Məhkəmə qərarları › İş №1(056)-67/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-67/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-67/2025 04.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1990-ci ildə Sabirabad rayonu, Ulacalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Ulacalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittihama görə o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda, yəni bir ədəd kibrit qutusunun içərisində 6,14 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində saxlamış, 14 mart 2025-ci il tarixdə saat 09:30-da Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Sabirabad rayonu Ulacalı kəndində piyada hərəkət edən zaman saxlanılmış və üzəri yoxlanılan zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,14 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o arabir narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılmazdan təxminən 1 həftə əvvəl yaşadığı kəndin meşə sahəsinə odun yığmaq üçün getmiş, həmin zaman yerdən bir ədəd kibrit qutusu tapmış, həmin qutunu götürüb içərisinə baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını müəyyən etmiş və içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusunu gələcəkdə istifadə etmək üçün götürüb üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 09 radələrində yaşadığı Sabirabad rayonu Ulacalı kəndində yerləşən evdən küçəyə çıxaraq piyada hərəkət edərkən bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və videoçəkilişlə onun üzərinə baxış keçirmişlər. Baxış zamanı polis əməkdaşları ondan üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmetin olub-olmamasını soruşmuş, o, üzərində narkotik vasitə olduğunu deyib əynində olan qış gödəkçəsinin sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin qutuya polis əməkdaşları tərəfindən baxış keçirildikdən sonra kibrit qutusu bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Daha sonra polis əməkdaşları onu üzərindən aşkar edilərək qablaşdırılmış narkotik vasitə ilə birlikdə rayon polis şöbəsinə gətirilmişlər. O, müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra üzərindən aşkar edilmiş əşyalara müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı üzərindən aşkar olunaraq bir ədəd kağız zərfdə qablaşdırılmış narkotik vasitə açılmış və narkotik vasitə elektron tərəzidə çəkildikdən sonra yenidən bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Hazırda o, əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törətməkdə təqsirli bilinir. Ailəli olmaqla himayəsində iki azyaşlı (3 və 4 yaş) övladı vardır. Ailəsinə yeganə qazanc gətirən şəxsdir. Həbs edilərsə ailəsi pərişan vəziyyətə düşəcəkdir. Ona görə də o, məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı rütbəsindədir. xx.xx.2025-ci il tarixdə Sabirabad rayonu Ulacalı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibinin o, RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Şahid4 ibarət olması təsdiq edilmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal olunan Sabirabad rayonu Ulacalı kəndinə getmiş, xx.xx.2025-ci il tarixdə saat 09 radələrində Sabirabad rayonu Ulacalı kəndində xidmətdə olarkən küçədə piyada şəkildə hərəkət edən Təqsirləndirilən şəxs görmüş və dərhal videoçəkilişlə sonuncuya yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu qeyd etmişlər. Onlar Təqsirləndirilən şəxs üzərində hər hansı dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmamasını soruşmuş, sonuncu üzərində narkotik vasitə olduğunu bildirib əynində olan qış gödəkçəsinin sağ cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş, həmin qutuya baxış keçirilən zaman içərisində yaşıl rəngli, spesifik qoxuya malik bitki mənşəli kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş bir ədəd kibrit qutusunda olan kütlə bir ədəd ağ rəngli kağız zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş predmetlərlə birlikdə RPŞ-nə gətirib raportla şöbə rəhbərliyinə məruzə etmiş, polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonuncudan aşkar olunmuş predmetlərə yenidən müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış predmetlər yenidən açılmış, müstəntiqin verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs daha əvvəl videoçəkiliş zamanı bildirdiyi fikirləri yenidən təkrarlamış və aşkar edilmiş kütlələr yenidən qablaşdırılaraq müstəntiq tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə-bioloji ekspertizasının 14 mart 2025-ci il tarixli, 18/234 nömrəli ekspert rəyindən görünür ki: Tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri və imzalar yazılmış kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 6,14 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 18 aprel 2025-ci il tarixli 2188 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad RİHB-nın Ulacalı üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Sabirabad RİHB-nın Ulacalı kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşaqları vardır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə Təqsirləndirilən şəxs göstərilən cinayəti əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, özünün etirafedici ifadəsi, şahid ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşman olmasını, himayəsində 2 uşağının olmasını və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə onu cəmiyyətdən təcrid etmədən islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixdək şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün azadlığın məhdudlaşdırılması cəzasının dörd gününə bərabər tutulub hesablanmaqla, həmin 4 gün təyin olunan cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi tədqiqatdan sonra 6,12 qram olan narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini və məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanmasının bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 (otuz bir manat doxsan bir qəpik) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad RPŞ-də saxlanılan tədqiqatı nəticəsində qalıq qalmış 6,12 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar