Məhkəmə qərarları › İş №1(056)-73/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-73/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-73/2024 28.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Sabirabad rayonu Yaxa Dəllək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum edilməmiş, Sabirabad rayonu Yaxa Dəllək kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilən ittihama görə, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi -18.27 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, üç ədəd sellofan bükümdə olmaqla bir ədəd sarı rəngli plastik qabın içərisində Sabirabad rayonu Yaxa Dəllək kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində saxlamış, 12 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonu Yaxa Dəllək kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən evin arxa tərəfində qoyulmuş köhnə, istifadəyə yararsız odun sobasının altında bir ədəd sarı rəngli plastik qabda 3 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 7.71 qram, -3.95 qram və -6.61 qram olmaqla, ümumi təmiz çəkisi -18.27 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisi olmuş, Sabirabad rayonu Yaxa Dəllək kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Polis əməkdaşları tərəfindən saxlanılmazdan bir neçə gün əvvəl yaşadığı Sabirabad rayonu Yaxa Dəllək kəndi ərazisində piyada hərəkət edərkən yerdə bir ədəd sarı rəngli plastik qab görmüş, həmin qabı götürüb içərisində nə olmasına baxdıqda əvvəlcədən də istifadə etdiyi üçün üç ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana olmasını görmüş və həmin narkotik vasitələri tapdığı qabın içərisinə qoyub özü ilə birlikdə yaşadığı evə gətirmişdir. Daha sonra istifadə etmək məqsədilə içərisində üç ədəd sellofanda narkotik vasitə qurudulmuş marixuana olan sarı rəngli qabı fərdi yaşayış evinin arxa tərəfində yerdə olan, köhnə, istifadəyə yararsız odun sobasının altında gizlətmişdir. xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu Yaxa Dəllək kəndində ona məxsus fərdi yaşayış evinin həyətində olan zaman bir neçə nəfər mülki geyimli şəxslər həyətə daxil olmuş və özlərinin polis əməkdaşları, yanlarında olan iki nəfər şəxsin isə yaşadığı kəndin icra nümayəndəliyinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra qanunsuz olaraq narkotik vasitələri saxlamaqda şübhəli olduğunu qeyd edib yaşadığı evə, evin həyətyanı sahəsinə və həyətyanı sahədə olan tikili və yarımtikililərə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qəbul edilmiş qərarla onu tanış etmişlər. O, polis əməkdaşlarına yaşadığı evə, evin həyətyanı sahəsinə, həyətyanı sahədə olan tikili və yarımtikililərə baxış keçirilməsinə heç bir etirazının olmamasını bildirmişdir. Baxış zamanı ondan yaşadığı evdə dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmaması soruşulmuş, o, yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə saxladığını bildirərək polis əməkdaşları ilə hal şahidlərini həmin kütlələri gizlətdiyi yerə aparmışdır. Bundan sonra fərdi yaşayış evinin həyətyanı sahəsində, yaşadığı evin arxa tərəfindən yerdə olan, köhnə, istifadəyə yararsız odun sobasını göstərib sobanın altından bir neçə gün əvvəl tapdığı sarı rəngli plastik qabı götürüb təqdim etmişdir. Həmin qabın içərisində nə olması soruşulduqda üç ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana olmasını demiş, polis əməkdaşları tərəfindən hal şahidləri və onun yanında qeyd edilən qab açılıb içərisində olan üç ədəd şəffaf rəngli sellofan bükümlərə baxış keçirilərkən yaşıl rəngli, spesifik qoxuya malik olan kütlələr olduğu müəyyən edilmiş və yenidən şəffaf rəngli sellofan bükümləri sarı rəngli plastik qabın içərisinə qoymuşlar. Daha sonra həmin qab da bir ədəd ağ rəngli kağız bükümdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Hazırda o, əməlindən peşmandır. Bir övladı var və 1 yaşı yenicə tamam olmuşdur. Söz vermişdir ki, daha narkotik vasitə qəbul etməyəcək və narkotik vasitəyə maraq göstərməyəcəkdir. Özü fəhləliklə məşğul olur və ailəsinə yeganə qazanc gətirən şəxsdir. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Göstərdiyi xüsusatların nəzərə alınaraq məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Sabirabad RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu Yaxa Dəllək kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunaraq həmin şəxslərin RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və PPXB-nın polis nəfəri Şahid3 olması təsdiqlənmişdir. Bundan sonra X4 rayonu Yaxa Dəllək kəndi ərazisində yerləşən fərdi yaşayış evini əməliyyat nəzarətinə götürmüş və həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 10 radələrində RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi Mirzahid Abasov və hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə daxil olmuşlar. Həmin zaman Təqsirləndirilən şəxs evin həyətində olmuş, onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirdikdə sonuncu razılaşaraq yaşadığı evə baxış keçirilməsinə heç bir etirazı olmadığını qeyd etmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet saxlayıb-saxlaması soruşulduqda o, onları evin həyətyanı sahəsində, yaşadığı evin yan tərəfində yerləşən işlək vəziyyətdə olmayan odun sobasının yanına aparıb, həmin sobanın altından bir ədəd sarı rəngli plastik qabı çıxarmışdır. Həmin qab açıldıqda içərisində 3 ədəd sellofan büküm olduğu müəyyən edilmiş, bükümlərə baxış keçirdikdə yaşıl rəngli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin nə olmasını soruşduqda kütlənin narkotik vasiə qurudulmuş marixuana olmasını, istifadə etmək məqsədilə evinin həyətyanı sahəsində gizlətdiyini bildirmiş, həmin kütlələr müstəntiq tərəfindən götürülərək bir ədəd böyük ağ rəngli kağız zərfin içərisində qablaşdırılmış və möhürlə möhürləndikdən sonra zərfin üzərinə o və digər iştirakçılar imza etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində əlavə baxış keçirilməsinə baxmayaraq hər hansı dövriyyəsi qanunla qadağan edilmiş əşya və predmet aşkar olunmadığından baxış yekunlaşdırılmış və müstəntiq tərəfindən protokol tərtib edilərək o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, Sabirabad rayonu Minbaşı kəndinin icra nümayəndəsi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə sonuncunun yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilərkən hal şahidi qismində iştirak etmişdir. Həmin gün saat 11 radələrində polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə daxil olduqda sonuncu evin həyətində olmuş, onlar Təqsirləndirilən şəxs yaxınlaşdıqda polis əməkdaşları Şamoya yaşadığı evdə narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün evin həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs da polis əməkdaşları ilə razılaşaraq yaşadığı evə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet saxlayıb-saxlaması soruşulmuş, sonuncu yaşadığı evin həyətyanı sahəsində dövriyyəsi qanunla qadağan edilmiş predmet saxladığını qeyd edib evin həyətyanı sahəsində, yaşadığı evin yan tərəfində yerləşən işlək vəziyyətdə olmayan odun sobasının altından bir ədəd sarı rəngli plastik qabı çıxarıb təqdim etmişdir. Həmin qab açılaraq içərisinə baxış keçirildikdə 3 ədəd sellofan bükümdə aşkar edilmiş, bükümlərə baxış keçirildikdə isə yaşıl rəngli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlələrin nə olmasını soruşulduqda o, kütlənin narkotik vasiə qurudulmuş marixuana olmasını, istifadə etmək məqsədilə evinin həyətyanı sahəsində gizlətdiyini bildirmiş, həmin kütlə müstəntiq tərəfindən götürülərək bir ədəd böyük ağ rəngli kağız zərfin içərisində qablaşdırılmış və möhürlə möhürləndikdən sonra zərfin üzərinə o və digər iştirakçılar imza etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid5, Şahid4la oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə X1 regional Bölməsinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/988 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd plastik qabın içərisində 03 ədəd polietilen bükümdə ayrıayrılıqda təmiz çəkisi -7.71 qram, 3.95 qram, 6.61 qram, ümumi çəkisi -18.27 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 244 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannobinoidlərdən istifadə halları olmuş, lakin müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Əsədov X2 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Əazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad RİHB-nin Minbaşı KİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. İş materaillarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı övladı vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarından göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aidddir. Təqsirləndirilən şəxs narkotik vasitə hesab edilən çəkisi 18,27 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edərək saxladığını və daşıdığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadələri, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət əməli törətməsini, himayəsində 2 azyaşlı uşaqlarının olmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə onu cəmiyyətdən təcrid etmədən islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iki gün həbsdə saxlanmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla həmin müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi tədqiqatdan sonra 18,21 qram olan narkotik vasitə qururdulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini və məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanmasının bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad RPŞ-də saxlanılan tədqiqatı nəticəsində qalıq qalmış 18,21 narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar