Məhkəmə qərarları › İş №1(056)-70/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-70/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-70/2023 19.04.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid3 qızınun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci ildə Sabirabad rayonu Poladtuğay kəndində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Poladtuğay kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx.xx.2023-cü il tarixdə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 sentyabr 2021-ci il tarixdən 13 fevral 2022-ci il tarixədək olan müddət ərzində, xx.xx.2006-cı ildə anadan olmaqla 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə, evlənmək niyyəti ilə, yaşadığı Sabirabad rayonu Poladtuğay kəndindəki evdə gərilmiş vəziyyətdə olan cinsiyyət orqanını Zərərçəkmiş şəxs uşaqlıq yoluna daxil edib, qızlıq pərdəsinin tamlığını pozmaqla, mütəmadi olaraq cinsi əlaqədə olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs tanıyır. Ramilə onun bibisi nəvəsi olmaqla hazırda həyat yoldaşıdır. O, 2021-ci ilin yanvar ayından etibarən Ramilə ilə sevgi münasibətində olmuş və nəticədə 12 yanvar 2021-ci il tarixdə Ramilə ilə onun nişan mərasimi olmuşdur. Bundan sonra o, Zərərçəkmiş şəxs ilə 22 sentyabr 2021-ci il tarixdə ailə həyatı qurmuşdur. Həmin tarixdə Şirvan şəhərində yerləşən “Tural” şadlıq sarayında onların toy məclisləri olmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2006-cı il təvəllüdlü olmaqla 15 yaşının olduğunu ona Ramilə özü demişdir. O, Ramilə ilə ailə həyatı qurduqdan sonra Sabirabad rayonu Poladtuğay kəndində yerləşən evdə yaşamağa başlamışlar. O, Zərərçəkmiş şəxs ilə 22 sentyabr 2021-ci il tarixdən bu günə qədər faktiki olaraq ər-arvad münasibətində yaşamış və ər-arvad kimi mütəmadi cinsi əlaqədə olmuşlar. 12 avqust 2022-ci il tarixdə Ramilə hamilə olduğu üçün onlar Ramiləni Bakı şəhərində yerləşən Respublika Kliniki Xəstəxanasına aparmışlar. Bundan sonra 13 avqust 2022-ci il tarixdə Ramilə qız uşağı dünyaya gətirmiş və o, ata olmuşdur. Təqsirləndirilən şəxs sonda əməlindən peşimançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə faktiki nikahlarının olmasını, mehriban yaşadıqlarını, birgə faktiki nikahlarından 1 nəfər azyaşlı uşaqlarının olmasını, gələcəkdə rəsmi nikah münasibətlərinə daxil olmaq istəmələrini, zərərçəkmiş şəxsin ata və anası ilə aralarında heç bir ədavətin olmadığını, ondan şıkayət və tələbin olmadığını və gənc olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid3 qızınun iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır. Mehdi onun qohumu olmaqla hazırda həyat yoldaşıdır. O, 2021-ci ilin yanvar ayından etibarən Mehdi ilə sevgi münasibətində olmuş və nəticədə 12 yanvar 2021-ci il tarixdə Mehdi ilə onun nişan mərasimi olmuşdur. Bundan sonra o, Təqsirləndirilən şəxs ilə 22 sentyabr 2021-ci il tarixdə faktiki ailə həyatı qurmuşdur. Həmin tarixdə Şirvan şəhərində yerləşən “Tural” şadlıq sarayında onların toy məclisi olmuşdur. O, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü olmaqla 15 yaşının olduğunu demişdir. Mehdi onun xx.xx.2006-cı il təvəllüdlü olmaqla 16 yaşının tamam olmadığını bilmişdir. O, Mehdi ilə ailə həyatı qurduqdan sonra Sabirabad rayonu Poladtuğay kəndində yerləşən evdə bir yerdə yaşamağa başlamışlar. O, Təqsirləndirilən şəxs ilə 22 sentyabr 2021-ci il tarixdən ər-arvad münasibətində yaşamaqla, mütəmadi cinsi əlaqədə olmuşlar. 12 avqust 2022-ci il tarixdə o, hamilə olduğu üçün ailə üzvləri onu Bakı şəhərində yerləşən Respublika Kliniki Xəstəxanasına aparmışlar. Bundan sonra 13 avqust 2022-ci il tarixdə o, qız uşağı dünyaya gətirmiş və o, ana olmuşdur. Zərərçəkmiş şəxs sonda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, faktiki nikahlarının olmasını, mehriban yaşadıqlarını, birgə faktiki nikahlarından 1 nəfər azyaşlı uşaqlarının olmasını, gələcəkdə rəsmi nikah münasibətlərinə daxil olmaq istəmələrini, nəzərə alaraq, məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etdi və bu barədəki ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs tanıyır. Ramilə onun bacısı nəvəsidir. Ramilə onun oğlu Təqsirləndirilən şəxs ilə 22 sentyabr 2021-ci il tarixdə faktiki ailə həyatı qurmuşdur. Həmin tarixdə Şirvan şəhərində yerləşən “Tural” şadlıq sarayında o, Ramiləgil üçün toy etmişdir. Zərərçəkmiş şəxs 2006-cı il təvəllüdlü olmaqla, həmin vaxt onun 16 yaşı olmamışdır. Oğlu Mehdi gəlini Ramilə ilə ailə həyatı qurduqdan sonra Sabirabad rayonu Poladtuğay kəndində yerləşən evdə ər-arvad kimi yaşamağa başlamışlar. Oğlu və gəlini həmin vaxtdan bu günə qədər ər-arvad münasibətində yaşamağa başlamışlar. 12 avqust 2022-ci il tarixdə gəlini Ramilə hamilə olduğu üçün onlar Ramiləni Bakı şəhərində yerləşən Respublika Kliniki Xəstəxanasına aparmışlar. Bundan sonra 13 avqust 2022-ci il tarixdə gəlini qız uşağı dünyaya gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid3 qızı ifadəsində diogər Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək əlavə olaraq hazırda zərərçəkmiş şəxsin qanuni nümayəndəsi kimi təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxsin onun qızı ilə ər-arvad kimi mehriban yaşadıqlarını, birgə faktiki nikahlarından 1 nəfər azyaşlı uşaqlarının olmasını qeyd etmiş və məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nın 152.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nın 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Azadkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi anası Şahid3 qızı tərəfindən imzalanmış ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Mehdi və qızı hal-hazırda faktiki ər-arvad münasibətlərində birlikdə yaşayırlar. Onların bir nəfər uşaqları da, doğulmuşdur. Odur ki, ərizəsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət törətməsini, təqsirini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsini, gənc olmasını, zərərçəkmiş şəxsin və ailəsinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslə faktiki ailə quraraq birlikdə yaşamaqlarını və birgə nikahlarından bir nəfər azyaşlı uşaqlarının olmasını təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə qeyd olunanlara əsaslanaraq Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş əməlin xarakterini, onun ilk dəfə az ağır cinayət törətməsini, təqsirini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsini, gənc olmasını, zərərçəkmişin və ailəsinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslə faktiki ailə quraraq birlikdə yaşamaqlarını, birgə nikahlarından bir nəfər azyaşlı uşaqlarının olmasını, eyni zamanda təyin ediləcək cəzanın ağırlaşdıran hallarının olmamasını müstəsna hallar kimi qiymətləndirərək, CMnın istinad edilən 152.1-ci maddəsinin sanksiyasında yalnız azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğuna görə və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən də islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsa təqsirli bilindiyi Azərbaycan Respublikası CMnın 152.1-ci maddəsilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CMnın 70-ci maddəsi tətbiq edilərək 02 il sınaq müddəti müəyyən edilməklə barəsində təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının şərti hesab edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Belə ki, Azərbaycan Respublikası CM-nın 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Qeyd edilənlərlə bərabər, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq hazırkı hökmün qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin dəyişdirilmədən saxlanmasını məqsədəuyğun hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 357.0.4 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nın 70-ci maddəsinə əsasən təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilərək, ona 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı gündən hesablansın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində yeni cinayət törətməzsə hökm icra edilməsin. Təqsirləndirilən şəxs üzərinə, onun davranışına nəzarəti həyata keçirən müvafiq icra və probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan təbdiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası və Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Sabirabad rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar