Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-63/2025 16.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1982-ci il tarixdə Sabirabad rayonu Qaragüney kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Sabirabad rayonu Dadaşbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda, 01 ədəd kibrit qutusunda 5.32 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, Sabirabad RPŞ-nin əməkdaşlarının 15 yanvar 2025-ci il tarixdə saat 22:10 dəqidədə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonu Dadaşbəyli kəndi ərazisində yol kənarında piyada hərəkətdə olarkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 5.32 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən dörd ildir ki, el arasında “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 22 radələrində yaşadığı Sabirabad rayonu Dadaşbəyli kəndi ərazisində evinin yaxınlığında dayanarkən iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb saxlamış, özlərini ona təqdim etmişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Onlar şifahi sorğu zamanı üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da əynində olan qara rəngli gödəkçənin sağ yan cibində narkotik vasitə olduğunu bildirmiş və üzərindən bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Hansı ki, o, həmin narkotik vasitəni 2 gün əvvəl yaşadığı kənd ərazisində, Kür çayının kənarında, yerdən tapmışdır. O, həmin narkotik vasitəni istifadəçisi olduğu üçün üzərində saxlamışdır. Üzərindən aşkar edilərək götürülmüş bir ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuana kütləsi tərəzidə çəkilmiş və bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, onun əynindəki qara rəngli cins şalvarın sağ cibindən ona məxsus olan, içərisində ***-***-**-** mobil nömrə olan “Samsung” markalı mobil telefon, şalvarının sol cibindən isə 3 manat pul vəsaiti də aşkar edilmişdir. Həmin telefon da iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Üzərində şəxsi axtarış video çəkilişlə qeydə alınmış, protokol tərtib olunmuş, protokol onlara ucadan oxunmuş, heç bir irad və ya təklif daxil olmamış və protokolun doğruluğu o, digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra o, Sabirabad Rayon Polis Şöbəsinə gətirilmişdir. Sabirabad RPŞ-də o, şübhəli şəxs qismində tutulmuş və dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Müstəntiqin xidməti otağında üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş əşyalara baxış keçirilmişdir. Baxış zamanı aşkar edilmiş narkotik vasitə olan qablaşdırma yenidən açılmış və yenidən tərəzidə çəkilərək müstəntiq tərəfindən yenidən qablaşdırılmış, üzəri möhürlənərək o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, onun mobil telefonu iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. 3 manat pul vəsaiti isə özünə qaytarılmışdır. Həmin narkotik vasitəni o, öz istifadəsi üçün üzərində saxlamışdır. O, narkotik satıcısı deyildir və heç vaxt narkotik satmamışdır. O, Sabirabad RPŞ-yə gətirilərkən, gətirildikdən sonra kimsə tərəfindən hər hansı bir təsir, təzyiq, işgəncəyə məruz qalmamışdır. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, məhkumluğunun olmamasını, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini, həmçinin ailəli olaraq himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Sabirabad RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 yanvar 2025-ci il tarixdə Sabirabad rayonu Dadaşbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitəni üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq Şahid1 raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Həmçinin, Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul olunmuşdur. Əməliyyat tədbirində iştirak edəcək şəxslərin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1, CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3, Uçot-Qeydiyyat və X2 operatoru, polis baş serjantı Şahid4 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sabirabad rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün Təqsirləndirilən şəxs Sabirabad rayonu Dadaşbəyli kəndi ərazisində piyada hərəkət edərkən müşahidə edib yaxınlaşaraq özlərini təqdim etdikdən sonra saxlamış və sonuncuya üzərində narkotik vasitə gəzdirməsi barədə şübhəli olduğunu izah edərək, üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs də üzərində narkotik vasitə olduğunu bildirərək əynindəki qara rəngli gödəkçənin sağ cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd kibrit qutusunu çıxararaq təqdim etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ cibindən bir ədəd “Samsung” markalı mobil telefon, sol cibindən isə 3 manat pul vəsaiti aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə elə oradaca elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin el arasında “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin bir ədəd kibrit qutusu bir ədəd ağ rəngli kağız zərfə qoyulmuş, üzəri DİN-in 139 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanaraq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs hər hansı bir etiraz və ya narazılığının olub-olmaması soruşulmuşdur. Cavabında o, hər hansı bir etirazının, narazılığının olmadığını bildirmişdir. Baxış videoçəkilişlə qeydə alınmışdır. Təqsirləndirilən şəxs üzərinin yoxlanılması ilə əlaqədar Şahid1 tərəfindən protokol tərtib olunmuşdur. Protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxslə birlikdə Sabirabad Rayon Polis Şöbəsinə gəlmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərindən aşkar edilmiş əşyalara baxış keçirilməyə başlanılmışdır. Əşyaya baxış və götürmə istintaq hərəkəti videoçəkilişlə qeydə alınmış və qablaşdırılan zərf müstəntiq tərəfindən yenidən açılmış, elektron tərəzidə çəkildikdən sonra isə yenidən qablaşdırılaraq DİN-in 139 saylı möhürü ilə möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon müstəntiq tərəfindən iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, 3 manat pul vəsaiti isə geri qaytarılmışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nın CAB-ın əməliyyat müvəkkili Şahid3 və Sabirabad RPŞ-nın Uçot-Qeydiyyat və X2 operatoru Şahid4, digər Şahid2 göstərdiklərinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişlər. Cinayət işi materiallarında olan “15” yanvar 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Dadaşbəyli kəndi ərazisində saxlanılmış, üzərindən 01 ədəd kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan “15” yanvar 2025-ci il tarixli “əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ cibindən 01 ədəd kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana, əynindəki qara rəngli cins şalvarın sağ cibindən “Samsung” markalı mobil telefon, aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan ƏN Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının “16” yanvar 2025-ci il tarixli 18/41 nömrəli ekspert rəyindən görünür ki: tədqiqata təqdim olunmuş üzərində: "...Təqsirləndirilən şəxs üzərindən..." sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 5.32 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi - 5.32 qram olan narkotik vasitə qurudulmuş marixuananın 0.02 qramı ekspert tədqiqatına sərf olunmuş, ekspert tədqiqatı nəticəsində qalıq qalmış 5.30 qramı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan 18 yanvar 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanılması üçün rayon polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1014 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs Kannabioidlərin qəbul edilməsi nəticəsində yaranan Asıllıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Sabirabad rayon MX-da (F12x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işi materiallarında olan DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sabirabad rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nın 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “08 noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış və sonradan cəza müddəti bitdiyi üçün xx.xx.2022-ci il tarixdə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxmışdır. Beləliklə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan marixuananı xeyli miqdarda əldə edib saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadəsi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarında olan Sabirabad Rayon İcra Hakimiyyətinin Qaragüney kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və onun himayəsində iki nəfər (xx.xx.2008-ci il təvəllüdlü Bahar Mustafayeva və xx.xx.2009-cu il təvəllüdlü Günay Mustafayeva) yetkinlik yaşına çatmayan qız uşaqları var. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, məhkumluğunun olmamasını, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini, həmçinin ailəli olaraq himayəsində iki nəfər yetkinlik yaşına çatmayan qız uşaqlarının olmasını ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları, eyni zamanda təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitəsinin növünü və həcmini nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunacaq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılmalı və onun üzərində 02 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin olunmasını, onun xx.xx.2022-ci il tarixdən Sabirabad rayon MX-də (F12x2) diaqnozu ilə dinpanser qeydiyyatında olduğunun nəzərə alınmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı qalıq çəkisi 5.30 qram olan narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 04 gün, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkməsi müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Sabirabad rayon MX-də (F12x2) diaqnozu ilə dinpanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 49,74 AZN məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı qalıq çəkisi 5.30 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin . Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-63/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-63/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver