Məhkəmə qərarları › İş №1(056)-44/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-44/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-44/2024 13.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Sabriabad rayonu Ulacalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Ulacalı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, 2023-cü ilin mart ayında Sabirabad rayonu Ulacalı kəndində yaşadığı evin həyətyanı sahəsində olan yarımtikilidə qoyulmuş dibçəkdə istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə az miqdarda, yəni 02 ədədini yetişdirərək kultivasiya etmiş, həmin ilin sentyabr ayının əvvəllərində, yetişdirdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin yararlı hissələrini toplayaraq satış məqsədi olmadan xeyli miqdarda, ümumilikdə 45,61 qram çəkidə bitki mənşəli təbkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı evin qonaq otağında çarpayının üzərində olan döşəyin altında saxlamış, 09 sentyabr 2023-cü il tarixdə saat 17:30 radələrində Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman, oradakı yarımtikilidə ümumilikdə 02 ədəd yaş vəziyyətdə ümumi çəkisi-6000,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və yaşadığı evin qonaq otağındakı çarpayının üzərində olan döşəyin altında 02 ədəd sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri 19.43 qr və 16.07 qr, 03 ədəd kibrit qutusunda hər birinin təmiz çəkisi 3.41 qr, 3.72 qr və 2.98 qr, ümumi çəkisi isə 45.61 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında iştirak etmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu, Ulacalı kəndində yoldaşı ilə birlikdə yaşayır, heç bir yerdə işləmir, o 5-6 aydır ki, narkotik vasitə marixuana istifadə edir. 2023-cü ilin mart ayında kənd ərazisində yolun kənarında siqaret qutusu tapmış, həmin siqaret qutusunu götürüb içinə baxanada siqaret kağızına bükülmüş halda üç ədəd bitki toxumu olduğunu görmüşdür. Həmin toxumların özünə məxsus qoxusundan narkotik tərkibli çətənə bitkisinə məxsus olduğunu bilmişdir. Toxumları götürüb siqaret qutusunu kənara atmış, həmin gün evə gəlib toxumları bir qabın içərisində isladıb və cücərməsini gözləmişdir. Toxumların cücərmiş iki ədəd toxumları həyətyanı sahəsində yerləşən yarımtikilidə dibçəyə əkmişdir. Təxminən 2 ay sonra cücərmiş çətənə şitilinin birini həmin yarımtikilidə yerə əkmiş digəri isə dibçəkdə qalmışdır. Mütəmadi olaraq həmin bitkilərə qulluq edirmiş və ətrafındakı alaq otlarını təmizləyərək su vermişdir. Təxminən 2 ay bundan əvvəl arvadı X3 ona yarımtikilidə 2 ədəd bitki olduğunu demişdir. O da arvadına yalan danışaraq həmin bitkilərin qonşusu X5 məxsus olduğunu demişdir. Talehin narkotik vasitə istifadə etdiyinə görə barəsində araşdırma aparıldığını bildiyi üçün Ülviyyədə ona inanmışdır. Ülviyyə ona həmin bitkiləri qırıb atacağını dedikdə, o, da Ülviyyəyə əl vurmamasını, Talehin özünün tezliklə çıxaracağını bildirmişdir. Təxminən 4 gün bundan əvvəl həmin çətənə bitkilərinin yarpaqlarını yığaraq özü istifadə etmək üçün qurudub və 2 ədəd sellofan torbaya, 3 ədəd isə kibrit qutusuna doldurub yaşadığı evdə qonaq otağında çarpayının üzərindəki döşəyin altına qoymuşdur. 09 sentyabr 2023-cü il tarixdə evdə olan zaman polis əməkdaşları yaşadığı həyətə gələrək məlumat əsasında yaşadığı evə, həyətyanı sahəsinə və həyətində olan yardımçı tikililərə baxış keçirməli olduqlarını demişdirlər. Polis əməkdaşları ondan yaşadığı evə və həyətinə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşdurlar. O da baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazıb polis işçilərinə təqdim etmişdir. Sonra polis əməkdaşları ona yaşadığı evdə və həyətyanı sahəsində qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmadığını soruşmuşdurlar. O da həyətyanı sahəsində olan yarımtikilidə narkotik tərkibli çətənə bitkiləri olduğunu demiş və həmin bitkiləri polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ilə gələn aqronom bitkilərə baxmış və qulluq edilməsini bildirərək, rəy yazıb polis əməkdaşlarına vermişdir. Müstəntiq ondan həmin bitkilərin kimə məxsus olduğunu və kimin əkdiyini soruşduqda, o, da arvadı onun əkdiyini bilməsin deyə polis əməkdaşlarına yalan danışaraq həmin bitkiləri qonşusu Talehin əkdiyini və Talehə məxsus olduqlarını bildirmişdir. Bundan sonra 02 ədəd çətənə bitkisi polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilərək sintetik torbada qablaşdırılıb möhürlənmişdir. Həyətyanı sahəsinə və yardımçı tikililərə baxış keçirildikdən sonra yaşadığı evə də baxış keçirilmişdir. Baxış zamanı yaşadığı qonaq otağında olan çarpayının üzərindəki döşəyin altında saxladığı 2 ədəd sellofan torbada və 3 ədəd kibrit qutusunda olan əkdiyi çətənə kollarından topladığı narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Müstəntiq həmin kütlələrin kimə məxsus olduğunu soruşduqda o, yenə yalan danışaraq qonşusu Talehə məxsus olduğunu Talehin saxlamaq üçün ona verdiyini demişdir. Bundan sonra aşkar edilmiş kütlələr polis əməkdaşları tərəfindən tərəzidə çəkilmiş və kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşmançılıq hissi keçirdiyini və ilk dəfə cinayət əməli törətdiyini nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Sabirabad RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 sentyabr 2023-cü il tarixdə Sabirabad rayonu Ulacalı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də yaşadığı ünvanda narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi ilə məşğul olması barədə ona məlumat daxil olmuşdur. Bununla bağlı olaraq raportla polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə keçiriləcək baxışda iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin Sabirabad RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Asiman Bəkirovdan, Sabirabad RPŞ-nin CAB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və ondan ibarət olması təsdiqlənmişdir. Sonra baxış keçirilməsi prosesində aqronom mütəxəssis qismində iştirak etməsi üçün Sabirabad DAİM-in aqronom mütəxəssisi Elçin Əhmədov dəvət olunub, birlikdə avtomobillə Təqsirləndirilən şəxs Sabirabad rayonu Ulacalı kəndində yerləşən evinə getmişdirlər. Bundan sonra aqronom mütəxəssisin, polis əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman, həyətdə yerləşən yarımtikilidən biri dibçəkdə, digəri isə torpağa əkilmiş halda 02 ədəd çətənə bitkisi aşkar edilmişdir. Dəvət edilmiş aqronom bitkilərə baxıb, qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına təqdim etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs yaşadığı evdən 02 ədəd sellofan torbada və 03 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs şifahi sorğu zamanı polis əməkdaşlarına çətənə bitkilərinin və kütlələrin qonşusu Talehə məxsus olduğunu bildirmişdir. Aşkar edilmiş 02 ədəd çətənə bitkiləri və kütlələr müstəntiq tərəfindən qablaşdırılıb götürülmüşdür. Bundan sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. O və digər iştirakçılar, protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdirlər. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X2 digər Şahid1 göstərdiklərinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi məhkəmə-kimyəvi ekspertizasının 10 sentyabr 2023-cü il tarixli 18/900 №-li rəyindən görünür ki, 1). üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən...02 ədəd..” sözləri yazılmış və imzalar olan sintetik torbada ümumi sayı 02 ədəd yaş vəziyyətdə ümumi çəkisi-6000,0 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. 2). tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 02 ədəd şəffaf polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi-19,43qr, 16,07qr, 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi-3,41qr, 3,72qr, 2,98qr, ümumi çəkisi 45,61 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 12 oktyabr 2023-cü il tarixli, 6488 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarında olan Sabirabad rayon Ulacalı Kənd İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Beləliklə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan marixuananı xeyli miqdarda əldə edib saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadəsi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun əvvəllər məhkum olunmamasını, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirdiyini, ailəli olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən - xx.xx.2023cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş dörd gün, ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin narkoloji dispanserdə qeydiyyata alınmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, həmçinin iş üzrə maddi sübut - Sabirabad Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonrakı yaş vəziyyətdə ümumi qalıq çəkisi 5999,80 qram olan 02 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin və ekspertiza tədqiqatından sonrakı qalq çəkisi 45,51 qram olan narkotik vasitə qurudulmuş marixuananın hökmün qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş dörd gün, ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkməsi müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazı narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatların dəyəri 31,95 AZN məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı yaş vəziyyətdə ümumi qalıq çəkisi 5999,80 qram olan 02 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi və ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 45,51 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar