Məhkəmə qərarları › İş №1(056)-69/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-69/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-69/2023 19.04.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1999-cu ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə verilən ittihama görə, o, istintaqa məlum olmayan mənbədən və vaxtda zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı döyüş sursatı olan 01 ədəd “F-1” tipli əl qumbarasının gövdəsini və həmin qumbaranın 01 ədəd üçün “UZRQM” tipli partlayıcısını qanunsuz olaraq əldə edib üzərində saxlamış, 13 yanvar 2023-cü il tarixdə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat axtarış tədbiri nəticəsində Sabirabad şəhəri H.Əliyev prospektində saxlanılaraq Sabirabad rayon polis şöbəsinə gətirilmiş, şöbənin inzibati binasında həmin tarixdə saat 22:30 dəqiqədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan paltonun sağ yan cibində həmin 01 ədəd “F-1” əl qumbarasının gövdəsi və 01 ədəd “UZRQM” tipli partlayıcısı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, valideynləri ilə birlikdə Sabirabad şəhərində yaşayır. Heç yerdə işləmir, arada öz heyvanlarını otarır. 2023-cü ilin əvvəllərində heyvanları tövlədən çıxartmış və otarmaq üçün evlərinin yaxınlığına aparmışdır. Sahədə gəzərkən əlində olan ağac parçası ilə yaxınlıqda olan zibillikdə sellofanları dartmışdır ki, çıxarıb yandırsın. Sellofanlardan birini dartıqda sellofan ağır olmuş, içərisində nə isə olduğunu görmüş, həmin sellofanı açıb baxdıqda içərisində qumbara aşkar etmiş, əvvəlcə qorxmuş, sonra fikirləşmişdir ki, qumbaranı özü ilə götürsün. Bundan sonra, Həmin qumbaranı götürüb cibinə qoymuş və yaşadığı evin həyətində gizlətmişdir. 13 yanvar 2023-cü il tarixdə qumbaranı götürmüş və tanışlarına göstərmək istərmək üçün cibinə qoymuş və Sabirabad şəhəri H.Əliyev prospektinə getmişdir. Orada tanışı X1 ilə görüşmüş, həmin zaman oraya polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edib ona qanunsuz olaraq soyuq silah gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra onu və yanında olan tanışı Tərlan Bağışovu RPŞ-nə gətirmişlər. RPŞ-də ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmetin olmasını soruşmuşlar. O, üzərində qumbara olduğunu bildirmişdir. Onun həmin qumbaradan istifadə etmək və qumbaranı satmaq fikri olmamışdır. O, heç qumbaradan istifadə və saxlanma qaydaları barədə də məlumatlı deyildir. Əgər məlumatlı olmuş olsa idi, həmin qumbaranın aşkar etdiyi vəziyyətdə də partlama təhlükəsi törətdiyini bilmiş olardı ki, bunu bildiyi halda da tapdığı qumbaranı ailəsi ilə yaşadığı evin zirzəmisində saxlamazdı. Qumbaranı tanışı Tərlana göstərdikdən sonra polis orqanına gedib təhvil vermək niyyətində olmuşdur. Lakin Tərlanla görüşdüyü zaman polis əməkdaşları ona yaxınlaşdığı üçün niyyətini həyata keçirə bilməmişdir. Hazırda o, tapmış olduğu qumbara barədə polis orqanına vaxtında məlumat vermədiyi üçün peşmandır. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Yaşayış yeri üzrə həmişə müsbət xarakterizə olunmuşdur. Özü nişanlıdır. Barəsində cinayət işi başlandığı üçün toy mərasiminin keçirilməsi də məcburi olaraq təxirə salınmışdır. Məhkəmədən göstərdiyi xüsusatların, cavan olmasının, gələcək həyatının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatı gəzdirməsi, saxlaması barədə daxil olmuş əməliyyat məlumat əsasında tərəfindən təxirə salınmadan əməliyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilmiş, şöbə rəisi tərəfindən təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərar təsdiq olunmuş və əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində odlu silah, döyüş sursatı gəzdirməsi əməliyyat marağı doğurduğu üçün Sabirabad şəhəri H.Əliyev küçəsində saxlanılıb rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsində Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olub-olmamasını, olacağı halda könüllü olaraq təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs üzərində qumbara olduğunu və təqdim edə biləcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs əynində olan paltonun sağ yan cibində 01 ədəd qumbara və qumbaraya aid partladıcı aşkar olunaraq götürülmüş və qablaşdırılmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs yaşadığı evinə və həyətyanı sahəsinə də baxış keçirilmiş, evdə qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Əlimövsüm oğlu eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin ekspertizasının 14 yanvar 2023-cü il tarixli 23/29 №-li rəyində göstərilmişdir ki, 1.Tədqiqata təqdim olunmuş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 01 ədəd əşya “UZRQM” tipli partlayıcıdır, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısıdır. Həmin 01 ədəd əl qumbarasının gövdəsi və 01 ədəd “UZRQM” tipli partlayıcısı ilə birlikdə zavod üsulu ilə istehsal edilmiş döyüş sursatıdır, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığının pozulmadığı üçün təyinatı üzrə istifadəyə yararlıdır. İş materiallarında olan Sabirabad RİHB-nin şəhər üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq döyüş sursatı əldə etmə, saxlama və daşıma cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadələri, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, ilk dəfə cinayət əməlini törətməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikasının CM-nın 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olar. Təyin ediləcək cəzanın müddətinin müəyyən edilməsi ilə əlaqədar xüsusatlara gəldikdə isə məhkəmə, təqsirləndirilən şəxsin cinayət törətməyə meylli şəxs olmamasını, hazırda nişanlı olmaqla gələcəkdə ailə həyatı qurması imkanının itirilməməsi üçün şərait yaradılmalı olmasını nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 13 yanvar – 15 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq 2 gün həbsdə saxlanılması müddəti ona təyin olunmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Bundan əlavə, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalıdır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsi müəyyən edilir. Digər tərəfdən, iş üzrə maddi sübut olan İş üzrə maddi sübut olan Sabirabad RPŞ-də saxlanılan “F-1” əl qumbarasının gövdəsi və “UZRQM” partlayıcı dövlət nəfinə müsadirə edilməli, iş üzrə mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 yanvar – 15 yanvar 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq 2 (iki) gün həbsdə saxlanılmasının bir günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Sabirabad RPŞ-də saxlanılan “F-1” əl qumbarasının gövdəsi və “UZRQM” partlayıcı dövlət nəfinə müsadirə edilsin. İş üzrə mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar