Məhkəmə qərarları › İş №1(056)-69/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-69/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-69/2025 17.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü ildə Ukrayna Respublikasının Donetsk şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda, yəni bir ədəd kibrit qutusunun içərisində 5,51 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib, əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxlamış, 10 mart 2025-ci il tarixdə saat 16:00-da Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat – axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Sabirabad şəhəri İ.İsgəndərov, dalan 2 küçəsində piyada hərəkət edən zaman saxlanılmış və üzəri yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,51 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşür. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanda yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. 2024-cü ilin yay aylarından etibarən narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə etmiş, polis əməkdaşları tərəfindən saxlanılmazdan təxminən 1 həftə əvvəl Sabirabad şəhəri ərazisində piyada hərəkət edərkən şamaxı qəbirstanlığı adlanan yerin yaxınlığında, yerdən bir ədəd kibrit qutusu tapmış, həmin qutunu götürüb içərisinə baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını müəyyən etmiş və həmin kibrit qutusunu götürüb əynində olan şalvarın sol yan cibinə qoymuşdur. xx.xx.2025-ci il tarixdə, saat 16 radələrində Sabirabad şəhəri İ.İsgəndərov küçəsində piyada hərəkət edən zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və videoçəkilişlə üzərinə baxış keçirməyə başlamışlar. Baxış zamanı ondan üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmetin olubolmaması soruşulmuş, o, üzərində narkotik vasitə olduğunu deyərək əynində olan şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin kibrit qutusuna polis əməkdaşları tərəfindən baxış keçirildikdən sonra o, verilmiş suallara cavab olaraq kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin qutunu içərisindəki narkotiklə birlikdə təxminən 1 həftə əvvəl Sabirabad şəhəri ərazisindən tapdığını, aşkar olunmuş narkotik vasitəni istifadə etmək məqsədilə üzərində saxladığını bildirmiş, həmin kibrit qutusu polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Daha sonra üzərinə baxış keçirilən zaman bir ədəd içərisində 11 manat pul, bir ədəd sürücülük vəsiqəsi, bir ədəd bank kartı, bir ədəd Bakı kartı və bir ədəd müştəri kartı olan pul kisəsi, bir ədəd qırmızı üzlüklü hərbi bilet və bir ədəd “Real me” markalı mobil telefon aşkar edilmiş, ona məxsus olan mobil telefonu polis əməkdaşları tərəfindən götürülmüş, lakin digər əşyaları ona geri qaytarılmışdır. Daha sonra baxış başa çatdırılmış, polis əməkdaşları onu və üzərindən aşkar edilmiş narkotik vasitəni poilis şöbəsinə gətirmişdir. RPŞ-də müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra üzərindən aşkar edilmiş əşyalara müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı üzərindən aşkar olunaraq bir ədəd kağız zərfdə qablaşdırılmış kütlə yenidən açılmış və elektron tərəzidə çəkildikdən sonra müstəntiq tərəfindən yenidən qablaşdırılaraq götürülmüşdür. Həmçinin baxış zamanı ona məxsus bir ədəd “Real me” markalı mobil telefonu müstəntiq tərəfindən götürülmüş, eləcə də verilmiş suallara cavab olaraq o, aşkar olunmuş narkotik vasitəni təxminən 1 həftə əvvəl yerdən tapdığını, kimsədən almadığını, həmin kütlədən kimsəyə satmadığını və ya əvəzsiz vermədiyini, polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi zor tətbiqinin olunmamasını bildirmişdir. O, əməlindən səmimi peşman olduğunu, ilk dəfə cinayət əməli törətməsini və ailə vəziyyətinin nəzərə alınmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsə istinad olunan cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, işdə olan sənədlər və cinayət işinin digər rəsmi dəlilləri ilə məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı rütbəsindədir. xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibinin o, RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və RPŞ-nin MSY-nin konvoy hissəsinin polis nəfəri, polis serjantı Şahid3 ibarət olması müəyyən edilmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal olunan Sabirabad şəhəri İlham İsgəndərov küçəsinə getmiş, xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Sabirabad şəhəri İlham İsgəndərov küçəsi dalan 2-də xidmətdə olarkən küçədə piyada şəkildə hərəkət edən Təqsirləndirilən şəxs görmüş və dərhal videoşəkilişlə sonuncuya yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu qeyd etmişlər. Onlar Təqsirləndirilən şəxs üzərində hər hansı dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmamasını soruşmuş, sonuncu üzərində narkotik vasitə olduğunu bildirib əynində olan göy rəngli cins şalvarın sol yan cibində olan bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş, həmin qutuya baxış keçirilən zaman içərisində yaşıl rəngli spesifik qoxuya malik bitki mənşəli kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş bir ədəd kibrit qutusunda olan kütlə bir ədəd ağ rəngli kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs üzərindən içərisində 11 manat pul, sürücülük vəsiqəsi, bir ədəd bank kartı, bir ədəd Bakı kartı və bir ədəd müştəri kartı olan pul kisəsi, bir ədəd qırmızı üzlüklü hərbi bilet və bir ədəd “Real me” markalı mobil telefon aşkar edilmış, mobil telefon tərəfindən götürülsə də, digər əşyaları Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş predmetlərlə birlikdə RPŞ-nə gətirib raportla şöbə rəhbərliyinə məruzə etmiş, polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonuncudan aşkar olunmuş predmetlərə yenidən müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış predmetlər yenidən açılmış, müstəntiqin verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs daha əvvəl videoçəkiliş zamanı bildirdiyi fikirləri yenidən təkrarlamış və aşkar edilmiş kütlələr yenidən qablaşdırılaraq müstəntiq tərəfindən götürülmüşdür. Məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid2 ifadə verərək, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilən DVD disklərə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni əldə edib daşımaqla saxlaması öz təsdiqini tapmışdır. İşdə olan Məhkəmə-bioloji ekspertizasının 11 mart 2025-ci il tarixli, 18/221 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri yazılmış və imzalar olan kağız paketdə 1 ədəd kibrit qutusunda tədqiqatdan sonra qalan təmiz çəkisi 5,49 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məhkəmə-narkoloji ekspertizasının İstintaq materiallarında olan xx.xx.2025-ci il tarixli, 2190 nömrəli rəyindən görünür ki, “hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı kannabionoidlərin qəbul ediməsi nəticəsində yaranan asılılıq sindromu Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin istintaq materiallarında olan Sabirabad Rayon İHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq onun barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41- ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ” barədə 2668 saylı 10 fevral 2017-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 13-cü bəndinə əsasən tövsiyyə olunur ki, məhkəmələr, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutmalı, həmçinin, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli törətməsini səmimi etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da, cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61 maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10-12 mart 2025-ci il tarixlərdə şübhəli şəxs qismində tutularaq 2 gün həbsdə saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə hansı cəzanın təyin olunmasını müzakirə edərək ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini əsaslı və onun islah olunması üçün yetərli hesab edir.Həmçinin, məhkəmə hesab edir ki, onun şübhəli şəxs qismində tutulduğu 2 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökm qanuni qüvvəsini alanədək barəsində seçilmiş “polisin nəzarəti altına vermə “qətimkan tədbiri dəyişdirirlmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. İş üzrə ekspertiza xərcini təşkil edən 31,95 manat təqsirləndirilən şəxsdən alınıb Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində nəzarətə götürülməli, iş üzrə maddi sübut olan və Sabirabad rayon Polis şöbəsində saxlanılan tədqiqatdan sonra təmiz çəkisi 5,49 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən 6(altı) saat iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə olunmuş, 29 aprel 2025ci il tarixli son dəyişikliyə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 66 (altmış altı) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə həmin Məcəllənin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərillənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il, 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq həbsdə saxlandığı 2 (iki) gün müddətin 1( bir) günü, 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla təyin olunmuş 1 (bir) il, 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılsın və ona qəti olaraq 1 (bir ) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış, yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 (otuz bir manat, 95 qəpik) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE ********************) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonra çəkisi 5,49 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarını Sabirabad Rayon Məhkəməsində dövlət vəsaiti hesabına 6 (altı) saat müddətində müdafiə etdiyi üçün, Vəkillər Kollegiyasına ayrılan vəsaitdən 66 (altmış altı) manat Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi adına olan bank hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar