Məhkəmə qərarları › İş №1(056)-6/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-6/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-6/2023 22.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlu, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu ildə Sabirabad rayonu Cavad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməyən, Sabirabad rayonu Cavad kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə verilən ittihama görə, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri, yəni çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin aprel ayında Sabirabad rayonu Cavad kəndində yaşadığı evin həyətyanı sahəsində əkmiş, həmin toxumlardan yetişmiş 07 ədəd çətənə bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, 16 iyun 2022-ci il tarixdə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilən zaman, evin həyətyanı sahəsindən yaş vəziyyətdə ümumi çəkisi 840 qram olan 06 ədəd, quru vəziyyətdə 01 ədəd təmiz çəkisi 15 qram olan ümumlikdə 07 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən keçən ilin mart aylarında yaşadığı kənddə Kür çayının kənarında gəzdikdə siqaret qutusu görmüş, həmin qutunu götürüb içərisinə baxdıqda toxumlar və 01 ədəd kağız büküm görmüşdür. Özü narkotik vasitələrdən istifadə etmiş olduğu üçün toxumların çətənə bitkisinin toxumları olduğunu, kağız bükümdə olan kütlənin isə narkotik vasitə heroin olduğunu bilmişdir. O, tapdığı toxumları və heroini götürüb cibinə qoymuşdur. Aprel ayında fikirləşmişdir ki, tapdığı toxumları həyətyanı sahəsində əksin. Bu səbəbdən evinin arxa hissəsində olan həyətyanı sahəsində 7 ədəd toxumu əkmiş və toxumlara su vermişdir. Həmin toxumlardan çətənə bitkiləri yetişmişdir. O, arada bitkilərin yarpaqlarından yığıb qurudurmuş ki, istifadə etsin. Yığdığı yarpaqları qurudub 01 ədəd kibrit qutusuna yığmış və kibrit qutusunu həyətlərindəki tövlədə gizlətmişdir. Həmçinin əkdiyi çətənə bitkilərindən biri yaxşı yetişmədiyi üçün kökündən çıxartmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 13-radələrində evdə olduğu zaman polis əməkdaşları gəlib ona narkotik vasitələrin saxlanmasında, əkib-becərilməsində şübhəli olduğunu, təxirəsalınmaz qərarla yaşadığı evə, həyətyanı sahəsinə baxış keçirəcəklərini demişlər. O, etiraz etməmiş, yaşadığı evə, həyətyanı sahəsinə baxış keçirilməsi ilə bağlı etiraz etmədiyi barədə ərizə də yazıb vermişdir. Bundan sonra polis əməkdaşları iki nəfər hal şahidinin, mütəxəssisin və onun iştirakı ilə evinə və həyətyanı sahəsinə baxış keçirməyə başlamışlar. Baxış zamanı yaşadığı evin arxa hissəsində həyətyanı sahəsində əkdiyi 06 ədəd kök üstə olan çətənə bitkiləri və kökündən çıxartdığı 01 ədəd çətənə bitkisi aşkar olunaraq qablaşdırılaraq götürülmüşdür. Bundan sonra həyətyanı sahəsində olan tikililərə baxış keçirilərkən, tövlədə gizlətdiyi 01 ədəd kibrit qutusunda olan qurudulmuş marixuana da aşkar edilərək qablaşdırılaraq götürülmüşdür. Sonra yaşadığı evə baxış keçirilmiş, evdə qanunla qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. Polis əməkdaşları ondan başqa yerdə narkotik vasitə saxlayıb saxlamamağını soruşmuşlar, o, da cibində siqaret qutusunda olan tapdığı narkotik vasitə heroini çıxardıb onlara təqdim etmişdir. Siqaret qutusunda olan narkotik vasitə heroin də polis əməkdaşları qablaşdıraraq götürmüşlər. Hazırda əməlindən peşmandır. Ailəsinə yeganə qazanc gətirən şəxs odur. Ona görə də o, məhkəmədən göstərdiyi xüsusatların nəzərə alınaraq barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 16 iyun 2022-ci il tarixdə saat təxminən 13 radələrində Şahid5 ilə Cavad kəndində olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq yaxınlıqda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması, saxlaması və narkotik tərkibli bitkilər əkib becərməsi barədə məlumat aldıqlarını və onun yaşadığı evə, həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşları baxış keçirdikləri zaman onun və Şahid5 hal şahidi qismində iştirak etməklərini təklif etmiş, onlar etiraz etməmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə Sabirabad rayonu Cavad kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması, saxlaması və əkib becərməsi barədə məlumat aldıqlarını, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla həyətinə, həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər və onların da hal şahidi qismində iştirak edəcəklərini ona izah etmişlər. Təqsirləndirilən şəxs evinə və həyətyanı sahəsinə baxış keçirməyə etirazının olmadığını bildirmiş, bu barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəsinə və evə baxış keçirilmişdir. Baxış zamanı evin həyətyanı sahəsindən 06 ədəd kökü üstə və 01 ədəd kökündən çıxarılmış vəziyyətdə ümumlikdə 07 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmiş, baxışda iştirak edən aqronom da çətənə bitkilərinə baxmış, həmin bitkilərə aqrotexniki qaydada qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına vermişdir. Bundan sonra həyətyanı sahədə olan tikililərə baxış zamanı tövlədən 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, Təqsirləndirilən şəxs şifahi sorğu zamanı o, həmin narkotik vasitənin özünün istifadə etdiyini bildirmiş, həmçinin üzərində də narkotik vasitə heroinin olduğunu demiş və 01 ədəd siqaret qutusunu cibindən çıxararaq içərisində olan bükümdə narkotik vasitə olan heroini təqdim etmişdir. Aşkar edilmiş narkotik tərkibli bitkilər və narkotik vasitələr götürülərək qablaşdırılmışdır. Bundan başqa həyətyanı sahədən və evdən hər hansısa bir cinayət xarakterli əşya və ya predment aşkar edilməmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid5 oğlu oxşar məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişdir. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə X1 regional Bölməsinin xx.xx.2022-ci il tarixli 18/677- 678 №-li rəyində göstərilmişdir ki, “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman götürülmüş 07 ədəd...” sözləri yazılmış və imzalar olan, sintetik kisənin içərisindəki 06 ədəd yaş vəziyyətə ümumi çəkiləri 840,0 qram və 01 ədəd quru vəziyyətdə təmiz çəkisi 15,0 qram olan ümumlikdə 07 ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.Aqranomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 07 ədəd bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...01 ədəd kibrit qutusunda...siqaret qutusu içərisində bükümdə olan”... sözləri yazılmış və imzalar olan kağız paketin içərisindəki: - 01 ədəd kibrit qutusunda, təmiz çəkisi-3,56 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, - 01 ədəd siqaret qutusunun içərisində olan 01 ədəd sellofan bükümün içərisindəki 01 ədəd kağız bükümdə, təmiz çəkisi – 0,032 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İşdə olan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 13 iyul 2022-ci il tarixli 3769 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Sabirabad rayon Həşimxanlı İcra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan ailə tərkibi haqqında arayıdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 adlı uşaqları vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarından göstərilmişdir ki, Cinayət Məcəlləsinin 237.1-ci maddəsində göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aidddir. Təqsirləndirilən şəxs 7 ədəd xeyli miqdarda narkotik vasitə olan çətənə bitkilərini kultivasiya etməsini (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Beləliklə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etməsi cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadələri, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, himayəsində üç azyaşlı uşaqlarının olmasını 59.1.4-ci maddəsinə əsasən, törətdiyi əməlindən peşmançılıq hissi keçirməsini, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini, ailənin yeganə qazanc gətirən şəxsi olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iki gün həbsdə saxlanmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla, dörd gün təyin olunan cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq cəza çəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, Təqsirləndirilən şəxs narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı olmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan 7 ədəd çətənə (kannabis) bitkiləri məhv edilməli olmasını, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanıldığı müddət bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün olaraq çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 103,65 (yüz üç manat altmış beş qəpik ) AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut, Sabirabad RPŞ-də saxlanılan, 7 ədəd narkotik maddələr olan çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar