şəhlanın köhnə nömrəsini telefonun üzərindən çıxarıb sındırmış və tələb etmişdir ki, özü üçün təzə nömrə alsın, telefonunu da alıb evə qoymuşdur. Bundan sonra evdə sakitlik yaranmışdır. Həmin axşam Şəhla ona, səhər bazara gedib bəzi əşyalar almasını demişdir. Ertəsi günü, xx.xx.2023-cü il tarixdə, səhər durub evdən çıxıb bazara getmişdir. Evə qayıtdıqdan sonra Şəhlanın xəbərsiz evdən çıxıb getdiyini görmüş, əşyaları isə evdə qalmışdır. Sonradan məlum olmuşdur ki Şəhla onun haqqında 102 xidmətinə və rayon polis şöbəsinə şikayət vermişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirdiyini, bir daha bu cür hallara yol verməyəcəyini və ilk dəfə olaraq cinayət əməlini törətdiyini qeyd edərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə 2023-cü ilin oktyabr ayının 23-də Bakı şəhərində tanış olmuş, onunla ailə qurmaq qərarı verərək, 2 gün sonra Elşənin yaşadığı Sabirabad rayonu Həsənli kəndinə gəlmişlər. Həmin evdə yaşayan Elşənin anası Rahilə də onu çox mehribanlıqla qəbul etmişdir. Onlar qeyri-rəsmi ər-arvad münasibətlərində çox mehriban yaşamağa başlamışlar. 15 noyabr 2023-cü il tarixdə, axşam saat 18 radələrində, Abşeron rayonunda olan bir nəfər kişi keçmiş iş yoldaşı onun telefonuna zəng etmişdir. O namaz qıldığı üçün cavab verə bilməmiş, telefona Elşən cavab vermiş və Elşən telefonda kişi səsini eşidib əsəbləşərək ona kobud cavab vermişdir. Bundan sonra Elşən onun üzərinə gələrək həmin kişinin kimliyini soruşmuş, o, həmin kişinin keçmiş işçi yoldaşı olmasını, ola bilsin nə isə soruşmaq üçün zəng etdiyini izah etməyə çalışmışdır. Lakin Elşənin hirsi soyumamış, mübahisə etməyə başlamış, yumruqla sifətinə, hər iki gözünün altına və burnunun üstünə zərbələr vuraraq onu döymüşdür. Onun üz gözü xəsarət almışdır. Bu zaman Elşənin anası Rahilə öz otağından eşidib çıxmış, oğlunu sakitləşdirməyə çalışmışdır. Onu vurub döydükdən sonra Elşən biraz sakitləşmişdir. Gecəni orada qalmış, ertəsi günü səhər Elşən evdən çıxdıqdan sonra, o da evdən çıxıb Abşeron rayonuna getmişdir. Düşünmüşdür ki, artıq Elşənlə qala bilməz, onun aqresiv olmasından və tez-tez onu döyəcəyindən qorxmuşdur. Ona görə də 102 xidmətinə, sonra da rayon polis şöbəsinə məlumat vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 810 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - burun çəpəri sümüyünün qapalı sınığı ilə müşayiət olunan, burnun belində, sağ və sol gözaltı nahiyədə qançırlar küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilər. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad rayon Cavad kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nın 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin məhkəmədə elan edilmiş ifadəsi, ekspertiza rəyi, həmçinin məhkəməyədək sadələşdirilmiş icraatın digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən CM-nın 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun əməlindən peşmançılıq hissi keçirdiyini və ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətdiyini ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq bir gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq 01 gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından iki gün çıxılmalı və onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq bir gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından iki gün çıxılsın və onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkməsi müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Nurəddin Bağırov
Məhkəmə qərarları › İş №1(056)-38/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-38/2024
21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver