Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-56/2024 14.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Əlizamin oğlunun və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Sabirabad rayonu Qaragüney kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Əlizamin oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Əlizamin oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilən ittihama görə, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 10,83 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində daşıyaraq saxlamış, 08 oktyabr 2023-cü il tarixdə saat 10:15 dəqiqədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional İdarəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Sabirabad rayonu Qaragüney kəndi ərazisində olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Sabirabad rayon Polis Şöbəsinə gətirilib saat 11:55 dəqiqədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10,83 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs Əlizamin oğlu ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisi olmuş, lakin mütəmadi olaraq istifadə etməmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı kənd ərazisində su kanalının kənarında olan zaman yerdə bir ədəd ağ rəngli sellofan büküm olduğunu görmüş, maraq üçün əyilib həmin bükümü götürən zaman narkotik vasitə olan marixuana olduğunu görmüşdür. Narkotik vasitə istifadəçisi olduğu üçün götürüb qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində fərdi yaşayış evindən çıxıb yaşadığı kənddə piyada gəzən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərib onun qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamasında şübhəli olduğunu bildirərək onu Sabirabad RPŞ-nə dəvət etmişlər. O, etiraz etmədən onların xidməti avtomobilinə əyləşərək Sabirabad RPŞ-nin inzibati binasına gəlmişdir. Müdafiəçi dəvət olunaraq ona təqdim edilmiş, bundan sonra müdafiəçinin və digər iştirakçıların iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan əşyaları könüllü olaraq çıxarıb təqdim etməyi təklif olunmuş, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ sellefona bükülmüş narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb otaqdakı masanın üzərinə qoymuş və təqdim edərək sellofan bükümün içərisində olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Onun üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümün içərisindəki narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilərək 11,56 qram olduğu müəyyən edilmişdir. Sonra həmin büküm bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, möhürlənmiş və həmin zərf götürülmüşdür. Hazırda narkotik vasitə istifadə etməyəcəyinə həm ailəsinə söz vermiş, həm tövbə etmişdir. Əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Ailəlidir və himayəsində iki azyaşlı uşağı vardır. Ailəsinə yeganə qazanc gətirən şəxs odur. Göstərdiyi xüsusatların nəzərə alınaraq məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, DİN BNMİnin QBRŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 oktyabr 2023-cü il tarixdə Sabirabad rayonu Qaragüney kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuş, bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuş, tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunaraq əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin DİN BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili Şahid2 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sabirabad rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün Təqsirləndirilən şəxs Sabirabad rayonu Qaragüney kəndi ərazisində müşahidə edib ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək birlikdə Sabirabad rayon Polis şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs da razılıq verərək onlarla birlikdə Sabirabad rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etsin. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs özü könüllü şəkildə bildirmişdir ki, cibində narkotik vasitə marixuana vardır. Daha sonra əynindəki şalvarın sağ yan cibində olan bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütləyə baxış keçirilən zaman narkotik maddə olan qurudulmuş marixuanaya oxşaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik maddəni 07 oktyabr 2023-cü il tarixdə Sabirabad rayonu Qaragüney kəndi ərazisində gəzərkən yerdən tapdığını, öz istifadəsi üçün götürdüyünü və satış məqsədinin olmadığını bildirmişdir. Aşkar edilmiş kütləyə iştirakları ilə baxış keçirilmiş, daha sonra isə qablaşdırılıb möhürlənərək götürülmüşdür. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə X1 regional Bölməsinin məhkəmə-bioloji ekspertizasının 08 oktyabr 2023-cü il tarixli, 16/984 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 10,83 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İşdə olan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi- məhkəmənarkoloji ekspertizasının 19 dekabr 2023-cü il tarixli, 8312 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əlizamin oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad RİHB-nin Şəhriyar KİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Əlizamin oğlu yaşadığı yer üzrə müsbət xarakterizə edilir. İş materaillarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Əlizamin oğlunun himayəsində 2 azyaşlı övladı vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarından göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs Əlizamin oğlunun törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aidddir. Təqsirləndirilən şəxs Əlizamin oğlu narkotik vasitə hesab edilən çəkisi 10,83 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edərək saxladığını və daşıdığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Əlizamin oğlunun qeyd edilən cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadələri, Təqsirləndirilən şəxs Əlizamin oğlunun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs Əlizamin oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs Əlizamin oğlu barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Əlizamin oğluna təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət əməli törətməsini, himayəsində 2 azyaşlı uşaqlarının olmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikasının CMnin 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Əlizamin oğlunun əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Əlizamin oğluna azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə onu cəmiyyətdən təcrid etmədən islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Əlizamin oğlu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs Əlizamin oğlunun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iki gün həbsdə saxlanmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla həmin müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs Əlizamin oğlunun üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, Təqsirləndirilən şəxs Əlizamin oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi tədqiqatdan sonra 10,81 qram olan narkotik vasitə qururdulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini və məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Əlizamin oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Əlizamin oğlunun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanmasının bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs Əlizamin oğlunun üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Əlizamin oğlunun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Əlizamin oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Əlizamin oğlu ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 30,40 (otuz manat qırx qəpik) AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs Əlizamin oğlundan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad RPŞ-də saxlanılan tədqiqatı nəticəsində qalıq qalmış 10,81 narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs Əlizamin oğlundan qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-56/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-56/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver