Məhkəmə qərarları › İş №1(056)-59/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-59/2025

01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-59/2025 01.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamı üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Sabirabad rayonu, Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, əvvəllər məhkum olunmuş (Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(056)-108/2024№-li hökmü ilə CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2025-ci il tarixə cəzasının çəkilməmiş hissəsi 06 ay təşkil edir), məhkumluğu ödənilməmiş, hazırda cəza çəkən, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilən ittihama görə o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda, 11.69 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 11.25 qram çəkidə olan hissəsini 01 ədəd “Magna” markalı siqaret qutusunda olmaqla üzərində, 0.44 qram çəkidə olan hissəsini isə yaşadığı ünvan 3 nömrəli evin həyətyanı sahəsindəki toyuq hinində saxlamış, 15 yanvar 2025-ci il tarixdə, saat 13:36 dəqidədə Sabirabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində o, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün yaşadığı evin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılmış, üzərinə baxış keçirilərkən əynində olan açıq qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd “Magna” markalı siqaret qutusunda təmiz çəkisi - 11.25 qram, eləcə də həmin tarixdə saat 14:05 dəqiqədə yaşadığı evin həyətyanı sahəsindəki toyuq hininə baxış keçirilərkən, oradan 01 ədəd kağız bükümdə təmiz çəkisi 0.44 qram olmaqla, ümumi təmiz çəkisi 11.69 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, el arasında “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində yaşadığı ünvan 3 ünvanındakı evinin yaxınlığında dayanarkən iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb saxlamış, özlərini ona təqdim etmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Onlar şifahi sorğu zamanı üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da əynində olan açıq qəhvəyi rəngli gödəkçənin sağ yan cibində narkotik vasitə olduğunu bildirmiş və üzərindən bir ədəd “Magna” markalı siqaret qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Hansı ki, o, həmin narkotik vasitəni 15-20 gün əvvəl Sabirabad şəhəri ərazisində su arxının kənarından tapmışdır. O, həmin narkotik vasitəni üzərində daşımış və istifadəçisi olduğu üçün istifadə etmişdir. Bir neçə gün əvvəl həmin narkotik vasitədən biraz götürüb qəhvəyi rəngli bir ədəd kağız bükümə qoyaraq yaşadığı ünvan 3 ünvanındakı evinin arxa hissəsində toyuq hinində saxlamışdır. Üzərindən aşkar edilərək götürülmüş bir ədəd siqaret qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuana kütlələri tərəzidə çəkilmiş və bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmişdir. Həmçinin onun əynindəki göy rəngli cins şalvarın sol cibindən ona məxsus olan, içərisində ***-***-**-** mobil nömrə olan “Samsung” markalı mobil telefon da aşkar edilmişdir. Həmin mobil telefon da iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra o, yaşadığı M.Müşfiq küçəsi 19 ünvanındakı evində də narkotik vasitə saxladığını bildirmiş və onlar birlikdə yaşadığı ev ünvanına getmişlər. O, evinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə vermiş və birlikdə evin həyətyanı sahəsinə daxil olmuşlar. O, polis əməkdaşlarını narkotik vasitə saxladığı yerə, evin arxa hissəsindəki taxta və reykadan düzəldilmiş toyuq hininin yanına aparmışdır. Toyuq hininin içərisində saxladığı bir ədəd qəhvəyi rəngli kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana da aşkar edilmişdir. Həmin kütlə də bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş, o və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərində və yaşadığı evdə baxış videoçəkilişlə qeydə alınmış, protokol tərtib olunmuşdur. Protokol onlara ucadan oxunmuş, heç bir irad və ya təklif daxil olmamış, protokolun doğruluğu o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra o, Sabirabad Rayon Polis Şöbəsinə gətirilmişdir. Sabirabad RPŞ-də o, şübhəli şəxs qismində tutulmuş və dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Müstəntiqin xidməti otağında üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş əşyalara baxış keçirilmişdir. Baxış zamanı aşkar edilmiş narkotik vasitələr olan qablaşdırmalar yenidən açılmış və yenidən tərəzidə çəkilərək müstəntiq tərəfindən yenidən qablaşdırılmışdır. Qablaşdırmanın üzəri möhürlənərək o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, telefonunun qoruyucu qabında saxladığı 01 ABŞ dolları və 1 manat pul əsginasları onun özünə qaytarılmışdır. Həmin narkotik vasitəni o, öz istifadəsi üçün üzərində saxlamışdır. Narkotik vasitə satıcısı deyildir və heç vaxt narkotik vasitə satmamışdır. O, Sabirabad RPŞ-yə gətirilərkən, gətirildikdən sonra kimsə tərəfindən hər hansı bir təsir, təzyiq, işgəncəyə məruz qalmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda ona qarşı istinad edilən cinayət əməlindən peşmançılıq hissi keçirdiyini və ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nın NMQ-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 yanvar 2025-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitəni üzərində saxlamaqda və yaşadığı evdə saxlamaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq RPŞ-nın NMQ-nin əməliyyat müvəkkili Şahid1 raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi Şahid1 həvalə olunaraq təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuş, əməliyyat tədbirində iştirak edəcək şəxslərin NMQ-nın əməliyyat müvəkkili Şahid1, RPŞ-nin NH-nin sürücü-polis nəfəri Şahid3 və ondan ibarət olması təsdiqlənmişdir. Təqsirləndirilən şəxs Sabirabad rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün Təqsirləndirilən şəxs Sabirabad şəhəri, M.Müşfiq küçəsində piyada hərəkət edərkən müşahidə edib sonuncuya yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə gəzdirməsi barədə şübhəli olduğunu izah edib üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. Aqil də üzərində narkotik vasitə olduğunu bildirərək əynindəki açıq qəhvəyi rəngli gödəkçənin sağ cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan “Magna” markalı siqaret qutusunu çıxararaq təqdim etmişdir. Həmçinin, Aqilin əynindəki göy rəngli cins şalvarın sol cibindən bir ədəd “Samsung A 33” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd siqaret qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə elə oradaca elektron tərəzidə çəkilmiş və çəkisinin 15.90 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin el arasında “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni 15-20 gün əvvəl Sabirabad rayonu ərazisində su arxının kənarından tapdığını bildirmişdir. Həmin bir ədəd “Magna” markalı siqaret qutusu bir ədəd ağ rəngli kağız zərfə qoyulmuş, üzəri DİN-in 139 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanaraq tərəfindən qablaşdırılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə və ya digər yerdə narkotik vasitə olub-olmadığı soruşulmuşdur. Aqil cavabında yaşadığı evdə narkotik vasitə olduğunu və evinə baxış keçirilməsinə etiraz etmədiyini, bu barədə ərizə verəcəyini bildirmişdir. Həmçinin Aqildən hər hansı bir etiraz və ya narazılığının olub-olmaması soruşulmuş, cavabında hər hansı bir etirazının, narazılığının olmadığını bildirmişdir. Baxış video çəkilişlə qeydə alınmışdır. Təqsirləndirilən şəxs üzərinin yoxlanılması ilə əlaqədar protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evin qarşısına gəlmişlər. Orada da video çəkilişə başlamışlar və Aqilin icazəsi ilə evinin həyətyanı sahəsinə daxil olmuşlar. Təqsirləndirilən şəxs onları həyətindəki birmərtəbəli yaşayış evinin arxa hissəsinə aparmış və oradakı taxtadan düzəldilmiş toyuq damının içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin toyuq damının içərisində solda bir ədəd tünd qəhvəyi rəngli kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Həmin kütlə də elektron tərəzidə çəkilmiş və çəkisinin 0,70 qram olması müəyyən edilmişdir. Həmin büküm də bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-in 139 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Evin həyətyanı sahəsinə baxış keçirilməsi ilə əlaqədar da tərəfindən protokol tərtib olunmuşdur. Protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs onlarla birlikdə Sabirabad Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Aqil də razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərindən və yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş əşyalara baxış keçirilməyə başlanılmışdır. Əşyaya baxış və götürmə istintaq hərəkəti videoçəkilişlə qeydə alınmış və tərəfindən qablaşdırılan zərflər müstəntiq tərəfindən yenidən açılmış, elektron tərəzidə çəkildikdən sonra isə yenidən qablaşdırılaraq DİNin 139 saylı möhürü ilə möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi dindirmə zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni təxminən 15-20 gün əvvəl su arxının kənarından tapdığını bildirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3, digər Şahid2 göstərdiklərinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid1 ifadəsindən görünür ki, o, digər Şahid2 göstərdiklərinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarında olan 15 yanvar 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında”, həmçinin, həmin tarixli, “əməliyyat-axtarış tədbiri qismində yaşayış sahəsinə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sabirabad şəhəri, M.Müşfiq küçəsində saxlanılmış, üzərindən 01 ədəd “Magna” markalı siqaret qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana və yaşadığı evin həyətyanı sahəsindəki toyuq damından 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan 15 yanvar 2025-ci il tarixli “əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki açıq qəhvəyi rəngli gödəkçənin sağ cibindən 01 ədəd “Magna” markalı siqaret qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana, əynindəki göy rəngli cins şalvarın sol cibindən “Samsung” markalı mobil telefon və yaşadığı evin həyətyanı sahəsindəki toyuq damından 01 ədəd tünd qəhvəyi rəngli kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının 16 yanvar 2025-ci il tarixli 18/38 nömrəli ekspert rəyindən görünür ki: 1). Tədqiqata təqdim olunmuş üzərində: "..Təqsirləndirilən şəxs üzərindən.." sözləri və imzalar olan kağız paketdə 01 ədəd siqaret qutusunda təmiz çəkisi-11.25 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2). Tədqiqata təqdim olunmuş üzərində: "..Təqsirləndirilən şəxs toyuq hinindən.." sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0.44 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş narkotik vasitə marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. Ümumi təmiz çəkisi -11.69 qram olan narkotik vasitə qurudulmuş marixuananın 0.04 qramı ekspert tədqiqatına sərf olunmuş, 11.65 qram hissəsi qalıq qalmışdır. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 955 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Sabirabad rayon MX-da (F12x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. Beləliklə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirdiyini və ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini CM-nın 59-cu maddəsinə əsasən təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nın 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində 07 (yeddi) ay müddətində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs çəkilməmiş cəzası üzrə qeyd edir ki, iş materiallarında olan DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş məktubundan görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(056)-108/2024№-li hökmü ilə Təqsirləndirilən şəxs CMnın 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2025-ci il tarixə cəzasının çəkilməmiş hissəsi 06 ay təşkil edir. Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. Məhkəmə Azərbaycan Respublikası CM-nın 67.1 və 68.1.1-1-ci maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(056)-108/2024№-li hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 06 ay azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 03 ay azadlıqdan məhrum etmə cəzasının, hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmışdır. Məhkəmə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının 01 günü 01 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla müəyyən olunmuş 02 gün ona təyin edilmiş cəzadan çıxılmalı və onun üzərində 07 (yeddi) ay 28 (iyirimi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlarla yanaşı həmçinin məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin «həbs» qətimkan tədbiri ilə əvəz edilərək onun, məhkəmə iclası zalından dərhal həbsə alınmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 AZN məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməsini, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan, ekspetiza tədqiqatından sonrakı qalıq çəkisi 11.65 qram narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(056)-108/2024№-li hökmü ilə təyin edilmiş və çəkilməmiş 06 ay azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 03 ay azadlıqdan məhrum etmə cəzasının, hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 07 (yeddi) ay 28 (iyirimi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdən Sabirabad rayon MX-də (F12x2) diaqnozu ilə dinpanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə bioloji ekspertizası tədqiqatının 31,95 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı qalıq çəkisi 11.65 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar