Məhkəmə qərarları › İş №1(056)-50/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-50/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-50/2024 04.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Rusiya Federasiyasında анадан olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-cü maddəsi ilə elan edilmiş ittihama görə, o, aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs “Faberlic” qadın kosmetika məhsulları şirkətində işlə təmin edəcəyi barədə yalan vəd verib aralarında yaranmış yaxın münasibətlərə görə Zərərçəkmiş şəxs ona qarşı yaranmış inam və etimaddan sui-istifadə etməklə 2022-ci ilin iyul ayının ortalarında istintaqla məlum olmayan gündə və saatda sonuncunun ünvan 2 ünvanında yerləşən evində Zərərçəkmiş şəxs 2500 manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamla təqsirli bilməyərək bildirdi ki, Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında dostluq münasibəti olmuşdur. 2022-ci ilin may-aprel aylarında Zərərçəkmiş şəxs ilə Sabirabad şəhərində yerləşən qadın gözəllik salonlarının birində tanış olmuş, sonradan isə münasibətləri dostluğa çevrilmişdir. Onun Natalya adında rus millətindən olmaqla Rusiya Federasiyasında yaşayan anası vardır və sonuncu yaşadığı Rusiya Federasiyasında falçılıq işi ilə məşğul olur. Fərqanə ilə tanış olduğu ərəfələrdə sonuncu sevgilisi ilə münasibətlərinin pis olmasını bildirib ona anası Natalya ilə danışmasını və sevgilisi ilə aralarındakı münasibətlərin yenidən yaxşılaşdırılması üçün köməklik etməyini xahiş etmişdir. O, anası Natalya ilə “whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlayıb həmin məsələni danışmış, anası görəcəyi işin qarşılığında Fərqanənin 800 manat pul verməli olduğunu demişdir. Bu barədə Fərqanəyə məlumat verdikdə sonuncu 2022-ci ilin aprel ayının ortalarından sonra dəqiq xatırlamadığı vaxtlarda 50, 100, 150 manatlıq hissələrlə ona 800 manat pul vermiş, o da öz növbəsində həmin pulları anasına göndərmişdir. Həmin vaxtdan bir müddət sonra anası Natalya xəstələndiyi üçün Rusiya Federasiyasına anasının yanına getmiş, iki ay sonra Sabirabad rayonu ərazisinə qayıtdıqda Fərqanə ona anasının özü ilə sevgilisini barışdıra bilmədiyini, buna görə də onun tərəfindən aldadıldığını deyib verdiyi 800 manat pulu geri istəmişdir. O, anası Natalyaya zəng edib həmin məsələni demiş və öz vəsaiti hesabına Fərqanənin bank hesabına ümumilikdə 650 manat pul göndərmişdir. Həmin zaman Zərərçəkmiş şəxs qalan 150 manat pulu istəməyərək anasının əziyyət çəkdiyini, ona görə də halal etdiyini demişdir. Zərərçəkmiş şəxs barəsində etdiyi şikayətdəki qeyd olunan xüsusatlar tamamilə yalan və şərdir. Sonuncu onun keçmiş həyat yoldaşı Şahid2 ilə sevgi münasibəti yaşadığı üçün Namiqlə onun azyaşlı övladlarına görə işlərinin məhkəmədə olduğu bildiyi üçün Şahid2 tərəfindən öyrədilərək barəsində şikayət etdirib üzərində məhkumluq yaratmaqla övladlarını ondan uzaqlaşdırmaq və öz himayəsində saxlamaq istəmişdir. Hazırda o, məhkəmədən deyilənlərin böhtan olmağını nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır və sonuncu ilə aralarında heç bir düşməçilik münasibəti və ya ədavəti olmamışdır. 2022-ci ilin may ayında Təqsirləndirilən şəxs ilə tanış olduqdan sonra aralarındakı söhbətlər əsnasında ona qadın kosmetika məhsulları mağazasında işlədiyini bildirmiş və bir neçə dəfə Leyladan kosmetika malları aldıqdan sonra aralarında dostluq münasibətləri yaranmışdır. 2022-ci ilin iyul ayında Təqsirləndirilən şəxs ilə söhbət edərkən sonuncuya işsiz olduğu üçün özünə iş axtardığını dedikdə Təqsirləndirilən şəxs ona işlə təmin olunmağı üçün kömək edə biləcəyini bildirib “Faberlic” qadın kosmetika məhsulları şirkətinə bağlı kosmetika mallarını evdən sata biləcəyini, qarşılığında isə aylıq 500 manatdan başlayaraq 700 manat məbləğədək maaş ala biləcəyini qeyd etmişdir. O, Leylanın dediklərinə sevinərək dərhal razılaşdıqda sonuncu ona işlə təmin olunması üçün 2500 (iki min beş yüz) manat pul lazım olmasını bildirmişdir. O, həmin pulu nə edəcəyini soruşduqda Təqsirləndirilən şəxs dəqiq olaraq heç nə deməmişdir. Sonuncunu bir neçə aydır tanımasına baxmayaraq aralarında yaranmış yaxın münasibətlərə görə Təqsirləndirilən şəxs inanmış və 2500 manat pul verməsi şərti ilə razılaşmışdır. Elə həmin ərəfələrdə Sabirabad rayonu Qəfərli kəndində yaşayan atası Şahid1 yaşadığı ünvana gedərək ona Leylanın dedikləri barədə danışıb bir neçə ay əvvəl sonuncuya saxlaması üçün verdiyi 500 manat pulu geri istəmişdir. Atası isə həmin pul məbləğini ona verdikdən sonra o, 2022-ci ilin iyul ayının ortalarında dəqiq xatırlamadığı vaxtda ünvan 4 ünvanında yerləşən müvəqqəti yaşadığı evdə Təqsirləndirilən şəxs ilə görüşmüş və həmin pulu vermişdir. Həmin günün üzərindən bir neçə ay keçdikdən sonra dəfələrlə sonuncudan nə üçün işə düzəlməsinin gecikdiyini soruşduqda, Təqsirləndirilən şəxs ona “az qalıb, bir qədər də səbr et, yaxın zamanda düzələcək” deyə fikirlər bildirmişdir. Təxminən 3-4 ay keçdikdən sonra, yəni 2022-ci ilin sonlarında Təqsirləndirilən şəxs aralarında yaranmış yaxın münasibətlərdən istifadə edərək onu aldatdığını və bu yolla da 2500 manat pulunu ələ keçirdiyini başa düşüb sonuncu ilə mübahisə etmiş və barəsində polis orqanına şikayət edəcəyini bildirmişdir. Leyla həmin ərəfələrdə barəsində polis orqanlarına şikayət etməməsi üçün onu aldadaraq ələ keçirdiyi iki min beş yüz manatdan 2022-ci ilin noyabr-dekabr aylarında dəqiq xatırlamadığı vaxtlarda ona 50 və 100 manat hissələrlə ümumilikdə 500 manat geri qaytarmış, lakin yerdə qalan 2000 manat pulu isə ona geri ödəməmişdir. Leylanın anası Natalyanın onun sevgilisi ilə aralarında olan sevgi münasibətlərinin yaxşılaşdırılması üçün ona 800 manat məbləğində pul verməsi barədə ifadəsində göstərdikləri tamamilə yalan və şərdir. Bundan başqa, Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı Şahid2 ilə onun arasında heç bir sevgi münasibəti olmamış, eləcə də Namiqlə Leyla arasında olan məhkəmə mübahisəsinə təsir göstərmək üçün sonuncunun barəsində şikayət etməmiş, Təqsirləndirilən şəxs qeyd etdiyi həmin fikirlər tamamilə məsuliyyətdən yayınmağa yönəlmişdir. Hazırda təqsirləndirilən şəxsin ona vurmuş olduğu ziyanı ödənilməsini tələb edir. Əgər ziyanı ödənilməzsə o, təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşı, Zərərçəkmiş şəxs isə sonuncunun tanışı olmuşdur. O, Leyla ilə evli olduğu vaxtlarda sonuncunun Fərqanəni aldatdığını və bu yolla sonuncunun 2500 manat pulunu ələ keçirdiyi barədə sonradan məlumat almışdır. Leylanın anası da Rusiya Federasiyasında falçılıq edərək dələduzluqla məşğul olur. Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı olduğu üçün onu yaxşı tanıyır və həm sonuncunun özü, həm də Rusiya Federasiyasında yaşayan anası dələduzluqla məşğul olmuşlar. Fərqanəni də onların yaşadığı evə Leylanın arxasınca pul istəməyə gələrkən tanımışdır. O, Fərqanədən nə məsələ olduğunu soruşduqda, Fərqanə ona Leylanın onu işə düzəltmək adı ilə ondan 2500 manat aldığını, onu işə düzəltmədiyini, buna görə pulunun arxasınca gəldiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Sabirabad RİH Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1529 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş və şahid ifadəsi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs oğlu barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın növünü və həddini müəyyən edərkən, himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməməsini özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə kimi qəbul edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Bundan başqa, İş üzrə məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nın 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək və yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar