Məhkəmə qərarları › İş №1(056)-64/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-64/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-64/2023 03.05.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərşəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vəkili və nümayəndəsi Müdafiəçi, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakları ilə, xx.xx.1979-cu ildə Şəki rayonu, Böyük Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Böyük Dəhnə kəndində qeydiyyatda olan və Abşeron rayonu Nübar qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, 02 avqust 2022-ci il tarixdə saat 17 radələrində “X14” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobili Sabirabad-Salyan yolunun rayonun Dadaşəyli kəndi ərazisindən keçən hissəsi ilə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 2-ci hissəsinin, yəni sürücü hərəkətdə olduğu zaman eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməli olmasına dair tələblərini pozaraq, baş yolun istiqamətini sağa dəyişdiyi yolayrıcında sağ tərəfdən baş yol ilə Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes Benz” markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilin yol ayrıcına yaxınlaşmasını nəzərə alaraq idarə etdiyi “X14” markalı avtomobili yolayrıcına daxil etməməli, sağ tərəfdən baş yolla hərəkətdə olan “Mercedes Benz” markalı avtomobilə yol verməli və bundan sonra sol tərəfdən birləşən ikinci dərəcəli yola daxil olmaq üçün idarə etdiyi avtomobili yolayrıcına daxil edərək hərəkətini davam etdirməli olduğu halda bunlara əməl etmədən hərəkətini davam etdirmiş, bu zaman onun idarə etdiyi avtomobilin ön hissəsi ilə Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes Benz” markalı avtomobilin sol qabaq hissəsi toqquşmuş, nəticədə o, ehtiyyatsızlıqdan Mercedes Benz markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 sol qamış sümüyünün bayır kondilusunun qapalı sınığı, sol qışın üst səthində, sağ mil bilək oynağının iç səthində sol dirsək oynağının bayır səthində yaralar ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olub, sağlamlığına Az Ağır zərərvurmaya aid bədən xəsarətləri almasına, eləcə də həmin avtomobildə sərnişin qismində əyləşmiş X2 təpə-gicgah nahiyəsində yumşaq toxumalarda qansızma, sol məmə xətti üzrə 4-5-6-7-8-ci qabırğaların qapalı yerdəyişən sınıqları, sol ağciyərin orta payının cırılmış yarası, plevra boşluğunda maye və laxtalı qan, sol bazu sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı, sol və sağ mil və dirsək sümüklərinin orta 1/3nin qapalı yerdəyişən sınıqları, sınıq proyeksiyasında yumşaq toxumalarda qansızma, sol təpəgicgah nahiyəsində, sol gözün üst qapağında, sol bazunun orta 1/3-də bayır səthdə, sol saidin orta 1/3-də bayır səthdə, sağ saidin yuxarı 1/3-də iç səthdə, sol körpücük altı proyeksiyada, sağ mil bilək oynağının üst səthində, sol mil bilək oynağının bayır səthində, sol əlin üst səthində, sol bazunun yuxarı 1/3-də bayır səthdə,sol döş giləsinin bayır səthində, qarnın ön səthində göbək proyeksiyasında sol baldırın yuxarı 1/3-də ön səthdə, sağ diz oynağının aşağı ön səthində sıyrıqlar ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığına ağır zərər vurulmasına aid bədən xəsarətlərindən hadisə yerində ölmünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, “X14” markalı ** XL *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. İdarə etdiyi avtomobilin sahibi X7r. Elmin Məmmədov “Azersun” Holdinq şirkəti ilə müqavilə bağlamış və yük avtomobilini yük daşımaq üçün “Azersun” Holdinqə icarəyə vermişdir. Elmin Məmmədov onu sürücü tutmuş və ona etibarnamə vermişdir ki, həmin yük avtomobilini idarə etsin. O, hər gün “Azersun” Holdinqdən lazım olan yükləri götürərək mağazalara çatdırırdı. 02 avqust 2022-ci il tarixdə o, “Azersun” Holdinqin Bakı şəhəri Qaradağ rayonunda yerləşən anbarına getmiş, oradan lazım olan yükü avtomobilə yükləmişlər və ona yükü çatdıracağı mağazaların ünvanlarını vermişlər. Təxminən saat 12 radələrində o, anbardan çıxmış, Qaradağ rayonu Qobustan qəsəbəsinə getmiş, orada mağazalara yükləri boşaltmış, sonra oradan da Şirvan şəhərinə getmişdir. Şirvan şəhərində mağazalara da yükü boşaltdıqdan sonra, Şirvan şəhəri Bayramlı qəsəbəsinə getməli idi. O, Bayramlı qəsəbəsinə Sabirabad rayonu Dadaşbəyli kəndindən keçib getməli olduğu üçün həmin istiqamətdə idarə etdiyi yük avtomobili ilə Sabirabad rayonu Dadaşbəyli kənd yolu ilə təxminən 60 km saat sürətlə hərəkətdə olarkən, Bayramlı qəsəbəsi yazılan lövhəni görmüş və qəsəbəyə tərəf hərəkətini davam etdirmişdir. Onun hərəkət istiqamətində qarşıda yol sağa döngəli olmuş və bir yol da düzünə Bayramlı qəsəbəsinə gedirdi. O, Bayramlı qəsəbəsinə getməli olduğu üçün yolu düzünə doğru getmiş, həmin zaman Salyan rayonu istiqamətindən “Mercedes Benz 190” markalı avtomobil öz yolu ilə hərəkətdə olmuş, o, yolu düzünə doğru getdikdə “Mercedes Benz 190” markalı avtomobilin üzərinə doğru gəlməsini görmüş, toqquşma baş verəcəyini anlamış və avtomobilə tormoz verərək sola doğru çəkmiş, avtomobil bir neçə metr sürüşdükdən sonra toqquşma baş vermiş, onun idarə etdiyi avtomobilin qabaq tərəfi “Mercedes Benz 190” markalı avtomobilin qabaq sol tərəfinə dəymiş, zərbədən onun idarə etdiyi avtomobil sola doğru gedərək qarşıda öz hərəkət istiqamətində dayanmış vəziyyətdə olan “Vaz 2106” markalı avtomobilə dəymiş, sonra avtomobili yolun kənar hissəsində dayanmışdır. O, tez avtomobildən düşmüş, düşən kimi görmüşdür ki, “Vaz 2106 markalı avtomobilin sürücüsü avtomobilindən düşüb, həmin sürücüdən vəziyyətinin nətər olmasını soruşmuş, “Vaz 2106” markalı avtomobilin sürücüsü yaxşı olduğunu bildirmiş, sonra o, tez “Mercedes Benz 190” markalı avtomobilə yaxınlaşmış, sürücünün düşməsinə köməklik etmiş, ətrafda olanlar da ona köməklik etmişlər, sürücünü avtomobildən düşürtmüşlər, sonra sürücünün yanında olan sərnişinə köməklik etmişlər, onu da avtomobildən düşürtmüşlər, sərnişini nə qədər səsləsə də, sərnişin heç bir reaksiya verməmişdir. O, bilmişdir ki, sərnişin vəfat etmişdir. Yanlarında olanlar tez təcili tibbi yardıma və polisə məlumat vermişlər. Bir neçə dəqiqə sonra təcili tibbi yardım gələrək xəsarət alanları xəstəxanaya aparmışdır. Hadisə baş verən zaman avtomobilini 60 km/saat sürətlə idarə edirdi və öz hərəkət istiqaməti ilə gələn “Mercedes Benz 190” markalı avtomobilin gəlməsini 40 metrdən görmüşdür. “Mercedes Benz 190” markalı avtomobilin gəlməsini görsə də, Bayramlı qəsəbəsi istiqamətinə keçə biləcəyini zənn etmiş, lakin keçə bilmədiyi üçün yol-nəqliyyat hadisəsi baş vermişdir. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törətmişdir. Ailəlidir və himayəsində iki azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxslərlə dəfələrlə barışıq əldə etməyə çalışsa da, barışıq əldə edə bilməmişdir. Göstərdiyi halların, həmçinin hadisənin ehtiyyatsızlıqdan baş verməsinin nəzərə alınaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili qismində dindirilmiş Müdafiəçi bildirmişdir ki, 02 avqust 2022-ci il tarixdə Sabirabad rayonu Dadaşbəyli kənd yolunda baş vermiş yol-nəqliyyat hadisəsində ölmüş X1 Sabir Fazil oğlunun oğludur. Mərhum 01 avqust 2022-ci il tarixdə YAP-ın Salyan rayon təşkilatının sədr müavini vəzifəsinə təyinat almışdır. 02 avqust 2022-ci il tarixdə səhər saatlarında Sabir oğlu ilə yaşadıqları evdən çıxmış, mərhum öz işinə getmiş, Sabir də öz iş yerinə getmişdir. Həmin gün günorta saatlarında Sabir mərhumla görüşərək birlikdə yemək yemişlər. Sonra mərhum Sabiri aparıb iş yerinə düşürtmüş və ona taksi ilə Hacıqabul rayonuna gedəcəyini demiş, oğlu ilə sağollaşmış, oğlu çıxıb getmişdir. Təxminən saat 18:00 radələrində ona xəbər gəlmişdir ki, oğlu getdiyi taksi ilə qəzaya düşmüşdür. O, tez idarə etdiyi avtomobili ilə qəza baş verən yerə getmiş, oraya çatdıqda oğlunun hadisə yerində olmadığını görmüş, oğlunun xəstəxanaya aparıldığını demişlər. Hadisə yerində üç maşının toqquşduğunu görmüşdür. O, Şirvan ŞMX-na getmiş, orada oğlunun öldüyünü demişlər. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclası zamanı ifadə vermiş vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, özünə məxsus etibarnamə ilə idarə etdiyi “Mercedes Benz minik” markalı **-TR- *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, taksi fəaliyəti ilə məşğul olur. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün “*0066” adlanan şirkətə üzv olmuşdur. Həmin şirkətdən gündəlik gələn sifarişləri qəbul edib müştəriləri göstərilən ünvanlara aparır. 02 avqust 2022-ci il tarixdə təxminən saat 16:00 radələrində onun mobil telefonuna sifariş gəlmiş, həmin sifarişdə müştərini Hacıqabul rayonunda yerləşən “Qədir Xum” restoranına aparmaq lazım olduğu göstərilmişdir. O, sifariş verən şəxsi götürmək üçün Salyan rayon İcra Hakimiyyətinin yanına getmiş, sifariş verən şəxs avtomobilə qarşı tərəfə əyləşmiş və Hacıqabul rayonuna gedəcəyini bildirmişdir. O, Hacıqabul rayonuna getmək üçün Salyan-Sabirabad yolu ilə Sabirabad rayonu Dadaşbəyli kəndi ilə hərəkətdə olan zaman yolun döngəli hissəsinə doğru getdikdə avtomobilin sürətini azaltmışdır ki, döngəni dönsün. Həmin vaxt avtomobilin sürəti 40 km/saat olmuş, o, yolun döngəli hissəsinə çatdıqda Sabirabad rayonu Qaragüney kənd istiqamətindən Salyan rayonuna doğru hərəkətdə olan “Mercedes Benz” markalı yük avtomobilinin gəlməsini görmüş, həmin avtomobil öz yolu ilə hərəkətdə olmuş və heç bir dönmə işıqlarını yandırmamışdır. O, elə bilmişdir ki, yük avtomobili öz yolu ilə Salyan rayonu istiqamətinə hərəkətini davam edəcək. Lakin onun yük avtomobilinə çatmağına az qalmış yük avtomobili yolu düz Bayramlı qəsəbəsi istiqamətinə doğru hərəkət etmiş və onun idarə etdiyi avtomobilin üzərinə gəlmiş, o, avtomobili sağa doğru çəkmək istəsə də toqquşma baş vermiş, yük avtomobilinin qabaq tərəfi onun avtomobilinin sol qabaq tərəfi ilə toqquşmuş, toqquşmadan sonra onun avtomobilinin istiqaməti dəyişərək üzü Bayramlı qəsəbəsi istiqamətinə doğru olmuş, avtomobili yolun ortasında dayanmış, o, zərbədən xəsarətlər almış və huşunu itirmişdir. Ayıldıqda yerdə uzandığını görmüş, ətrafda olan tanımadığı insanlar onu ayıltmışlar. O, kənara baxdıqda yanında olan sərnişinin də yerdə uzandığını görmüş, bir neçə dəqiqə sonra təcili tibbi yardım avtomobili gəlmiş və onu Şirvan ŞMX-na aparmışlar. Keçən müddətdə təqsirləndirilən şəxs onunla maraqlanmamış, ona maddi köməklik göstərməmişdir. Hazırda o, təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, onun özünə məxsus etibarnamə ilə idarə etdiyi “Vaz 2106” markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 02 avqust 2022-ci il tarixdə təxminən saat 17:00 radələrində o, yaşadığı evdən iki azyaşlı övladı ilə çıxmış və idarə etdiyi avtomobil ilə Şirvan şəhərinə gedirkən Şirvan şəhəri Bayramlı qəsəbəsində yerləşən mağazaya getmiş, mağazadan çıxdıqdan sonra Şirvan şəhəri istiqamətinə doğru Sabirabad rayonu Qaragüney tərəfə hərəkətdə olan zaman 2-ci dərəcəli yoldan əsas yola çıxmaq üçün avtomobilini saxlamışdır ki, əsas yol ilə gələn avtomobillərə yol versin. O, sol tərəfə baxdıqda “Mercedes Benz 190” markalı avtomobilin öz yolu ilə gəldiyini görmüşdür. Həmin vaxt qarşıdan “X14” markalı yük avtomobili gəlirdi. O, fikirləşmişdir ki, soldan gələn “Mercedes Benz 190” markalı avtomobili buraxsın, sonra hərəkətinə davam etsin. O, öz yolunda dayandıqda qarşıdan gələn yük avtomobili dayanmamış və “Mercedes 190” markalı avtomobili gözləmədən 2-ci dərəcəli yola girmək istəmiş, həmin vaxtı “Mercedes 190” markalı avtomobil öz yolu ilə hərəkət edərək “Atego” markalı yük avtomobili ilə toqquşmuşdur. Toqquşmadan sonra “Mercedes Benz 190” markalı avtomobil fırlanaraq üzü Bayramlı qəsəbəsi istiqamətinə dayanmış, “Atego” markalı avtomobil də onun avtomobilinin üzərinə gəlmiş və toqquşma baş vermişdir. Toqquşma nəticəsində onun avtomobili fırlanaraq üzü Bayramlı qəsəbəsi istiqamətində dayanmış, “Atego” yük avtomobili isə yolun ehtiyyat hissəsində dayanmışdır. Qəzadan sonra o, avtomobildən düşmüş, həmin vaxt “Atego” yük avtomobilinin sürücüsü avtomobilindən düşərək ona yaxınlaşmış, o, həmin zaman avtomobilində uşaqlarını çıxarırdı. “Atego” yük avtomobilinin sürücüsü “Mercedes 190” markalı avtomobilə yaxınlaşmış, avtomobildə olanlara kömək etmişdir. Bundan sonra onlar Şirvan ŞMX-na getmişlər. Sonra eşitmişdir ki, hadisə yerində bir nəfər ölmüş, sürücü də xəsarət almışdır. Cinayət işində olan BA 020275 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququna malikdir, vəsiqə xx.xx.2021-ci ildə verilmiş, xx.xx.2031-ci il tarixinə kimi etibarlıdır. Cinayət işində olan AE № 139930 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X14” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X7r. Cinayət işində olan etibarnamənin surətindən görünür ki, “X14” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3 Elnur Malik oğluna “X14” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı 2022-ci ildə xx.xx.2031-ci il müddətinə etibarnamə vermişdir. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının 16 avqust 2022-ci il tarixli 550 saylı rəyinə əsasən, X5 meyitinin müayinəsi zamanı aşkar olunmuş xəsarətlər-sol təpə-gicgah nahiyəsində yumşaq toxumalarda qansızma, sol məmə xətti üzrə 4-5-6-7-8-ci qabırğaların qapalı yerdəyişən sınıqları, sol ağciyərin orta payının cırılmış yarası, plevra boşluğunda maye və laxtalı qan, sol bazu sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı, sol və sağ mil və dirsək sümüklərinin orta 1/3-nin qapalı yerdəyişən sınıqları, sınıq proyeksiyasında yumşaq toxumalarda qansızma, sol təpə-gicgah nahiyəsində, sol gözün üst qapağında, sol bazunun orta 1/3-də bayır səthdə, sol saidin orta 1/3-də bayır səthdə, sağ saidin yuxarı 1/3-də iç səthdə, sol körpücük altı proyeksiyada, sağ mil bilək oynağının üst səthində, sol mil bilək oynağının bayır səthində, sol əlin üst səthində, sol bazunun yuxarı 1/3-də bayır səthdə,sol döş giləsinin bayır səthində, qarnın ön səthində göbək proyeksiyasında sol baldırın yuxarı 1/3-də ön səthdə, sağ diz oynağının aşağı ön səthində sıyrıqlar həyatidir, küt travma təsirinə malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdirlər. F.Zərərçəkmiş şəxs1 ölümündən az əvvəl spirtli içkilər və güclü təsiredici maddələr qəbul etməmişdir. F.Zərərçəkmiş şəxs1 ölümünə səbəb döş qəfəsinin qapalı küt travmasından, sol ağciyərin cırılması nəticəsində baş vermiş daxili qanaxma olmuşdur. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının 16 avqust 2022-ci il tarixli 550 saylı rəyinə əsasən, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 müayinəsi zamanı-sol qamış sümüyünün bayır kondilusunun qapalı sınığı, sol qışın üst səthində, sağ mil bilək oynağının iç səthində sol dirsək oynağının bayır səthində yaralar küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. Xəsarətlər göstərilən şəraitdə əmələ gələ bilərdi. Cinayət işində olan yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 05 oktyabr 2022ci il tarixli 8/2436 saylı rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir. 1.“X14” markalı ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2.Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə Mercedes Benz markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. 3.İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Vaz 2106 markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Cinayət işində olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının ekspert rəyində Zərərçəkmiş şəxs2 üçün təhlükənin X14 markalı avtomobilin onun hərəkət zolağına çıxmağa başladığı andan yaranması və təhlükə yaranan anda avtomobillər arasında 13,5 metr məsafənin olması real hadisə mexanizminə uyğun olmadığı göstərilmişdir. İş üzrə əlavə olaraq şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində onun üçün yaranmış təhlükə anını dəqiqləşdirmək üçün bir daha hadisə yerinə çıxaraq baxış keçirilməsini bildirmişdir. Bu səbəbdən sürücü Zərərçəkmiş şəxs2 ifadəsi yerində yoxlanılmış və onun üçün yaranan təhlükə anının 27,6 metr olması müəyyən edilmişdir. Göstərilən mexanizm əsasında iş üzrə əlavə məhkəmə yol-nəqliyyat ekspertizası təyin edilmişdir. Cinayət işində olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 08 fevral 2023-cü il tarixli 8/85 nömrəli rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən X14 markalı ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən yolayrıcında baş yol istiqamətini dəyişirsə, baş yolla hərəkət edən sürücülər öz aralarında eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcını keçmək qaydalarını əsas tutmalıdırlar. Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında isə relssiz nəqliyyat vasitələrinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Göstərilən vəziyyətdə sürücü Əliyev idarə etdiyi X14 markalı avtomobili baş yolu ilə Salyan rayonu istiqamətində hərəkət etdirərkən baş yolun istiqamətini sağa dəyişdiyi yolayrıcında sağ tərəfdən baş yol ilə Mercedes Benz markalı avtomobilin yolayrıcına yaxınlaşmasını nəzərə alaraq idarə etdiyi X14 markalı avtomobili yolayrıcına daxil etməməli, sağ tərəfdən baş yolla hərəkətdə olan Mercedes Benz markalı avtomobilə yol verməli və bundan sonra sol tərəfdən birləşən ikinci dərəcəli yola daxil olmaq üçün idarə etdiyi avtomobili yolayrıcına daxil edərək hərəkətini davam etdirməli idi. Cinayət işində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2005-ci il təvəllüdlü Əliyev lyar Elnur oğlu adlı uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspertiza rəyləri, şahid və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, eyni zamanda digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 60-cı maddəsində bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir və ona ağır cəza verilməsini xahiş edirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən zərərşəkmiş şəxslə barışıq etməsinə cəhd etməsi, CM-nin 59.2-ci maddəsinə əsasən ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Bundan əlavə o da qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi CM-nin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar aşkar edilməmişdir. Qeyd olunanlara əsaslanıb məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxsin hüquqi varisinin, həmçinin digər zərərçəkmiş şəxsin hazırda şikayətçi olmasını, eyni zamanda təyin ediləcək cəzanı yüngülləşdirən halları və ağırlaşdıran hallarının müəyyən edilməməsini, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi və əlavə cəza kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən 05 oktyabr 2022-ci il tarixli 8/2436 nömrəli Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertiza tədqiqatının dəyəri - 128 manat, 08 fevral 2023-cü il tarixli 8/85 nömrəli Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertiza tədqiqatının dəyəri - 128 manat məbləğində, cəmi 256 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Bundan əlavə, iş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclası zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 may 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi, aparılmış 05 oktyabr 2022-ci il tarixli 8/2436 nömrəli Yolnəqliyyat hadisələrinin məhkəmə ekspertiza tədqiqatının dəyəri - 128 manat, 08 fevral 2023-cü il tarixli 8/85 nömrəli Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertiza tədqiqatının dəyəri - 128 manat məbləğində, cəmi 256 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün ekspertiza xərci-256 manat pulun tutulması hissəsinin icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Abşeron rayon İcra Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar