Məhkəmə qərarları › İş №1(056)-60/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-60/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-60/2025 21.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Sabirabad rayon Həşimxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, işləməyən, əvvəllər məhkum olunmayan, Sabirabad rayonu Həşimxanlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 21 dekabr 2024-cü il tarixdə saat 20:30 radələrində sərxoş vəziyyətdə Sabirabad rayon Həşimxanlı kəndində yerləşən Zərərçəkmiş şəxs işlədiyi çayxanaya gəlib masa arxasında əyləşəndən sonra təkidlə Zərərçəkmiş şəxs ona çay süzməsini tələb etmiş, Zərərçəkmiş şəxs ona çay süzmədiyi üçün mübahisə edib orada olan şəxslərin gözü qarşısında əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəzəzli hərəkətlər edərək, onu nalayiq söyüşlərlə söyüb sonra masanın üzərində olan 1 ədəd çayniki, 3 ədəd stəkanı, 3 ədəd nəlbəkini, 2 ədəd külqabını, soyuducunun üzərindəki 10 ədəd pivə bakalını və çayxanadakı 1 ədəd kauçuk stolu sındıraraq ona 309 manat maddi ziyan vurmuş, sonra isə başı ilə Zərərçəkmiş şəxs sifət nahiyyəsindən zərbə vuraraq ona burun belində qançır, sol gözaltı nahiyədə sıyrıq əmələ gəlməsi ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək şəxslər üzərində zor tətbiq olunması, özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bu əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabirabad rayon Həşimxanlı kəndində ailə üzvüləri ilə birlikdə yaşayaraq fərdi əməklə məşğul olur. Onunla bir kənddə yaşayan Zərərçəkmiş şəxs onun atası Həmidin əmisi nəvəsidir. Zərərçəkmiş şəxs yaşadığları evin yaxınlığında asfalt yolun kənarında çayxanası olmaqla çayxananı Namil özü işlədir. 21 dekabr 2024-cü il tarixdə həmkəndlisi X2 rayon Qaralar kənd ərazisində yerləşən «Ana Kür» şadlıq sarayında toy şənliyi olmuş, o da həmin toy şənliyində iştirak etmiş, toyda yemək yeyərkən təxminən 500 qram araq içmiş, saat təxminən 20 radələrində toy şənliyindən çıxıb taksi sürücüsü həmkəndlisi Rahil Babaşovun avtomobili ilə gedib Zərərçəkmiş şəxs çayxanasının qarşısında düşmüş və Rahil çıxıb getmişdir. Sonra isə çayxanaya keçib əyləşərək mobil telefonunda oyun oynamağa başlamış, həmin vaxt həmkəndliləri Şahid1 və Rusif də çayxanada başqa masa arxasında əyləşmişdir. O, bir qədər mobil telefonda oyun oynayandan sonra qalxıb Elnur və Rusifin yanında əyləşmiş, sonra isə Namilə onun stəkanına çay süzməsini demiş, Namil isə ona çay süzməyi borclu olmadığını demişdir. Ona görə də əsəbləşərək masanın üzərində olan çayniki götürüb Namilə tullamış, lakin çaynik Namilə dəyməyərək yerə düşüb qırılmışdır. Bundan sonra isə qarşılarındakı masanın üzərində olan stəkanları da götürüb yerə çırparaq sındırmış, bundan sonra çayxanda olan həmkəndliləri ona çayxanadan çölə çıxartmışlar. Sonra isə yenidən çayxanaya qayıdıb Namilə yaxınlaşaraq başı ilə onun burun nahiyəsindən bir dəfə vurmuş, bundan sonra çayxanada olan şəxslər onu çölə çıxartmaq istəyərkən soyuducuya dəydiyi üçün soyuducunun üzərində olan bakallar yerə düşərək qırılmışdır. Çayxanada olanlar onu yenidən çölə çıxartmış və o, çıxıb evlərinə getmişdir. Çayxanada Namilin əşyalarını sındırdığı üçün ona dəymiş maddi ziyanı da sonradan ona ödəmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda, əməlindən peşmançılıq hissi keçirdiyini, ilk dəfə bu kimi əməllərə yol verdiyini, iş üzrə zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını və onun ailəli olaraq himayəsində üç nəfər azyaşlı uşağının olmasını nəzərə alınaraq, ona cərimə növündə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxs ilə münasibətləri normal olmuş, ədavətləri olmamışdır. Sabirabad rayon Həşimxanlı kəndində yaşayaraq yaşadıqları evin qarşı tərəfində avtomobil yolunun kənarında özlərinə məxsus 70 kv/m ərazisi olan obyekti çayxana kimi istifadə edərək hər gün çayxananı səhər tezdən saat 10-da açaraq axşam saat 23 radələrində bağlayır. Çayxanada kənd sakinləri boş vaxtlarında gəlib çay içərək damino oynayırlar. 21 dekabr 2024-cü il tarixdə saat 17 radələrində atası Qoçu Hüseynovun əmisi nəvəsi Təqsirləndirilən şəxs həmkəndliləri Ramin Abdullayevin toy məclisindən sərxoş vəziyyətdə taksi sürücüsü Rahil Babaşovun avtomobili ilə çayxananın qarşısında düşərək çayxanaya keçmiş, Rahil Babaşov isə çıxıb getmişdir. Təqsirləndirilən şəxs əvvəlcə kənarda tək əyləşib telefonunda oyun oynamış, Faiq xeyli müddət telefonda oyun oynayandan sonra saat 20:30 radələrində oturduğu yerdən qalxıb çayxanada olan həmkəndliləri Şahid1 və Rusifin əyləşdiyi masada əyləşmişdir. Sonra Təqsirləndirilən şəxs ona çay süzməsini demiş, o da Faiqə ona çay süzməyə borclu olmadığını demişdir. Onun bu sözündən sonra Təqsirləndirilən şəxs ona nalayiq sözlər deyərək masanın üzrərində olan çayniki götürərək ona tullamış, o kənara çəkildiyi üçün çaynik ona dəyməyərək yerə kafelin üzərinə düşüb qırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs qarşılarındakı olan masanın üzərindəki stəkanları, nəlbəkiləri, külqabıları götürüb yerə çırparaq sındırmış, həmçinin kauçuq masanıda qırmışdır. Bundan sonra çayxanda olan həmkəndliləri Təqsirləndirilən şəxs çayxanadan çölə çıxartmışlar. Sonra Faiq yenidən çayxanaya qayıdıb onun burnundan başı ilə vurmuş, zərbədən sonra burnundan qan axmağa başlamış, sonra həmin həmkəndliləri Faiqi itələyib çölə çıxartmaq istəyərkən Faiq çölə çıxmaq istəməyərək dartınarkən soyuducuya dəymiş və soyuducunun üzərində olan bir necə ədəd boş pivə bakalı yerə düşərək qırılandan sonra çətinliklədə olsa Faiq çölə çıxartmışlar və Faiq çıxıb getmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək döyülməyi barədə məlumat vermişdir. Faiq onun əşyalarını sındırdığı üçün ona ümumilikdə 309 manat maddi ziyan dəymiş, sonradan da Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəmişdir. Hazırda təqsirləndirilən Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığı nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabirabad rayon Həşimxanlı kəndində ailə üzvüləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndliləri olmaqla onların heç biri ilə qohumluq əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs yaşadıqları kənddə evlərinin qarşı tərəfində asfalt yolun kənarında çayxanası olmaqla həmin çayxananı Namil özü işlədir. 21 dekabr 2024-cü il tarixdə saat təxminən 20 radələrində həmkəndlisi Rusiflə Namilin çayxanasında çay içərkən Təqsirləndirilən şəxs çayxanaya gələrək əvvəlcə başqa masa arxasında əyləşərək bir neçə dəqiqədən sonra isə onların yanına gələrək onlarla bir masa arxasında əyləşmişdir. Sonra o, Faiqə çay süzmüş, Faiq toy məclisindən gəldiyi üçün sərxoş vəziyyətdə olmuşdur. Faiqə çay süzəndən sonra Faiq Namilə çayı sən niyə süzmürsən demiş, Namil isə ona çay süzməyə borclu olmadığını demişdir. Namilin bu sözündən sonra Faiq mübahisə edərək sonra isə masanın üzərində olan çayniki götürüb Namilə tərəf tullamış, lakin çaynik Namilə dəyməyərək yerə düşüb sınmışdır. Bundan sonra onlar biri-birnə tərəf gedib savaşmaq istədikdə o və çayxanada olan digər kənd sakinləri Faiqi sakitləşdirib çölə çıxartmışlar. Sonra onun mobil telefonuna zəng gəldiyi üçün çöldə telefonla danışmağa başlamış, həmin vaxt Faiq qayıdıb yenidən çayxanaya keçmiş, çöldə telefonla danışarkən yenidən çayxanada səs-küy eşitmiş, içəri daxil olduqda Faiqin Namillə savaşdığını görmüşdür. Sonra orada olan şəxslərlə bilrikdə Faiqi Namildən kənarlaşdıraraq onu dartıb çölə çıxartmışlar. Bundan sonra o, oradan çıxıb gedərək Faiqin isə hara getdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Sabirabad rayon Həşimxanlı kəndində ailə üzvüləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləri olmaqla onların heç biri ilə qohumluq əlaqələri yoxdur. Zərərçəkmiş şəxs yaşadıqları evin qarşısında asfalt yolun kənarında çayxanası olmaqla çayxananı özü işlədir. 21 dekabr 2024-cü il tarixdə saat 18 radələrindən sonra Zərərçəkmiş şəxs çayxanasına gedərək əyləşib çay içmişdir. Saat 20 radələrində Təqsirləndirilən şəxs çayxanaya sərxoş vəziyyətdə gələrək həmkəndliləri Elnur və Rusifin əyləşdiyi masa arxasında əyləşmişdir. X5 stəkanına çay süzəndən sonra Faiq Namilə çayı özü niyə süzmədiyini demiş, Namil də ona çay süzməyə borclu olmadığını bildirmiş, elə bu səbəbdən Faiq Namillə mübahisə edərək sonra isə masanın üzərində olan çayniki götürüb Namilə tullamış, lakin çaynik Namilə dəyməyərək yerə düşüb sınmışdır. Bundan sonra isə Faiq masanın üzərində olan stəkanları, nəlbəkiləri və külqabını yerə çırparaq sındırmış, sonra Faiq Namilin üstünə gedərək savaşmağa başlamış, sonra o və çayxanada olan digər həmkəndliləri yaxınlaşıb Faiqi Namildən kənara çəkərək çölə çıxartmışlar. Sonra Namil çayxananın qarşısında qalmış, o isə çıxıb evlərinə getmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Sabirabad rayon Həşimxanlı kəndində ailə üzvüləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndliləri olmaqla onların heç biri ilə qohumluq əlaqəsi yoxdur. Yaşadıqları kənddə Zərərçəkmiş şəxs evlərinin qarşı tərəfində asfalt yolun kənarında çayxanası olmaqla çayxananı Namil özü işlədir. 21 dekabr 2024cü il tarixdə saat təxminən 20 radələrində həmkəndlisi Rusiflə Namilin çayxanasında çay içərkən Təqsirləndirilən şəxs da çayxanaya gələrək əvvəlcə başqa masa arxasında əyləşmiş, bir neçə dəqiqədən sonra isə onların yanına gələrək onlarla bir masa arxasında əyləşmişdir. Sonra o, Faiqə çay süzmüş, Faiq toy məclisindən gəldiyi üçün sərxoş vəziyyətdə olmuşdur. Faiqə çay süzəndən sonra Faiq Namilə çayı sən niyə süzmürsən demiş, Namil isə Faiqə çay süzməyə borclu olmadığını demişdir. Namilin bu sözündən sonra Faiq onunla mübahisə edərək sonra isə masanın üzərində olan çayniki götürüb Namilə tərəf tullamış, lakin çaynik Namilə dəyməyərək yerə düşüb sınmışdır. Bundan sonra Faiq və Namil biri-birnə tərəf gəlib savaşmaq istədikdə o və çayxanada olan digər kənd sakinləri Faiqi sakitləşdirib çölə çıxartmışlar. Sonra onun mobil telefonuna zəng gəldiyi üçün çöldə telefonla danışmağa başlamış, həmin vaxt Faiq qayıdıb yenidən çayxanaya keçmiş, çöldə telefonla danışarkən yenidən çayxanada səsküy eşitmiş, içəri daxil olduqda Faiqin Namillə savaşdığını görmüşdür. Sonra orada olan şəxslərlə bilrikdə Faiqi Namildən kənarlaşdıraraq onu dartıb çölə çıxartmışlar. Bundan sonra isə o oradan çıxıb getmiş, Faiqin isə hara getdiyini bilməmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, digər Şahid2 göstərdiklərinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 21 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Sabirabad rayon Həşimxanlı kəndində yerləşən Zərərçəkmiş şəxs işlədiyi çayxanada baş vermişdir. Cinayət işi materiallarında olan Sabirabad rayon Kooperativ Cəmiyyətindən əldə olunmuş rəydən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çayxanasında 1 ədəd çayniki, 3 ədəd stəkanı, 3 ədəd nəlbəkini, 2 ədəd külqabını, 10 ədəd pivə bakalını və 1 ədəd kauçuq masanı sındırması nəticəsində Zərərçəkmiş şəxs 309 manat maddi ziyan dəymişdir. Cinayət işi materiallarında olan məhkəmə-tibbi ekspertizasının 23 dekabr 2024-cü il tarixli 757 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-burnun belində qançır, sol gözaltı nahiyədə sıyrıq küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 21 dekabr 2024cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad RİHB-nın Həşimxanlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən tərtib olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində arvadı və üç nəfər azyaşlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ailəli olaraq himayəsində üç nəfər azyaşlı uşaqlarının olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş zərərin əvəzini ödəməklə onunla barışmasını, zərərçəkmişin ondan şikayət və tələbinin olmamasını təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nın 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, təyin ediləcək cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 1000 (bir min) manat məbləğində cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 347-349, 351-353, 381- 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar