Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-75/2025 09.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Sabirabad rayonu Zalqaraağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu Zalqaraağac kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihama görə, o, özgə əmlakını gizli olaraq talamaq məqsədilə 01,03.2025-ci il tarixdə saat 01 radələrində Sabirabad rayonu Zalqaraağac kənd sakini Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətindəki tövləyə qapıdan qanunsuz daxil olaraq oradan 700 manat dəyərində 1 baş dananı tamah niyyəti ilə talayıb, Zərərçəkmiş şəxs 700 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, atasının əmisi oğlu Zərərçəkmiş şəxs məxsus 1 baş iribuynuzlu heyvanı oğurladığını etiraf edir. Onun borcu olmuşdur deyə maddi sıxıntı keçirmiş və borcu qaytarmağa təcili pul lazım olmuşdur. Buna görə də o, oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə keçən gecə, saat 02 radələrində o, piyada yaşadığı evdən təxminən 1 kilometr məsafədə atasının əmisi oğlu Zərərçəkmiş şəxs evinə tərəf getmiş, evin həyətyanı sahəsinin qamışdan hörülmüş qapısından həyətə daxil olmuş və 30-40 metr məsafədəki tövləyə açıq olan qapısından daxil olmuşdur. Orada o, təxminən 10-11 baş iribuynuzlu heyvanların arasından sarı rəngli, təxminən 4-5 aylıq dişi dananı tövlədən çıxarmış və həyətin giriş qapısından heyvanı çıxararaq birbaşa rayonun Şəhriyar kəndi ərazisində təşkil olunan mal-qara bazarına gətirmişdir. Orada gəlibgedən müştərilərə heyvanı 700 manata satmaq istəmiş, oraya gələn müştərilərdən tanımadığı birisi ona heyvanı almağa 500 manat təklif etmişdir. O, tez razılaşmış və bu zaman həmin şəxs ondan şübhələnərək oradan getmişdir. Bir neçə dəqiqə sonra isə oraya polis əməkdaşları gəlmiş və ondan heyvanı oğurlayıb-oğurlamadığını soruşmuşlar. O, heyvanı oğurladığını etiraf etmişdir. Bundan sonra onu Qaragüney Polis bölməsinə gətirmiş, heyvanı isə sahibinə təhvil vermişlər. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmişdir və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməki törətməkdə ittiham olunur. Göstərdiyi halların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, özünə məxsus həyətdə yerləşən tövlədə 11 baş iribuynuzlu heyvan saxlamışdır. 28 fevral 2025-ci il tarixdə, saat 21 radələrində həmin heyvanları həyətyanı sahəsindən tövləyə salaraq tövlənin qapısını bağlamış, xx.xx.2025-ci il tarixdə, saat 08 radələrində yuxudan oyanıb heyvanlara baxmaq üçün həyətə düşmüşdür. Tövləyə baxdıqda içərisində 11 baş heyvanından 1 baş inək (düyə) heyvanının yerində olmadığını görmüşdür. Ətrafa baxmış, həyətdən çölə çıxmış, lakin heyvanı tapa bilməmişdir. Bundan sonra heyvanının oğurlandığından əmin olmuşdur. Bu səbəbdən Sabirabad RPŞ-nin Qaragüney polis bölməsinə gedərək ərizə vermişdir. Sonra onun izahatı alınmış, inəyin saxlandığı yerə baxış keçirilmişdir. Ona məxsus olan oğurlanmış inək 1 yaşlı, yerli cins, diri çəkisi 120 kq olan heyvan olmuşdur. Həmin oğurluq nəticəsində ona 700 manat maddi ziyan dəymişdir. O, sonradan heyvanı oğurlayan şəxsin həmkəndlisi və qohumu olan Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Hazırda Təqsirləndirilən şəxs onun öz heyvanını özünə geri qaytarmışdır. Ona görə də onun Xəlildən heç bir şikayəti və ya tələbi yoxdur. Məhkəmə iclası zamanı İş üzrə şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, Sabirabad Rayon Polis X1 bölməsinin sahə polis nəfəri vəzifəsində işləyir və hər həftə Sabirabad rayonu Şəhriyar kəndi ərazisində təşkil olunan mal-qara bazarında xidmət yoldaşı X3 ilə birlikdə xidmət aparır. 01,03.2025-ci il tarixdə, gecə saatlarında Elnur Əliquliyevlə birlikdə rayonun Şəhriyar kəndi ərazisində təşkil olunan mal-qara bazarında xidmətdə olarkən bir nəfər vətəndaş onlara yaxınlaşmış və sanki bir nəfərin oğurluq heyvan satmasından şübhələndiyini bildirmişdir. O və Elnur həmin şəxsdən nəyə görə bu şübhəyə düşməsini soruşduqda, sonuncu həmin şəxsin satdığı heyvanın əslində 1000 manat dəyərində olduğunu, lakin həmin şəxsə heyvanı 500 manata satmasını təklif etdikdə dərhal razılaşdığını, buna görə də həmin heyvanın oğurlanmasından şübhələndiyini bildirmişdir. Bundan sonra onlar həmin şəxsə yaxınlaşaraq satdığı heyvanın oğurluq olub-olmadığını soruşduqda sonuncu qısa zaman kəsiyində öz təqsirini etiraf etmiş və həmin heyvanı oğurladığını bildirmişdir. Bundan sonra onlar həmin şəxsi saxlamış və heyvanla birlikdə Qaragüney PB-nin əməkdaşlarına aidiyyəti üzrə təhvil vermişlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Sabirabad RİHB-nin Çöl Beşdəli kənd İƏD-nin nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və özünün ifadəsi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın növünü və həddini müəyyən edərkən, onun zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, dəymiş ziyanı ödəməsini, ona qarşı şikayət və tələbin olmamasını, əməlindən peşman olmasını və ilk dəfə cinayət əməli törətməsini Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixdək şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün azadlığın məhdudlaşdırılması cəzasının dörd gününə bərabər tutulub hesablanmaqla, həmin 4 gün təyin olunan cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir və yenə də hesab edir ki, iş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nın 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanmasının bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək və yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-75/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-75/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver