Məhkəmə qərarları › İş №1(056)-53/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-53/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-53/2023 22.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Sabiabad Rayon Məhkəməsinin hakimi Pənahov Füzuli Novruzəli oğlu Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Sabirabad rayonu Qalağayın kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,166 qram olan narkotik vasitə heroini və təmiz çəkisi 0,05 qram olan psixatrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 21 oktyabr 2022-ci il tarixdə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat axtarış tədbiri nəticəsində Sabirabad şəhəri 20 yanvar küçəsində saxlanılaraq Sabirabad rayon polis şöbəsinə gətirilmiş, şöbənin inzibati binasında saat 18:15 dəqiqədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sol qabaq cibindən bir ədəd plastik qutunun içərisində 03 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,053 qram, 0,066 qram və 0,047 qram olmaqla ümumi çəkisi 0,166 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,05 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respubikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən dörd ildir narkotik vasitədən istifadə edir. Təminən iki gün əvvəl Sabirabad şəhəri H.Əliyev prospekti ilə piyada gedərkən yol kənarında plastik qutu görmüş, həmin qutunu götürüb içərisinə baxdıqda 04 ədəd kağız bükümdə, birində psixotrop maddə metamfetamin, digər 03 ədəd bükümlərdə narkotik vasitə heroin olmasını aşkar etmişdir. O, narkotik vasitələrdən istifadə etdiyi üçün tapdığı plastik qutunu cibinə qoymuş və özündə saxlamışdır. 21 oktyabr 2022-ci il tarixdə günorta saatlarında evdən çıxıb Sabirabad şəhəri 20 yanvar küçəsi ilə yol ilə gedərkən, polis əməkdaşları ona yaxınlaşmışlar, özlərini təqdim etmişlər, ona narkotik vasitələrin qanunsuz olaraq saxlanmasında və daşınmasında şübhəli olduğunu bildirmişlər və RPŞ-nə gətirmişlər. RPŞ-də iki nəfər hal şahidinin və müdafiəçinin iştirakı ilə üzərində axtarış aparılmış, axtarış zamanı əynində olan cins şalvarın sol qabaq cibində saxladığı plastik qutu aşkar edilmişdir. Polis əməkdaşları plastik qutunun içərisinə baxdıqda 03 ədəd kağız bükümdə narkotik vasitə heroini və 01 ədəd kağız bükümdə psixotrop maddə metamfetamini aşkar edərək götürmüşlər. Aşkar edilmiş bükümlər 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, bundan sonra şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, o, protokolun doğuruluğunu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən səmimi peşman olduğunu, ilk dəfə az ağır cinayət əməli törətməsini, himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını və şəxsiyyətinin yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsə istinad olunan cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, işdə olan sənədlər və cinayət işinin digər rəsmi dəlilləri ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, 21 oktyabr 2022-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumat əsasında tərəfindən təxirə salınmadan əməliyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilmiş, şöbə rəisi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar təsdiq olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs Sabirabad şəhəri 20 yanvar küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olmasını, olacağı halda isə könüllü olaraq təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr olmasını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ona müdafiəçi təyin edilmiş və iki nəfər hal şahidi dəvət edilmişdir. Müdafiəçi və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol qabaq cibindən bir ədəd plastik qutunun içərisində 03 ədəd kağız bükümdə narkotik vasitə heroin və 01 ədəd kağız bükümdə psixotrop maddə metamfetamin aşkar edilmiş və götürülərək qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansısa bir cinayət xarakterli əşya və ya predment aşkar edilməmiş, şəxsi axtarış keçirilməsi bağlı protokol yazılmış və iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstəriyi xüsusatları bir daha təsdiq etdilər. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 21 oktyabr 2022-ci il tarixdə Sabirabad RPŞ-nin inzibati binasının qarşısından keçərkən bir nəfər polis əməkdaşı ondan Sabirabad şəhərində yaşayan bir nəfər şəxsin üzərində şəxsi axtarış aparılması prosesində hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. Buna görə də o, polis əməkdaşının xahişini nəzərə alıb əvvəllər tanımadığı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesində hal şahidi kimi iştirak etmişdir. Şəxsi axtarış aparılmasında ondan başqa, digər hal şahidi, polis əməkdaşları və müdafiəçi də iştirak etmişdilər. Şəxsi axtarış aparılmasına başlamazdan əvvəl ona və digər hal şahidinə hüquq və vəzifələri izah edilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet olması soruşulmuş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Bundan sonra iki nəfər hal şahidinin və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki şalvarının sol qabaq cibindən plastik qutunun içərisində 03 ədəd kağız bükümdə narkotik vasitə heroin, 01 ədəd kağız bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Aşkar edilərək götürülmüş bükümlər bir ədəd kağız zərfə qablaşdırılmışdır. Daha sonra o, digər hal şahidi, müdafiəçi və polis əməkdaşları kağız zərfin üzərində, eləcə də narkotikin aşkar edilməsi ilə bağlı tərtib edilmiş protokolda imza etmişlər. Cinayət işində olan: Məhkəmə-kimyəvi ekspertizasının 22 oktyabr 2022-ci il tArixli 18/1145 №-li rəyində göstərilmişdir ki, 1.Tədqiqata təqdim olunmuş üzərində : “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış kağız paketdə 01 ədəd plastik qutudakı: - 03 ədəd kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-0,053 qram, 0,066 qram,0,047 qram, ümumi çəkisi-0,166 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 01 ədəd kağız bükümdə təmiz çəkisi-0,05 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 104 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixosltimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sabirabad rayon Sabirabad şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Sabirabad rayon Sabirabad şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 nəfər (2012 və 2014-cü il təvəllüdlü) azyaşlı uşaqları vardır. Məhkəmə, iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidin ifadələrini dinləyib onlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsə verilmiş ittihamdan onun şəxsi istehlak miqdarında 0,05 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıması satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməklə daşıyaraq saxlma cinayəti törətməsi barədə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində verilmiş ittihamdan xaric edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş siyahıdan görünür ki, Şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram metamfetamin cinayət məsuliyyəti yaradır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0,166 qram çəkidə narkotik vasitə heroini və 0,05 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib bir ədəd plastik qutunun içərisində əynindəki şalvarın cibində saxladığına görə hazırki iş üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona verilmiş ittiham düzgündür. Lakin həmin ittihamdan şəxsi istehlak miqdarında 0,05 qram çəkidə psixotrop maddə metamfetamini saxlması cinayət əməli kimi qiymətləndirilə bilməz. Odur ki, həmin hərəkətlər təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamdan xaric edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yeri üzrə şəxsiyyətinin müsbət xarakterizə olunmasını, ilk dəfə az ağır cinayət əməli törətməsini, himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cinayət əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, əməlindən səmimi peşiman olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirli bilindiyi maddənin sanksiyası daxilində Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə şübhəli şəxs qismində tutularaq 2 gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 həbs günü 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılaraq üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təyin olunmuş cəza müddətinin başlanğıcı onun cəzasının icrasını həyata keçirən orqan tərəfindən qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilimiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalı, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan Sabirabad RPŞ-də saxlanılan tədqiqatdan sonra 0,106 qram olan narkotik vasitə heroin, 0,03 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə 49,74 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərillənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanısın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Aqəfər oğluna verilmiş ittihamdan onun qanunsuz olaraq 0,05 qram psixotrop maddə metamfetamin əldə etməsinə dair müddəa ona verilmiş ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın; ona narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın; cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut Sabirabad RPŞ-də saxlanılan tədqiqatdan sonra 0,106 qram olan narkotik vasitə heroin, 0,03 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının cəmi 49,74 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar