Məhkəmə qərarları › İş №1(056)-41/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-41/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-41/2025 21.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlu, Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.2004-cü ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.2006-cı ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə verilən ittihama görə, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Sabirabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 3 saylı binanın 16 nömrəli mənzilinə gəlmiş, əvvəldən razılaşdıqları qaydada o, mənzilin qapısı önündə dayanıb ətrafı müşahidə etmiş, qardaşı Təqsirləndirilən şəxs1 isə qapını açarla açmaqla qanunsuz olaraq içəri daxil olub yataq otağındakı güzgülü şkafın siyirməsindən Zərərçəkmiş şəxs2 məxsus, içərisində 8 manat 40 qəpik pul vəsaiti olan, pul yığmaq üçün nəzərdə tutulan kiçik həcmli 1 manat dəyərində kassa qutusunu, evin qonaq otağındakı masanın üzərinə qoyulmuş 90 manat dəyərində “Samsung A 23” markalı mobil telefonu, sonuncunun rəfiqəsi Zərərçəkmiş şəxs1 məxsus 85 manat dəyərində “Samsung A20S” markalı mobil telefonu götürüb evdən çıxaraq onunla birlikdə hadisə yerindən uzaqlaşdığından o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 99 manat 40 qəpik, Zərərçəkmiş şəxs1 isə 85 manat olmaqla, ümumilikdə 184 manat 40 qəpik məbləğində özgə əmlakını gizli olaraq talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə verilən ittihama görə, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Sabirabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 3 saylı binanın 16 nömrəli mənzilinə gəlmiş, əvvəldən aralarındakı razılığa əsasən qardaşı Təqsirləndirilən şəxs2 ətrafı müşahidə etmək, ola biləcək təhlükə barədə onu əvvəlcədən məlumatlandırmaq üçün evin giriş qapısının önündə gözləmiş, o isə qapını açarla açmaqla qanunsuz olaraq mənzilə daxil olub yataq otağındakı güzgülü şkafın siyirməsindən Zərərçəkmiş şəxs2 məxsus, içərisində 8 manat 40 qəpik pul vəsaiti olan, pul yığmaq üçün nəzərdə tutulan kiçik həcmli 1 manat dəyərində kassa qutusunu, evin qonaq otağındakı masanın üzərinə qoyulmuş 90 manat dəyərində “Samsung A23” markalı və sonuncunun rəfiqəsi Zərərçəkmiş şəxs1 məxsus 85 manat dəyərində “Samsung A20S” markalı mobil telefonu götürüb birlikdə hadisə yerindən uzaqlaşmaqla Zərərçəkmiş şəxs2 99 manat 40 qəpik, Zərərçəkmiş şəxs1 isə 85 manat dəyərində olmaqla, ümumilikdə özgənin 184 manat 40 qəpik məbləğində əmlakını gizli olaraq talamaqla oğurlamışdır. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində o və qardaşı Təqsirləndirilən şəxs1 yaşadıqları ünvan 1-də pəncərədən baxarkən, əvvəllər tanıdıqları, münasibətlərinin normal olduğu, onlarla eyni binada yaşayan Dilşadla rəfiqəsi İlhaməni görmüşlər. Onlar Dilşad və İlhamə ilə pəncərədən danışıb zarafatlaşmış və Dilşad “Anar Kür” restoranına getdiklərini demişdir. Dilşad və İlhamə məhlədən getmişlər və həmin vaxt İlkin ona Dilşadın evinə girməyi, nəsə oğurlamalı şey varsa oğurlamağı təklif etmişlər. O da razılaşmış və birlikdə Dilşadın yaşadığı evin qarşısına, sağ tərəfdəki giriş qapısının önünə gəlmişlər. O, orada gəlib-gedən olarsa, xəbər vermək məqsədilə qapının qarşısında dayanmışdır. İlkin isə giriş qapısının önündə, yerə sərilmiş kiçik həcmli xalçanı qaldıraraq evin qapısının açarını tapmışdır. İlkin qapını açaraq mənzilə daxil olmuş, o isə İlkini qapının önündə gözləmişdir. 2-3 dəqiqədən sonra İlkin evdən çıxmış və evdə oğurlanmalı heç nə olmadığını, heç bir şey oğurlamadığını ona demişdir. Bundan sonra İlkin qapını bağlamış və açarı yenidən xalçanın altına qoymuş, ardınca isə birlikdə oradan getmişlər. Bir neçə dəqiqə sonra onlar Dilşadın İlhamə ilə birlikdə evə qayıtdığını görmüşlər və daha sonra Dilşad həyətə düşərək hay-küy salaraq evindən oğurluq olduğunu demişdir. Bir neçə dəqiqə sonra oraya polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları Dilşadın evinə baxış keçirdikdən sonra bir nəfər polis əməkdaşı ondan qardaşı İlkinin oğurluq etdiyini deyərək harada olduğunu soruşmuşdur. O, belə düşünmüşdür ki, evdən heç nə oğurlanmamışdır və buna görə də arxayınçılıqla polis əməkdaşına – istəyirsiz gəlin, evimizə baxın – demişdir. Sonradan İlkin gəlmiş və polis əməkdaşına ən ağır andlar içərək evə daxil olmadığını, heç nə oğurlamadığını bildirmişdir. Bundan iki gün sonra isə o, məhlədə olarkən İlkinlə qonşusu Məhəmmədəlinin “Samsung A 23” markalı mobil telefon barədə danışdıqlarını eşitmiş, həmin marka mobil telefonun Dilşadın oğurlanan mobil telefonu ilə eyni olduğuna görə artıq İlkinin oğurluq etməsindən əmin olmuşdur. O, İlkinə bu barədə dedikdə İlkin əvvəlcə inkar etsə də, sonradan Dilşadın “Samsung A23” markalı mobil telefonunu oğurladığını etiraf etmişdir. O isə İlkinə kəskin şəkildə həmin telefonu satdıqdan sonra əldə etdiyi gəlirdən ona da pay verməli olacağını bildirmişdir. İlkin də bununla razılaşmış və ona da pay verəcəyini demişdir. Hansı ki, İlkin ona daha sonra heç bir manat da verməmişdir. Bir neçə gün sonra isə o, İlkin, Kənan və Məhəmmədəli polis şöbəsinə gətirilmişlər və polis şöbəsində ona aydın olmuşdur ki, qardaşı İlkin sən demə Dilşadın evindən həm Dilşadın, həm də İlhamənin mobil telefonunu, həmçinin, kassa kimi istifadə olunan qutunun içərisindən isə 8 manat 40 qəpik pul oğurlamışdır. İlkin özü bunu onun yanında heç bir təsir, təzyiqə məruz qalmadan etiraf etmişdir. Polis şöbəsində İlkin izahat verərkən onun üzünə durmuşdur ki, guya onunla birlikdə evə daxil olmuşdur. O da məcbur qalıb izahatında İlkinlə birlikdə evə daxil olduğunu demişdir. Əslində isə o, evə daxil olmamışdır və həmin izahatında göstərdiyi bəzi xüsusatlar doğru deyildir. İlkin yaşı uyğun olmadığı üçün qonşuları Kənanla birlikdə Saatlı şəhərinə gedib telefonu satıb gəlmişlər. İlkin Kənanı da aldadıb ki, guya həmin telefon anasının telefonudur. Polis şöbəsində Kənan İlkindən soruşmuşdur ki, - bəs deyirdin ki, telefon evindir, niyə yalan deyirdin mənə. İlkin də əvvəlcə Kənanın üzünə durub demişdir ki - sənin şəxsiyyət vəsiqənlə telefon satılıb. Sonradan isə İlkin etiraf etmişdir ki, Məhəmmədəlini də, Kənanı da şərləyir. O, əgər bu oğurluq məsələsində olmasaydı, Kənanı da, Məhəmmədəlini də İlkin şərləmiş olacaqdı. O, əvvəl-axır həmin oğurluqda İlkinlə birlikdə olmuşdur və nə Kənan, nə də ki, Məhəmmədəli həmin oğurluqda onlarla birlikdə olmamışdır. Onlar şöbədən getdikdən sonra İlkindən soruşmuşlar ki, niyə Kənanı, Məhəmmədəlini şərləyirdi. İlkin də cavabında – nə bilim, mən sizin adınızı verməsəydim, özüm gedərdim sroka, ona görə elə dedim – demişdir. Hazırda o, əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Oğurlanmış telefonlar zərərçəkmiş şəxslərə qaytarılmışdır. Zərərçəkmiş şəxslərin onlara qarşı şikayət və tələbləri yoxdur. Atası vəfat etmişdir. Hazırda ailənin tələbatlarını o və qardaşı qarşılayır. Göstərdiklərinə əsasən də o, barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadığı ünvan 1 ünvanındakı evin pəncərəsindən qardaşı Təmkinlə birlikdə məhləyə baxarkən, qonşusu Dilşadı görmüşlər və onlar Dilşadla pəncərədən söhbətləşəndə ona “hara gedirsən bəzənmisən” deyə soruşmuşlar. Dilşad da cavabında “Ana Kür” restoranına qonaq çağırıldığını, oraya gedəcəyini demişdir. Həmin vaxt Dilşadın yanında rəfiqəsi İlhamə də olmuşdur. Onun Dilşad və İlhamə ilə həmişə normal münasibətləri olmuşdur. Bir qədər gözlədikdən sonra Dilşadla İlhamə oradan getmişdir. Bundan sonra o, qardaşı Təmkinə - gəl girək evə, görək nə var - demişdir. Təmkin də onunla razılaşmışdır. Onlar Dilşadın uşaqlarının həyətdə oynadığını, buna görə də qapını bağlamayacağını düşünmüşlər. Dilşad onunla eyni binada yaşayır. O, Təmkinlə birlikdə binanın 2-ci mərtəbəsinə, Dilşadın evinin qarşısına gəlmişlər. Sağ qapı, yəni Dilşadın qaldığı evin qapısını açmağı yoxlamış və qapının bağlı olduğunu görmüşlər. O, qapının qarşısında olan kiçik həcmli xalçanı qaldırdıqda açarın xalçanın altında olduğunu görmüşdür. O, açarı götürüb qapını açmışdır. Təmkin qapının ağzında gözləmişdir ki, gəlib-gedən olsa, xəbər versin. O, evə daxil olmuş və evə daxil olduqdan sonra sağ tərəfdəki qonaq otağında masanın üzərində iki ədəd, biri kənarı və arxa hissəsi qırmızı “Samsung A 20S” markalı, digəri qara rəngli “Samsung A23” markalı mobil telefonları görmüşdür. O, həmin telefonları götürüb cibinə qoymuşdur. Bundan sonra yataq otağında güzgülü şkafın aşağısında siyirmədə, uşaq üçün 1 manata satılan, pul saxlamaq üçün nəzərdə tutulmuş kassa qutusu olduğunu görmüşdür. O, kassanı da, telefonları da götürüb arxa cibində gizlətmişdir. O, qapını bağlayıb açarı həmin xalçanın altına qoyub Təmkinlə birlikdə birbaşa evlərinə getmişlər. Evə gedərkən o, kiçik həcmli kassanı dəhlizin girişi tərəfdə gizlətmişdir ki, Təmkin görməsin. Təmkin ondan evdə nə olduğunu, nə oğurladığını soruşmuşdur. O da Təmkinə heç nə oğurlamadığını demişdir. O, daha sonra dəhlizin kənarında gizlətdiyi kiçik həcmli kassa qutusunu açmış və içərisində 8 manat 40 qəpik olduğunu müəyyən etmiş və həmin pulu götürüb kassa qutusunu zibilliyə tullamışdır. O, yenidən evə qayıtmış və onlar evdə olarkən, evinə gəlib telefonlarının oğurlandığını görən Dilşadın həyətə düşərək səs-küy saldığını görmüşdür. Həmin səsküyü eşidən Təmkin ondan evdən telefon oğurlayıb-oğurladığını bir daha soruşmuşdur. O da Təmkinə telefonları oğurlamadığını, Dilşadın yalandan səs-küy saldığını demişdir. Daha sonra Dilşadın şikayəti əsasında polislər gəlib Dilşadın evinə baxıb getmişlər. O, gecə saatlarında “Samsung A23” markalı mobil telefonu qonşusu Kənana göstərərək həmin telefonun ailə üzvünə aid olduğunu bildirib satmasını demişdir. Kənan da telefonun şəkilini çəkib dostuna göndərmişdir. Lakin sata bilməyib ona geri qaytarmışdır. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə qonşusu Kənanla birlikdə Saatlı rayonuna gedib “Samsung A20S” markalı mobil telefonu satmaq istəmişlər. Onlar orada tanımadıqları telefon mağasına daxil olmuşlar. Mağaza sahibi şəxsiyyət vəsiqəsi istədiyi üçün Kənan öz şəxsiyyət vəsiqəsini vermişdir. Telefonu orada mağazaya “Samsung A20S” markalı, arxası qırmızı telefonu 50 manata satıb geri qayıtmışlar. Yolda Kənan satdıqları telefonun Dilşadın dediyi telefon olub-olmadığını soruşmuşdur. O, Kənana həmin telefonun oğurluq olmadığını, evin telefonu olduğunu demişdir. Kənan da, o da öz telefon nömrəsini Saatlı şəhərindəki telefonu satdığı mağazanın sahibinə vermişdir. O, həmin 50 manatdan 10 manatını yolda xərcləmişdir. Belə ki, yol pulu və adama bir dönər olmaqla, ümumilikdə 10 manat pul xərclənmişdir. Kənana isə qalan 40 manatı evə verəcəyini demişdir. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə o, qonşusu Məhəmmədəli ilə görüşmüş və Məhəmmədəliyə telefonunun köhnə olduğunu, həmin telefonu satıb pulunu ona verdikdən sonra Dilşadgildən oğurladığı, lakin evə aid olduğunu bildirdiyi “Samsung A23” markalı mobil telefonu Məhəmmədəliyə verəcəyini demişdir. Məhəmmədəli də elə həmin gün telefonu 40 manata satmış və 40 manatı ona vermişdir. O da “Samsung A 23” markalı mobil telefonu Məhəmmədəliyə vermişdir. Bu vaxta qədər Təmkin onun telefonları oğurladığını bilməmişdir. Onun Məhəmmədəli ilə söhbətlərini kənardan eşidən Təmkin ondan niyə yalan danışdığını, Dilşadgilin evindən telefon oğurladığını demiş və o, orada Təmkinə Məhəmmədəliyə satdığı telefonu oğurladığını demişdir. Həmin vaxt Təmkin ona - onda oradan mənim də payımı verəcəksən – demişdir. O da Təmkinə paydan verəcəyini demişdir. Lakin, pulu xərclədiyi üçün artıq Təmkinə verməyə pul olmamışdır. xx.xx.2024-cü il tarixdə işdə olarkən polis əməkdaşları onun yanına gələrək Saatlı rayonuna satdığı qırmızı rəngli telefonu göstərib - bunu sən satmısan - demişlər. O da bunu etiraf etmişdir. Bundan sonra onu polis şöbəsinə gətirmişlər. Həmin vaxt Kənan da polis şöbəsində olmuş və Kənan polislərə onunla birlikdə Saatlı şəhərində telefon satdığının məlumatını vermişdir. Kənan polis şöbəsində xəbər tutmuşdur ki, həmin telefon oğurluq imiş. Həmçinin, polis şöbəsində olan qardaşı Təmkin də xəbər tutmuşdur ki, o, Dilşadgildən bir yox, iki telefon oğurlamışdır. O, polis şöbəsində də telefonları qardaşı Təmkinlə birlikdə oğurladığını və satdığını etiraf etmişdir. Hazırda o, əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Oğurlanmış telefonlar zərərçəkmiş şəxslərə qaytarılmışdır. Zərərçəkmiş şəxslərin onlara qarşı şikayət və tələbləri yoxdur. Atası vəfat etmişdir. Hazırda ailənin tələbatlarını o və qardaşı qarşılayır. Himayəsində bir azyaşlı övladı vardır. Göstərdiklərinə əsasən də o, barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 05 sentyabr 2024-cü il tarixdə, saat 18 radələrində yaşadığı evə qonaq gələn rəfiqəsi Zərərçəkmiş şəxs1 ilə yaşadığı binanın həyətinə gəzmək üçün düşmüşlər. Onlar həyətə düşəndə o, özünə məxsus, təxminən 7 ay əvvəl telefon mağazasından aldığı “Samsung A23” markalı mobil telefonu yataq otağında termonun qarşısında qoymuşdur. Rəfiqəsi İlhamə isə özünə məxsus “Samsung A20S” markalı mobil telefonu qonaq otağında stolun üzərində qoymuşdur. Onlar evdən çıxdıqdan sonra o, qapını açar ilə bağlamış və açarı qapının qarşısındakı xalçanın altına qoymuşdur. Onlar həyətdə təxminən bir saat gəzdikdən sonra evə qayıtmışlar. O, açarı qoyduğu yerdən götürüb qapını açaraq evə daxil olmuşdur. Rəfiqəsi telefonun stolun üzərində olmadığını, kiminsə telefonunu oğurladığını demişdir. Bundan sonra o da yataq otağına keçib termonun qarşısına baxmış və onun da telefonunun qoyduğu yerdə olmadığını görmüşdür. Bundan sonra mobil telefonların oğurlanmasından əmin olaraq bu barədə DİN-in 102 xidmətinə müraciət etmişdir. Müraciətindən sonra polis əməkdaşları yaşadığı evə gəlmişlər. Ondan və rəfiqəsindən ərizə və izahat alıb evə baxış keçirərək getmişlər. Bir müddət sonra polis əməkdaşları ona mobil telefonların onunla eyni binada yaşayan İlkin və Təmkin qardaşları tərəfindən oğurlandığını demişlər. Mobil telefonun oğurlanması nəticəsində ona 90 manat maddi ziyan dəymişdir. Hazırda ziyan ödənilmişdir. Onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Ona görə də o, təqsirləndirilən şəxslər barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclası zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, tez-tez rəfiqəsi Dilşadgilə qonaq gedir. 05 sentyabr 2024-cü il tarixdə yenə Dilşadgilə qonaq getmişdir. Həmin gün, saat 18 radələrində rəfiqəsi Dilşadla birlikdə binanın həyətinə gəzmək üçün düşmüşlər. Onlar həyətə düşəndə o, özünə məxsus təxminən 3 ay əvvəl tanıdığı şəxsdən 200 manat müqabilində aldığı “Samsung A20S” markalı mobil telefonu qonaq otağında stolun üzərində qoymuşdur. Onlar evdən çıxdıqdan sonra Dilşad qapını açarla bağlamış və açarı qapının qarşısındakı xalçanın altına qoymuşdur. Təxminən bir saat sonra onlar evə qayıtmışlar. Dilşad açarı qoyduğu yerdən götürüb qapını açmış və onlar evə daxil olmuşlar. O, telefonun stolun üzərində olmadığını, kiminsə telefonunu oğurladığını demişdir. Bundan sonra Dilşad da yataq otağına keçib termonun qarşısına baxmış və Dilşadın da telefonunun qoyduğu yerdə olmadığını görmüşdür. Bundan sonra mobil telefonların oğurlanması barədə DİN-in 102 xidmətinə müraciət etmişlər. Müraciətdən sonra polis əməkdaşları həmin evə gəlmiş, ondan və rəfiqəsindən ərizə, izahat alıb evə baxış keçirərək getmişlər. Bir müddət sonra məlum olmuşdur ki, mobil telefonları Dilşadla eyni binada yaşayan İlkin və Təmkin adlı şəxslər tərəfindən oğurlanmışdır. Onun mobil telefonunun oğurlanması nəticəsində təxminən 85 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak etmiş şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabirabad şəhəri ərazisində avtoyuma məntəqəsi işlədir. Təxminən 4-5 ay əvvəl tanışı İlkin ona satlıq “Samsung A24” markalı mobil telefon olduğunu demişdir. O, İlkindən telefonu neçəyə satdığını soruşmuşdur. İlkin də cavabında 100 manata sata biləcəyini demişdir. O, İlkinə o qədər pulunun olmadığını demişdir. İlkin də ona köhnəlmiş telefonunu satıb həmin telefonu almağını məsləhət bilmişdir. O da İlkinlə razılaşmış və İlkinin satdığı telefonun yaddaşı daha çox olduğu üçün öz telefonunu 40 manata satıb həmin pulu İlkinə vermişdir. İlkin də həmin telefonu ona satmışdır. O, İlkindən əvvəlcə telefonun kimə məxsus olduğunu soruşmuşdur. İlkin də evin telefonu olduğunu demişdir. xx.xx.2024-cü il tarixdə rayon ərazisində olarkən polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində İlkinin ona satdığı telefonun oğurluq olduğunu bilmişdir. Bundan sonra həmin telefonu polis əməkdaşlarına təqdim etmişdir. Sabirabad rayon mənzil istismar sahəsindən verilmiş xx.xx.2025-ci il tarixli xasyiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Sabirabad rayon mənzil istismar sahəsindən verilmiş xx.xx.2024-cü il tarixli xasyiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluqları yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixdədək şübhəli şəxs qismində tutulmuşlar. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən barələrində axtarış elan edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protkoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə tutulmuşdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmələri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, özlərinin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindikləri maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi olmuşdur. CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi törədiyi cinayət əməlini etiraf etməklə əməlindən peşmançılıq hissi keçirməsi, ailə vəziyyəti, ailəsinə yeganə qazanc gətirən şəxs olması və ilk dəfə cinayət əməli törətməsi olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi olmuşdur. CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi törədiyi cinayət əməlini etiraf etməklə əməlindən peşmançılıq hissi keçirməsi, ailə vəziyyəti, ailəsinə yeganə qazanc gətirən şəxs olması və ilk dəfə cinayət əməli törətməsi olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi cəzanın məqsədinə daha uyğundur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixdədək şübhəli şəxs qismində tutulduğu və xx.xx.2025-ci il tarixdə axtarışla tutulması bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməməlidir. Həmçinin, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə axtarışla tutulması bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməməlidir. Həmçinin, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs2 məxsus “Samsung A23” markalı və Zərərçəkmiş şəxs1 məxsus “Samsung A20S” markalı mobil telefonların onların özlərinə təhvil verilməsi, həmçinin iş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 347-349, 351-353, 381- 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə bir gün axtarışla tutulması günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, ona təyin olunmuş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 2 (iki) gün çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 dair hissəsi onun yaşadığı yer üzrə Sabirabad Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı və xx.xx.2025-ci il tarixdə bir gün axtarışla tutulduğu müddətin bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, ona təyin olunmuş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 dair hissəsi onun yaşadığı yer üzrə Sabirabad Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs2 məxsus “Samsung A23” markalı və Zərərçəkmiş şəxs1 məxsus “Samsung A20S” markalı mobil telefonların onların özlərinə təhvil verilməsi, həmçinin iş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması əzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar