Məhkəmə qərarları › İş №1(056)-66/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-66/2025

01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-66/2025 01.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Sabirabad rayonu Muğangəncəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Sabirabad rayonu Muğangəncəli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla üzərində saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 1 ədəd kibrit qutusunda təmiz çəkisi - 5.62 qram olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, 11 fevral 2025-ci il tarixdə saat 15 radələrində Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonu Cəngən kəndi ərazisində həmkəndlisi - Sabirabad rayonu Muğangəncəli kənd sakini Şahid6 idarə etdiyi VAZ 21011 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin qismində hərəkətdə olarkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılmış, həmin vaxt əməliyyat-axtarış tədbirlərini həyata keçirən əməliyyat-axtarış fəaliyyəti subyekti - Sabirabad RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən üstü yoxlanılarkən əynində olan qara rəngli jaketin sol yan cibindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi - 5.62 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş XXX Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hazırda Sabirabad rayonu Muğangəncəli kəndində qeydiyyatda olmaqla həmin kənddə ailə üzvlərimlə birlikdə yaşayır, atası Səxavət dünyasını dəyişmişdir. Qardaşı Taryel isə hazırda məhkumluq həyatı yaşayır, o isə günəmuzd işlərdə işləyərək ailəsinə və həbsdə olan qardaşına baxır. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 237.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 5 ay 24 gün azadlığın məhdudlaşdırılması cazasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış, hazırda məhkumluğu olmamışdır. Təxminən 1 ilə yaxındır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, 2024-cü yaz aylarında çöl sahədə olarkən 1 ədəd əvvəl tapdığı narkotik vasitə qurudulmuş marixuanadan qalan toxumlardan 2-3 toxumu orada əkmiş, onlardan 1 ədəd çətənə kolu yetişmiş, həmin çətənə kolunun yararlı hissələrini toplamış, gövdəsini isə yandırıb tullamışdır. Əldə etdiyi qurudulmuş marixuanadan az-az istifadə etmiş, geriyə az bir miqdarda qalmış, həmin narkotik vasitəni də bir ədəd kibrit qutusuna dolduraraq kibrit qutusunu cibinə qoymuşdur. 11 fevral 2025-ci il tarixdə saat 14 radələrində taksi sürücüsü işləyən həmkəndlisi Şahid6 zəng edib ondan onu qonşu kənd olan Cəngən kəndinə aparmasını xahiş etmiş, orada aparatdan pul çıxaracağını demiş, Vasif bir neçə dəqiqə sonra idarə etdiyi “VAZ 21011” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onların kənd yoluna gəlmişdir. O da yola çıxmış, Vasif onu oradan götürüb Cəngən kəndinə aparmış, yolda olarkən onları başqa bir avtomobil saxlatdırmış, həmin avtomobildən düşən mülki geyimli şəxslər polis əməkdaşları olduqlarını demişlər. Polis əməkdaşları onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, sonra üzərini videoçəkilişlə yoxlamışlar, üzərində narkotik vasitə olub-olmadığı soruşulduqda o, olduğunu deyib qara rəngli jaketinin sol yan cibindən 1 ədəd kibrit qutusunda olan narkotik vasiət qurudulmuş marixuananı təqdim etmişdir. Həmin kibrit qutusu 1 ədəd ağ rəngli zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüş, qablaşdırmanın üzərinə o və digər iştirakçılar imza etmiş, sonra polis əməkdaşlarından biri onun üzərini yoxlamış, həmin jaketin sağ yan cibindən siqareti, avtomobilin açarı, təsbeh, cins şalvarının arxa sağ cibindən ona məxsus 1 ədəd “Tecno” markalı mobil telefon aşkar edilmişdir. İş üçün əhəmiyyət kəsb edildiyi deyilib həmin mobil telefon da götürülmüş, sonra polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəlmiş, orada protokol tərtib olunmuş, protokola o və digər iştirakçılar imza etmişlər. Orada şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi Səxavət müəllimin iştirakı ilə üzərindən aşkar olunan əşyalara baxış və götürmə keçirilmişdir. Kibrit qutusu olan zərf açıldıqdan sonra çəkisi çəkilmiş, sonra həmin kütlə müstəntiq tərəfindən bir ədəd zərfə qoyularaq müvafiq qaydada qablaşdırılaraq üzəri möhürlənib götürülmüşdür. O və digər iştirakçılar zərfin üzərinə imza etmiş, eləcə də ona məxsus 1 ədəd “Tecno” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən götürülmüşdür. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, məhkumluğunun olmamasını, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini, həmçinin ailəli olaraq himayəsində iki nəfər azyaşlı uşaqlarının, arvadı və anasının olmasını nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Sabirabad RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində olmaqla, polis mayoru xüsusi rütbəsindədir. 11 fevral 2025-ci il tarixdə Sabirabad rayonu Muğangəncəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul, hazırda məhkumluğu olmayan, Sabirabad rayonu Muğangəncəli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan XXX Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlaması və istifadə etməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, ona görə də 11 fevral 2025-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Sabirabad RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. 2025-ci ilin fevral ayının 11-də Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Sabirabad RPŞ-nin KMQ-nin baş inspektoru, polis kapitanı Şahid3, Sabirabad RPŞ-nin Konvoy Hissəsinin polis nəfəri-konvoy, polis baş serjantı Şahid4, Sabirabad RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid5 ilə birlikdə saat 13 radələrində XXX Təqsirləndirilən şəxs olacağı Sabirabad rayonu Cəngən kəndinə getmiş, saat 14:02 dəqiqədə Sabirabad rayonu, Cəngən kəndində XXX Təqsirləndirilən şəxs həmkəndlisi Şahid6 idarə etdiyi VAZ 21011 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində hərəkətdə olarkən tərəflərindən saxlanılmış, həmin şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan videoçəkiliş yolu ilə şübhəli şəxs XXX Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Şübhəli şəxs XXX Təqsirləndirilən şəxs üstü yoxlanılmazdan əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra XXX Təqsirləndirilən şəxs əynində olan qara rəngli jaketin sol yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib həmin kibrit qutusunu çıxarıb təqdim etmiş, sonra sonuncu həmin kibrit qutusunda “nəşə”, yəni qurudulmuş marixuana olduğunu bildirmiş, həmin kütlə tərəfindən avtomobilin baqaj hissəsinin üzərinə qoyulmuşdur. Sonra tərəfindən XXX Təqsirləndirilən şəxs üzəri yoxlanıldıqda sonuncunun əynində olan qara rəngli jaketin sağ yan cibindən “Sobranie” markalı siqaret qutusu, avtomobil açarı, təsbeh, cins şalvarının arxa sağ cibindən isə “Tecno” markalı mobil telefon aşkar edilmiş, sonra içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan həmin kibrit qutusu tərəfindən elektron tərəzidə çəkilmiş və 1 ədəd ağ rəngli zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüş, qablaşdırmanın üzərinə XXX Təqsirləndirilən şəxs və digər iştirakçılar imza etmişlər. Sürücü Şahid6 də üzəri yoxlanıldıqda sonuncunun üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. XXX Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 qutu siqaret, 1 ədəd açar, 1 ədəd təsbeh sonuncunun özünə qaytarılmış, XXX Təqsirləndirilən şəxs məxsus 1 ədəd mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfindən götürülmüşdür. Bundan sonra XXX Təqsirləndirilən şəxs tərəflərindən Sabirabad RPŞ-nə gətirilmiş, bu barədə raportla şöbə rəhbərliyinə müraciət etmiş, XXX Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalara müstəntiqin xidməti otağında müdafiəçinin iştirakı və videoçəkilişlə baxış keçirilmişdir. Həmin qablaşdırma yenidən açılaraq baxış keçirildikdən sonra ekspertizaya təqdim edilməsindən ötrü yenidən qablaşdırılmış, qablaşdırmanın üzərinə o və digər iştirakçılar imza etmiş, bu barədə tərtib edilmiş protokola o və digər iştirakçılar imzalamışlar. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin KMQ-nin baş inspektoru, polis kapitanı Şahid3 və Sabirabad RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid5, digər Şahid1 göstərdiklərinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişlər. Cinayət işi materiallarında olan 11 fevral 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, XXX Təqsirləndirilən şəxs həmin tarixdə Sabirabad rayonu Cəngən kəndi ərazisində həmkəndlisi - Sabirabad rayonu Muğangəncəli kənd sakini Şahid6 yanında saxlanılmış, onun üstü yoxlanılan zaman əynində olan qara rəngli jaketin sol yan cibindən 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan 11 fevral 2025-ci il tarixli “əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, XXX Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun üzərindən aşkar olunaraq götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılmış kütləyə həmin kağız zərf açılmaqla yenidən baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanya bənzər kütlənin olması müəyyən olunmuşdur. Baxış zamanı qeyd olunan predmet yenidən bir ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Cinayət işi materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə X2 Regional Bölməsinin 12 fevral 2025-ci il tarixli 18/133 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “... XXX Təqsirləndirilən şəxs üzərindən...” sözləri imzalar olan kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 5.62 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatdan sonrakı qalıq çəkisi 5.60 qram təşkil edir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə narkoloji ekspertizasının 20 fevral 2025-ci il tarixli 1012 nömrəli rəyindən görünür ki, XXX Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan Asıllıq Sinndromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. Beləliklə XXX Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan marixuananı xeyli miqdarda əldə edib daşımaqla saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadəsi, XXX Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin XXX Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin istintaq materiallarında olan Sabirabad Rayon İHB-nin Muğangəncəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən və arayışdan görünür ki, XXX Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, onun himayəsində iki nəfər azyaşlı (2012 və 2013-cü il təvəllüdlü) uşaqları, arvadı və anası var. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, XXX Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə təqsirləndirilən XXX Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, məhkumluğunun olmamasını, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini, həmçinin ailəli olaraq himayəsində iki nəfər azyaşlı uşaqlarının, arvadı və anasının olmasını ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən XXX Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, XXX Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda XXX Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunacaq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılmalı və onun üzərində 02 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq XXX Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq cəzaçəkməsi müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin olunaraq, onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı qalıq çəkisi 5.60 qram olan narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. HÖKM ETDİ: XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən XXX Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 04 gün, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində XXX Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. XXX Təqsirləndirilən şəxs cəzaçəkməsi müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. XXX Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. XXX Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazı narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 AZN məbləğində pul vəsaiti XXX Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı qalıq çəkisi 5.60 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası XXX Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin . Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar