Məhkəmə qərarları › İş №1(056)-61/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-61/2023

13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-61/2023 13.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Sabirabad rayonu, Ətcələr kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Sabirabad rayonu, Ətcələr kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx.xx.1992-ci il tarixdə Şirvan (Əli-Bayramlı) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Şirvan şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Sabirabad rayonu, Minbaşı kəndində yaşayan, barəsində” polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx.xx.1992-ci il tarixdə Sabirabad rayonu, Minbaşı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Sabirabad rayonu, Minbaşı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, özgə əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 08 noyabr 2022-ci il tarixdə saat 19 radələrində Sabirabad rayonunun Zalqarağac kəndi ərazisindən keçən, Şirvan-Osmanlı dəmir yolu mənzilinin 53-cü kilometrliyinin 1-ci, 2-ci və 3-cü piketlərində 165, 163, 161, 159, 157 və 155 nömrəli dayaqlar arasından "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamentinin elektrik təchizatı xidmətinin 6 nömrəli Şirvan elektrik təchizatı sahəsinin balansında olan, 1 metrinin qiyməti 6 manat 50 qəpik dəyərində olan 500 metr uzunluqda MF-85 markalı kontakt şəbəkə naqilini kəsib gizli yolla talamaqla, zərər çəkmiş 6 nömrəli Şirvan elektrik təchizatı sahəsinə ümumilikdə 3250,00 manat məbləğində ziyan vurmaqla oğurlamışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, özgə əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 Cavanşır oğlu və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 08 noyabr 2022-ci il tarixdə saat 19 radələrində Sabirabad rayonunun Zalqarağac kəndi ərazisindən keçən, Şirvan-Osmanlı dəmir yolu mənzilinin 53-cü kilometrliyinin 1-ci, 2-ci və 3-cü piketlərində 165, 163, 161, 159, 157 və 155 nömrəli dayaqlar arasından "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamentinin elektrik təchizatı xidmətinin 6 nömrəli Şirvan elektrik təchizatı sahəsinin balansında olan, 1 metrinin qiyməti 6 manat 50 qəpik dəyərində olan 500 metr uzunluqda MF-85 markalı kontakt şəbəkə naqilini kəsib gizli yolla talamaqla, zərər çəkmiş 6 nömrəli Şirvan elektrik təchizatı sahəsinə ümumilikdə 3250,00 manat məbləğində ziyan vurmaqla oğurlamışdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, özgə əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 08 noyabr 2022-ci il tarixdə saat 19 radələrində Sabirabad rayonunun Zalqarağac kəndi ərazisindən keçən, Şirvan-Osmanlı dəmir yolu mənzilinin 53-cü kilometrliyinin 1-ci, 2-ci və 3-cü piketlərində 165, 163, 161, 159, 157 və 155 nömrəli dayaqlar arasından "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamentinin elektrik təchizatı xidmətinin 6 nömrəli Şirvan elektrik təchizatı sahəsinin balansında olan, 1 metrinin qiyməti 6 manat 50 qəpik dəyərində olan 500 metr uzunluqda MF-85 markalı kontakt şəbəkə naqilini kəsib gizli yolla talamaqla, zərər çəkmiş 6 nömrəli Şirvan elektrik təchizatı sahəsinə ümumilikdə 3250,00 manat məbləğində ziyan vurmaqla oğurlamışdır. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 8 noyabr 2022-ci il tarixdə günorta vaxtları saat 12:30 radələrində əvvəllər dostluq və yoldaşlıq etdiyi Fəryada istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonu ilə zəng edərək hal-əhval tutduqdan sonra ona Sabirabad rayonu, Zalqarağac kəndi ərazisindən keçən dəmiryolu xəttinin üzərindən mis naqillər keçdiyini, həmin naqilləri kəsərək oğurlamağı, oğurladıqdan sonra da metal qəbulu məntəqəsinə təhvil verərək əldə edəcəkləri pulu öz aralarında bölməyi təklif etmişdir. Fəryad onun təklifi ilə razılaşmış və ona axşamtərəfi zəng edəcəyini demişdir. Həmin günü təxminən saat 18 radələrində Fəryad ona oğurlayacaqları mis naqilləri daşımaqları üçün avtomobili olan qonşusu Ramil adlı şəxslə danışıb razılaşdığını bildirmişdir. Bundan sonra belə razılaşmışlar ki, təxminən yarım saatdan sonra o, Fəryad və Ramil Sabirabad rayonu ərazisində yerləşən “köhnə postqai” deyilən yerdə görüşüb dəmir yolu xəttinin yanına mis naqillərini söküb oğurlamağa getsinlər. Saat 19 radələrində o, özünə məxsus metallik rəngli, **-OK-*** dövlət qeydiyyat nişanlı “VAZ 21099” markalı avtomobillə gedərək əvvəlcədən razılaşdıqları yerdə, yəni Sabirabad rayonu, Qaragüney kəndi ərazisində yerləşən “köhnə postqai” deyilən yerdə Fəryad və Ramillə görüşmüş, öz avtomobilini görüşdükləri həmin yerdə saxlamış və Ramilin idarə etdiyi “QAZ 31029” markalı, **- HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və mis naqilini kəsmək üçün gətirdiyi 60 santimetr uzunluğunda olan dəmirkəsən qayçını da özü ilə götürmüşdür. Ramilin avtomobilində 1 ədəd təxminən 3 metrlik alminium nərdivan və 10 metr uzunluğunda ağ rəngli kəndir də olmuşdur. Onlar təxminən saat 19:15 radələrində Ramilin idarə etdiyi ağ rəngli “QAZ 31029” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayandıqları yerə yaxın yerləşən X3 girib avtomobilə yanacaq doldurduqdan sonra qeyd edilən yerə, yəni Sabirabad rayonu Zalğarağac kəndi ərzisindən keçən “15 göz” adlanan dəmir yolu xəttinin yanına getmişlər və orada avtomobildən düşmüşlər. Nərdivanı avtomobilin üzərində olan baqaj hissədən, həmçinin baqajdan ağ rəngli təxminən 10 metrlik kəndiri Fəryad və Ramil götürmüş, o isə əlində olan dəmir qayçı ilə dəmir yoluna tərəf yaxınlaşmışdır. Ətrafda onlardan başqa heç kim olmamış, ilk öncə o, beton dirəkdən sallanmış daşları saxlayan dəmir trosu gətirdiyi dəmirkəsən qayçı ilə kəsmiş, daşlar yerə tökülmüşdür. Sonra həmin hissədən keçən əvvəlcədən bildiyi mis naqilinin havada sallandığını görmüşlər. Birlikdə gətirdikləri nərdivanı beton dirəyinə söykəmişlər, o nərdivanla qalxıb kəndirin bir ucunu dirəkdən sallanmış vəziyyətdə olan mis naqilinin ucuna, kəndirin bir ucunu isə Ramilin avtomobilinin qoşqu yerinə bağlayıb dartıb qırmaq üçün hazır vəziyyətə gətirmişlər. Sonra Ramil avtomobilinə əyləşərək üzü Sabirabad istiqamətinə bağlanmış kəndiri dartmağa başlamışdır. Tez bir zamanda mis naqil kəndir bağladıqları yerdən qırılaraq yerə düşmüşdür. Fəryadla o gətirdiyi dəmir kəsən qayçı ilə mis naqil xəttini təxminən 2 metr uzunluğunda doğramağa başlamışlar. Ramil isə həmin doğranmış vəziyyətdə olan mis naqilləri avtomobilin yük yerinə və salon hissəsinə yığmışdır. Təxminən 2 saat ərzində onlar dəmir beton dirəklər arasında yerləşən təxminən 250 metrlik məsafədə qoşa xətt olmaqla ümumilikdə təxminən 500 metr uzunluğunda mis naqili müxtəlif ölçülü hissələrə doğrayaraq Ramilin avtomobilinin yük yerinə və salon hissəsinə yığmışlar. Avtomobilin salon və yük yeri mis naqil ilə tam dolu vəziyyətdə olduğundan, onlar üçü də avtomobilin ön hissəsində əyləşərək oğurladıqları mis naqillə birlikdə Hacıqabul rayonu Udulu kəndi ərazisində yerləşən metal qəbulu məntəqəsinə doğru hərəkət etmişlər. Yolda Şirvan şəhərində yerləşən “Nur Petrol” X3 daxil olub, 30 manatlıq benzin vurmuşlar. Həmçinin alminium nərdivanı şübhə yaratmasın deyə X3 qoymuşlar ki, qayıdanda götürsünlər. Onlar yarım saat sonra Hacıqabul rayonu, Udulu kəndində İmran adlı şəxsin evinin həyətində yerləşən Metal qəbulu məntəqəsinə çatmışlar. Mis naqilini avtomobildən boşaldıb İmrana satmaq üçün gətirdiklərini bildirmişlər. Həmin mis naqillər elektron tərəzidə çəkildikdə cəmi 355 kq mis metalı olduğu müəyyən olmuşdur. 1 kiloqramı 8 manat 50 qəpik olmaqla cəmi 3020 manat pul etmiş və həmin miqdarda pulu İmran Fəryada vermişdir. Pulu aldıqdan sonra onlar avtomobilə əyləşmişlər, elə orada pulu Fəryad bölmüş, 1000 manat ona, 1000 manat Ramilə, 1000 manat da özünə götürmüş, əlavə olaraq 20 manat isə benzin pulu kimi Ramilə vermişdir. Pulu böldükdən sonra bir başa “Nur Petrol” X3 gələrək, oraya qoyduqları nərdivanı götürüb, Sabirabad rayonu ərazisində yerləşən “köhnə postqai” deyilən yerə gəlmişlər. Təxminən saat 01 radələrində o, avtomobildən düşüb, Fəryadla və Ramillə sağollaşıb ayrılaraq özünə məxsus olan “VAZ-21099” markalı avtomobilinə əyləşib evinə getmiş və yorğun olduğundan evə çatan kimi yatmışdır. Səhər tezdən oyandıqdan sonra axşam əldə etdiyi 1000 manat pulu götürüb əvvəlcədən borclu olduğu şəxslərin borcunu qaytarmış, avtomobilinə yanacaq almışdır. Onlar oğurluq edərkən gecə vaxtı olduğundan ətrafda heç kim olmamış, bununla belə ətrafa göz gəzdirmişlər, heç kimin olmadığına əmin olduqdan sonra oğurluq etməyə başlamışlar. Nə o, nə Ramil, nə də Fəryad İmrana satdıqları mis naqillərin oğurluq olduğunu və dəmir yolundan sökdüklərini deməmişlər. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam həcmdə ödəmişlər. Buna görə də zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbi yoxdur. Özü əməlindən peşmançılıq hissi keçirir. Göstərdiyi halların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 8 noyabr 2022-ci il tarixdə günorta vaxtları saat təxminən 12 radələrində əvvəllər tanıdığı, tanışı Əbasət onun mobil nömrəsinə zəng edərək hal-əhval tutduqdan sonra Sabirabad rayonu, Zalqarağac kəndi ərazisindən keçən dəmiryolu xəttinin üzərindən mis naqillər keçdiyini, oraya gedib həmin naqilləri kəsərək oğurlamağı, sonra da metal qəbulu məntəqəsinə təhvil verməyi, əldə edəcəkləri pulları da öz aralarında bölməyi təklif etmişdir. O, ilk əvvəl Əbasətin oğurluq barədə təklifinə etirazını bildirmiş, lakin Əbasət oğurluq edəcəkləri dəmiryolu xəttinin uzun müddətdir ki, fəaliyyət göstərmədiyini və həmin yolda qatarların hərəkət etmədiyini, buna görə də heç bir problem olmayacağını demişdir. Bundan sonra o Əbasətin oğurluq barədə təklifi ilə razılaşmışdır. Əbasət ona oğurlayacaqları naqilləri daşımaq üçün maşın da lazım olduğunu bildirmişdir. O da ona qonşusu Ramilin “QAZ-31029” markalı avtomobilinin olduğunu, Ramil ilə birlikdə gedə biləcəklərini demişdir. Əbasətlə planlaşdırmışlar ki, həmin günü axşam tərəfi Sabirabad rayonu ərazisində yerləşən “köhnə postqai” deyilən yerdə görüşüb dəmir yolu xəttinin yanına getsinlər. O elə həmin gün axşamüstü qonşusu Ramilə bu barədə, yəni Sabirabad rayonu, Zalqarağac kəndi ərazisindən keçən dəmir yolu xəttinin üzəri ilə gedən mis naqilləri kəsib oğurlamaq fikirlərinin olduğunu demiş, Ramil də onunla razılaşmışdır. Saat təxminən 19 radələrində Ramilin idarə etdiyi **-HR-*** dövlət qeydiyyat nişanlı, “QAZ-31029” markalı avtomobillə əvvəlcədən razılaşdıqları yerə, yəni Sabirabad rayonu, Qaragüney kəndi ərazisində yerləşən “köhnə postqai” deyilən yerə gedib orada Əbasətlə görüşmüşlər. Əbasət həmin yerə metal rəngli, **-OK-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21099” markalı avtomobili ilə gəlmişdir. Ramil avtomobilində ağ rəngli kəndir və 1 ədəd aliminiumdan olan təxminən 3 metrlik nərdivan da gətirmişdir. Əbasət öz avtomobilindən düşüb, Ramilin avtomobilinə minərkən əlində təxminən 60 santimetirlik dəmirkəsən qayçını götürmüş, onlar saat təxminən 19:15 radələrində Ramilin idarə etdiyi ağ rəngli “QAZ-31029” markalı avtomobillə dayandıqları yerə yaxın yerləşən X3 girib avtomobilə yanacaq doldurduqdan sonra qeyd edilən yerə, yəni Sabirabad rayonu, Zalqarağac kəndi ərazisindən keçən “15 göz” adlanan dəmiryolu xəttinin yanına getmişlər. Həmin yerdə onlar avtomobildən düşərək nərdivanı və 10 metirlik ağ rəngli kəndiri avtomobilin üzərində olan baqaj hissədən götürmüşlər. Əbasət isə əlində olan dəmir qayçı ilə dəmir yoluna tərəf yaxınlaşmışdır. Ətrafda onlardan başqa heç kim olmamışdır. İlk öncə Əbasət beton dirəkdən sallanmış daşları saxlayan dəmir trosu öz ilə gətirdiyi dəmirkəsən qayçı ilə kəsmiş, sonra həmin hissədən keçən mis naqil havada sallanıqlı vəziyyətdə qalmışdır. Nərdivanı beton dirəyinə söykəmişlər, Əbasət nərdivanla qalxıb kəndirin bir ucunu dirəkdən sallanmış naqilin ucuna, kəndirin digər ucunu isə Ramili avtomobilinin qoşqu yerinə bağlayıb dartıb qırmaq üçün hazır vəziyyətə gətirmişlər. Sonra Ramil avtomobilinə əyləşərək üzü Sabirabad istiqamətinə bağlanmış kəndiri dartmışdır. Mis naqil kəndiri bağladıqları yerdən qırılaraq yerə düşmüşdür. Əbasətlə o yerdə olan mis naqil xəttini təxminən 2 metr uzunluğunda dəmir kəsən qayçı ilə bir neçə hissəyə doğramışlar. Ramil isə həmin doğranmış vəziyyətdə olan mis naqilləri avtomobilin yük yerinə və salon hissəsinə yığmışdır. Təxminən 2 saat ərzində onlar dəmir beton dirəklər arasında yerləşən təxminən 250 metrlik məsafədə qoşa xətt olmaqla ümumilikdə 500 metr uzunluğunda mis naqili müxtəlif ölçülü hissələrə doğrayıb Ramilin avtomobilinin yük yerinə və salon hissəsinə yığmışlar. Avtomobilin salon və yük yeri mis naqil ilə tam dolu vəziyyətdə olduğundan, hər üçü avtomobilin ön hisəsində əyləşərək oğurladıqları mis naqillə birlikdə Hacıqabul rayonu, Udulu kəndi ərazisində yerləşən metal qəbulu məntəqəsinə doğru hərəkət etmişlər. Yolda Şirvan şəhərində yerləşən “Nur Petrol” X3 daxil olub, avtomobilə 30 manatlıq benzin vurmuşlar. Avtomobilin yük yerinə qoyduqları alminium nərdivanı şübhə yaratmasın deyə X3 qoymuşlar ki, qayıdanda götürsünlər. Onlar yarım saat ərzində Hacıqabul rayonu, Udulu kəndində İmran adlı şəxsin evinin həyətində yarləşən Metal qəbulu məntəqəsinə çatmışlar. Həmin mis naqillər elektron tərəzidə çəkildikdə cəmi 355 kq olduğu müəyyən olmuşdur. 1 kiloqramı 8 manat 50 qəpik olmaqla cəmi 3020 manat pul etmiş və həmin miqdarda pulu İmran ona vermişdir. Sonra onlar avtomobilə əyləşmişib elə orada pulu o bölmüş, 1000 manat Əbasətə, 1000 manat Ramilə, 1000 manat da özünə götürmüş, əlavə olaraq 20 manat isə benzin pulu kimi Ramilə vermişdir. Həmin yerdən birbaşa “Nur Petrol” X3 gələrək, oraya qoyduqları nərdivanı götürüb Sabirabad rayonu ərazisində yerləşən “köhnə postqai” deyilən yerə gəlmişlər. Həmin yerdə Əbasət avtomobildən düşüb, öz ilə gətirdiyi dəmir qayçını da götürüb onunla və Ramillə sağollaşıb özünə məxsus olan “VAZ-21099” markalı avtomobilinə əyləşib onlardan ayrılmış, sonra da o qonşusu Ramillə hərəsi öz evlərinə getmişdir. Ramil qonşusu olmaqla onu uşaqlıq vaxtından tanıyır, yaxın münasibətləri vardır, Əbasəti isə təxminən 2-3 ildir ki, tanıyır onunla da münasibəti normaldır. Onlar oğurluq edərkən gecə vaxtı olduğundan ətrafda heç kim olmamış, bununla belə ətrafa göz gəzdirmişlər, heç kimin olmadığına əmin olduqdan sonra oğurluq etməyə başlamışlar. Oğurladıqları mis naqillərin oğurluq olmaqla dəmir yolundan sökmələri barəsində nə o, nə Ramil, nə də Əbasət İmrana heç bir söz deməmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam həcmdə ödəmişlər. Buna görə də zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbi yoxdur. Özü əməlindən peşmançılıq hissi keçirir. Ailəlidir və himayəsində iki azyaşlı uşağı vardır. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Göstərdiyi halların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 8 noyabr 2022-ci il tarixdə günorta vaxtlarında qonşusu Fəryad ona zəng edərək Sabirabad rayonu Zalqarağac kəndi ərazisindən keçən dəmir yolu xəttinin üzərindən mis naqillər keçdiyini, həmin xəttin işləmədiyini və qeyd edilən naqillərdən kəsərək oğurlayıb sonra da metal qəbulu məntəqəsinə təhvil verərək əldə edəcəkləri pulları da öz aralarında bölməyi ona təklif etmişdir. O ilk əvvəl tərəddüd etsə də, lakin sonda Fəryadın bu təklifi ilə razılaşmışdır. Fəryad ona oğurlayacaqları mis naqillərini metal qəbulu məntəqəsinə aparmaq üçün avtomobili ilə gəlməyi demiş, o da razılaşmışdır. Saat təxminən 19 radələrində Fəryadla özünə məxsus olmaqla idarə etdiyi **-HR-*** dövlət qeydiyyat nişanlı, “QAZ-31029” markalı avtomobillə əvvəllcədən razılaşdıqları yerə, yəni Sabairabad rayonu, Qaragüney kəndi ərazisində yerləşən “köhnə postqai” deyilən yerə gəlmişlər və orada Əbasətlə görüşmüşlər. Əbasət həmin yerə metal rəngli, “VAZ-21099” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlmişdir. O, avtomobilində özünə məxsus olan təxminən 10 metr uzunluğunda ağ rəngli kəndir və 1 ədəd alminiumdan olan, təxminən 3 metrlik nərdivan da gətirmişdir. Əbasət öz avtomobilindən düşüb, onun avtomobilinə minərkən əlində təxminən 60 santimetirlik dəmirkəsən qayçı da olmuşdur. Onlar saat təxminən 19:15 radələrində onun idarə etdiyi “QAZ-31029” markalı avtomobillə X3 girib avtomobilə yanacaq doldurduqdan sonra qeyd edilən yerə, yəni Əbasətin dediyi Sabirabad rayonu, Zalqarağac kəndi ərzisindən keçən “15 göz” adlanan dəmiryolu xəttinin yanına gəlmişlər və orada avtomobildən düşmüşlər. O, Fəryadla nərdivanı və təxminən 10 metirlik kəndiri, Əbasət isə dəmir qayçını götürərək dəmir yoluna yaxınlaşmışlar. İlk öncə Əbasət beton dirəkdən sallanmış daşları saxlayan dəmir trosu dəmirkəsən qayçı ilə kəsmiş, sonra həmin hissədən keçən mis naqil havada sallanıqlı qalmışdır. Əbasət nərdivanla beton dirəyə qalxıb kəndirin bir ucunu dirəkdən sallanan mis naqilin ucuna, kəndirin digər ucunu isə onun avtomobilinin qoşqu yerinə bağlayıb dartıb qırmaq üçün hazır vəziyyətə gətirmişlər. Sonra o avtomobilinə əyləşərək kəndiri dartmağa başlamışdır. Tez bir zamanda mis naqil kəndiri bağladıqları yerdən qırılaraq yerə düşmüşdür. Əbasətlə Fəryad yerdə olan mis naqil xəttini təxminən 2 metr uzunluğunda dəmirkəsən qayçı ilə hissələrə doğramışlar, o isə həmin doğranmış vəziyyətdə olan mis naqilləri avtomobilin yük yerinə və salon hissəsinə yığmışdır. Təxminən 2 saat ərzində Fəryadla Əbasət dəmir beton dirəklər arasında yerləşən təxminən 250 metrlik məsafədə qoşa xətt olmaqla ümumilikdə təxminən 500 metr uzunluğunda mis naqili müxtəlif ölçülü hissələrə doğrayıb onun avtomobilinin yük yerinə və salon hissəsinə yığmışlar. Avtomobilin salon və yük yeri mis naqili ilə tam dolu vəziyyətdə olduğundan, onlar hər üçü avtomobilin ön hisəsində əyləşərək oğurladıqları mis naqillə birlikdə Hacıqabul rayonu, Udulu kəndi ərazisində yerləşən metal qəbulu məntəqəsinə doğru hərəkət etmişlər. Yolda Şirvan şəhərində yerləşən “Nur Petrol” X3 daxil olub avtomobilə 30 manatlıq benzin tökmüşlər. Avtomobilin yük yerinə qoyduqları 3 metr uzunluğunda olan alminium nərdivanı Fəryadla o şübhə yaratmasın deyə X3 qoymuşlar ki, qayıdanda götürərlər. Onlar yarım saat sonra Hacıqabul rayonu, Udulu kəndində İmran adlı şəxsin evinin həyətində yerləşən Metal qəbulu məntəqəsinə çatmışlar. Orada mis naqili avtomobildən boşaldıb İmrana satmaq üçün gətirdiklərini bildirmişlər. Həmin mis naqilləri elektron tərəzidə çəkildikdə cəmi çəkisi 355 kq olmuşdur. 1 kiloqramı 8 manat 50 qəpik olmaqla cəmi 3020 manat pul eləmiş, həmin pulu İmran Fəryada vermişdir. Sonra onlar avtomobilə əyləşmiş, elə orada pulu Fəryad bölmüş, 1000 manat Əbasətə, 1000 manat ona vermiş, 1000 manatı da özünə götürmüş, benzin pulu olaraq 20 manat da əlavə ona vermişdir. Həmin yerdən birbaşa “Nur Petrol” X3 gələrək, oraya qoyduqları nərdivanı götürüb, Sabirabad rayonu ərazisində yerləşən “köhnə postqai” deyilən yerə gəlmişlər. Orada Əbasət avtomobildən düşüb, özü ilə gətirdiyi dəmir qayçını da götürüb onunla və Fəryadla sağollaşıb ayrılaraq özünə məxsus olan “VAZ-21099” markalı avtomobilinə minib getmişdir. Sonra o da Fəryadla hərəsi öz evinə getmişdir. Səhər həmin puldan maşının təmirinə və borclarına xərcləmişdir. Onlar oğurluq edərkən gecə vaxtı olduğundan ətrafda heç kim olmamışdır. Nə o, nə Fəryad, nə də Əbasət İmrana satdıqları mis naqillərin oğurluq olduğunu və dəmir yolundan sökdüklərini deməmişər. Hıazrda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam həcmdə ödəmişlər. Buna görə də zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbi yoxdur. Özü əməlindən peşmançılıq hissi keçirir. Ailəlidir və himayəsində iki azyaşlı uşağı vardır. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Göstərdiyi halların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəməyə zərərçəkmiş şəxsin nümayəndəsi X4 ərizə ilə müraciət edərək göstərmişdir ki, təqsirləndirilən şəxslərdən şikayət və tələblərinin olmadığını məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclası zamanı elan edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi X2 ifadəsindən görünür ki, 2018-ci ildən "xxxx" QSC İnfrastruktur Departamentinin 6 nömrəli Şirvan elektrik təchizatı sahəsində aparıcı mühəndis kimi işə düzəlmiş, 2021-ci ildən isə həmin sahəsinin rəis müavini vəzifəsində işləyir. Rəis müavini olduğu sahə Yeni-Ələt dəmir yol stansiyasından Horadiz stansiyasına, cənub istiqamətində isə Astara stansiyasına kimi olan məsafədə dəmir yoluna xidmət edir. Sahənin əsas vəzifəsi dəmir yolu obyektlərini fasiləsiz elektrik enerjisi ilə təmin etməkdən, həmçinin də dəmir yolu boyunca çəkilmiş kontakt naqilinə xidmət göstərməkdən yəni, dəmir yolunda hərəkət edən elektravozları elektrik enerjisi ilə təmin etməkdən ibarətdir. Dəmir yolu boyunca çəkilmiş elektrik dirəkləri həmin dirəklərə mantaj edilməklə elektravozların hərəkəti üçün nəzərdə tutulan, yəni elektravozları enerji ilə qidalandıran kontakt naqilləri Sahənin balansında olmaqla qeyd edilən naqillərdə müəyyən nasazıqlar olduqda həmin nasazlıqlar tərəflərindən müvafiq təmir işləri görülməklə aradan qaldırılır. Şirvan-Osmanlı mənzilinin 53-cü kilometrliyinin 1-ci, 2-ci və 3-cü piketlərindən keçən MF-85 markalı qoşa kontakt naqili 6 nömrəli Şirvan elektirk təchizatı sahəsinin balansında olmaqla həmin xəttə də onlar xidmət göstərir. 10 noyabr 2022-ci il tarixdə saat 15 radələrində X1 vaqonu təsdiq edilmiş qrafikə əsasən Baş Ələt-Horadiz istiqamətində yoxlama apararkən Şirvan- Osmanlı mənzilinin tək yolunda 53-cü kilometrliyin 1-ci, 2-ci və 3-cü piketlərində dəmir yolu boyunca çəkilmiş dirəklərdən kontakt şəbəkə naqilinin sallanması barədə qatar dispetçerinə məlumat vermişdir. Məlumatla əlaqədar olaraq tərəflərindən həmin əraziyə baxış keçirilərkən həmin ərazidən 165, 163, 161, 159, 157 və 155 nömrəli dayaqlar arasından 250 metr məsafədə qoşa çəkilməklə ümumi 500 metr uzunluğunda MF-85 markalı kontakt şəbəkə naqilinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək oğurlandığı müəyyən edilmişdir. Qeyd edilən oğurluq barəsində Şirvan Xətt polis bölməsinə məktubla məlumat verilmişdir. Həmçinin də polisə 500 metr uzunluğunda oğurlanmış MF-85 markalı misdən olan kontakt şəbəkə naqilinin dəyər qiyməti barəsində məktub verilmişdir. Belə ki, 1 metr MF-85 markalı kontakt naqilinin qiyməti 18 manat 80 qəpik olmaqla, ümumilikdə oğurlanmış 500 metr uzunluğunda MF-85 markalı kontakt naqilinin dəyəri 9400 manat təşkil etmiş və oğurluq nəticəsində sahəyə həmin məbləğdə maddi ziyan dəymişdir. Şirvan dəmir yolu polis əməkdaşları tərəfindən oğurluqla əlaqədar görülmüş tədbirlər nəticəsində oğurluğu törətmiş şəxslər və onlar tərəfindən oğurlanmış 500 metr uzunluğunda MF- 85 markalı kontakt şəbəkə naqili müxtəlif öçülərdə hissələrə doğranmış vəziyyətdə müəyyən edilmişdir. Oğurlanaraq müxtəlif ölçülü hissələrə doğranılmaqla yararsız vəziyyətə salınmış 500 metr uzunluğunda misdən olan kontakt naqili 355 kq çəkiyə malik mis qırıntı kimi (matallom) tərəflərindən 3020 manat dəyərində qiymətləndirilmiş və oğurlanaraq müxtəlif öçülü hissələrə doğranmış vəziyyətdə olan naqil sahəyə özlərinə qaytarıldığından həmin məbləğ, yəni 3020 manat məbləği ödənilmiş kimi qəbul edilmişdir. Oğurluq hadisəsinin baş verdiyi Baş Şirvan- Osmanlı məzilinin tək istiqamətli dəmir yolu xətti 1968-ci ildə tikilib istifadəyə verilmişdir. Həmin yol bütün üst qurluşu materiallarının öz istismar müddətinin keçməsi səbəbindən qatarların hərəkət təhlükəsizliyini təmin etmədiyindən ADY Cəmiyyət sədrinin 26 fevral 2013-cü il tarixli 485 №-li əmri əsasında yolun fəaliyyəti tamamilə dayandırılmış və həmin vaxtdan da yol qatarların hərəkəti üçün bağlıdır, eyni zamanda qeyd edilən tarixdən də həmin yolda kontakt naqilinə gərginlik verilməmişdir. O, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən qiymətlərlə razıdır, sahəyə dəymiş olan maddi ziyanın ekspertiza rəyində göstərilən qiymətlərlə göstərilməsinə etiraz etmir. Oğurlanmış 500 metr uzunluğunda MF-85 markalı kontakt şəbəkə naqilinin dəyər qiymətinin sahə tərəfindən 9400 manat məbləğində göstərilməsini belə izah edir ki, qeyd edilən oğurlanmış kontakt şəbəkə naqili uzun müddət istismarda olduğu halda onlar onu yeni kontakt naqili kimi qiymətləndirmişlər. 500 metr uzunluğunda misdən olan kontakt naqili oğurlanaraq müxtəlif ölçülü hissələrə doğranılmaqla yararsız vəziyyətə salınmış ekspert rəyində göstərilən kimi 3195 manat dəyərində 355 kiloqram çəkidə olan mis qırıntıları özlərinə qaytarılıb təhvil verildiyindən heç bir tələbləri və mülki iddiaları yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Hacıqabul şəhərində anadan olmuşdur, hal-hazırda Hacıqabul rayonu, Muğan qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayır. Yaşadığı ev Udulu kəndinin yaxınlığında yerləşir, çox adam elə bilir ki, onun yaşadığı yer Udulu kəndi ərazisidir, əslində isə evi Hacıqabul rayonu, Muğan qəsəbəsində yerləşir. Rəsmi olaraq heç bir yerdə işləmir, ancaq ailəsini dolandırmaq üçün o, metal qəbulu ilə məşğul olur və metalları həyətində qəbul edir. 8 noyabr 2022-ci il tarixdə saat 23 radələrində əvvəllər tanıdığı Sabirabad rayonu, Minbaşı kənd sakini Ramil adlı şəxsin idarə etdiyi **-HR-*** dövlət qeydiyyat nişanlı, “QAZ-31029” markalı avtomobil onun həyətinin qarşısında dayanmışdır. O, həyətdən çıxanda avtomobilin sahibi Ramili və onun yanında tanımadığı 2 nəfər şəxsi gömüşdür. Ramil ona avtomobilin baqaj və arxa salon hissəsində mis metalı gətirdiklərini demişdir. O, həmin şəxslərin köməkliyi ilə doğranmış vəziyyətdə mis naqilini tərəziyə qoyub çəkmiş, cəmi 355 kiloqram mis metal olmuş, metalın hər kiloqramını 8 manat 50 qəpikdən hesablamış, cəmi 3020 manat etmişdir. O, həmin məbləğdə pulu Ramilin yanında gələn, adı sonradan ona məlum olan Fəryada vermişdir. Mis naqillərin hər biri təxminən 2-3 metrlik hissələrə doğranmış vəziyyətdə olmuşdur. Həmin 355 kiloqramlıq mis metalı həyətində əlvan metalların saxlanması üçün nəzərdə tutulmuş otağa yığmışdır. Sonradan polis əməkdaşları onu Şirvan st.XPB-nə dəvət edərək qeyd edilən mis metalının harada olduğunu soruşduqda o, polislərə mis metalının həyətində yerləşən əlvan metalların saxlanılması üçün nəzərdə tutulan otaqda olduğunu bildirmişdir. Həmin mis metalın oğurluq olması barədə onun heç bir məlumatı olmamışdır. Cinayət işində olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9 dekabr 2022-ci il tarixli, 9/8786 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və "xxxx" QSC İnfrastruktur Departamentinin Elektrik Təchizatı Sahəsi tərəfindən tərtib edilmiş məktublara əsasən 1978-ci ildən istismarda olmuş, MF-85 markalı 500 metr uzunluğunda kontakt şəbəkə naqilinin istismar müddəti nəzərə alınmaqla 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3250,00 (500 metr x 6,50 man) manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkumluğu olmuş, lakin məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ərizəsindən gürünür ki, Cəmiyyətə dəymiş ziyan ödənilmiş və onların təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Sabirabad RİHB-nın Minbaşı icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 71 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşağı var. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onların əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindikləri maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəzanın növünü və həddini müəyyən edərkən himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən, törədiyi cinayət əməlini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın növünü və həddini müəyyən edərkən himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən, törədiyi cinayət əməlini etiraf etməklə əməlindən peşmançılıq hissi keçirməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın növünü və həddini müəyyən edərkən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən, törədiyi cinayət əməlini etiraf etməklə əməlindən peşmançılıq hissi keçirməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəmiyyətdən təcrid etmədən onların islah olunması mümkündür və onlara təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. İş materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə CM-nın 69.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində iki gün həbsdə saxlanması müddəti bir günü iki gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulub hesablanmaqla, müəyyən olunmuş 4 gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş materiallarına əlavə edilmiş şübhəli şəxsi tutuma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə CM-nın 69.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs iki gün həbsdə saxlanması müddəti bir günü iki gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulub hesablanmaqla, müəyyən olunmuş 4 gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş materiallarına əlavə edilmiş şübhəli şəxsi tutuma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə CM-nin 69.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs iki gün həbsdə saxlanması müddəti bir günü iki gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulub hesablanmaqla, müəyyən olunmuş 4 gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Bundan əlavə, iş üzrə maddi sübut olan 01 ədəd alminium nərdivan, 9,90 m uzunluqda ağ rəngli kəndir, 1,10 m uzunluqda ağ rəngli kəndir İmişli st. XPŞ-nin “Maddi sübutların saxlanması otağında” saxlanılır, 500 metr uzunluqda MF-85 markalı kontakt şəbəkə naqili "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamentinin elektrik təchizatı xidmətinin 6 nömrəli Şirvan elektrik təchizatı sahəsinə qaytarılması, mülki iddianın olmaması nəzərə alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 50 (əlli) AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nın 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanıldığı müddət bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşadığı Şirvan şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək və yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1nın yaşadığı yer üzrə Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanıldığı müddət bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək və yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2nın yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanıldığı müddət bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək və yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs3nın yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 01 ədəd alminium nərdivan, 9,90 m uzunluqda ağ rəngli kəndir, 1,10 m uzunluqda ağ rəngli kəndir İmişli st. XPŞ-nin “Maddi sübutların saxlanması otağında” saxlanılır, 500 metr uzunluqda MF-85 markalı kontakt şəbəkə naqili "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamentinin elektrik təchizatı xidmətinin 6 nömrəli Şirvan elektrik təchizatı sahəsinə qaytarılması, mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 50 (əlli) AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar