Məhkəmə qərarları › İş №1(056)-55/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-55/2023

27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-55/2023 27.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxx 1995-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində 24 yanvar 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə, xx xxx 1969-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğun ödənilməmiş, ünvan 2 ünvanda yaşayan, barəsində 24 yanvar 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi elan edilmiş ittihama görə, o, 09 sentyabr 2020-ci il tarixdə xalası Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Sabirabad rayon Həşimxanlı kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gələrək evlərində bədbəxt hadisə baş verəcəyini, bədbəxt hadisənin qarşısını alması üçün qızıl-zinət əşyalarını ona verməsini, qızılları aparıb məsciddə suya saldıqdan sonra dua oxuyaraq gətirib qaytaracağını vəd edib etibardan suiistifadə edərək 12 qram çəkidə, 583 əyarlı, saçaqlı formalı, 600 manat dəyərində 1 cüt qızıl sırğanı, 6 qram çəkidə, 583 əyarlı, brilyant qaşlı, moruq formalı, 600 manat dəyərində 1 cüt sırğanı, 30 qram çəkidə, 583 əyarlı, zəncir formalı 1500 manat dəyərində bir ədəd qızıl boyunbağını, cəmi 2700 manat dəyərində özgənin əmlakını aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi elan edilmiş ittihama görə, o, 09 sentyabr 2020-ci il tarixdə bacısı qızı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Sabirabad rayon Həşimxanlı kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gələrək evlərində bədbəxt hadisə baş verəcəyini, bədbəxt hadisənin qarşısını alması üçün qızıl-zinət əşyalarını ona verməsini, qızılları aparıb məsciddə suya saldıqdan sonra dua oxuyaraq gətirib qaytaracağını vəd edib etibardan suiistifadə edərək 12 qram çəkidə, 583 əyarlı, saçaqlı formalı, 600 manat dəyərində 1 cüt qızıl sırğanı, 6 qram çəkidə, 583 əyarlı, brilyant qaşlı, moruq formalı, 600 manat dəyərində 1 cüt sırğanı, 30 qram çəkidə, 583 əyarlı, zəncir formalı 1500 manat dəyərində bir ədəd qızıl boyunbağını, cəmi 2700 manat dəyərində özgənin əmlakını aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 qeyd etmişdir ki, Bərdə şəhəri Koroğlu küçəsi ev 24-də ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər dilənçilik edib çörək pulu qazanmaqla ailəsini saxlamışdır. Əvvəllər bir neçə dəfə dələduzluq cinayətini törətdiyi üçün barəsində cinayət işi başlanmışdır. Sonuncu dəfə 2020-ci il tarixdə Biləsuvar rayonunda cinayət etdikləri üçün onun və xalası Bərahətin barəsində cinayət işi başlanmış, sonradan cinayət işi Biləsuvar rayon məhkəməsinə göndərilmişdir. Biləsuvar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırki cinayət işi üzrə də özünü təqsirli bilir və əməlindən peşmandır. Dəymiş zərərin əvəzini tam şəkildə zərərçəkmiş şəxslə ödəmişlər. Zərərçəkmiş şəxsin onlaraa qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də o, ona cəza təyin edilərkən göstərilən halların, həmçinin qadın olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 qeyd etmişdir ki, Bərdə şəhəri H.Aslanov küçəsi ev 8-də ailə üzvləri ilə birlikdə yaşayır. Dilənçilik edib çörək pulu qazanmaqla ailəsini saxlamışdır. 2017-ci ildə Sabirabad rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə məhkum olunmuşdur. O və bacısı qızı Aynurə Biləsuvar rayonu ərazisində bir nəfər qadının həyətinə gedərək aldadıb 2 ədəd qızıl üzüklərini ələ keçirdiklərinə görə Biləsuvar polis şöbəsinin işçiləri 03 sentyabr 2020-ci il tarixdə onu və Aynurəni polis şöbəsinə aparmışlar, barələrində cinayət işi açılmışdır. Sonradan cinayət işi Biləsuvar rayon məhkəməsinə göndərilmişdir. Biləsuvar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 01 il 07 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırki cinayət işi üzrə də özünü təqsirli bilir və əməlindən peşmandır. Dəymiş zərərin əvəzini tam şəkildə zərərçəkmiş şəxslə ödəmişlər. Zərərçəkmiş şəxsin onlaraa qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də o, ona cəza təyin edilərkən göstərilən halların, həmçinin qadın olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Sabirabad rayonu Həşimxanlı kəndində oğlu Azad, gəlini Gülbəniz, nəvələri Azadə və Azərlə birlikdə yaşayır. Heç bir yerdə işləmir, təqaüdçüdür. 24 avqust 2020-ci il tarixdə təxminən saat 12 radələrində gəlini Gülbəniz və nəvələri ilə birlikdə evin eyvanında olduğu zaman həyət darvazasının qapısı açılmış və 2 nəfər qadın həyətə daxil olmuşdur. Həmin qadınlardan biri cavan, digəri isə yaşlı olmuşdur. O, gəlininə demişdir ki, gələn dilənçilərdir, 20 qəpik pul ver, çıxıb getsinlər. Sonra nəvəsi Azərə 20 qəpik pul vermişlər, o da aparıb cavan gəlinə vermişdir. Amma həmin şəxslər həyətdən çıxıb getməmiş, su və çay istəmişdir. Buna görə də, həmin şəxsləri evin eyvanına dəvət etmiş və eyvana qoyduqları stolda oturmuşlar. Bundan sonra cavan gəlin danışmağa başlamış və demişdir ki, evində bədbəxt hadisə baş verəcəkdir. Oğlunun başı dərddədir, təxminən 3 günə öləcəkdir, ona görə də evdən nəsə çıxartmalıdır, yoxsa bədbəxt hadisə baş verəcəkdir. Sonra həmin gəlin demişdir ki, bir kasa su, qırmızı və ağ sap gətir. Gəlini Gülbəniz bir kasa su, qırmızı və ağ sap gətirmişdir. Sonra demişdir ki, kasaya duz tökün, suyunu üzünüzə salavat çəkin. Qadının dediklərini yerinə yetirmişlər. Sonra həmin gəlin ağ və qırmızı saplara düyün vuraraq, sapın hamısını qırmızı etmişdir. Həmin gəlinin hərəkətlərindən təşvişə düşmüşlər. Həmin gəlin demişdir ki, evinizdə nə qədər qızıllarınız varsa gətirin aparıb məsciddə dua oxub sabah gətirəcəkdir. Qızılları gətirdikdən sonra evlərində çörək yeyib, namaz qılacaq, 5 kiloqramlıq mal ətinin pulunu verərlər, onu da aparıb ehsan verəcəkdir. Bununla da evindən xəta və bəla uzaq olacaqdır. Həmin cavan gəlinin yanındakı yaşlı qadın isə demişdir ki, onunla gələn cavan gəlinin qonşusudur. Həmin gəlin ağır seyiddir, nəzir deyib ki, qızının uşağı olsun, daima yanında gəzib dolaşacaqdır. Qızının övladı olmuş, əhd etdiyinə görə yanında gəzişib dolaşır. Bu danışıqlardan sonra gəlininə demişdir ki, gedib evdən ona aid qızılları gətirsin. Gəlini evə girib ona aid bir ədəd 30 qramlıq sep, bir ədəd qızıl sırğa dəsti, brillyant qaşlı bir cüt sırğanı gətirib ona vermiş, o da həmin qızılları həyətinə gələn cavan gəlinə vermişdir. Sonra həmin qadınlar həyətindən çıxıb getmişlər. Səhəri günü günortaya kimi həmin qadınları gözləmiş, amma gəlib çıxmamışlar. Həmin qadınlar ona tapşırmışdır ki, 3 gün müddətində bu barədə heç kimə deməsinlər, yoxsa oğlu öləcəkdir. Ona görə də o və gəlini bu barədə heç kimə deməmişdir. Həmin qadınlar qızılını gətirib qaytarmadıqları üçün başa düşmüşdür ki, aldadaraq qızıllarını ələ keçirmişlər. Hadisə barədə polisə məlumat verməmiş, fikirləşmişdir ki, həmin qadınları kənar rayonda yaşayırlar, tapmaq çətin olar. 2020-ci ilin sentyabr ayının əvvəllərində televizora baxanda görmüşlər ki, Biləsuvar rayon polis şöbəsinin işçiləri iki nəfər qadını, hansı ki, həyətinə gəlib qızıllarını alıb aparan qadınları fırıldaqçılığa görə saxlamışlar. Həmin qadınları televizorda görüb tanımış, bundan sonra hadisə barədə Sabirabad rayon polis şöbəsinə ərizə vermişdir. Ona məxsus 30 qram çəkidə bir-birinə halqavari toxunmuş, 583 əyarlı qızıl sep, bir cüt səbətə oxşar formada olan, 12 qram çəkidə, 583 əyarlı saçaqlı qızıl sırğa, bir cüt brillyant qaşlı «moruq» formalı, 6 qr çəkidə, 583 əyarlı qızıl sırğa həmin qadınlar tərəfindən ələ keçirilmişdir. Qızıl sırğaların hər birinin qiyməti 600 manat, sepin qiyməti isə 1500 manat olmaqla, ümumilikdə ona 2700 manat ziyan vurulmuşdur. Həmin qadınları televizorda görən kimi tanımışdır. Həmin qadınlar haradan gəldiklərini, adları və soyadları barədə bir söz deməmişdir. Onları aldadaraq, yəni oğlunun öləcəyini deyərək qızılları almışlar ki, aparıb kimyələyib gətircəklər. Cavan gəlinin yanındakı qadın da təsdiqləmişdir ki, həmin cavan gəlin seyiddir, ocağı var, inandırmağa çalışmışdır ki, qızılları həmin cavan gəlinə verilsin. Hazırki təqsirləndirilən şəxslər qeyd etdiyi qadınlar olmuşlar. Hazırda ona dəymiş zərər ödənilmişdir. Ona görə də onun təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Məhkəmədən onların qadın olmasını nəzərə alıb barəsində yüngül cəza tətbiq edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Sabirabad rayonu Həşimxanlı kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs anasıdır. 24 avqust 2022-ci il tarixdə evdə olmadığı zaman iki nəfər qaraçı dedikləri qadın həyətə daxil olaraq oğlunun, yəni onun başına pis işlər gələcəyini deyib aldadaraq evdəki qızıl-zinət əşyalarını almış, sonra da məsciddə kimyələmək adı ilə həyətdən çıxaraq getmişlər. Sonrakı 3 gün ərzində evdə bu barədə anası Leyla və arvadı Gülbəniz bu barədə ona bir söz deməmişdir. Sonrakı günlərdə anası və arvadı bu barədə ona dedikdən sonra ailə üzvlərinə irad bildirmişdir ki, hansı səbəbdən ona hadisə barədə vaxtında məlumat verməmişdir. Hadisədən 3 gün keçməsinə görə fikirləşmişdir ki, artıq həmin şəxsləri tapmaq olmayacaq. Ona görə polis orqanlarına məlumat verməmişdir. Lakin 08 sentyabr 2020-ci il tarixdə evdə televizorda xəbərlər proqramına baxarkən evlərinə gəlib insanları aldadan qadınların Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutulmasını görmüş və tutulan qadınları televizorda gördükdən sonra onların evinə də gələn iki nəfər qadının həmin şəxs olmasını bildikdən sonra 09 sentyabr 2020-ci il tarixdə Sabirabad rayon polis şöbəsinə müraciət etmişlər. Hadisə barədə biləndən sonra qonşularla və kənd sakinləri ilə söhbət edən zaman qonşulardan Şahid3 və Şahid4 həmin qadınları küçədə görmələrini bildirmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Sabirabad rayonu Həşimxanlı kəndində yaşayır. Kənd ərazisində və qonşu kənddə səyyarı tərəvəz məhsulları satmaqla ailəsini dolandırmaqla məşğuldur. Şahid2 həmkəndlisidir, ədavəti və düşmənçiliyi yoxdur. Təxminən 2020-ci ilin avqust ayında Azadla küçədə söhbət edən zaman bir yaşlı və digəri cavan olmaqla iki nəfər qadının Azada məxsus evə gəlməsini, anası Zərərçəkmiş şəxs aldadaraq qızılları alıb getməsini eşitmişdir. O, bu barədə bildikdə Azada demişdir ki, həmin qadınlar evə girəndə görmüşdür. Sonradan eşitmişdir ki, Azad polis şöbəsinə şikayət etmişdir. O, Azadla eyni küçədə, yəni məhəllədə qalır, qadınları isə Azadgilin yaşadığı evin həyətinə girən zaman təsadüfən görmüşdür. Həmin qadınlar hazırlda təqsirləndirilən şəxslərdir. Cinayət işində olan Sabirabad rayon Kooperativ Cəmiyyətindən daxil olmuş məktubdan görünür ki, 30 qram çəkidə bir-birinə halqavari toxunmuş, 583 əyarlı, 30 qr çəkidə qızıl boyunbağı 1500 manat, bir cüt səbətə oxşar formada olan 583 əyarlı, 12 qra çəkidə, saçaqlı qızıl sırğa-600 manat, bir cüt brillyant qaşlı, 583 əyarlı “moruq” formalı, 6 qr çəkidə qızıl sırğa-600 manat olmaqla, ümumilikdə oğurlanmış qızılların dəyərinin 2700 manat olması qeyd edilmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Əliyeva X1 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 07 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bərdə rayon icra probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 89/01 saylı məktubdan görünür ki, Əliyeva X1 Rayon Məhkəməsinin 1(022)-54/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə 01 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. Bərdə rayon məhkəməmsinin 7(021)-58/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə “08 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə cəzanın çəkilməmiş hissəsi 1 il azadılmış və cəza müddətinin sonu ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Bərdə Rayon İcra və Probasiya şöbəsində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərin qeydiyyat kitabından qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikasının CM-nin 67.1 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 2 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bərdə rayon icra probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 90/01 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Biləsuvar Rayon Məhkəməsinin 1(022)-9/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il 07 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. Bərdə rayon məhkəməmsinin 7(021)-18/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə “08 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə cəzanın çəkilməmiş hissəsi 1 il azadılmış və cəza müddətinin sonu ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Bərdə Rayon İcra və Probasiya şöbəsində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərin qeydiyyat kitabından qeydiyyatdan çıxarılmışdır. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmiş və onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onların əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindikləri maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın növünü və həddini müəyyən edərkən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nın 59.1.13-cü maddəsinə əsasən, törədiyi cinayət əməlini etiraf etməklə əməlindən peşmançılıq hissi keçirməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın növünü və həddini müəyyən edərkən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən, törədiyi cinayət əməlini etiraf etməklə əməlindən peşmançılıq hissi keçirməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa qeyd edilməlidir ki, Əliyeva X2 Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü ilə CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib 1 (bir) il 7 (yeddi) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 CM-nin 178.2.2-ci maddəlsi ilə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onlar təqsirli bilindikləri və barələrində cəza təyin edildiyi həmin iş üzrə hökmlər çıxmamışdan əvvəl hazırki cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə cinayət əməllərini xx.xx.2020-ci il tarixdə törətdikləri müəyyən edilmişdir. Yəni, onların törətdikləri cinayət əməlləri Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən əvvəl baş vermişdir. Ona görə də, təqsirləndirilən şəxslərə CM-nin 66-cı maddəsinin tələblərinə uyğun cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nın 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nın 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Cinayət Məcəlləsinin 66.1- 66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxslərin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəmiyyətdən təcrid etmədən onların islah olunması mümkündür və onlara təqsirli bilindikləri maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Həmçinin məhkəmə cəza təyin edərkən CM-nin 66-cı maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs1 Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilmiş 2 il 9 ay azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin ediləcək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə təmamilə toplamaq yolu ilə üzərində qəti olaraq 4 (dörd) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmaqla üzərində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Bundan başqa, CM-nin 66-cı maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs2 Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilmiş 1 il 7 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin ediləcək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə təmamilə toplamaq yolu ilə üzərində qəti olaraq 3 (üç) il 7 (yeddi) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmaqla üzərində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi subut yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərərk 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.1, 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 9 ay azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilən 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə təmamilə toplamaq yolu ilə üzərində qəti olaraq 4 (dörd) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmaqla üzərində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşadığı Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək və yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.1, 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 7 ay 8 gün azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilən 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə təmamilə toplamaq yolu ilə üzərində qəti olaraq 3 (üç) il 7 (yeddi) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmaqla üzərində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşadığı Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək və yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi subutun olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar