Məhkəmə qərarları › İş №1(056)-53/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-53/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-53/2025 10.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 05 avqust 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə, xx xxxxxx 1988-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, Bakışəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Şirvan şəhəri, Nəsrəddin Tusi küçəsi ev 2-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu A.Cəlilov küçəsi B 5 blok, mənzil 371-də yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına görə, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirtmək məqsədilə «X7» MMC-nin direktoru Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Sabirabad rayonu Şəhriyar kənd sakini Zərərçəkmiş şəxs oğlu X2 Rusiya Federasiyasının Astarxan dövlət tibb universitetinə, digər oğlu X1 isə Rusiya Federasiyasının Kazan universitetinin aqranomiya fakultəsinə qəbul etdirəcəyinə dair yalan vəd verib, buna səlahiyyəti olmadığı halda sonuncu ilə müvafiq olaraq 15 avqust və 07 sentyabr 2023-cü il tarixlərdə «Türkiyə Təhsil Proqramı» adı altında xidmət müqaviləsi bağlayıb etibarını qazanmaqla aldadaraq Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 nömrəli binada yerləşən cəmiyyətin baş ofsində 15 avqust 2023-cü il tarixdə 1500 manat, 17 avqust 2023-cü il tarixdə həmin dövr üçün 5950 Azərbaycan manatı ekvivalentində 3500 ABŞ dolları, yenə həmin tarixdə 200 manat və 07 sentyabr 2023-cü il tarixdə 3400 manat olmaqla, ümumilikdə 11050 manat məbləğində pulu əlbə-əl, 02 noyabr 2023-cü il tarixdə isə guya ki, Zərərçəkmiş şəxs oğlanlarının Rusiya Federasiyasına getməsi üçün təyyarə biletinin alınması məqsədilə sonuncunun yaşadığı Sabirabad rayonu Şəhriyar kəndində yerləşən «Oba market»dəki milliön ödəniş terminalından onun Kapital banka məxsus kart hesabına göndərdiyi 1000 manat məbləğində pulu ələ keçirməklə, Təqsirləndirilən şəxs2lə aralarında bölərək, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda 12050 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. İttiham aktına görə, Təqsirləndirilən şəxs2 «X7» MMC-nin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə, tamah niyyəti ilə özgə əmlakını ələ keçirtmək məqsədilə, cəmiyyətdə qeyri rəsmi olaraq işə qəbul etdiyi, onun tapşırıqlarını yerinə yetirən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, oğlanlarını Rusiya Federasiyasında ali məktəblərə qəbul etdirmək istəyən Sabirabad rayonu Şəhriyar kənd sakini Zərərçəkmiş şəxs ofisdə qəbul edib müvafiq danışıqlar aparmaq barədə Təqsirləndirilən şəxs1 göstəriş verdikdən sonra, sonuncu Zərərçəkmiş şəxslə cəmiyyətin baş ofsində görüşərək oğlu X2 Rusiya Federasiyasının Astarxan dövlət tibb universitetinə, digər oğlu X1 isə Rusiya Federasiyasının Kazan universitetinin aqranomiya fakultəsinə qəbul etdirəcəyinə dair yalan vəd verib buna səlahiyyəti olmadığı halda, müvafiq olaraq 15 avqust və 07 sentyabr 2023-cü il tarixli «Türkiyə Təhsil Proqramı» adı altında xidmət müqaviləsi bağlayıb etibarını qazanmaqla aldadaraq Bakı şəhəri Xətai rayonu Nobel prospekti 15 nömrəli binada yerləşən cəmiyyətin baş ofsində 15 avqust 2023-cü il tarixdə 1500 manat, 17 avqust 2023-cü il tarixdə həmin dövr üçün 5950 Azərbaycan manatı ekvivalentində 3500 ABŞ dolları, yenə həmin tarixdə 200 manat və 07 sentyabr 2023-cü il tarixdə 3400 manat olmaqla, ümumilikdə 11050 manat məbləğində pulu əlbə-əl, 02 noyabr 2023-cü il tarixdə isə guya ki, oğlanlarının Rusiya Federasiyasına getməsi üçün təyyarə biletinin alınması məqsədilə Sabirabad rayon Şəhriyar kəndində yerləşən «Oba market»dəki milliön ödəniş terminalından Təqsirləndirilən şəxs1 Kapital banka məxsus kart hesabına göndərdiyi 1000 manat məbləğində pulu ələ keçirib onunla aralarında böldüyündən o, öz qulluq mövqeyindən istifadə etməklə, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda 12050 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona verilmiş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, əslən Şirvan şəhərindən olan və Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs2 təxminən 5-6 il əvvəldən tanımışdır. Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «AZUR» biznes mərkəzində «THE-TİMES» (təhsil) şirkəti vardır. Həmin şirkətinin fəaliyyəti xarici ölkələrə ali məktəblərə təhsil almaq üçün tələbə göndərməkdən ibarət olmuşdur. 2023-cü ili aprel ayında söhbət zamanı Ceyhun ona şirkətində işçi kimi fəaliyyət göstərməsini və əmək haqqı da verəcəyini demişdir. Ceyhunla münasibəti yaxşı olduğu üçün ona nə qədər əmək haqqı verəcəyini xəbər almayaraq onun şirkətində işləmək üçün onun sözünə razılıq vermişdir. Həmin vaxtdan təxminən 1 ay sonra Ceyhun ona bir neçə sənədə imza etdirib, təhsil mütəxəssisi kimi rəsmi olaraq işə götürdüyünü bildirmişdir. Həmin vaxtdan o, Təqsirləndirilən şəxs2 şirkətində təhsil mütəxəssisi kimi fəaliyyətə başlamışdır. 2023-cü ilin oktyabr ayına qədər Ceyhunun şirkətində işləmiş, Ceyhunun şirkətinə müştəri gəldikdə aldığı puldan ona əmək haqqı kimi qeyri rəsim olaraq pul vermişdir. Onun işi şəxslərlə görüşmək, onları məlumatlandırmaq, müqaviləni yazıb imzalamaq, xidmət haqqlarını alıb Ceyhuna təhvil verməkdən ibarət olmuşdur. 2023-cü ilin iyun ayında Şirvan şəhərində yaşayan Şükür adlı şəxs şirkətə gəlmiş, həmin vaxt Ceyhun orada olmamış, işçilərdən hansısa ona Şükürün Ceyhunun tanışı olduğunu, Ceyhunun da Şükürün gəlməsindən məlumatı olduğunu və Şükürü qəbul etməsini, ona sözü olduğunu demişlər. Şükürü qəbul etmiş, söhbət zamanı Şükür ona Sabirabad rayonundan olan qohumu oğlanlarını Rusiya Federasiyasına ali məktəbə təhsil almaq üçün göndərmək istədiyini və 2-3 günə həmin qohumunu gətirəcəyini və qiyməti danışıb razılaşmasını ona demişdir. O, Ceyhunun qəbullarla bağlı bütün hesabatın aparsa da qəbul qiymətlərini Ceyhun özü ona deyəndən sonra o da müştərilərə bu barədə məlumat vermişdir. Təxminən 2-3 gün sonra Şükür qohumu Zərərçəkmiş şəxs onun yanına gətirmiş, həmin vaxt Ceyhun şirkətdə olmamış, Novruzəli oğlu Səfa və İbrahimdən birini Astarxan tibb universitetinə, digərini isə Kazan dövlət universitetinə qəbul etdirməkdə ona köməklik etməyi xahiş etmişdir. Sonra o, Novruzəlinin müraciətini telefon vasitəsi ilə Ceyhuna demiş, Ceyhun ona həmin şəxsləri ali məktəbə qəbul etdirmək üçün təxminən 5000 ABŞ dolları xərclərinin çıxacağını demişdir. Novruzəli 5000 ABŞ dolları ilə onunla razılaşmış, sonra o, Novruzəliyə lazımı sənədləri gətirməsini demişdir. Təxminən bir ay sonra, yəni 2023-cü ilin iyul ayında Novruzəli onun iş yerinə gələrək uşaqlarının sənədlərini və tərcümələrini gətirib təqdim edərək, Ceyhun ona daxili etibarnamə verdiyi üçün müqavilə imzalamağa səlahiyyəti olduğu üçün Novruzəli ilə müqavilə bağlamışdır. Novruzəli ilə bağladığımız müqavilələrə əsasən 15 avqust 2023cü il tarixdə Novruzəlidən 1500 manat, 17 avqust 2023-cü il tarixdə 5950 manat ekvi valentində 3500 ABŞ dolları, yenə həmin tarixdə 200 manat və 07 sentyabr 2023-cü il tarixdə 3400 manat olmaqla, ümumilikdə 11050 manat məbləğində pul almış, göstərilən məbləğlərin hamsını MMC-nin baş ofisində Bakı şəhəri Xətai rayonu Nobel prospekti 15 ünvanında almış, pulu alarkən də müqavilə sənədlərində qeydiyyat aparmışdır. Eyni zamanda Zərərçəkmiş şəxs 02 noyabr 2023-cü il tarixdə əlavə olaraq onun kart hesabına 1000 manat pul göndərmiş və bununlu o Novruzəlidən ümumilikdə 12050 manat pul almışdır. Ofisdə heç vaxt öz başına hansısa iş görməmiş və öz başına kimdənsə hansısa məbləğdə pul almamış, eyni qaydada Novruzəlinin işində də hansı məbləğdə pul almağı ona Təqsirləndirilən şəxs2 demiş və o da Novruzəliyə məlumat vermişdir. Novruzəli ofisə gəlib ondan pulunu qaytarmasını tələb edəndə Ceyhun ona özü sakit duracağını, özünü elə aparacaq ki, guya ki, Novruzəli ilə onun arasında olan söhbətdən xəbəri olmadığını, indi məsələni bildiyini və məsələni həll edəcəyini demiş, ona görə də o, Novruzəli və Şükürün yanında pulu Ceyhuna verdiyini deməmişdir. Novruzəlidən almış olduğu 12050 manat puldan Ceyhun 1800 manatını ona vermiş, 1700 manatını qəbul üçün özü Hüseyn adlı şəxsə, 5100 manatını isə qəbul üçün Rusiya vətəndaşları olan Deniz və Ruslana vermiş, qalan 3450 manatı isə Ceyhun özünə götürmüşdür. Hazırda o, əməlindən peşmandır və dəymiş ziyan Təqsirləndirilən şəxs2lə birlikdə ödəmişlər. Buna görə də zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin o, vurulmuş ziyanın iyirmi beş faiz məbləğində pul vəsaiti dövlət büdcəsinə C.Ş. Hacıyevlə birlikdə ödəmişlər və ödəniş qəbzini sonuncu məhkəməyə təqdim etmişdir. Ona görə də o, məhkəmədən cinayət məsuliyyətindən azad olunması haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə eyni məzmunlu ifadə verərək hazırda sonuncu ilə birlikdə dəymiş ziyanı zərərçəkmiş şəxsə ödəmişdir. Buna görə də zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin o, vurulmuş ziyanın iyirmi beş faiz məbləğində pul vəsaiti dövlət büdcəsinə Təqsirləndirilən şəxs1lə birlikdə ödəmişlər və ödəniş qəbzini sonuncu məhkəməyə təqdim etmişdir. Ona görə də o, məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hazırda təqsirləndirilən şəxslər ona vurduğu ziyanın əvəzini tam ödəmişdir. Ona görə də onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim edir. Odur ki, qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduqları cinayət əməli düzgün olaraq Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərlə barışmış, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəməyə təqdim edilmiş təqsirləndirilən şəxslər vurulmuş ziyanın iyirmi beş faizini dövlət büdcəsinə ödənilməsi barədə xx.xx.2025-ci il tarixli 9533 saylı qəbz üzrə 1507 manat, xx.xx.2025-ci il tarixi 2648 saylı qəbz üzrə 1507 manat, cəmi 3014 manatdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd edilən maddi hüquq normasına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilərək barələrindəki cinayət işinin icraatına xitam verilməli, həmçinin iş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilisn. Qərardan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar