Məhkəmə qərarları › İş №1(056)-42/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-42/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-42/2024 28.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X11 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Şirvan regional Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Sabirabad rayonu Kürkəndi anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli- himayəsində iki nəfər azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasının çəkilməmiş hissəsi 02 (iki) il 01 (bir) ay 18 (dörd) gün qalan, Sabirabad rayonu Kürkəndi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə xx.xx.2023-cü il tarixdən həbsdə olan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx.xx.2024-cü il tarixdə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, qanunsuz olaraq satış məqsədi ilə iki ədəd sellofan bükümündə biri 1,155 qram, digəri isə 0,421 qram olmaqla, ümumilikdə 1,576 qram çəkidə narkotik vasitə heroini əldə edib saxlamaqla üzərində daşımış, 08 sentyabr 2023cü il tarixdə narkotik vasitə heroinin 0,421 qram çəkidə olan hissəsini bir ədəd sellofan kəsiyi bükümdə qablaşdırılmış halda 30 manata Sabirabad şəhəri H.Həmidov küçəsində, “RTS” adlanan ərazidə tanışı Sabirabad şəhər sakini X6 qanunsuz olaraq satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Sabirabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat - axtarış tədbirləri nəticəsində 14 sentyabr 2023-cü il tarixdə saat 15:20 dəqiqədə Sabirabad şəhəri H.Həmidov küçəsində saxlanılaraq Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, şöbənin inzibati binasında həmin tarixdə saat 16:40 dəqiqədə üzərində şəxsi axtarış aparılan zaman, əynindəki şalvarın sol yan cibindən həmin narkotik vasitənin bir ədəd sellofan kəsiyi bükümündə 1,155 qram çəkidə olan hissəsi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tam təqsirli bilir. Sabirabad rayonu Kürkəndi kəndində ailəsilə birlikdə yaşayır, xırda ticarətlə məşğul olur. 14 sentyabr 2023-cü il tarixdə, rayon sakinləri Əlizamin və Saleh ilə birlikdə Sabirabad şəhəri, H.Həmidov küçəsində piyada hərəkət edən zaman bir neçə mülki geyimli şəxs onlara yaxınlaşaraq xidmət vəsiqələrini göstərmiş, özlərinin polis işçiləri olduqlarını bildirmişlər və onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu Əlizamin və Salehlə birlikdə Sabirabad RPŞ-nin inzibati binasına dəvət etmişlər. Rayon polis şöbəsində dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra, onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroini çıxarmış və masanın üzərinə qoymuşdur. Təqdim etdiyi heroin qablaşdırılmış və möhürlənmişdir. Bundan əlavə baxış zamanı üzərindən 20 manat pul və bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. 20 manat pul özünə qaytarılmışdır. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. O, bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroin özünə məxsusdur, həmin narkotik vasitəni 14 sentyabr 2023-cü il tarixdə yaşadığı Sabirabad rayonu Kürkəndi kəndi ərazisində piyada gedən zaman tapmışdır. Belə ki, həmin vaxt o, iki bükümdə narkotik vasitə heroin tapmış, öz istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs məhkəmədə dindirilərkən, həmçinin, qeyd etmişdir ki, ona Sabirabad şəhər sakini X6 qanunsuz olaraq narkotik maddə satmasına dair irəli sürülmüş ittiham üzrə ozünü təqsirli bilmir. O, izahat və ifadələrində Rəsula narkotik maddə satması barədə yazılanları da təsdiq etmir. Bu barədə onun adından yazılan ifadələrə müstəntiq ona oxumadan imza etdirmiş və ona demişdir ki, ifadələr onun üzərindən çıxan narkotik maddəni etiraf etməsilə əlaqədardır. O, ilk dəfə polis şöbəsində üzərinə baxış keçirilərkən Rəsula bir dəfə narkotik vasitə verdiyini, lakin bunun müqabilində ondan pul almadığını demişdir. Əslində o, Rəsula heç vaxt narkotik vasitə satmamışdır. Yalnız bir dəfə işin yekununda müstəntiq ondan Rəsul adlı şəxsə narkotik maddə satıb - satmamasını soruşmuş onda da demişdir ki , Rəsulu tanımır və nə ona , nə də başqa hər hansı bir şəxsə narkotik satmamışdır. Üzərinə baxış keçirilərkən Rəsul adlı şəxsə narkotik maddə verməsi barədə dediklərini müstəntiqin öyrətməsinə əsasən demişdir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşadığı ərazi üzrə şəxsiyyətinin müsbət xarakterizə olunmasını və himayəsində iki nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, o, Sabirabad RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 sentyabr 2023-cü il tarixdə Sabirabad rayonu Kürkəndi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs və Sabirabad şəhəri, 20 yanvar küçəsi, ev 27, mənzil 6-da qeydiyyatda olmaqla yaşayan Şahid5 qanunsuz əldə etdiyi narkotik vasitəni saxlamaqla, istifadə etməkdə və satışında şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra, raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin İstintaq bölməsinin müstəntiqi Araz Fərəcov, Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2, RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 və ondan ibarət olması təsdiqlənmişdir. Sabirabad NMQ-nin əməliyyat müvəkkili Şahid2 və PPXB-nin polis nəfəri Şahid3la birlikdə Sairabad şəhəri H.Həmidov küçəsində xidmət apararkən qanunsuz olaraq narkotik vasitə istifadə etməsində, üzərində saxlamasında və satışında şübhəli olan, Sabirabad rayon sakini xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində saat 15:20-də Sabirabad şəhəri H.Həmidov küçəsində yerləşən yarımtikili binanın qarşısında sonradan adını bildiyi Şahid5 və X1 ilə birlikdə piyada hərəkət etdiyini müşahidə etmişlər və həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs və Şahid5 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirmiş, barələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmiş Sabirabad RPŞ-yə dəvət etmişdir. Həmin şəxslər buna heç bir etiraz etməmişlər və polis əməkdaşları ilə birlikdə Sabirabad RPŞ-nin inzibati binasına gəlmişlər. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs, Şahid5 və Əlizamin Zeynalovun üzərində şəxsi axtarış aparılması üçün rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Sabirabad rayon polis şöbəsində olarkən Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmiş və vəkil gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları könüllü təqdim etməsi təklif olunmuşdur, sonuncu əynində olan qara rəngli cins şalvarının sol cibindən bir ədəd şəffaf polietilen bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Aşkar olunmuş kütlə müstəntiq tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Daha sonra, Valeh Zərbəliyevin üzərinə şəxsi axtarış keçirilmiş üzərindən 20 manat pul və 01 ədəd Samsung markalı mobil telefon aşkar edilmişdir. 20 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs şifahi sorğu zamanı polis əməkdaşlarına narkotik vasitəni öz istifadəsi üçün saxladığını bildirmiş, o əldə etdiyi narkotik vasitədən rayon sakini Rəsul adlı şəxsə istifadə etməsi üçün vermiş, lakin pul almamışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş, o da digər iştirakçılar kimi protokola imza etmişdir. Məhkəmə iclasında Şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 və RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə verdilər. İş üzrə keçirilmiş Ədliyyə Nazirliyi Məhkəmə X4 Regional Bölməsinin 15 sentyabr 2023-cü il tarixli, 18/914nömrəli rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs üzərində...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd sellafon kəsiyi bükümündə təmiz çəkisi 1,155 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1,155 qramdan tədqiqata 0,05 qramı istifadə edilmiş, 1,105 qramı qalıq qalmışdır. Aparılmış ekspertiza xərcinin məbləği 49,74 manat təşkil edir. Ədliyyə Nazirliyi Məhkəmə X4 Regional Bölməsinin 09 sentyabr 2023-cü il tarixli, 18/894 nömrəli rəyindən görünür ki, “...X5 üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,421 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 14 oktyabr 2023-cü il tarixli, 6543 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hal-hazırdək məhkumluğu ödənilməmiş və götürülməmişdir. İş materiallarında olan Sabirabad rayon Kürkəndi kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən və Sabirabad rayon Qalaqayın kən İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaılı (2020–ci və 2023-cü il təvəllüdlü) uşaqları vardır və onun şəxsiyyəti yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamədən müəyyən olur ki, X9 27.10 2023-cü ildə ürək xəstəliyindən ölmüşdür. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidlərin məhkəmə iclasındakı ifadələrini dinləyərək, işdəki sənədləri araşdırıb toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndiriəln şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi məhkəmə iclasında sübuta yetməmişdir. İbtidai istintaq və məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroin özünə məxsusdur, həmin narkotik vasitəni 14 sentyabr 2023-cü il tarixdə yaşadığı Sabirabad rayonu Kürkəndi kəndi ərazisində piyada gedən zaman tapmışdır. Həmin vaxt o, bir bükümdə narkotik vasitə heroin tapmış və öz istifadəsi üçün üzərində saxlamışdır. Bununla yanaşı, onun həmin narkotik maddəni hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi və ya satması halı olmamış və bu hallar öz təsdiqini tapmamışdır. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji dispanseri ambulator məcburi-narkoloji ekspertizasının verdiyi 14 oktyabr 2023-cü il tarixli, 6543 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspert rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs narkotik maddə istifadəçisidir hətta həmin maddələrə qarşı asılılığı yaranmışdır. Eyni zamanda, təqsirləndirilən şəxsin ətrafında əməliyyat tədbirlərini həyata keçirən və bilavasitə onun tutulmasında iştirak etmiş Sabirabad RPŞ-nin əməkdaşları məhkəmədə şahid qismində dindirilərkən təqsirləndirilən şəxsin barəsində Sabirabad rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatınında Təqsirləndirilən şəxs narkotik vasitə satması, istifadə etməsi və saxlaması barədə olduğunu qeyd etsələr də, lakin onlar təqsirləndirilən şəxsin konkret olaraq kiməsə narkotik vasitə satmasını təsdiq edə bilən hər hansı bir sübut təqdim edə bilməmişlər. İbtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş narkotik vasitəni satmaq niyyətində olmasını və satmasını təsdiq edə biləcək təkzibedilmiş sübut əldə ediləməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqda Rəsul adlı şəxsə narkotik maddə verməsi barədə dediklərinə hüquqi qiymət verərək hesab edir ki, bu onun narkotik maddə satmasını sübut edən hal kimi qəbul edilə bilməz. Ona görə ki, əvvəla, təqsirləndirilən şəxs məhkəmədə bunu təkzib edərək bu ifadəni müstəntiq tərəfindən onun aldadılması, yəni ona güzəşt edəcəyi barədə sözünə inandığına görə verdiyini bildirərək qətiyyən qəbul etməmişdir. Bundan əlavə, o öz ifadəsində Rəsula narkotik maddəni pul və ya hər hansı maddi və ya qeyri - maddi mənfəət əldə etməsi müqabilində verdiyi təsdiq olunmur. Bundan əlavə, istər iş materiallarında, istərsə də məhkəmə iclasında bunu təsdiq edə bilən bir sübut əldə edilməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin narkotik vasitəni satmasına dair ittiham yalnız ehtimallara əsaslanmışdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən həmin halı qaniunun tələbləri baxımından təsdiq edə biləcək hər hansı bir sübut nə cinayət işinin materiallarında nə də məhkəmə istintaqında müəyyən edilməmişdir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsin ilkin izahat və ifadələrində onun X6 narkotik maddə heroin satması barədə dindirmələr aparmasına baxmayaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 14 sentyabr 2023 – cü il tarixdən sonuncu, yəni X10 vəfat etdiyi 27 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində onların arasında üzləşdirmə aparmamış, təqsirləndirilən şəxsin Rəsula verməsi ehtimal olunan narkotik maddəyə görə pul alıb - almaması, narkotik maddəni Rəsula verərkən alıcınınmı, yoxsa satıcının mənafeyinə xidmət etməsi, ümumiyyətlə təqsirləndirilən şəxs tərəfindən Rəsula narkotik maddə satılıb – satılmaması araşdırılmamışdır. Həmçinin, Sabirabad rayon polis şöbəsində eyni müddətdə Təqsirləndirilən şəxs və X5 barəsində cinayət işinin istintaqı aparıldığı halda onlardan götürülmüş narkotik maddələrin eyni tərkibli olub – olmaması barədə ekspert qarşısına sual qoyulub rəy alınmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışını şərh edərkən məhkəmələrə izah edilmişdir ki, şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmənin Plenumunun yuxarıda adı çəkilən qərarının 11-ci bəndinin 6-cı hissəsində göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satış barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotik satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək ittiham hökmü çıxarılır Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin X6 narkotik maddə - heroin satması barədə ona qarşı irəli sürülmüş ittiham yalnız ehtimallara əsaslanmaqla məhkəmə iclasında qanunun tələblərinə müvafiq sübuta yetrilməmişdir. Lakin onun hərəkətlərində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etmə, daşıma və saxlama cinayətinin tərkibinin olması məhkəmə iclasında tam sübuta yetirilmişdir. Onun hərəkətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. Odur ki, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinib cəzalamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayəthüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Azərbycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlindən səmimi peşiman olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirli bilindiyi maddənin sanksiyası daxilində Təqsirləndirilən şəxs 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinə baxmayaraq, islah olunmaq yolunu tutmamasını əsas tutaraq hazırki cinayətə görə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulsa da, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(056)-49/2023 saylı hökmündən müəyyən olur ki, Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə edilmiş Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024cü il tarixli 92544/2023 saylı məktubundan görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(056)-49/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) il 01 (bir) ay 18 (on səkkiz) gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası CM-nın 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza azadlıqdan mərhum etmə ilə toplandıqda, azadlığın məhdudlaşdırılmasının 02 gününə azadlıqdan məhrum etmənin 01 günü hesablıanır. Məhkəmə Azərbaycan Respublikası CM-nın 67.1 və 68.1.1-1-ci maddələrinə əsaslanaraq hesab edir ki, hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(056)-49/2023 saylı hökmü ilə təqsirləndirilən Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il, 01 (bir) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək, ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası yəyin olunmalıdır. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmasını, təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, barəsində narkomaniyadan məcburi müalicə təyin olunmasını və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, həmçinin, iş üzrə maddi sübut olan, Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra çəkisi 1,105 qram qalmış narkotik maddə heroinin məhv edilməsini, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat pulun təqsirləndirilən şəxsdən tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə istinad olunan cinayət əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67 və 68-ci maddələrinə əsasən ona Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(056)-49/2023 saylı hökmü ilə təyin olunmuş 02(iki) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 02(iki) il 01 (bir) ay 18 (on səkkiz) gün hissəi hazırki cəza ilə qismən birləşdirilsin və ona qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun; cəzanın çəkilməsi müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; haqqında seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazı narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının 49,74 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra çəkisi 1,105 qram qalmış narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar