Məhkəmə qərarları › İş №1(056)-7/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-7/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-7/2025 13.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlu, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1989-cu ildə Laçın rayonu, Çorman kəndində anadan olması, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz olması, əvvəllər məhkum olunmaması, Laçın rayonu, Çorman kəndində qeydiyyatda olmaqla, Ağcabədi rayonu, Taxta körpü ərazisində yerləşən 552 ailəlik qəsəbədə yaşayan, 04 mart 2024-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1999-cu ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Ağcabədi rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 12 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, 04 mart 2024-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə verilən ittihama görə, o, özgə əmlakını gizli talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, 19 fevral 2024-ci il tarixdə saat 03 radələrində idarə etdiyi “Opel Vektra” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad rayonu, Zal-Qarağac kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gəlmiş, aralarında olan rol bölgüsünə əsasən, o, avtomobildə gözləmiş, Ruslan Mirzəyev isə həyətyanı sahənin küçəyə açılan qapının yanında dayanmış, Təqsirləndirilən şəxs2 isə dəmir tordan düzəldilmiş qapını itələyib açmaqla qanunsuz olaraq həyətyanı sahəyə daxil olub oradan 1000 manat dəyərində bir baş erkək dananı küçəyə çıxarmış, həmin vaxt adları qeyd olunan şəxslərin köməkliyi ilə heyvanı avtomobilin arxa salonuna yükləyib aparmaqla o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1000 manat məbləğində ziyan vurmaqla özgənin əmlakını gizli talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə verilən ittihama görə, o, özgə əmlakını gizli talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 19 fevral 2024-ci il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Opel Vektra” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad rayonu Zal-Qarağac kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gəlmiş, aralarında olan rol bölgüsünə əsasən, Təqsirləndirilən şəxs1 avtomobildə gözləmiş, Ruslan Mirzəyev isə həyətyanı sahənin küçəyə açılan qapının yanında dayanmış, o isə dəmir tordan düzəldilmiş qapını itələyib açmaqla qanunsuz olaraq həyətyanı sahəyə daxil olub oradan 1000 manat dəyərində bir baş erkək dananı küçəyə çıxarmış, həmin vaxt adları qeyd olunan şəxslərin köməkliyi ilə heyvanı avtomobilin arxa salonuna yükləyib aparmaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1000 manat məbləğində ziyan vuraraq özgənin əmlakını gizli talayaraq oğurluq etmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağcəbədi rayonu ərazisində, Laçın rayonundan olan məcburi köçkünlər üçün ayrılmış, Taxta körpü ərazisində yerləşən 552 saylı qəsəbədə yaşayır. xx.xx.2024 cü il tarixdə taksi fəaliyyəti ilə məşğul olduğu, etibarnamə ilə idarə etdiyi “Opel Vektra” markalı, **-ER-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhərində metorunun “Memar Əcəmi” stansiyasının yaxınlığında dayanmış, bu vaxt tanışı Təqsirləndirilən şəxs2 ona yaxınlaşmış və rayona getdiyi təqdirdə sonuncu da aparmasını bildirmiş, Talehə “səndən başqa iki nəfər sərnişin var, bir nəfərdə gəlsin çıxaq” deyə cavab vermiş, bu zaman tanışı Ruslan avtomobilinə yaxınlaşmış və Ruslan da rayona getmək istədiyini demişdir. Onlar düzəlib yola çıxmış, Hacıqabul rayonunda iki nəfər sərnişini düşürtmüş və öz yoluna davam etmiş, Taleh ona “avtomobili sür Sabirabad rayon Zal-Qarağac kəndinə, orada kirvəm var, onlardan pul götürüm çıxaq” deyə bildirdikdə sonuncu ilə razılaşmış və avtomobilini Talehin göstərdiyi ünvana sürmüşdür. Həmin ünvanda Taleh kirvəsinin pay dana vediyini dedikdə o da Talehə “saat ikidə pay dana verməzlər” demiş, Taleh də ona “gedib həyətdən dana oğurlayıb gətirib sənin avtomobilinə qoyub aparacam” deyə cavab vermişdir. Bu zaman o, Talehə avtomobildən düşməyəcəyini demiş, yanında oturan Ruslan da ona “sənlik bir şey yoxdur, mən Talehlə gedib heyvanı götürüb gələrəm” deyə bildirmişdir. Taleh və Ruslan avtomobildən düşmüş, o isə avtomobildə qalmış, bir qədər sonra onlar avtomobilə yaxınlaşanda Taleh və iri buynuzlu erkək dananın su içində olduğunu görmüş, Ruslanla birlikdə heyvanı avtomobilinə mindirmiş, sonra yaşadığı Ağcəbədi rayona getmişdir. Ruslan Talehə “Taleh sən maşından düş biz gedək dananı satıb pulun gətirib verərik” dedikdə sonuncu razılaşıb rayonun mərkəzində avtomobildən düşüb onları gözləmiş, saat artıq 08 radələri olmuşdur. O, Ruslanla birlikdə Bərdə rayonu, Qaraqoyunlu kəndinə getmiş, orada Ruslan dananı avtomobildən düşürtmüş, Ruslan orada qohumu yaşadığını deyib Mirzə adlı şəxsi çağırmışdır. O isə Mirzəni tanımamış, Rövşən dananı Mirzə adlı qohumuna satmaq istəmiş, lakin Mirzə pulunun olmadığını demiş, sonra Mirzə dananı qonşusu Amil adlı şəxsin ala biləcəyini bildirmişdir. Onlar da Amil ilə razılaşıb dananı sonuncuya 600 manat müqabilində satmış və Ruslanla birlikdə Talehin yanına gəlmiş, Ruslan Talehə 100 manat pul verib dananı 300 manata satdığını demişdir. Taleh də 100 manatı alıb çıxıb getmiş, Ruslan həmin puldan ona 100 manat pul vermişdir. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törətmişdir. Zərərçəkmiş şəxslərlə barışmışdır və ona dəymiş ziyan ödənilmişdir. Özü böyrək xəstəsidir. Qapalı şəraitdə saxlanılmaqla vəziyyəti daha da ağırlaşır. Çünki lazımi zamanda zəruri ehtiyacını qarşılaya bilmir, bu da ona problem yaradır. Himayəsində yaşlı anası vardır. Ailə tərkibi ondan və anasından ibarətdir. Azadlıqda olarkən o, fərdi əməklə məşğul olmaqla həm ailənin tələbatlarını qarşılamış, həm də anasının qayğısına qalmışdır. Hazırda anası da pərişan vəziyyətdədir. Göstərdiklərinə əsasən o, məhkəmədən təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilərək bildirmişdir ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Ağcabədi rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 12 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2023cü ilin oktyabr ayının 20-də azadlığa çıxmışdır. Yeznəsi Zərərçəkmiş şəxs ilə arasında heç bir düşmənçiliyi və ədavəti olmamış, əvvəllər Bakı şəhərində işləmişdir. 18 fevral 2024 cü il tarixdə yaşadığı rayona – Ağcabədi rayonuna qayıtmaq üçün Bakı şəhərində metronun “Memar Əcəmi” stansiyasının yaxınlığına getmiş, orada tanışı Təqsirləndirilən şəxs1 görmüşdür. Elşənin taksi fəaliyyəti ilə məşğul olduğunu bildiyi üçün, sonuncudan rayona gedib-getməyəcəyini soruşmuş, Elşən ona əlavə sərnişin yığıb gedəcəyini demiş, təxminən 15-20 dəqiqədən sonra iki nəfər sərnişin gəlmiş, Elşənin avtomobilinə əyləşib yola düşmüşlər. 19 fevral 2024-cü il tarixə keçən gecə saat 02 radələrində Hacıqabul rayonuna çatdıqda tanımadığı iki nəfər sərnişin avtomobildən düşüb getmiş, Elşənin yanında əyləşən dostu, sonradan adını bildiyi Ruslan avtomobili idarə edən Elşənə üzünü tutaraq borcu olduğunu, özünə borca pul taparsa, qaytaracağını demişdir. Həmin vaxt o, avtomobilin arxa tərəfində oturmuşdu və onlara “pul tapsanız mənə də 100 manat pul lazımdır, mənə də tapın qaytararam” demişdir. Elşən də dəqiq heç nə deyə bilməyəcəyini bildirmiş, bu zaman o, onlara “Sabirabad rayonu, Zal-Qarağac kəndində yeznəm Mobilin kirvəsinin həyətində erkək dana var, gedək onu oğurlayıb aparaq sataq, borclarımızı verək” deyə təklif etdikdə Elşən “kamera olar ilişərik, mən qorxuram” demişdir. Ruslan isə Elşənə “sən avtomobildən düşmərsən, mən Talehlə həyətə girib dananı götürüb çıxardarıq” deyə bildirmiş, Elşən onlarla razılaşmışdır. O, yolu göstərmiş, Elşən avtomobilini Sabirabad rayonu Zal-Qarağac kəndinə sürmüş, o, yeznəsi Mobilin küçələrini göstərdikdə Elşən küçənin baş tərəfində avtomobilini saxlamışdır. Artıq saat 03 radələri olmuş, o, avtomobildən Ruslanla birlikdə düşmüş, Ruslan qapının yanında gözləmiş, o isə dəmir setkadan olan qapını itələyib həyətə daxil olmuş, həyətə daxil olduqdan sonra yerdə olan kəndiri götürüb erkək dananın boğazına bağlayaraq heyvanı həyətdən çıxardıqdan sonra kəndiri Ruslana vermiş, özü də arxadan heyvanın quyruğundan tutub avtomobil tərəfə aparmışdır. Heyvan avtomobilə çatan zaman hürkərək su kanalına düşmüş, Ruslanla birlikdə heyvanı kanaldan çıxarıb Elşənin “Opel” markalı avtomobilinin salonuna mindirmiş və Ağcəbədi rayonuna getmişdir. Ruslan Elşənə “Taleh avtomobildən düşsün, biz gedək heyvanı sataq gələk” deyə bildirkdə o razılaşmış, onlar da onu avtomobildən düşürüb getmiş, o da rayonda onları gözləmişdir. Təxminən yarım saatdan sonra Ruslan və Elşən onun yanına gəlmiş və ona 100 manat pul verib “100 manatını da verəcəyik” demiş, o da onlarla razılaşıb yaşadığı evə getmişdir. Sadaladığı oğurluqdan başqa heç bir cinayət törətməmiş, bu barədə heç kimə deməmişdir. Dananın konkret olaraq kimə satıldığını bilməsə də, sonradan həmin oğurladıqları dananı Ruslanın öz qohumu olan Bərdə rayonu, Qaraqoyunlu kəndində yaşayan Mirzə adlı şəxsə aparıb satmaq istədiyini, Mirzənin pulu olmadığından sonuncunun qonşusu Amil adlı şəxsə satdqılarını öyrənmişdir. Bundan başqa məhkəmə iclasında Təqsirləndirilən şəxs2 bildirdi ki, o saxlanc yerinə daxil olmamış, həmçinin digər 2 nəfər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Ruslan Mirzəyevin oğurluq hadisəsindən sonradan xəbərlərinin olduğunu, bu səbəbdən özünü CM-nin 177.1-ci maddəsi ilə təqsirli bildiyini, zərəçəkmiş şəxslə barışdığı üçün ona həmin maddə ilə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Sabirabad rayonu, Zal-Qarağac kəndində yaşayır, heyvandarlıqla məşğul olub ailəsini dolandırır. Sabirabad rayonu, Zal-Qarağac kəndi ərazisində ona məxsus olan fərdi yaşayış evinin həyətyanı sahəsində özünə məxsus olan tövlədə 9 baş iyibuynuzlu dana heyvanı saxlamış, 18 fevral 2024-cü il tarixdə axşam saatlarında heyvanların yemin, suyun verdikdən sonra gedib istirahət edib yatmış, 19 fevral 2024-cü il tarixdə səhər saat 07 radələrində yuxudan oyandıqdan sonra həmişəki kimi həyətyanı sahəsində olan tövləyə gedərək heyvanlara yem vermiş, bir qədər yuxulu olduğu üçün heyvanları saymamışdır. Heyvanlara yem verdikdən sonra onları özünə məxsus olan 80 sot torpaq sahəsinə otlamaları üçün buraxmış, saat 10:30-da heyvanlara baxmaq üçün həmin yerə getmiş, ona məxsus olan yerli cins, 2 yaşlı, diri çəkisi 120 kiloqram olan ağ rəngli dananın orada olmadığını görmüş, bundan sonra həmin dananın oğurlandığını fikirləşib bu barədə Azərbaycan Respublikası DİN-nin «102» xidməti zəng mərkəzinə 1 baş iribuynuzlu heyvanının oğurlanması barədə məlumat vermiş, bir qədər sonra hadiəs yerinə polis əməkdaşları gəlmişlər. O, bu barədə ərizə vermiş, sonra həmin yerə baxış keçirilmiş, 23 fevral 2024-cü il tarixdə onun bir baş danasını oğurlayan şəxslərin birinin qaynı, Ağcabədi rayonunda yaşayan Təqsirləndirilən şəxs2, Talehin tanışları Təqsirləndirilən şəxs1 və X1 olduqlarını öyrənmişdir. Qaynı Talehdən başqa həmin şəxsləri tanımamış, onlarla arasında heç bir düşmənçiliyi və ədavəti olmamış, həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələrini istəmişdir. Həmin dana heyvanı yerli cins olmaqla erkək olmuş, ağ rəngli, təmiz çəkisi 120 kiloqrama yaxın olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona təxminən 1000 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tamamilə ödənilmişdir. Ziyanın ödənilməsini, həmçinin təqsirləndirilən şəxslərin ailə vəziyyətini nəzərə alaraq onlara qarşı hər hansı şikayət və tələbi yoxdur. Buna görə də o, təqsirləndirilən şəxslər barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Bərdə rayonu, Qaraqoyunlu kəndində ailə üzvləri ilə birlikdə yaşayır, özü təsərrüfat işləri ilə məşğul olur, yaşadığı evin həyətində xırda buynuzlu qoyun-quzu heyvanı saxlayır. 19 fevral 2024-cü il tarixdə saat təxminən 08 radələrində yaşadığı evdə yatan zaman ailə üzvlərindən biri onu oyatmış, həyətdən çöldə onu çağırdıqlarını dedikdə yerindən qalxıb həyətə düşüb oradan da çölə çıxmışdır. Həyətdən çöldə dayısı nəvəsi X3 və yanında bir nəfər adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs1 olmuş, Ruslan onunla görüşüb Elşəni tanış etmiş, sonra Ruslan ona Elşənin qumarda uduzduğunu deyib sonuncunun bir baş erkək danasını təcili satdığını bildirmişdir. O, dananın Elşənə məxsus dövlət qeydiyyat nişanını xatırlamadığı “Opel Vectra” markalı avtomobilinin arxa oturacağında olduğunu görmüş, Ruslana nə üçün həmin dananı normal bir yük avtomobilində gəitrmədiklərini soruşduqda Elşən bu zaman cibindən bir manat pul çıxardıb göstərərək olan pulunun həmin 1 manat olduğunu, bu səbəbdən dananı yük avtomobilinə qoyub gətirməyə pulu olmadığını bildirmiş, Ruslan da ona Elşənin güvənilən adam olduğunu dedikdən sonra onlara özünün pulunun olmadığını, lakin qonşuluqda Amil adlı şəxsin yaşadığını və Amilin həmin dananı ala biləcəyini demişdir. Sonra o, Amilin yaşadığı evin həyətinə keçmiş, Amil ilə görüşmüşdür. Amilə onun Ruslan adlı qohumu olduğunu və Ruslanın öz dostu Elşən adlı şəxs ilə birlikdə gəlib ona bir baş erkək dana satmaq istədiklərini, lakin özünün pulu olmadığından dananı ala bilmədiyini, bu səbəbdən Amildən danaya baxdıqdan sonra ala bilmək imkanının olub-olmayacağını soruşmuşdur. Amil ona etiraz etməmiş, onlar həyətdən çölə çıxmış, yaxınlıqda dayanmış Ruslan və Elşənə yaxınlaşmış, Amil Elşəndən dananı neçəyə satmasını soruşduqda Elşən 950 manat qiymət demişdir. Lakin Amil həmin dana arıq olduğu üçün baha qiymət deyildiyini bildirib 800 manat pul təklif etmiş, bundan sonra Elşən həmin 800 manatın üstünə 50 manat da qoymasını istəmiş, lakin Amil bununla razılaşmamışdır. Elşən Amilə həmin dananı 800 manat müqabilində satmağa razı olmuş, sonra Amil gedib 800 manat pul gətirmiş, həmin 800 manat pulu əlbəəl Ruslan və onun yanında Elşənə vermişdir. Hətta dananın bir problemi olacağı təqdirdə qaytaracağını qeyd etmiş, sonra onlar çıxıb getmişlər. Sonradan həmin Amilə satılmış dananın oğurluq olduğunu öyrənmiş, təxminən 10 gün sonra yaşadıqları ünvana polis əməkdaşı gəlmiş, Polis əməkdaşları ondna dana barədə soruşmüş, sonra Amilgilə getmiş, orada polis əməkdaşlarına dananı göstərmişdir. Orada Elşən və Ruslanın tanışları Təqsirləndirilən şəxs2 ilə birlikdə Talehin Sabirabad rayonu, Zal- Qarağac kəndində yaşayan yeznəsi Zərərçəkmiş şəxs məxsus dananı oğurladıqlarını, oradan əvvəlcə yaşadığı kəndə gətirib ona satmış istədiklərini, lakin pulu olmadığından dananı qonşu Amilə satdıqlarını öyrənmişdir. Dananın oğurluq olduğunu bilməmişdir. Laçın RİHB-nin Şomkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasyiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Ağcabədi RİHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasyiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 qonşuları və dostları arasında normal münasibət qurmuşdur. Onun barəsində nümayəndəliyə ərizə və şikayət xarakterli müraciət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Sarıyev X4 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təqsirli bilinib 2 il 12 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən AR MM-nin xx.xx.1021-ci il tarixli Amnistiya qərarına 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökm ilə təyin edilmiş AME cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azadılmış, məhkumluğu ödənilməmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdədək şübhəli şəxs qismində tutulmuşlar. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək barələrində axtarış elan edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protkoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə tutulmuşdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla, təkrarən oğurluq etmələri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 saxlanc yerinə daxil olmaması, həmçinin digər 2 nəfər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Ruslan Mirzəyevin oğurluq hadisəsindən sonradan xəbərlərinin olduğunu bildirməsi ilə əlaqədar ifadəsi toplanmış iş materialları ilə sübuta yetmədiyindən özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindikləri maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi olmuşdur. CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi törədiyi cinayət əməlini etiraf etməklə əməlindən peşmançılıq hissi keçirməsi, ailə vəziyyəti, ailəsinə yeganə qazanc gətirən şəxs olması və ilk dəfə cinayət əməli törətməsi olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi olmuşdur. CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi törədiyi cinayət əməlini qismən də olsa etiraf etməklə əməlindən peşmançılıq hissi keçirməsi olmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi cəzanın məqsədinə daha uyğundur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdədək şübhəli şəxs qismində tutulduğu və xx.xx.2024-cü il tarixdən hazırki vaxtda qədər həbsdə qaldığı müddətin bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Həmçinin, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzasını yüngülləşdirən və cinayətin residivi ilə bağlı cəzasını ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs2 məhkumluğu ilə bağlı qeyd edir ki, hazırkı cinayət törədilən zaman Sarıyev X4 rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzadan azad olunduğu gündən 2 (iki) il müddət keçmədiyinə görə həmin hökmə əsasən yaranmış məhkumluq CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilməmiş hesab edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs2 tərəfindən yenidən qəsdən cinayətin törədilməsinin cinayətin residivini yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nın 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nın xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə-azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən ona təyin olunmuş cəzadan CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla şübhəli şəxs qismində tutulmuş olduğu müddət çıxılmalı və ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəlinin onun axtarış nəticəsində tutulduğu zamandan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan oğurlanmış bir baş erkək dananın saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi, həmçinin iş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 347-349, 351-353, 381- 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdədək şübhəli şəxs qismində tutulduğu və xx.xx.2024-cü il tarixdən hazırki vaxtda qədər həbsdə qaldığı ümumilikdə 2 ay 25 günün bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, ona təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 5 (beş) ay 20 (iyirmi) gün çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 dair hissəsi onun yaşadığı yer üzrə Ağcabədi Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün təyin olunmuş 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan oğurlanmış bir baş erkək dananın saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar