Məhkəmə qərarları › İş №1(056)-72/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-72/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-72/2023 03.05.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1Yadigar oğlu və Təqsirləndirilən şəxs6 iştirakları ilə, xx xxxx 1999-cu ildə Saatlı rayonu Dəllər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işsiz, Saatlı rayonu Dəlilər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə, xx xxxxxx 2005-ci ildə Saatlı rayonu Dəllər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işsiz, Saatlı rayonu Dəlilər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə elan edilmiş ittihama görə, o, 24 noyabr 2022-ci il tarixdə saat 17 radələrində qohumları Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yandırmaq üçün istifadə etmək məqsədi ilə yulğun kollarını kəsmək üçün Sabirabad rayonu ərazisindən keçən Kür çayının mühafizə zolağına gəlmiş, orada o, özü ilə gətirdiyi baltadan istifadə etməklə meşə fonduna daxil olmayan, yaş kök üstə, bioloji inkişafda olan 10 ədəd yulğun kolunu, adları qeyd olunan şəxslər isə 37 ədəd yulğun kolunu kəsərək, at arabasına yükləməklə ərazidən apardıqlarından, o, ümumlikdə 47 ədəd yulğun kollarını qanunsuz kəsilməsinə, boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkətlərə yol verərək təbiətə 3760 manat məbləğində yəni, xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə elan edilmiş ittihama görə, 24 noyabr 2022-ci il tarixdə saat 17 radələrində qohumları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yandırmaq üçün istifadə etmək məqsədi ilə yulğun kollarını kəsmək üçün Sabirabad rayonu ərazisindən keçən Kür çayının mühafizə zolağına gəlmiş, orada o, özü ilə gətirdiyi baltadan istifadə etməklə meşə fonduna daxil olmayan, yaş kök üstə, bioloji inkişafda olan 10 ədəd yulğun kolunu, adları qeyd olunan şəxslər isə 37 ədəd yulğun kolunu kəsərək, at arabasına yükləməklə ərazidən apardıqlarından, o, ümumlikdə 47 ədəd yulğun kollarını qanunsuz kəsilməsinə, boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkətlərə yol verərək təbiətə 3760 manat məbləğində yəni, xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs6 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 onun qohumlarıdır, həmçinin onlar Saatlı rayonu Dəlilər kəndində yaşayırlar. Onların yaşadıqları kənddə təbii qaz yoxdur. Bu səbəbdən məcbur olaraq qış aylarında odun yandırırlar. Bu il havalar soyuyandan sonra evdə sobada odun yandırmaq üçün adları göstərilən qohumları ilə qərar gəlmişlər ki, boş ərazilərdə olan yulğun ağaclarından kəsib gətirib evdə yandırsınlar. Onlar 24 noyabr 2022-ci il tarixdə günorta saatlarında razılaşmışlar ki, Saatlı rayonunda Araz çayının kənarında olan yulğun ağaclarından kəsib yaşadıqları evə gətirsinlər. Onlar birlikdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 məxsus at arabalarında yulğun ağacları olan istiqamətə getmişlər, həmin ərazidə hamısı götürdükləri baltalarla yulğun ağaclarını kəsməyə başlamışlar. O, təxminən 10 ədəd yulğun ağaclarını özü ilə gətirdiyi balta ilə kəsmişdir. Onlar hər biri ayrı-ayrılıqda xeyli yulğun ağacları kəsib, at arabalarına yükləmişlər. Onlar işlərini qutardıqdan sonra at arabalarına minərək yola düşmüşlər. Yol ilə gedərkən polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib onlara yulğun ağaclarının kəsilməsinin qanunsuz olmasını izah etmişlər və onları Sabirabad RPŞ-nə gətirmişlər. Hazırda əməlindən peşmandır. Yulğun ağacının kəsilməsinin cinayət əməli olduğunu bilməmişdir. Kəndlərinə təbii qaz verilmədiyindən odun kimi istifadə etmək üçün bu yola əl atmışlar. Valideynləri tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənilmişdir. Ona görə də zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbi yoxdur. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Məhkəmədən yaşının və göstərdiyi xüsusatların nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 onun qohumlarıdır, onlar Saatlı rayonu Dəlilər kəndində yaşayırlar. Onların yaşadıqları kənddə təbii qaz yoxdur. Bu səbəbdən məcbur olaraq qış aylarında odun yandırırlar. Bu il havalar soyuyandan sonra evdə sobada odun yandırmaq üçün adları göstərilən qohumları ilə qərar gəlmişlər ki, boş ərazilərdə olan yulğun ağaclarından kəsib gətirsinlər və evdə yandırsınlar. Onlar 24 noyabr 2022-ci il tarixdə günorta saatlarında razılaşmışlar ki, Saatlı rayonunda Araz çayının kənarında olan yulğun ağaclarından kəsib yaşadıqları evə gətirsinlər. Onlar birlikdə ona, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 məxsus at arabalarında yulğun ağacları olan istiqamətə gedib hamısı ayrıayrılıqda götürdükləri baltalarla yulğun ağaclarını kəsməyə başlamışlar. O, təxminən 10 ədəd yulğun ağacını götürdüyü balta ilə kəsmişdir. Onlar hər biri ayrılıqda xeyli yulğun ağacları kəsmişlər və yulğunları gəldikləri üç at arabalarına hissə-hissə yükləmişlər. Onlar işlərini qutardıqdan sonra at arabalarına minərək yola düşmüşlər. Yol ilə gedərkən polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib yulğun ağaclarının kəsilməsinin qanunsuz olmasını izah etmişlər və onları Sabirabad RPŞ-nə gətirmişlər. Hazırda əməlindən peşmandır. Yulğun ağacının kəsilməsinin cinayət əməli olduğunu bilməmişdir. Kəndlərinə təbii qaz verilmədiyindən odun kimi istifadə etmək üçün bu yola əl atmışlar. Valideynləri tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənilmişdir. Ona görə də zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbi yoxdur. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Məhkəmədən yaşının və göstərdiyi xüsusatların nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional Ekologiya və təbii sərvətlər idarəsində müxtəlif vəzifələrdə işləmiş, hazırda həmin idarədə ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi müfəttiş vəzifəsində işləyir. İşlədiyi idarənin xidməti ərazisinə İmişli, Saatlı, Neftçala, Salyan, Şirvan, Hacıqabul və Sabirabad rayonlarında yerləşən, xüsusi mülkiyyətdə olan torpaqlar istisna olmaqla bütün Ekologiya və ətraf mühitə aid ərazilər daxildir. 25 noyabr 2022-ci ildə Sabirabad rayonu ərazisində Kür çayının mühafizə zolağında yulğun kollarının kəsilməsi barədə idarələrinə daxil olan məlumat əsasında polis əməkdaşları birlikdə həmin əraziyə baxış keçirməyə getmiş, əraziyə baxış keçirdikdə, ərazidə kök üstə yaş halda 47 ədəd yulğun kollarının balta ilə kəsilərək məhv edilməsini aşkar etmiş və bu barədə akt tərtib etmişdir. Qeyd olunan yulğun kollarının kəsilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 27 oktyabr 2016-ci il tarixli 421 nömrəli qərarına əsasən hesabat tərtib edərkən, yaşıllığa dəymiş ziyanın məbləğinin ümumilikdə 3760 manat olduğunu müəyyən etmişdir. Hazırda təqsirləndirilən şəxslər ekologiyaya vurmuş olduqları ziyanı tamamilə ödədikləri üçün onlardan şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə edilmiş Saatlı rayon İHB-nın Dəlilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs6 şəxsiyyəti yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs6 əvvəllər məhkum olunmamışdır. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabat cədvəlindən görünür ki, 47 ədəd yulğun kollarının kəsilməsi nəticəsində yulğun kolunun birinin qiyməti 80 manat olmaqla ümumilikdə təbiətə 3760 manat ziyan dəymişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 fevral 2023-cü il tarixli 9/182 nömrəli rəyinə əsasən, 47 ədəd yulğun kollarının kəsilməsi nəticəsində təbiətə dəymiş ziyan 3760 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən verilmiş məktubdan görünür ki, cinayət işi üzrə təbiətə dəymiş ziyan tam ödənilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs6 qabaqcadan əlbir olan bir qrup şəxs halında meşə fonduna daxil olmayan kolları qanunsuz kəsməklə təbiətə xeyli miqdarda ziyan vurması cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi ilə, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onların əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs6 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindikləri maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın növünü və həddini müəyyən edərkən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən, törədiyi cinayət əməlini etiraf etməklə əməlindən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət əməlini törətməsini, mövcud yaş həddini isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs6 cəzanın növünü və həddini müəyyən edərkən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən, törədiyi cinayət əməlini etiraf etməklə əməlindən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət əməlini törətməsini, mövcud yaş həddini isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs6 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxslərin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs6 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəmiyyətdən təcrid etmədən onların islah olunması mümkündür və onlara təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs6 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan Sabirabad RPŞ-də saxlanılan 47 ədəd yulğun kolları Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nın 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1Yadigar oğlunun üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşadığı Saatlı rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək və yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1nın yaşadığı yer üzrə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs6 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək və yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs6 barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs6 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs6nın yaşadığı yer üzrə Saatlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan İş üzrə maddi sübut olan Sabirabad RPŞ-də saxlanılan 47 ədəd yulğun kolları Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 50 (əlli) AZN məbləğində dəyərinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs6 dair hissəsi olan 16,66 manat onlardan müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar