Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-73/2023 12.04.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Ələkbər Əlisahib oğlu Əliyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Sabirabad rayonu Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Suqovuşan kəndində qeydiyyatda olmaqla hazırda 3 saylı İT-da saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə elan edilən ittihama görə, o, 27 oktyabr 2022-ci il tarixdə şəxsi istifadə məqsədi ilə narkotik vasitə alması üçün ona müraciət etmiş tanışı, Sabirabad rayonu Qalaqayın kənd sakini X1 xahişini yerinə yetirmək üçün sonuncudan bu məqsədlə 20 manat, öz mənfəəti (qazancı) üçün isə 10 manat olmaqla, ümumilikdə 30 manat pul almış, həmin tarixdə narkotik vasitələrin alğı-satqısı ilə məşğul olan Şahid6 yaşadığı Sabirabad şəhər Təbriz küçəsi 3 saylı evin qarşısına gələrək sonuncudan 40 manat pul ödəməklə qanunsuz olaraq satış məqsədi ilə bir ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,124 qram olan narkotik vasitə heroin əldə etdikdən sonra, həmin narkotik vasitəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,060 qram və 0,064 qram olmaqla iki hissəyə bölərək iki ədəd kağız bükümdə üzərində qanunsuz daşımaqla saxlamış, həmin tarixdə narkotik vasitənin 0,060 qram çəkidə olan hissəsini bir ədəd kağız bükümdə qablaşdırılmış halda, əvvəlcədən aldığı 30 manat pul müqabilində Sabirabad şəhəri H.Əliyev prospektində Rəşad Məmmədova satmış, həmin gün Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, o, Sabirabad şəhəri İ.İsgəndərov küçəsində saxlanılaraq RPŞ-yə dəvət edilib üzərində şəxsi axtarış aparılan zaman, əynindəki gödəkcənin sağ yan cibində qeyd olunan narkotik vasitənin bir ədəd kağız bükümdə 0,064 qram olan hissəsi aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sabirabad rayonu Suqovuşan kəndində ailəsi ilə birlikdə yaşayır. 7-8 il olar ki, narkotik vasitələrdən istifadə edir. Hadisə ilə əlaqədar qeyd etmişdir ki, 27 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində Sabirabad şəhərində köhnə xəstəxana deyilən yerin yanında kauçuk və dəmir yığan zaman, tanışı Sabirabad rayonu Qalaqayın kənd sakini Rəşad Məmmədovu görmüşdür. Rəşad ona yaxınlaşıb narkotik vasitə heroin təşkil etməsini xahiş etmiş və 30 manat pulu olduğunu bildirmişdir. O da Rəşada 10 manat pulu olduğunu və tanıdığı bir nəfərdən narkotik ala biləcəyini demişdir. Rəşaddan özünə qazanc üçün 10 manat, Rəşada narkotik almaq üçün isə 20 manat olmaqla cəmi 30 manatı alıb Sabirabad şəhəri Təbriz küçəsində yaşayan Şahid6 evlərinin qarşısına gəlmişdir. Samir özü həyət darvazalarının qarşısında dayanmışdır. O, Samirə yaxınlaşmış və ağırlarının olduğunu, heroin lazım olduğunu demişdir. Samir də cibində bir bükümdə heroin olduğunu, həmin narkotiki ona verə biləcəyini demişdir. O da razılaşmış və Samir cibindəki bir ədəd bükümdə heroini ona vermişdir. O da bunun müqabilində Rəşaddan ona narkotik almaq üçün aldığı 20 manat və özünə qazanc olaraq aldığı 10 manatın üzərinəd də özündən 10 manat əlavə etməklə cəmi 40 manat pul vermişdir. Daha sonra yenidən köhnə xəstəxananın yanına qayıtmış və Samirin ona verdiyi bir ədəd bükümdə heroini Rəşadın yanında iki yerə bölmüşdür. Böldüyü bir ədəd bükümdə heroini özündə saxlamış, digər bükümü isə Rəşada verib oradan uzaqlaşmışdır. Özündə olan narkotiki əynindəki gödəkcənin sağ yan cibinə qoymuşdur. Beləliklə o, 30 manata Rəşada bir bükümdə narkotik vasitə heroin satmışdır. Ondan aldığı pulun 20 manatını ona aldığı heroinə vermiş, özünə qazanc üçün aldığı 10 manatın üstünə 10 manat da qoyaraq özünə narkotik almışdır. Həmin gün saat 22 radələrində Sabirabad şəhəri İ.İsgəndərov küçəsində olan zaman, bir neçə mülki geyimli şəxslər ona yaxınlaşıb, polis əməkdaşları olduqlarını bildirmişlər və onu Sabirabad rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində polis əməkdaşları ondan üzərində dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet olmasını, olacağı halda isə könüllü olaraq təqdim etməsini bildirmişlər. O da üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra o, şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi təyin edilmişdir. Daha sonra polis şöbəsinə dəvət edilmiş iki nəfər hal şahidinin və müdafiəçi Eyvaz Əhədovun iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Aşkar edilərək götürülmüş narkotik vasitə kağız zərfdə qablaşdırılmış, iki nəfər hal şahidi, müdafiəçi və özü kağız zərfin üzərində, eləcə də narkotikin aşkar edilməsi ilə bağlı tərtib edilmiş protokolda imza etmişdir. O, ifadəsində həmçinin qeyd etmişdir ki, hazırda əməlindən peşmandır, ilk dəfə az ağır cinayət əməli törətməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin xidmət üzrə rəis müavini vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, 27 oktyabr 2022-ci il tarixdə daxil olmuş məlumat əsasında raportla RPŞ-nin rəisinə məruzə edərək Sabirabad rayon sakini X1 üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olduğunu bildirmişdir. Sonra həmin tarixdə tərəfindən Rəşad Abdullayevin ətrafında təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş və həmin qərar RPŞ-nin rəisi tərəfindən təsdiq edilərək tədbirin keçirilməsinə icazə verilmişdir. X1 üzərində narkotik vasitə saxlaması əməliyyat marağı doğurduğu üçün rayon ərazisində tədbirdə iştirak edən polis əməkdaşları tərəfindən saxlanılıb Sabirabad rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Rəşad Məmmədovun üzərində şəxsi axtarış aparılan zaman, üzərindən bir ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Araşdırma zamanı Rəşad Məmmədov üzərində aşkar edilərək götürülmüş kütləni tanışı Sabirabad rayon sakini Təqsirləndirilən şəxs aldığını bildirmiş, ona görə də şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılıb Sabirabad rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman, üzərindən bir ədəd kağız bükümdə narkotik vasitə heroin aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Araşdırma zamanı Təqsirləndirilən şəxs də üzərindən aşkar edilərək götürülmüş narkotik tərkibli kütləni tanışı Sabirabad rayon sakini Şahid6 aldığını bildirmiş, ona görə də keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Şahid6 yaşadığı ünvana getmişlər. Şahid6 RPŞ-yə daxil olmuş məlumat haqqında məlumat verilmiş və ona görə də yaşıdığı evə, evin həyətinə və həyətindəki yarımtikililərə baxış keçirilməsinin vacib olduğu bildirilmişdir. Baxış keçirilməzdən əvvəl 2 hal şahidi dəvət olunmuş və Şahid6 baxışın keçirilməsinə etirazının olmaması barədə ərizə yazıb təqdim etmişdir. Daha sonra baxış iştirakçıları ilə birlikdə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı Şahid6 yaşadığı evin zirzəmisindən, bir ədəd sellofan torba içərisində saxladığı bir ədəd polietilen torbada narkotik vasitə heroin, bir ədəd polietilen torbada psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş narkotik tərkibli kütlələr qablaşrırılaraq möhürlənmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmiş, protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da baxış iştirakçıları kimi protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid5 və Şahid3 digər Şahid1 göstərdiyinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. İş üzrə təyin edilmiş Məhkəmə-kimyəvi ekspertizasının 28 oktyabr 2022-ci il tarixli 18/1166 №-li rəyindən görünür ki, “...X1 üzərindən...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,060 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bundan əlavə, məhkəmə-kimyəvi ekspertizasının 28 oktyabr 2022-ci il tarixli 18/1168 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində : “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,064 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən şkar olunmuş 1 ədəd bükümdə, X1 üzərindən aşkar olunmuş 1 bükümdə, cəmi 2 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 22 dekabr 2022-ci il tarixli 7767 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət məsuliyyətinə səbəb olur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir: narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarın 8-ci və 9-cu maddələrində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilibyetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, maddi sübut, özünün etirafedici və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, ilk dəfə az ağır cinayət əməli törətməsini və əməlindən səmimi peşman olmasını, həmçinin istintaqla əməkdaşlıq edərək narkotik vasitənin kütləvi satışı ilə məşğul olan Şahid6 tutulmasında köməklik göstərməsini CM-nın 59-cu maddəsinə əsasən təyin ediləcək cəzanın yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun hesab edir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən şübhəli şəxs qismində tutularaq qətimkan tədbiri qismində hal-hazıradək həbsdə saxlanılmışdır. Odur ki, Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın çəkilməsi müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır Qeyd olunanlarla yanaşı, həmçinin məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 99,48 AZN məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməli, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan X1 üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra 0,030 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra 0,34 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 99,48 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan X1 üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra 0,030 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra 0,34 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-73/2023
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-73/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver